Dövlət və hüququn qarşılıqlı əlaqəsi Layihə

Dövlət və hüququn qarşılıqlı əlaqəsi

(əvvəli ötən sayımızda)

Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə (məsələn, Böyük Britaniya) hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti (adət hüququ) belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır.
Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur (məsələn, ticarət məsələləri ilə bağlı və s.). Adət hüququ qanuna zidd olmamalıdır. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılıb. Bizim ölkədə məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir. Bəzi ölkələrdə hüquq mənbəyi kimi dini müddəalar və baxışlar əsas götürülür. Məsələn, müsəlman hüququ (fiqh) islam dininin tərkib hissəsini təşkil edir. Müsəlman hüququnun əsasında Allahın öz rəsulu və peyğəmbərlərin axırıncısı olan Məhəmmədə müraciətlə dediyi sözlərdən ibarət olan müqəddəs Quran və Məhəmməd peyğəmbərin dedikləri və hərəkətlərinə və s. aid olan ənənəvi qaydaların toplusu olan sünnə durur.
Hüquq sistemi böyük tərkib hissələrinə - hüquq sahələrinə bölünür. Bu bölgünün əsasında ölkədə mövcud olan ictimai münasibətlərin müxtəlifliyi dayanır ki, bu da 9 hüquqi nizamlanmanın predmetini təşkil edir. Hüquq sahələrini təşkil edən hüquq normaları aralarındakı fərqlərə baxmayaraq bir-birilə uzlaşır, sıx qarşılıqlı əlaqədədirlər, vahid bir sistem yaradırlar. İctimai münasibətlərin müəyyən növü (hakimiyyət, idarəçilik, əmlak, əmək və s.) nizamlanma predmetindən (ictimai münasibətlərin xarakterindən) asılı olaraq hüquq sahələrində qruplaşan müvafiq hüquq normaları ilə tənzimlənir. Hüquq sahəsi - cəmiyyət həyatının müəyyən sahələrində mövcud olan və xaraktercə bir-birinə yaxın, həmcins olan ictimai münasibətləri nizamlayan, bir-birilə olan normaların məcmusudur. Beləliklə, hüquq sahələrini hər şeydən əvvəl öz nizamasalma predmetinə görə fərqləndirirlər. Hər sahənin hüquqi nizamasalma predmetinin, yəni ictimai münasibətlərin müəyyən növünün özünəməxsusluğu var ki, bu da öz növbəsində bu münasibətlərin hüquqi xüsusiyyətlərini təyin edir. Ona görə də hüququn sahələr üzrə bölüşdürülməsi üçün hüquqi nizamasalma metodu hüququn predmeti ilə yanaşı digər əsası təşkil edir. Hüquqi nizamlanma metodu - elə üsul və vasitələrin məcmusudur ki, bunların vasitəsilə hüquq ictimai münasibətlərə təsir edir. Məsələn, mülkiyyət əlaqələrinin iştirakçıları - bu bir-birindən asılı olmayan öz əmlaklarından sərbəst istifadə etməyə malik olan şəxslərdir. Onlar aralarındakı münasibətləri razılaşdırmaq və müəyyənləşdirmək imkanı əldə etmək üçün öz aralarında müqavilə bağlayırlar. Onların arasındakı mübahisələrə məhkəmələr baxır. Dövlət idarəetmə sahəsində meydana gələn münasibətlər başqa nizamasalma metodu tələb edir. Belə ki, bu sahədə tərəflərin bərabərliyi yoxdur; burada əlaqələr tabeçilik əsasında qurulur. Hakimiyyət səlahiyyəti hüquq norması vasitəsilə münasibət tərəflərindən birinə şamil edilir. Beləliklə, əgər hüquqi nizamasalma predmeti bu hüquq sahəsinin təsir etdiyi ictimai münasibətlər sferasını aşkar etməyə imkan verirsə, hüquq nizamasalma metodu təsiretmə, tənzimləmə vasitəsi kimi çıxış edir ki, bu da həmçinin (predmetlə yanaşı) bu hüquq sahəsini xarakterizə edir.
Hüquq sistemi özündə aşağıdakı əsas sahələri birləşdirir: konstitusiya hüququ, inzibati hüquq, maliyyə hüququ, aqrar hüququ, mülki hüquq, ailə hüququ, əmək hüququ, cinayət hüququ, mülki-prosessual hüquq, cinayət-prosessual hüquq və s. Hüquq sistemində aparıcı yeri konstitusiya hüququ tutur. Bu onunla əlaqədardır ki, konstitusiya hüquq normalarında elə ilkin başlanğıclar təşəkkül tapır ki, onlar başqa hüquq sahələrinin əsasını təşkil edir. Azərbaycanın Konstitusiya hüquq normalarının əksər hissəsi Azərbaycan Respublikası Konstitusiyasında, habelə, digər qanunvericilik aktlarında (məsələn, vətəndaşlıq haqqında, yerli özünüidarələr haqqında və s. qanunlarda) ifadə olunur. Konstitusiya hüquq normaları konstitusiya quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi vəziyyətini, dövlət hakimiyyəti və yerli özünüidarə sistemini, Azərbaycanın dövlət quruluşunu, hüquq və qanunvericilik sistemini və başqa məsələləri təsbit edir. Konstitusiya hüququ ilə, normaları icra hakimiyyəti sahəsində (hökumət, nazirlik və idarə, idarəetmənin yerli orqanları) təşəkkül tapan idarəçilik münasibətlərini nizamlayan inzibati hüquq bir-birilə sıx əlaqə təşkil edir. Maliyyə hüququ dövlətin maliyyə prosesi və büdcə fəaliyyətində, bankların və digər maliyyə idarələrinin fəaliyyətində meydana gələn münasibətləri nizamlayır. Aqrar hüququ təşkil edən hüquq normalar sistemi torpaqdan istifadə ilə bağlı münasibətləri nizamlayır (torpaqdan səmərəli istifadə, torpaq üzərində mülkiyyət hüququnun qorunması və s.). Mülki hüquq - əmlak münasibətlərini, bəzi şəxsi qeyri-əmlak münasibətlərini (məsələn, ad hüququ, müəlliflik hüququ və s.) nizamlayan hüquq sahəsidir. Onun mühüm hissəsini mülkiyyət münasibətləri, vərəsəlik münasibətləri və s. təşkil edir. Mülki hüquqla ailə hüququ da yaxın hüquq sahələri hesab olunur. Hansı ki, o da əmlak və qeyri-əmlak münasibətlərini yalnız xüsusi sahədə - ailə-nikah münasibətləri sahəsində tənzimləyir. Əmək hüququ əmək münasibətlərinin meydana gəlməsi, dəyişməsi və xitamı şərtlərini müəyyən edir, iş vaxtını və istirahət vaxtının müddətini təyin edir, əmək intizamı, əməyin mühafizəsi məsələlərini və s. nizamlayır.
Cinayət hüquq normalarının köməyi ilə dövlət hansı ictimai-təhlükəli əməlin cinayət kimi tövsif olunduğu və bu əmələ görə hansı cəzanın təyin olunmasını müəyyən edir. Cinayət hüquq normaları cinayət məcəlləsində konkretləşdirilmişdir. Yuxarıda sadalanan bütün hüquq sahələri maddi hüququn sahələrini özündə ifadə etdirməklə maddi hüquq sahələri adlandırılır, bununla belə hüquq elmində prosessual hüquq sahələri də ayrılır. Bunlara mülki prosessual hüquq və cinayət prosessual hüququ aid etmək olar. Mülki prosessual hüquq normaları məhkəmələrin mülki, ailə, əmək, aqrar, maliyyə münasibətləri və s. sahələrdə meydana gələn mübahisələrə baxması ilə əlaqədar fəaliyyəti nizamlayır. Cinayət - prosessual hüququ cinayət işlərinin təhqiqatı, ibtidai istintaqı və onlara məhkəmədə baxılması ilə əlaqədar hüquq-mühafizə, istintaq, prokurorluq orqanlarının fəaliyyətini tənzimləyir.
Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir. Hüquq normaları məhz hüquq münasibətlərinin köməyi ilə realizə olunur. Hüquq münasibətləri üçün onun iştirakçılarının (subyektlərinin) subyektiv hüquqları və vəzifələrinin olması xarakterikdir. Hüquq normaları münasibət iştirakçıları üçün qarşılıqlı hüquq və vəzifələri müəyyən edir. Ona görə də hüquq münasibətlərinə şəxslər arasında, onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq münasibətinin özü yoxdur. Məsələn, hər bir tələbə ilə ali məktəb arasında hüquq münasibəti vardır. Tələbənin təhsil almaq hüququ vardır, ali məktəb isə öz növbəsində təhsil proqramına uyğun olaraq ona müvafiq biliklər əldə etmək üçün şərait yaratmağa borcludur. Hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələri hüquq münasibətlərinin hüquqi məzmununu təşkil edir. Hüquq elmində "hüquq 12 münasibətlərinin tərkibi" anlayışından istifadə olunur ki, onun da elementləri aşağıdakılardır:
a) hüquq subyekti;
b) hüquq münasibətlərinin məzmunu;
c) hüquq münasibətlərinin obyekti;
Hüquq münasibətlərinin maddi məzmununu onun subyektlərinə tərəf kimi məxsus olan qarşılıqlı hüquq və vəzifələrin reallaşması ilə əlaqədar davranış və hərəkətlər təşkil edir. Bu mənada hüquqi əlaqələrin hüquqi məzmunu - hüquq münasibətinin subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - hüquq münasibəti subyektlərinin fəaliyyətlərinin yönəldiyi maddi və qeyri-maddi nemətlərdir. Hüquq münasibətinin iştirakçıları əsasən fiziki və hüquqi şəxslərdir. Fiziki şəxslər konkret dövlətin ərazisində və ya onun ərazisindən kənarda olan vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir. Hüquqi şəxslərə aiddir: bütünlükdə dövlət, dövlət orqanları, ictimai qurumlar, təsərrüfat birlikləri və s. Hüquq münasibəti iştirakçısı olmaq üçün müəyyən hüquqi keyfiyyətlərə malik olmaq vacibdir. Söhbət hüquq qabiliyyəti, yəni hüquqa malik olmaq və müəyyən hüquqi vəzifələri daşımaq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən, başqa sözlə öz hərəkəti ilə hüquqlar əldə etmək, həyata keçirmək və hüquqi vəzifələri icra etməkdən gedir. Hüquqi şəxslərdə hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti onların yarandığı andan meydana gəlir. Fiziki şəxslərdə hüquq qabiliyyəti anadan olduğu andan meydana gəlir; fəaliyyət qabiliyyəti isə müəyyən yaş həddinə çatdıqdan sonra əmələ gəlir. Fəaliyyət qabiliyyəti insanların psixi fəaliyyəti ilə də bağlıdır. Bunun üçün psixi cəhətdən sağlam olmaq zəruridir. Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti əsasən 18 yaşdan başlayır. Məsələn, vətəndaş cinayət məsuliyyətinə 16 yaşdan, bəzi cinayət əməllərinə görə 14 yaşdan cəlb oluna bilər.

Cavid