“Tədbirdə imzalanan sənədlər əməkdaşlığın inkişafının davamlılığını təmin edəcək” Gündəm

“Tədbirdə imzalanan sənədlər əməkdaşlığın inkişafının davamlılığını təmin edəcək”

“Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı əsasən Azərbaycanın iqtisadi nailiyyətlərinin, beynəlxalq əməkdaşlıqdakı rolunun və İslam dünyası ilə əlaqələrinin inkişafı üzərində qurulmuşdu. Tədbirdə çıxış edən cənab Prezident Azərbaycanın son 15 ildə əhəmiyyətli dəyişikliklər keçdiyini vurğulayaraq ölkənin siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq əlaqələr baxımından daha güclü mövqeyə yüksəldiyini qeyd edib. Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın qlobal və regional proseslərdə mühüm aktora çevrildiyini xüsusi olaraq bildirib”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat söyləyib ki, İlham Əliyev çıxışında neft-qaz sektorundan asılılığın azaldılması və qeyri-neft iqtisadiyyatının inkişafı xüsusi yer tuturdu: “Prezident çıxışındakı mesajlar investorlar və beynəlxalq maliyyə institutları üçün Azərbaycanın uzunmüddətli iqtisadi sabitliyinə dair bir siqnal oldu. Dövlətimizin başçısı Bankın Azərbaycanda həyata keçirilən layihələrə və islahatlara verdiyi dəstəyi yüksək qiymətləndirib. Həmçinin tədbirdə "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Çərçivə sazişi, "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Qrant Sazişi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənədlərin imzalanması əməkdaşlığın daha yüksəldiyindən xəbər verir”.

M.Cəfərov diqqətə çatdırıb ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir davam edir və bu müddət ərzində müxtəlif layihələr həyata keçirilib: “İslam İnkişaf Bankı Qarabağda avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla bir çox sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlıq edib. Tədbirdə imzalanan sənədlər əməkdaşlığın əhatə dairəsini genişləndirməklə yanaşı, inkişafının da davamlılığını təmin edəcək”.

Röya İsrafilova