“Rəsmi Bakı öz haqqını heç kəsin ayaqları altına atmağa imkan verməyəcək” Siyasət

“Rəsmi Bakı öz haqqını heç kəsin ayaqları altına atmağa imkan verməyəcək”

Tofiq Abbasov: "Əgər toplantı iştirakçıları Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyırlarsa, onda gərək Azərbaycanın da bütövlüyünü tanısınlar"

"Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının Riqa sammiti gözlənildiyi kimi böyük nikbinlik doğurmadı, çünki qarşısına qoyduğu məqsədlərə qismən də çata bilmədi. Bu, azmış kimi, Latviya paytaxtında Qərbin ikili standartlara söykənərək qərar qəbuletmə təcrübəsi bir daha özünü büruzə verdi". Bu fikirləri politoloq Tofiq Abbasov deyib. Onun fikrincə, məhz bu zəmində Azərbaycan tədbirin yekun bəyannaməsinə imza atmayacağını bildirərək az qala zirvə görüşünü iflasla üz-üzə qoydu: "Düzdür, nəticədə üzv ölkələrin ərazi bütövlüyünə dair ikili yanaşma sərgiləmə ənənəsinə Azərbaycanın sərt etirazı nəzərə alındı və bütün iştirakçılara məlum oldu ki, rəsmi Bakı öz haqqını heç kəsin ayaqları altına atmağa imkan verməyəcək. Əgər toplantı iştirakçıları Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyırlarsa, onda gərək Azərbaycanın da bütövlüyünü tanısınlar.
Rəsmi Bakının nümayəndələri yerində və vaxtında etiraz səslərini qaldırmaqla Aİ rəhbərlərinə birmənalı bildirdilər ki, özlərinin suveren hüquqlarını sona qədər müdafiə edib prosesləri məntiqi sonluğa çatdırmaqda israrlıdırlar. Belə yanaşma həm də imkanlı və qüdrətli olmağın göstəricisidir".
O, əlavə edib ki, Riqadakı qalmaqallı məqam bir daha təsdiqlədi ki, güclü dövlətlər daha kiçik və zəif məmləkətlərin taleyindən öz xeyirləri üçün istifadə edib beynəlxalq münasibətlərə təsirli zərbələr endirirlər: "Bunun nəticəsidir ki, dünyadaki xaos baş alıb gedir və münaqişələr hələm-hələm nizamlanma səviyyəsinə gəlib çıxa bilmir. "Şərq tərəfdaşlığı" proqramını bu günün prizmasından təhlil etdikdə onun perspektivləri dumanlı görünür. Zirvə görüşləri müntəzəm keçirilsə də, ciddi irəliləyiş sezilmir. İntensiv müzakirələrlə danışıqlar o zaman özünü doğruldur ki, orta məxrəc tapılır və maraqlı tərəflər hamısı bir nöqtəyə vurmağa çalışır. 2009-cu ilin mayında Praqada təsis yığıncağında altılıq rəhbərləri (Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ukrayna və Ermənistan) çox ümidli idilər ki, tez bir zamanda özlərinin Avropa İttifaqı ilə yeni iqtisadi zəmində quracaqları inteqrasiya sxemləri səmərəli və günün tələblərinə uyğun olacaq. Çox keçmədi və layihə müəllifləri (İsveç və Polşa proqramın əsasnaməsini Aİ Şurasının tapşırığı ilə tərtib edib), necə deyərlər, gözlənilmədən haşiyəyə çıxıb qəbul edilmiş fəaliyyət prorqamına yad təbiətli müddəalar əlavə etdirdilər".
Politoloq qeyd edib ki, əsasnaməyə daxil edilmiş iqtisadi prioritetlərin üzərindən siyasi niyyətlərin boylanması indi heç kəsdə şübhə doğurmur: "Bunu təsdiqləmək üçün Assosiativ Saziş ətrafında gedən oyunu göz önünə gətirmək kifayət edir. Sənəd gündəmə gətirildikdən sonra proqramın nəbzi, demək olar ki, süst tərzdə döyünməyə başladı. Əgər Azərbaycanla Belarus Aİ-nin səlahiyyətli nümayəndələrinə proqramın niyyət və məqsədlərinə istinad edərək "qapalı bazar" qaydaları ilə oynamayacaqlarını bildirdilərsə, Gürcüstan, Ukrayna və Moldova sözügedən sazişə imza atacaqlarına razılıq verdilər. Ermənistan isə, həmişə olduğu kimi, ikiüzlülük edib əvvəl "hə" dedi, sonra isə 180 dərəcəlik dönüb Rusiyanın ayağına yıxılaraq Avrasiya İqtisadi İttifaqına üzv oldu. Bu da Brüsseldə böyük qıcıqla qarşılandı.
Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin mövqeyi Aİ tərəfindən mütləq nəzərə alınmalıdır. Yəni söhbət ondan gedir ki, könüllü əməkdaşlıqda təzyiq elementi olmadan məsələlərin həlli təmin edilməlidir. Bu da təbiidir, çünki proqramda iştirak edən subyektlər məsələlərə öz nöqteyi-nəzərindən, öz maraqlarından yanaşmalıdır. Aİ-nin işlək institutları çalışmalıdırlar ki, bütün tərəflər əllərindən gələni etsinlər ki, əməkdaşlıq şəffaf və məhsuldar olsun. Bunun üçün isə qarşılıqlı maraqların nəzərə alınması mütləqdir".
O, bildirib ki, Azərbaycan bununla bağlı dəfələrlə mövqeyini dilə gətirib. Nəticədə isə rəsmi Bakıya qarşı xoşagəlməz kampaniyalar təşkil olunub ki, bu da "Şərq tərəfdaşlığı" proqramının ruhuna yad və ziddir: "Anlaşılmayan hərəkətlərin arxasında duran qüvvələr dəfələrlə müxtəlif lazımsız dinləmələr, mətbuatda yazılar, televiziya kanallarında verilişlər təşkil etməklə çalışıblar ki, Azərbaycanın davranışını təftiş edib onun qətiyyətini sındırsınlar. Lakin buna nail ola bilməyiblər. Çünki Bakının istəyi ondan ibarətdir ki, ortaq fəaliyyət bəyan edilmiş çərçivədən kənara çıxmayıb geoiqtisadi kontekstdə qalsın.
Son vaxtlar açıq-aydın görünür ki, Aİ tərəfindən "Şərq tərəfdaşlığı" proqramını koordinasiya edən bəzi dairələr Rusiyanın postsovet respublikalarına təsir imkanlarını məhdudlaşdırma məqsədi üzərində çalışırlar və bu da ümumi gözləntilərə cavab vermir. Bu haqda Aİ-nin səlahiyyətli məmurları danışmasalar da, bir çox ünvanlı hərəkətlər nəyin nə olduğunu açıqlayır.
Bu baxımdan Moskvanın "Şərq tərəfdaşlığı" proqramına qısqanc münasibət bəsləməsi anlaşılan görünür. Çünki Brüssel altılığı ardınca aparıb Moskvanın bazar məkanını əlindən almaq niyyətini strateji məsələyə çevirir ki, bu, Şərq tərəfdaşlığının məqsədi ilə uzlaşmır. Buna görə Azərbaycan birmənalı bildirdi ki, iqtisadi çərçivədə qalmağı özü üçün məqbul sayır və vaxtından tez heç bir məcburedici sənədə imza atmaq fikrində deyil. Çünki onsuz da Aİ ilə yüksələn xətt üzrə davam edən əməkdaşlıq Bakı ilə Brüsselə öz səmərəsini verir.
Bu gün heç kəsə sirr deyil ki, bəzi olkələr Aİ-dən maddi dəstək almaq istəyir. Ən azı Gürcüstan, Ukrayna və Moldova bunu hətta açıq bəyan edib. Onlar həm də Avropa İttifaqına üzv olmaq barədə istəklərini də rəsmi bildiriblər. Brüsselin bu niyyətlərə cavabı mənfidir və Riqada bu bir daha təsdiqini tapdı.
Aİ məmləkətlərinə yeganə investisiya qoyan ölkə isə Azərbaycandır. O, həm də birliyə daxil olan 7 dövlətlə genişmiqyaslı ikitərəfli əməkdaşlıq paketini də qəbul edib. Ən yaxın zamanlarda bu say artacaq, çünki Aİ subyektləri arasında Azərbaycanın işgüzarlıq qabiliyyəti, rəqabətə dözümlülük indeksi yüksək qiymətləndirilir.
Bu isə səciyyəvi göstəricidir. Deməyə əsas var ki, Azərbaycan, "Şərq tərəfdaşlığı" proqramında olmasa da, Avropa ilə iqtisadi münasibətlərini genişləndirəcək. Ona görə də məhsuldar qonşuluq ideyasına sadiq qalmaq rəsmi Bakı üçün problem təşkil etməyəcək, əgər onun ətrafında siyasi oyunbazlıq davam etməsə. Belə yanaşmanı artıq Brüsseldə də anlayırlar".

Əli