Azərbaycanda dinlərarası dialoq Layihə

Azərbaycanda dinlərarası dialoq

II İohann Pavel: "Ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur"

Dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz. Çünki Azərbaycanın milli, dini və coğrafi xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti artıq xalqımızın genefondunda özünə yer tapıb. Deməli, tolerantlıq ənənələrinin inkişafına görə müsbət mənada fərqlənən cəmiyyətlərdə və ölkələrdə dinlərarası dialoq və əməkdaşlığın səviyyəsi digər ölkələrdən daha yüksəkdir. Ona görə də, bu sahədə nümunəvi sayılan cəmiyyətlərin təcrübəsindən həm yerli, həm də regional və beynəlxalq səviyyədə istifadə etmək yalnız işin xeyrinə ola bilər.

Dinlərarsı dialoq nədir?

Dini sahədə dialoq, müxtəlif dinlərə mənsub olan insanların inanclarını, düşüncələrini bir-birilərinə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə ortaq olan, yaxud olmayan bir məsələdə barış, hürriyyət, aşkarlıq atmosferində digərini öyrənmək, bilmək, tanımaq, qulaq asmaq və başa düşmək məqsədilə qarşılıqlı söhbət edə bilmələrini, birlikdə iş görmələrini, birgə yaşamalarını və hətta uzlaşmalarını təmin edən bir ünsiyyət formasıdır. Dialoq qurmağa çalışan dinlər arasında nə qədər çox fərqlilik olsa da, mühüm olan din mənsublarının bir-birilərini olduğu kimi qəbul etmələridir. Dinlərarası dialoq dinləri birləşdirmək və ya bir yerdə əridib "yeni bir din" istehsal etmək təşəbbüsü deyil. Dinlərarası dialoq bütün fərqlilikləri qoruyaraq heç bir məhdudiyyətdən istifadə etmədən səmimiyyət və anlayış daxilində ortaq məsələləri müzakirə etmək, danışmaq və birgə həll yolları axtarmaq cəhdidir.

Dinlərarası dialoq fəaliyyətləri

Danılmaz faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, "Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır". Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Burada müxtəlif konfessiyaların nümayəndələri hələ qədimdən məskunlaşıb və əsrlər boyu bir yerdə mehribancasına yaşayıblar. Buna misal olaraq, Bakının Suraxanı rayonunda günümüzə qədər gəlib çıxmış "Atəşgah" məbədini göstərmək olar. Neçə əsr bundan əvvəl tikilməsinə və ondan sonra neçə dinin Azərbaycana gəlməsinə baxmayaraq, bu gün də "Atəşgah" qorunmaqdadır. Atəşpərəstliyin bir məbədi olan bu yerə müsəlmanların da marağı böyükdür. Babil hökmdarı II Novuxodonosorun (e.ə. 586-cı il) Qüdsü zəbt etməsi nəticəsində talan olan İudeya çarlığından qaçan yəhudi köçkünlərin bir qismi hələ o vaxtdan Azərbaycan torpağında özlərinə sığınacaq tapıblar. Eramızın birinci yüzilliyinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirib və sonradan burada yaranan Alban avtokefal kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Xristian və yəhudilərə qarşı Azərbaycan xalqı daim dözümlü münasibət göstərib, hətta hakimiyyət pillələrində həmin dinlərin mənsublarına da yer verilib. Teokratik rejim kimi tanımlanan Səfəvilər dövlətində də vəzirlər əsasən xristianlardan ibarət olub. Tarix göstərir ki, həm bu üç böyük din, həm 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanda yayılmağa başlayan konfessiyalar arasında heç vaxt ən kiçik anlaşılmazlıq belə olmayıb. Tarix boyu müxtəlif qanlı müharibələrə səhnə olan Azərbaycanda dinlərarası balans yenə də qorunub saxlanılıb və dinlər arasında təfriqə yaranmasına gətirib çıxarmayıb. Belə bir nümunəyə bədnam qonşularımızla gedən müharibənin ilk illərində də rast gəlinib. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan "islam təhlukəsi" gözlənilir. Azərbaycan - Ermənistan münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olub. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin süni şəkildə xrisianlaşdırılmasından isifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər inkişaf edərək daha da yaxşılaşdı.

Roma Papası: "Azərbaycanda bir çox mədəniyyətlər cəmləşib"

Bütün bu sadalanan faktları və Azərbaycandakı mövcud dinlərarası münasibətləri gözdən keçirəndə, əslində Azərbaycanda dinlərarası dialoq qurmağa və ya bunun üçün hansısa modelləri tətbiq etməyə ehtiyac duyulmadığını görmək olar. Çünki dialoq, aralarında problem olan müxtəlif fikirli tərəfləri bir araya gətirmək üçündür. Azərbaycanda isə qeyd olunduğu kimi, müxtəlif konfessiyalar arasındakı münasibətlər həmişə müsbət mənada fərqlənmişdir. Həm Qafqaz Müsəlmanları İdarəsinin sədri, həm Rus Pravoslav kilsəsinin rəhbəri, həm də ölkədəki yəhudi icmasının rəhbəri bütün toplantılarda yanaşı dayanır, hər zaman bir mövqedən çıxış edirlər. Lakin buna baxmayaraq yenə də həm mövcud gözəl münasibətlərin qorunub saxlanması, həm də dinlərarası dialoq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün ölkədə bir sıra işlər görülüb və bu gün də görülməkdədir. Bu sahədə təbii ki, mərhum Roma papası II İohann Pavelin 2002-ci ilin may ayında Azərbaycana etdiyi səfər ən əlamətdar hadisə kimi tarixə düşüb. Həmin səfərdə Azərbaycanda bir çox mədəniyyətlərin cəmləşdiyini bildirən Papa onu da qeyd etmişdir ki, bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur. Dinlərarası dialoqun inkişafı sahəsində Papanın respublikamızın din xadimlərindən ibarət nümayəndə heyəti ilə Vatikanda keçirdiyi görüş də əlamətdar olub. 18 noyabr 2004-cü il tarixdə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcüd olan münasibətləri yüksək qiymətləndirib və Qafqazda davam edən qanlı münaqişələr ilə əlaqədar öz təəssüfünü bildirib: "Heç kimə ixtiyar verilməyib ki, dinləri dözümsüzlük aləti, təcavüz, zorakılıq və qətllər üçün vasitə kimi təqdim etsin və ya onlardan istifadə etsin. Əksinə, dinlərin dostluğu və qarşılıqlı ehtiram əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil edir".

Dinlərarsı dialoqu möhkəmləndirən bir sıra amillər

Azərbaycanda bütün dinlərə yüksək münasibətin mövcudluğundan xəbər verən bir sıra başqa əlamətdar hadisələri qısaca bu şəkildə sıralamaq olar: - 2003-cü il aprelin 16-dan 18-dək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Rum patriarxı I Varfolomey Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir neçə aydan sonra Bakıda dinlərarası dialoq məsələsinə həsr edilən beynəlxalq konfransın keçirilməsi barədə razılıq əldə edilib. - 2003-cü il martın 24-də Bakıda jan Mironosets pravoslav baş kafedral kilsəsinin açılış mərasimi olub. - 2003-cü ilin sentyabr ayında Bakıda ilk yəhudi məktəbi açılıb.
* 2011-ci ilin aprelin 5-də Bakıda yəhudilərin dini məbədinin - yeni sinaqoqun açılış mərasimi olub.
* Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Gürcü yəhudiləri icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib.
* Azərbaycanda pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir.
* Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.

Dünyanın dialoqa böyük ehtiyacı var

Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərib ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyildir. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən də bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq nöqtələridir. Müxtəlif təmayüllü konfessiyaların mehriban şəkildə yaşadığı Azərbaycanda bu münasibətlərin qorunub saxlanılması hər bir kəsin vəzifəsidir. Unutmamalıyıq ki, hansı dinə etiqad etməsindən asılı olmayaraq, onların hər biri Azərbaycan Respublikasının vətəndaşıdır. Onların hər biri müharibə şəraitində olan ölkəmizin potensial qüvvəsi, ordumuzun əsgəridir. Odur ki, hər bir vətəndaş ölkənin qanunlarına tabe olmalı, müxtəlif maraqların dövlətçilik maraqlarından önə keçməsinə imkan verməməlidir. Çünki hər bir din vətənimizi sevməyi bizə təlqin edir.
Azərbaycana gələn dünya dini liderləri (xüsusən, qeyri-islam dini liderləri) birmənalı şəkildə təsdiq edirlər ki, Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvi bir ölkədir.
Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanda tolerantlığı və müxtəlif dinlərin dinc yanaşı mövcudluğunu yüksək qiymətləndirib, bunun Avropa üçün xüsusilə hazırkı münaqişələr dövründə nümunə olduğunu vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt da Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yanaşı yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb.
Florensiya Universitetinin professoru Franko Kardini, "Vox Populi" elm mərkəzinin rəhbəri, professor Ermanno Vizintayner, "II Nado di Gordio" elm mərkəzinin rəhbəri Daniele Lazzeri və mərkəzin üzvü professor Paolo Zammatteo, İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Macar, Vaşinqtonda Ceymstaun Fondunun Balkanlar, Qafqaz və Orta Asiya Proqramının rəhbəri Marqarita Assenova, Fondun baş tədqiqatçısı Vladimir Sokor, tanınmış yəhudi ictimai xadimi İsrael Barouk, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut, Vatikanın dövlət kardinalı Tarçizyo Bertoni və başqa tanınmışlar Azərbaycanda dinlərarası dialoqu və dini toleranlığın bir çox ölkələrə nümunə ola biləcəyini söyləyiblər.

Cavid Şahverdiyev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir