Milli azlıq anlayışı beynəlxalq müstəvidə Layihə

Milli azlıq anlayışı beynəlxalq müstəvidə

Beynəlxalq münasibətlərdə daha çox diqqət mərkəzində olan azsaylı xalqlar problemi ilə bağlı müxtəlif qurumlar və təşkilatlar tərəfindən çərçivə Konvensiyaları və Sazişlər qəbul edilib. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik. MDB ölkələri içərisində Rusiya və Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların milli azlıqlarla bağlı qəbul etdiyi Konvensiya və Sazişlərin əksəriyyətinə qoşulub. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik.
BMT-nin İnsan Hüquqları üzrə Komissiyası milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Qətnamə qəbul edib. Komissiya 1992-ci il aprelin 25-də keçirdiyi iclasında insanları cəmiyyətdə sülhün qorunması üçün milli azlıqların hüquqlarını qorumağa çağırıb. BMT Baş Assambleyası 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyannamə qəbul edib. Bəyannamədə bir daha təşkilatın nizamnaməsində göstərildiyi kimi, dilindən, dinindən və irqindən asılı olmayaraq bütün insanların hüquqlarının qorunması önə çəkilir. Ümummiyyətlə, BMT azsaylı xalqların hüquqlarının qorunmasında mühüm rol oynayır. Hökumətlərarası və qeyri-hökumət təşkilatları da milli azlıqların hüquqlarının qorunmasına səy göstərirlər.
BMT Baş Assambleyasının 1965-ci ildə qəbul etdiyi Beynəlxalq Paktda göstərilir ki, bütün xalqlar özlərinin təyinetmə hüququna malikdirlər.
BMT Baş Məclisinin 1996-cı il dekabırın 16-da təsdiq etdiyi insanın vətəndaşlıq və siyasi hüquqları, iqtisadi, sosial və mədəni hüquqları haqqında faktlara müvafiq olaraq respubilkamızda milliyətindən, dilindən, dinindən, siyasi baxışlarından aslı olmayaraq vətəndaşlarımızın hamısı bərabar hüquqlara malikdir və Azərbaycan dövləti öz fəaliyyətini bu demokratik, hümanist prinsiplər əsasında qurur, inkişaf etlirir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağan olunur. Beynəlxalq hüquq normalarına tam uyğun gələn həmin humanist normativ prinsip öz əksini Azərbaycan Respubilkası Konstitusiyasının 25-ci maddəsində tapmışdır.
Avropa Şurası 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası qəbul edib. Konvensiyaya imza atan dövlətlər Avropa Şurasının insan hüquqlarının əsas hüquq və azadlığını önə çəkirlər. Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində öz ərazilərində milli azlıqların hüquq və azadlıqlarının qorunması barədə Bəyannamədən irəli gələn vəzifələrə də əməl etməlidirlər. Konvensiyada üzv dövlətlər milli və etnik azlıqlara məxsus insanların hüquq və azadlıqlarını qorumağı öz öhdəsinə götürür və bu, beynəlxalq əməkdaşlığın əsası hesab edilir. Milli azlığa mənsub şəxslər Konvensiyadan irəli gələn digər vətəndaşların azad seçim hüququna və bütün vətəndaşların əldə etdiyi hüquq və azadlıqlara malikdirlər. Tərəflər milli azlıqların qanun qarşısında bərabərliyinə əməl etməyi və heç bir ayrı-seçkiliyə yol verməməyi üzərlərinə öhdəlik kimi götürürlər. Tərəflər milli azlıqların cəmiyyətin bütün sahələrində - iqtisadi, mədəni və siyasi fəaliyyətinə şərait yaratmalı, onların məişət, din, dil və adət-ənənələrini qorumalıdırlar. Milli azlıqların sərbəst toplaşmaq və öz fikirlərini deməyə imkan yaratmalı və maneçilik törətməməlidirlər. Tərəflər milli azlıqlara mənsub şəxslərin dini təsisatlar, təşkilatlar və assosiasiyalar yaratmalarına maneçilik törətməməyi də üzərlərinə götürürlər. Həmçinin onlara öz kütləvi informasiya vasitələrini təsis etməyə və efir məkanına malik olmağa razılıq verirlər. Onlara qeyri-hökumət təşkilatlarını yaratmağa və orada fəaliyyət göstərməyə məneçilik törətməməlidirlər. Sənəddə, həmçinin onlara öz azlığının dilini öyrənməyə şərait yaradılması da qeyd olunur. Milli azlıqlar yaşadıqları ölkənin milli qanunvericiliyinə əməl etməlidirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası bu Konvensiyaya 13 iyun 2000-ci il tarixdə qoşulub.
Azsaylı xalqların hüquqlarının qorunmasında istiqamətverici rol oynamaqda Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar və xalqlar barədə, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar haqqında" Konvensiyasında əks olunub. BƏT-nın 1989-cu il iyunun 26-da Ali Konfransında qəbul edilən Konvensiyada əsas diqqət bu xalqların hər hansı bir diskriminasiya olmadan insan haqları və əsas azadlıqlardan istifadə etmələri nəzərdə tutulub.
Hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Milli azlıqların işi üzrə Ali Komissarı fəaliyyət göstərir. Ali Komissarlıq institutu Avropada etnik münaqişələrin irimiqyaslı zorakılıqlarına mübarizə forması kimi yaradılıb. Bu vəzifə ATƏT tərəfindən (o vaxt ATƏM adlanırdı) 1992-ci ildə təsis edilib. Onun rolu sülhə və əmin-amanlığa təhlükə olan etnik fikir ayrılıqlarını aradan qaldırmaq, quruma üzv dövlətlər arasında sülh və əmin-amanlıq yaratmaq və ilkin mərhələdə olan münaqişələrin qarşısını almaqdan ibarətdir. Ali Komissarlığın qərargahı Vyana şəhərində yerləşir. Bir çoxları bu vəzifəni ombudsman institutları ilə eyniləşdirirlər. Amma əslində belə leyil. O, yalnız milli azlıqların işi üzrə ali komissardır. Onun məqsədi münaqişələrin aradan qaldırılmasıdır. O ombdusmandan fərqli olaraq insani ölçüləri həll etmir. Onun qarşısına qoyulan məqsədlər sırasında ilkin xəbərdarlıq və lazım olan halarda təcili tədbirlər görməkdir.
"Genosid cinayətinin qarşısının alınması və bu cinayətə görə cəza verilməsi haqqında" Konvensiyanın 2-ci maddəsində deyilir ki, genosid anlayışı altında hər hansı milli, etnik, irqi və ya dili qrupu tamamilə, ya da qismən məhv etmək məqsədi ilə həyata keçirilən aşağıdakı hərəkətlər nəzərdə tutulur: öldürmək, bədən xəsarəti yetirmək, onları psixi pozğunluğa düçar etmək, qəsdən elə bir şərait yaratmaq ki, onlar hissə-hissə və ya tamamilə fiziki cəhətdən yox olsunlar və s.
"Mülki və Siyasi Hüquqlar Haqqında" Beynəlxalq Paktın 27-ci maddəsində göstərilir ki, etnik, dini və kiçik dil qruplarının öz mədəniyyətlərini, din və adət-ənənələrini birlikdə yaşatmaq, öz dillərində danışmaq hüququ vardır.
Azərbaycan Avropa Şurasına üzv qəbul olduqdan sonra 1 il ərzində Milli azlıqların Çərçivə Konvensiyası, eyni müddətdə Regional dillər arasında Çərçivə Konvensiyasına qoşulub. Milli azlıqlarla bağlı hər üç öhdəliyi Azərbaycan Avropa Şurasına qəbul olarkən öz üzərinə götürüb. Bu barədə Avropa Şurasının Azərbaycan nümayəndəliyinin əməkdaşı İnkeri Aarnio Lvoff hələ 2002-ci ildə "Etnik qruplar arasında dailoq" mövzusunda Zuğulbada keçirilən tədbirdə çıxış edərkən məlumat verib. Respublikada milli azlıqlar arasında dialoqun inkişafı və genişləndirilməsi üçün müvafiq işlər görüldüyünü nəzərə çatdıran xanım İnkeri Avropa Şurasının bu sahə üçün nəzərdə tutulan standartlarının Azərbaycanda mərhələ-mərhələ həyata keçirildiyini söyləyib.
Azərbaycanda milli və dini azlıqlara qarşı diskriminasiya siyasəti heç vaxt olmayıb və bu azlıqlar daim Azərbaycan cəmiyyətinin tamhüquqlu üzvü olublar. 1988-93-cü illərin acı dərsləri indi arxada qalıb. Milli həmrəylik möhkəmlənib. Bu, dünya birliyi tərəfindən qəbul olunan gerçəklikdir. Ölkəmizdə səfərdə olan AŞ nümayəndələri Azərbaycanda bu sahədə vəziyyətin qənaətbəxş olduğunu bildiriblər. Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin nümayəndə heyəti 2003-cü ilin aprelin 2-də ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, görüşdə F.Məmmədov ölkəmizdə həyata keçirilən demokratik islahatlar, milli azlıqların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş tədbirlər, o cümlədən Azərbaycanın bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşuşlması, azsaylı xalqların ictimai birlikləri barədə ətraflı məlumat verib, xalqımızın öz tarixi ənənəsinə sadiq qalaraq milli azlıqlara və onların hüquqlarına daim hörmətlə yanaşmasını qeyd edib.
Azərbaycanda milli azlıqların hüquqlarının etibarlı müdafiə edilməsinin şahidi olduqlarını bildirən nümayəndə heyətinin başçısı Asbyorn Eyde (Norveç) bu sahədə qanunvericiliyimizin təkmilləşdirilməsini razılıqla vurğulayıb, əhalinin hüquqi maarifləndirilməsi üzrə aparılan iş yüksək qiymətləndirilib. O Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası müddəalarının həyata keçirilməsi məsələlərinə də toxunub.
30-31 oktyabr 2003-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurası binasında Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının 5-ci ildönümünə həsr olunmuş Konfrans keçirilib. Konfransda çıxış edən Avropa Şurasının baş katibi V.Şvimmer Avropa Şurasının insan hüquq və azadlıqlarının təmininə mühüm önəm verdiyini və bu məqsədlə bir sıra Konvensiyalar qəbul etdiyini xatırladaraq, qəbul edilən Konvensiyalar sırasında tənzim etdiyi sahənin əhəmiyyətinə görə, "Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının" xüsusi yer tutduğunu iştirakçıların nəzərinə çatdırmışdır. V.Şvimmer həmçinin "Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasını" ratifikasiya etməmiş Avropa Şurası üzv dövlətlərini Konvensiyanı qəbul etməyə çağırıb.
Azərbaycanda məhkəmə icraatı dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslər işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak etmək və ana dilində çıxış etmək hüququ təmin edilir. Bu normativ prinsip Azərbaycan Resprbilkası Konstitusiyasının 127-ci məddəsinin X bəndində təsbit olunub.

Cavid