Hüquqi dövlət quruculuğu prosesində uşaq hüquqları Layihə

Hüquqi dövlət quruculuğu prosesində uşaq hüquqları

Uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir

Çağımızda insan hüquqlarının qorunması dünyanın ilk sırada duran qayğısıdır. Müxtəlif ölkələrin qanunvericiliyində bu məsələ beynəlxalq hüquq normalarına uyğun tənzimlənir. Hazırda valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi aktual məsələdir. Bu sahədə dövlətin üzərinə götürdüyü öhdəliklərin qaynağı qanunvericilikdə əksini tapıb. Azərbaycan Respublikasının Ailə Məcəlləsində sözügedən məsələ ilə bağlı müddəalar öz əksini tapıb. Qanunvericilikdə valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və yerləşdirilməsi ilə bağlı aşağıdakı məsələlər hüquqi izahını tapır. Maddə 114-də ("Valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi") göstərilir ki, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən doğum evlərindən, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqları aşkar edir, belə uşaqların ilkin uçotunu aparır, ümumi uçotun aparılması üçün müvafiq icra hakimiyyəti orqanına məlumat verir və valideyn himayəsindən məhrum olmağın konkret hallarını nəzərə almaqla həmin uşaqların yerləşdirilməsi formalarını seçir, eləcə də onların saxlanması, tərbiyəsi və təhsili şəraitinə nəzarəti həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanından başqa digər hüquqi və fiziki şəxslərin valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsi üzrə fəaliyyətinə yol verilmir.
Qanunvericilikdə valideyn himayəsindən məhrum olan uşaqların aşkar olunması və uçotu məsələsi aşağıdakı kimi göstərilir: "Bu məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və başqa vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı belə məlumatları aldıqdan sonra üç gün müddətində uşağın həyat şəraitini müəyyən etməyə, valideynlərin və yaxın qohumlarının himayəsindən məhrum olma faktı müəyyən edildikdə, uşaqların yerləşdirilməsi məsələsi həll olunana qədər onların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə borcludur. Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin rəhbərləri həmin uşaqların tərbiyə olunmaq üçün ailəyə verilməsinin mümkün olduğunu bildikdə 7 gün müddətində müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verməyə borcludurlar. Müvafiq icra hakimiyyəti orqanı bu məcəllənin 115.1 və 115.2-ci maddələrində göstərilmiş məlumatları aldıqdan sonra bir ay ərzində uşağın yerləşdirilməsini təmin edir, bu, mümkün olmadıqda isə həmin uşaq haqqında sənədləri bu məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq mərkəzləşdirilmiş uçota alınmaq üçün göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir. Valideyn himayəsindən məhrum olan uşaqların mərkəzləşdirilmiş uçotunun aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Məcəllənin 115.2-115.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməməyinə və bilərəkdən yanlış məlumatlar verməyə görə, eləcə də uşağı ailə tərbiyəsinə verməməyə yönəldilmiş digər hərəkətlərə görə bu Məcəllənin 115.3-cü maddəsində göstərilmiş müəssisə rəhbərləri, habelə müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilirlər".
Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə), bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan və yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər.
Uşağın yerləşdirilməsi zamanı onun etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, onun təhsil və tərbiyəsi üçün daha əlverişli imkanlar nəzərə alınmalıdır. Valideyn himayəsindən məhrum olan uşaqların ailəyə və ya bu məcəllənin 116.1-ci maddəsində göstərilən müəssisələrə yerləşdirilməsinə qədər himayəçi vəzifəsinin yerinə yetirilməsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqları üzrə ixtisaslaşmış ilk məruzəsi (Məruzə Azərbaycanda 2009-cu il "Uşaq ili" çərçivəsində hazırlanıb, BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 50 illiyinə və Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunub) mövzu ilə bağlı diqqəti çəkir. Məruzədə uşaq hüquqlarına dair dövlət siyasəti, bu sahədə beynəlxalq və milli qanunvericilik, Müvəkkilin bu istiqamətdə fəaliyyəti, uşaq hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş təklif və tövsiyələri geniş yer alıb. Burada vurğulanır ki, uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən, müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması müşahidə olunur. Məhz bu prinsipləri nəzərə alaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu il tarixli "Uşaq Hüquqları Bəyannaməsi" daha sonra 1989-cu il tarixli "Uşaq Hüquqları Konvensiyası" qəbul edilib. Son illər ölkəmizdə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin tərkib hissəsi olub. Bu hüquqların müdafiəsinə dövlət təminat verərək, bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilib və uğurla icra edilməkdədir. Hüquqi islahatlar nəticəsində ölkəmizdə yeni bir qurum – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradılıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) respublikamızda uşaq hüquqlarının daha etibarlı təmin olunması, müvafiq dövlət qurumlarının, yerli və beynəlxalq təşkilatların səylərinin birləşdirilməsi, uşaqlara olan diqqətin və fəaliyyətin artırılması məqsədilə, eyni zamanda adı çəkilən sənədlərin qəbul olunmasının müvafiq olaraq 50 və 20 illiyi münasibətilə 2009-cu ilin ölkədə "Uşaq ili" elan edilməsi ilə bağlı ölkə Prezidentinə müraciət ünvanlayıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixlii Sərəncamına əsasən 2009-cu il ölkəmizdə "Uşaq ili" elan edilib. Adı çəkilən sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi, uşaq hüquqlarının etibarlı müdafiə olunması və onların mənafeyinin üstün tutulması məqsədilə hazırlanan tədbirlər planına Müvəkkil tərəfindən müxtəlif sahələr üzrə təkliflər təqdim olunub və ölkə Prezidentinin 2009-cu il 18 fevral tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Bu plan üç milyona yaxın uşaqların hüquqlarının etibarlı müdafiəsinə və onların fundamental problemlərinin həll edilməsinə yönəlib. Müvəkkilin təşəbbüsü ilə tədbirlər planına uyğun olaraq bir sıra mühüm tədbirlər keçirilib.
Müvəkkilin ötən dövrdə həyata keçirdiyi fəaliyyətin ümumiləşdirilməsinə əsaslanan uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsi hazırlanıb, uşaqların vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlmiş təklif və tövsiyələrlə bağlı müvafiq tədbirlərin görülməsi üçün Milli Məclisə, Nazirlər Kabinetinə, aidiyyatı nazirliklərə, komitələrə və digər səlahiyyətli orqanlara təqdim edilib. Məruzənin hazırlanmasının əsas məqsədi ölkəmizdə uşaq hüquqlarının təmini vəziyyətinin qiymətləndirilməsi, uşaq hüquqları ilə bağlı qanunvericiliyin və həlli vacib problemlərin təhlil edilməsi, pozulmuş hüquqların bərpası, bu hüquqların müdafiəsi və pozulmasının qarşısının alınmasının təmin edilməsi vəziyyətinin, bu sahədə Müvəkkil tərəfindən aparılmış işlər və həyata keçirilmiş tədbirlər haqqında məlumatların və tövsiyələrin verilməsindən ibarətdir. Uşaq Hüquqları Konvensiyası uşaq hüquqları sahəsində qəbul edilmiş sənədlər sırasında ən dolğun və kamil sənəddir. Eyni zamanda, digər sənədlərdən, o cümlədən Uşaq Hüquqları Bəyannaməsindən mühüm fərqi ondan ibarətdir ki, Konvensiya iştirakçı dövlətlərin üzərinə hüquqi cəhətdən məcburi öhdəlik qoyur. İştirakçı dövlətlərin sayına görə bu, BMT-nin ən çox ratifikasiya edilmiş konvensiyasıdır. Demək olar ki, bütün dünya dövlətləri (ABŞ və Somalidən başqa) Uşaq Hüquqları Konvensiyasını ratifikasiya etmişdir. Bu fakt özü-özlüyündə uşaq hüquqlarının qorunmasına dünya ictimaiyyətinin yüksək əhəmiyyət verməsini sübut edir. Azərbaycanda da Konvensiyanın əsas prinsipləri dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşir. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir.

Uğur