Alternativ məhkəmə tibbi ekspertizası: mülahizələr və dünya təcrübəsi Layihə

Alternativ məhkəmə tibbi ekspertizası: mülahizələr və dünya təcrübəsi

Alternativ məhkəmə tibbi ekspertizası ilə bağlı dünya təcrübəsi mövcuddur. Araşdırmaçı İlhamə Hüseynova bu mövzunu geniş şəkildə tədqiqata cəlb edib. Onun fikrincə, alternativ, sərbəst ekspertizanın təşkili vətəndaş cəmiyyətinin mühüm ehtiyacı kimi qalmaqdadır: "Bu barədə müxtəlif ideyalar və fikirlər irəli sürülür və bəzi inkişaf etmiş ölkələrdəki təcrübələr nümunə kimi göstərilir. Burada ilk növbədə insan həyatına və sağlamlığına qarşı olan cinayələtlərin və hüquq pozuntularının (qətillər, müəmmalı ölümlər, işgəncə və digər xarakterli hərəkətlər, bədən xəsarətlərinin yetirilməsi) araşdırılmasında və mülki hüquqi işlərdə tətbiq edilən məhkəmə-tibbi ekspertizalar durur.
Bir sıra ölkələrdə müstəqil ekspertiza mövcuddur. Əgər vətəndaş məhkəmə-tibbi ekspertizanın nəticələri ilə razı deyilsə, bu halda onun alternativ müstəqil ekspertizaya müraciət etmək hüququ və imkanı olur. İnkişaf etmiş Avropa ölkələri, ABŞ, Kanada, Türkiyə, İran, Rusiya və bəzi digər dövlətlərdə artıq tətbiq edilmiş bu mexanizm öz effektivliyini göstərməkdədir. Bunun nəticəsidir ki, həmin dövlətlərin həm hüquq mühafizə orqanları, həm məhkəmələri, həm də ki, vətəndaşları alternativ məhkəmə-tibbi ekspertizaya müraciət edə bilirlər. Xüsusilə qeyd etmək lazımdır ki, bir cox ölkələrdə bu məqsədlə həmin ekspertiza sahələrinə aid müvafiq kafedralara malik olan universitetlərin mütəxəssislərindən istifadəyə üstünlük verilir. Məsələn, Böyük Britaniyada meyitin məhkəmə tibbi ekspertizası universitet kafedraları və xəstəxanaların patoloji-anatomik şöbələrində həyata keçirilir. Patoloji-anatomik və məhkəmə tibbi xidmətin hər hansı icra hakimiyyəti orqanı nəzdində vahid mərkəzləşdirilmiş təşkilati sistemi yoxdur. Ekspertlər tamamilə müstəqildir və yalnız məhkəmə qarşısında cavab verirlər. Ekspertizanın keyfiyyətinə, tədqiqinə, standartlarına və peşəkar inkişafına yardım etmək üçün ictimai peşəkar təşkilat kimi fəaliyyət göstərən Royal Patoloji Kollec (Royal College of Pathologists) mövcuddur. Böyük Britaniyada canlı şəxslərin məhkəmə tibbi müayinəsi bir çox hallarda ümumi praktikasi olan ve polis idarələrində yarım ştat isləyən həkimlər ya da sırf polis həkimləri tərəfindən aparılır. Böyük Britaniya qanunları huquq muhafizə orqanlarına həkim lisenziyası olan istənilən şəxsi ekspert qismində dəvət etmək hüququ verir. Bu sistem ölkədə ekspert kimi fəaliyyət göstərən həkimlər arasında sağlam rəqabət mühitinin yaranmasına kömək edir və həmin həkimləri daim öz üzərlərində işləməyə, təcrübələrini artırmağa təşviq edir. Alternativ məhkəmə tibbi ekspertizasının təşkilinin Böyük Britaniya modeli bu sahədə rəqabət mühitinin yaranmasının bariz nümunəsidir. Amerika Birləşmiş Ştatlarında hər bir ştatın özünün baş məhkəmə tibb eksperti var. Bu ekspert nəzarət etdiyi ərazidə olan bütün ölüm halları barəsində bütün məlumatlara sahib olur. Yəni hər bir ölüm hadisəsi baş verdikdə, bu barədə meyitin yarılmasını həyata keçirən ekspert, zorakı ölüm hallarının baş verməsi zamanı autopsiyanı həyata keçirmədən hadisə yerində yalnız ölmüş şəxsin meyitinin müayinəsini həyata keçirən ekspert müəssisələrinin əməkdaşları və ölüm faktı baş vermiş tibb müəssisələrindən baş vermiş hallar barədə hesabat əldə edir. Bu sistem bütün ölüm halları barədə informasiya əldə etməyə və hər hansı ölüm faktının məhkəmə tibbi ekspertizasının keçirilməsinin lazımlı olub-olmaması barədə qərar verməyə imkan verir. Əgər məhkəmə-tibbi ekspertizanın keçirilmə zəruriyyəti yoxdursa, ölüm haqqında həkim şəhadətnaməsi müalicə həkimi tərəfindən imzalana bilər. Əgər müalicə həkimi yoxdursa və ya ölən şəxs həkim nəzarəti altında olmayıbsa, bu halda məhkəmə tibbi ekspertiza təyin edilir. Əgər məhkəmə tibbi eksperti tərəfindən meyitin müayinəsi barədə qərar qəbul edilirsə, bu zaman meyit morqa gətirilməlidir. Bu halda ekspertiza bütün lazımi avadanlıqlar və köməkçi heyətin iştirakı ilə aparılır və hətta bu zaman laborator analizlər üçün müvafiq nümunələr də götürülür. Əgər meyitin yarılmasını hüquq mühafizə orqanları tələb edirlərsə, bu zaman ekspert hadisənin və ölümün baş verdiyi yerə də baxış keçirir. Əgər şəxs xəstəxanada ölübsə, bu zaman ekspert xəstəxana ilə yanaşı ölümün baş verməsi ilə bağlı olan digər yerlərə də baxış keçirir və ölümlə bağlı olan bütün sənədləri toplayaraq ərazi məhkəmə ekspertinə göndəriləcək hesabata əlavə edir. Hər bir halda bütün hesabatlar yekun nəticədə baş məhkəmə tibb ekspertinə daxil olur ki, o da bütün bu faktları ümumiləşdirərək bazaya daxil edir. Bu isə ölüm hallarının yaranma səbəblərini dəqiq şəkildə ümumiləşdirməyə və onlara qarşı profilaktik tədbirlərin təkmilləşdirilməsinə kömək edir".
Araşdırmaçı Rusiya təcrübəsinə də diqqət çəkir: "Son illər ərzində Rusiya Federasiyasında məhkəmə-tibbi ekspertiza xidmətinin inkişafı istiqamətində bir çox işlər aparılıb. Hüquq mühafizə orqanlarının ekspert tədqiqatlarına olan tələbatları əhəmiyyətli dərəcədə artıb. Bununla bərabər xidmətin maddi texniki xidmət bazasının qeyri qənaətbəxş olması, işin həcmi ilə müqayisədə kifayət etməyən maliyyələşdirmə, həmçinin hüquq mühafizə orqanlarının artan tələbləri əhalinin məhkəmə tibbi təminatını mümkünsüzlük dərəcəsinə gətirib çıxarıb. Məhz indi hüquq mühafizə orqanlarının hərəkətlərinin nə qədər humanist olması tibbi ekspertizanın keyfiyyətindən asılıdır. Rusiya Federasiyasında da alternativ tibbi ekspertiza məsələsi ekspertin rəyindən narazı olan vətəndaş tərəfindən verilmiş şikayət əsasında məhkəmənin qərardadı əsasında təyin edilir. Vətəndaşın ölməsi və ya xəstələnməsi hallarında onun bu hüququnu həyat yoldaşı, yaxın qohumları və qanuni nümayəndələri həyata keçirir. Məhkəmə-tibbi ekspertizanın nəticəsindən şikayət edilən ekspertizada iştirak edən təşkilatın ekspertlərinə ekspertiza tapşırıla bilməz. Məhkəmədə ekspert rəyindən şikayət vermiş şəxs alternativ tibbi ekspertizanın konkret səhiyyə təşkilatı və ya konkret ekspert tərəfindən keçirilməsi haqqında vəsatət verə bilər. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında bu məsələnin həlli digər keçmiş SSRİ respublikalarından fərqli olaraq xeyli inkişaf edib və orada artıq bu sahədə fəaliyyət göstərən bəzi xüsusi və özəl təşkilatlar mövcuddur. Həmin təşkilatların və yaxud ayrı-ayrı mütəxəssislərin xidmətlərindən isə vətəndaşlar istifadə edə bilərlər və bu təşkilatların verdikləri rəylər məhkəmə tərəfindən qəbul olunub baxılır. Lakin Rusiya Federasiyasında hələ də bu sahədə öz həllini tapmayan bir sıra məsələlər mövcuddur. Ən üstün cəhətlərdən biri də burada odur ki, vəkillər müstəqil ekspertlərə, o cümlədən özəl ekspert təşkilatlarına da müraciət edib müayinələr keçiriir və ekspert rəylərini dövlət ekspertinin verdiyi rəyə alternativ kimi məhkəməyə təqdim edə bilirlər. Məhkəmələr də bir qayda olaraq onları diqqətə alır".
Alternativ məhkəmə-tibbi ekspertiza məsələsi Qırğızıstan Respublikasında "Tibbi ekspertiza haqqında" qanunda öz əksini tapıb: "Həmin qanuna əsasən vətəndaş tərəfindən ekspertin rəyindən şikayət verilərsə məhkəmənin qərardadı əsasında təkrar məhkəmə-tibbi ekspertiza təyin edilə bilər və adətən bu başqa təşkilatda edilir. Vətəndaşın ölməsi və ya xəstələnməsi onun şikayət verməsinə mane olduğu hallarda bu hüquq həyat yoldaşı, yaxın qohumları və qanuni nümayəndələrinə keçir. Məhkəmədə ekspert rəyindən şikayət vermiş şəxs alternativ tibbi ekspertizanın konkret səhiyyə təşkilatı və ya konkret ekspert tərəfindən keçirilməsi haqqında vəsatət verə bilər. Alternativ məhkəmə tibbi ekspertizanın keçirilməsi ilə bağlı xərclərin kimin tərəfindən ödənilməsi məsələsi isə Qırğızıstan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən həll edilir".
Araşdırmaçı bu qənaətə gəlir: "Ümumiyyətlə, məhkəmə tibbi ekspertiza digər ekspertiza novləri ilə muqayisədə ən mürəkkəb və ən çətin ekspertiza növlərindən biridir. Ekspertizanin çətinliyi onun həcmi, tətbiq olunan metodikaların sayi, müayinə obyekti ilə, istifadə olunan metod ve üsulların çoxşaxəliliyi ilə ölçülür. Bununla yanaşı ekspertizanın müayinə obyektinin xarici görkəminin və onun üzərindəki izlərin uzun muddətə dəyişmədən saxlama qabiliyyətinə malik olmaması, onun özünün uzun muddətə ekspertiza qurumunda saxlanılmasının mümkünsüzlüyü ekspertizanin ən agır və mühüm problemlərindəndir. Meyit ekspertizanın yeganə obyektidir ki, onun prosessual statusu yoxdur. Digər obyektlərlə işləmək asandır. Onları istənilən vaxt muayinə etmək mümkündür. Meyit isə belə deyil. Digər ekspertizalarda beş-altı metodika tətbiq etməklə rəy vermək mümkündür. Ancaq meyitlərin ekspertizasinda fərqli olaraq bu metodların sayı bəzən otuzdan əlliyə qədər də ola bilər. Həmçinin meyitlərin ekspertizası zamanı ekspertiza qarşısında həlli üçün qoyulan sualların sayı istənilən digər növ ekspertizalarla müqayisədə dəfələrlə qəliz və çoxdur. Butun bu cətinlikləri nəzərə alaraq, ekspertlərin fəaliyyətlərinin elmi-təcrübi qiymətləndirilməsi mütəmadi olaraq nəzarətdə saxlanılmalı, onların peşəkar hazırlığı və ixtisaslaşdırılması, o cümlədən beynəlxalq aləmdə ekspert təcrübəsində hamı tərəfindən qəbul olunan vahid elmi-metodik üsülların mənimsənilməsi planlı surətdə həyata keçirilməlidir. Lakin bu onların müstəqilliyinə mane olmamalıdır. İnkişaf etmiş ölkələrdə bu funksiyaları dövlətlə yanaşı peşəkar assosiasiyalar icra edir. Mübahisələrin ədalətli həlli üçün alternativ məhkəmə-tibbi ekspertiza apara bilən qurumlar olmalıdır. Bunun ücün də əsas şərtlərdən biri və ən vacibi müvafiq qanunvericilik bazasının olmasıdır. Məhz həmin hüquqi normalar yaranacaq alternativ müstəqil ekspertlərin fəaliyyətini tənzimləyə bilər. Bununla yanaşı həm də dövlət və qeyri-dövlət ekspertlərinin münasibətlərini də tənzimləyərək ziddiyyətli nəticələrin qarşısını ala bilər. Alternativ müstəqil ekspertizanin qanunvericilik əsasında təşkili həm də bu strukturun maddi-texniki və kadr bazasının təşkilinə şərait yaradar".

Uğur