15:02
679
Fələstin Dövləti və İslam İnkişaf Bankı Qrupu Fələstinin enerji sektorunun dəstəklənməsi məqsədilə 37 milyon ABŞ dolları dəyərində maliyyələşdirmə sazişi imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, saziş Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində imzalanıb.
Sazişi Fələstin Dövləti adından Fələstinin İslam İnkişaf Bankındakı əvəzedici qubernatoru, nazir Naser Qatami, İslam İnkişaf Bankı Qrupu adından isə Qrupun vitse-prezidenti, doktor Rami Əhməd imzalayıb. İmzalanma mərasimində Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Əhməd Metani də iştirak edib.
Nazir Qatami vurğulayıb ki, bu saziş Fələstinin enerji sektorunun gələcəyinə strateji sərmayədir və baş nazir doktor Məhəmməd Mustafanın enerji təhlükəsizliyinin gücləndirilməsi, yerli və bərpaolunan enerji mənbələrindən asılılığın artırılması, habelə mövcud resurslardan optimal istifadə edilməsi ilə bağlı baxışını əks etdirir.
O qeyd edib ki, layihənin əhəmiyyəti yalnız təmiz və dayanıqlı enerji mənbələrinin təmin olunması ilə məhdudlaşmır. Layihə, eyni zamanda, dövlətin elektrik enerjisi xərclərinin azaldılmasına və dövlət xəzinəsinin maliyyə yükünün yüngülləşdirilməsinə imkan verəcək. Bu isə daha çox maliyyə vəsaitinin inkişaf sektorlarına və əsas xidmətlərin göstərilməsinə yönəldilməsinə şərait yaradacaq.
Layihə çərçivəsində ümumi gücü 20 meqavat olan iki günəş elektrik stansiyasının tikilməsi, həmin stansiyaların ümumi tutumu 55 meqavat-saat olan enerji saxlama sistemləri ilə təchiz edilməsi, 20 min ədəd ağıllı sayğacın quraşdırılması, eləcə də enerji sektorunda çalışan əməkdaşlar və gənclər üçün ixtisaslaşdırılmış təlim və peşə hazırlığı proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər təmiz enerji mənbələrinə keçidi sürətləndirəcək və Fələstində dayanıqlı inkişafı dəstəkləyəcək.
Layihənin ümumi dəyəri 37 milyon ABŞ dollarıdır. İslam İnkişaf Bankı layihənin maliyyələşdirilməsinə 12 milyon ABŞ dolları məbləğində faizsiz kredit ayıracaq. Əl-Əqsa Fondu, Abdullah Əl-Qureyr Fondu və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi layihəyə ümumilikdə 20,2 milyon ABŞ dolları məbləğində töhfə verəcək. Fələstin hökumətinin layihədəki maliyyə payı isə 4,8 milyon ABŞ dolları təşkil edəcək.
Layihə Fələstin Enerji və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçiriləcək.
Cavid

