Gülər: "Türkiyə Hörmüz boğazını minalardan təmizləməyə hazırdır" Gündəm

Gülər: "Türkiyə Hörmüz boğazını minalardan təmizləməyə hazırdır"

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin Hörmüz boğazında minalardan təmizləmə tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, nazirin sözlərindən "A haber" telekanalı sitat gətirib.

"Bu regionda baş verən hadisələr təkcə regional deyil, həm də qlobal təhlükəsizliyə birbaşa təsir göstərir. Türkiyə ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayır. Ehtiyac yaranacağı təqdirdə, Hörmüz boğazının minalardan təmizlənməsinə dəstək verməyə hazırıq", — deyə nazir alyansın müdafiə nazirlərinin iclasında iştirak etdiyi Brüsseldə türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

Y.Gülər həmçinin qeyd edib ki, Türkiyə regional və qlobal təhlükəsizliyə töhfə verən bir ölkə kimi, beynəlxalq hüquq çərçivəsində dəniz təhlükəsizliyinin və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərə lazımi dəstəyi göstərməyə hazırdır.

"Türkiyə NATO-nun cənub cinahındakı mövqeyi sayəsində regional təhdidlərin qarşısını birbaşa alan aparıcı müttəfiqlərdən biridir, həmçinin artan gücü ilə alyansa mühüm töhfələr verir. Bugünkü təhlükəsizlik vəziyyəti göstərir ki, cənub cinahı təkcə periferik deyil, həm də mərkəzi təhlükəsizlik problemidir", — deyə nazir vurğulayıb.

Məryəm Quliyeva