Müsavatda daha bir istefa... Siyasət

Müsavatda daha bir istefa...

Aydın Məmmədli: "Övladlarımı Qəmbərovlar, Hacıbəylilər kimi hərbi xidmətdən yayındırmamışam"

Müsavat Partiyası Nəsimi rayon təşkilatının üzvü Aydın Məmmədli partiyadan istefa verib. Aydın Məmmədli istefa səbəbləri haqda təşkilat rəhbərliyinə müraciət ünvanlayıb. "Mən, Məmmədli Aydın rayon təşkilatının iclaslarında iştirak edəcəyimə dair sizə söz vermişdim. Lakin "facebook"da Nemət, Vəfa, Osman və digər Divan üzvlərinin statuslarını oxuyaraq bir daha əmin oldum ki, partiyanın yeni rəhbərliyi barışdırıcı yox, dağıdıcı mövqe tutub. Partiya rəhbərliyindəki şəxslər seçildikləri vəzifədən sui-istifadə edərək, "Burada mənəm, Bağdadda kor xəlifə" deyimi ilə hərəkət edərək yaşına, savadına, keçdiyi mübarizə yoluna məhəl qoymadan partiya üzvlərini nizamnamə pozuntusu adı altında kənarlaşdırmaqla öz niyyətlərini həyata keçirirlər. Şəxsən mən, bir müsavatçı olaraq baş verənlərə görə çox üzülürəm", - deyə o bildirib.
Aydın Məmmədli Müsavatın keçmiş başqanı İsa Qəmbər haqda da danışıb: "İsa Qəmbəri Əbülfəz Elçibəyin varisi hesab edərək, yadına Elçibəyin "Bu mübarizə yolu həm çox ağır, həm də şərəfli yoldur" sözlərini salmaq istəyirəm. Görünür, İsa bəy varisliyi düzgün başa düşməyib. Əks halda, qurultaydan sonra partiyadakı münaqişələri dərhal həll edərdi. Başqa sözlə desək, bir ağsaqqal kimi bütün narazıları yığıb, məsələni yoluna qoymaq olardı. Lakin imkan əldən verilib, partiya daxilində nifaq çox dərinləşib. Sanki İsa Qəmbəri dəyişiblər, məsələlərə loyal və ya birtərəfli yanaşır. Düşünürəm ki, Əbülfəz bəy heç vaxt bələ səhvlərə yol verməzdi. AXCP sədri olduğu dövrdə o, partiyada "yurdçular" və başqa narazı qruplar yaranmasına baxmayaraq, partiyanı bütöv, monolit saxlaya bilmişdi. Mən Elçibəyi özümə lider hesab edirəm".
Aydın Məmmədli iki övladının da Müsavat Partiyasına üzv etdiyini bildirib.
"Oğlum Rauf Məmmədli Müsavat partiyasının üzvü idi. Onu Qəmbərovlar, Hacıbəylilər kimi hərbi xidmətdən yayındırmamışam. Şəxsən öz təşəbbüsümlə, onun döyüş bölgəsinə - Füzuli rayonuna hərbi xidmətə yollanmasına nail olmuşam. Üzvlük haqqını həmişə ödəmişəm. Müsavat partiyasının üzvü olduğum dövrdə, demək olar ki, bütün aksiyalarda, mitinqlərdə, məhkəmələrdə və məhkəmələrin qarşısındakı aksiyalarda iştirak etmişəm.10 il partiyanın üzvü olduğum halda, vəsiqə verilmədiyi üçün partiya vəsiqəmi təhvil verə bilməyəcəyəm. Çox təəssüf ki, yuxarıda qeyd etdiyim ciddi nöqsanları və İsa Qəmbərin özünü lider kimi doğrultmadığını nəzərə alaraq, Müsavat Partiyasından istefa verirəm. Qeyd edilən xırdalıqları nəzərinizə çatdırmaqda məqsədim odur ki, istefa verdikdən sonra ənənəyə uyğun olaraq, arxamca böhtanlar yağdırmasınlar", - deyə Aydın Məmmədli vurğulayıb.

Əli