15:52
756
“İran və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı olaraq Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyində qarşılıqlı şəkildə mütəmadi olaraq bir sıra görüşlər keçirilir. Son görüşdə də əvvəldən əldə olunmuş razılığa, xüsusən də İranın Prezidenti Məsud Pezeşkianın Azərbaycanda səfərdə olduğu müddətdə qaldırılan və ikitərəfli razılaşdırılmış iqtisadiyyatla bağlı məsələlərin icrası gündəmə gəlib”.
Bunu xalqcebhesi.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.
R.Atakişiyev əlavə edib ki, Zəngəzur yolunun bir xəttinin də Ağbənd vasitəsilə İrandan keçməklə Naxçıvana birləşdirilməsi, o cümlədən Qarabağ iqtisadi zonasında, həmçinin Şərqi Zəngəzur iqtisadi zonasında gələcəkdə formalaşacaq istehsal məhsullarının İran bazarına çıxarılması məsələsi də əhəmiyyət kəsb edir: “Məhsulların bir hissəsi də İran ərazisindən keçir və bu, nəqliyyat tranzit dəhlizi baxımından da bizim üçün çox əhəmiyyətlidir. Digər tərəfdən İran Azərbaycanın ticarət tərəfdaşlığında ilk 10-luğa daxil olan ölkədir. Yəni bizim 1 milyard ABŞ dollarından çox ticarət dövriyyəmiz var. Bu çərçivədə də Azərbaycan bir sıra istehsal prosesində olan xammalları da İrandan idxal edir. Ona görə də bu əlaqələrin dərinləşməsi iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir”.
Röya İsrafilova