15:06
623
Ötən gün Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Bu mötəbər tədbir haqqında xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Fariz İsmayılzadə qeyd edib ki, bu təşkilat dünyada ən tanınmış maliyyə təşkilatlarından biridir: “Azərbaycanda bir neçə maliyyə strukturu fəaliyyət göstərir. Məsələn, Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və onlar arasında ən güclü portfoliosu olan banklardan biri İslam İnkişaf Bankıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda böyük infrastruktur layihələr çox sərfəli kreditlərlə bu bank tərəfindən maliyyələşdirilir və bu bankın Azərbaycanın inkişafına, tərəqqisinə çox böyük dəstəyi var”.
Deputat bu bankın böyük toplantısının Bakıda keçirilməsinin bizim üçün diplomatik qələbə olduğunu vurğulayıb: “Çünki burada islam ölkələrinin ən aparıcı siyasətçiləri, bankerləri, Mərkəzi Bank, Maliyyə Nazirliyi strukturlarının nümayəndələri iştirak edir. Təbii ki, onlarla Azərbaycanın yeni layihələri, yeni diplomatik təşəbbüsləri müzakirə olunur, eyni zamanda, bu, həmin bankın Azərbaycana olan dəstəyinin göstəricisidir ki, gələcəkdə də yeni layihələr maliyyələşdiriləcək və Azərbaycanın inkişafına böyük töhfə veriləcək”.
Röya İsrafilova