Azərbaycan ruhunun zəngin ifadəsi Layihə

Azərbaycan ruhunun zəngin ifadəsi

Zərdüştün "təmiz fikir, təmiz söz, təmiz əməl" ideyası dünya mədəniyyətinin özülündə durur

II yazı

Avropa alimlərindən B.Rask, F.Şpeygel, N.L.Vesterqard, F.Vindişman, F.Maks Müller, L.Darmesteter, L.N.Meye, F.V.Vest, F.Volf, A.Kristensen və başqaları avestaşünaslığa dair bir sıra tədqiqat əsərləri yazıb, yaxud Avestanı və ya onun hissələrini tərcümə ediblər. İran tarixçiləri və ədəbiyyatşünasları da (Avropa şərqşünaslarından sonra) XX əsrin I yarısından etibarən avestaşünaslıqla məşğul olub, bu sahədə bir sıra tədqiqat əsərləri yazmağa başlayıblar. Ancaq İran alimləri tərəfindən yazılmış əsərlərin böyük bir qismi, Avropa alimlərinin təkrarından ibarətdir. Məhəmmədəli Tərbiyət (Təbrizi) 1941-ci ildə Berlində keçirilən şərqşünasların beynəlxalq konfransında çıxış edərək Zərdüştün həyatı və əsərləri haqqında məruzə edib. M.Tərbiyət Danişməndane-Azərbaycan adlı əsərində yazır: "Avesta"nın ən qədim hissələrinin müəllifi, məzdəizmin banisi və Azərbaycanın ən görkəli şəxsiyyətlərindən biri olan Zərdüşt haqqında Şərq, habelə Qərb alimləri bir sıra məqalələr çap etdiriblər. Fransalı Darmesterin izahları, ABŞ alimi Ceksonun nəfis məcmuəsi, Purdavud Gilaninin "Avesta" və Zərdüşt haqqında dərin tədqiqatı müəyyən qədər onların fikirlərinin rəmzidir."
Əbu Reyhan əl-Biruni "Əl-asarül və əl-qrunül xaliyyə" əsərində yazır: "...ondan sonra ... maqların ailəsindən olan azərbaycanlı Spitmanın oğlu Zərdüşt gəldi (zühur etdi). Bu hadisə Viştaspın hakimiyyətindən otuz il keçəndən sonrakı dövrə təsadüf edir. Onun əynində sağ və sol tərəfi açıq olan çuxa var idi. Kəməri xurma lifi ilə (kiçik xaç şəklində) bağlanmışdı, rəngli yun duvağı (niqabı) var idi, öz yanında olan köhnə lövhəni sinəsinə yapışdırmışdı."
Məhəmmədəli Tərbiyət orta əsr mənbələrinə saslanaraq Zərdüştün Azərbaycanda anadan olmasını və habelə "Avesta"nın Azərbaycanda yaradıldığını iddia edir. H.Tağızadənin göstərdiyinə görə "Avesta"nın bir nüsxəsi III Daranın xəzinəsində saxlanılırdı. Həmin nüsxə qızıl suyu ilə 12.000 öküz dərisi üzərində yazılmışdı. İskəndər III Daranı məğlub etdikdən sonra onun Təxte-Cəmşiddə olan sarayını yandırmışdı. H.Tağızadə göstərir ki, o dövrdən etibarən "Avesta"nın 30 bölməsindən ancaq 12-si qalmışdı.
H.Tağızadə yazır: "Zərdüştilərin (atəşpərəstlərin), xüsusən Dinkornun rəvayətinə görə, "Sasani Avestası" adı ilə məşhur olan ilk əsas mənbə I Şapurun dövründə toplanıb."
Tədqiqatçılar Sasanilərin son dövrü və ondan azı üç əsr sonra mövcud olan Zərdüştülərin müqəddəs kitabı "Avesta"nı aşağıdakı dövrlərə bölürlər:
1. Zərdüşt dövründən əvvəlki mənbələrə aid olan hissələr (Yəştlərin bəziləri)
2. Zərdüştün özünə xas olan bölmə
3. Şifahi rəvayətlər əsasında I Balaş tərəfindən toplanılmış hissə
4. Sasanilərin dövründə rəvayətlər əsasında toplanmış hissə.
A.Kristensen "Avesta"nın toplanmasını belə izah edib: "LVI və X yeştlərin 6-37-ci bəndləri eramızdan əvvəl 147-ci ildə, parfiyalılar dövründə, IX yəşt isə eramızın I əsrində, nəhayət, XVI yəşt parfiyalılar dövründə və yaxud sonralar tərtib edilib."
M.Müin A.Kristensenə əlavə edərək Qatların, habelə Yəsnanın IV fəslini eramızdan əvvəl XI-VI əsrlərə (Əhəmənilərdən əvvəl Zərdüştün zühur etdiyi dövrə), Xurda Avestanı isə II Şapurun (309-379) dövrünə aid edib. A.A.Feryman tərəfindən bünövrəsi qoyulmuş İran ədəbiyyatı və dilçiliyi, habelə V.V.Struvenin rəhbərliyi ilə yaradılmış tarixçilərin qədim Şərq xalqlarının tarixini öyrənmək məktəbləri "Avesta"nın tədqiqində böyük işlər görüblər. SSRİ tarixşünaslığında ilk dəfə olaraq 1940-cı ilin ortalarından etibarən V.V.Struvenin "Avesta" və qədim İran yazıları haqqında əsərləri çıxmağa başladı. M.M.Dyakonov, Y.E.Bertles, A.B.Makovelski, İ.M.Dyakonov və başqaları "Avesta"nın elmi təhlilini veriblər. "Avesta"nın yenidən toplanmasına I Ərdəşirin göstərişi ilə möbidane möbid Tanser başlamış və bu, I Şapurun dövründə başa çatdırılıb. Sasanilərin ideoloji, qanun məcmuəsi olan bu kitab 21 nəskdən (fəsildən) ibarət olub, həm də əsas "Avesta" sayılır. Bu kitaba II Şapurun dövründə (309-379) möbidane möbid Azərbad tərəfindən müxtəlif şərhlər əlavə edilərək daha da təkmilləşdirilib. Daha sonra Xosrovun (590-628) hakimiyyəti dövründə də bu kitaba yeni əlavələr və şərhlər yazılıb. Dinkordun dediyinə görə Zərdüştilərin müqəddəs kitabının mətni I Şapurun dövründə toplanıb başa çatdırılıb. Belə ki, Şapurun göstərişi ilə Hindistan, Yunanıstan və başqa yerlərdə mövcud olub, dinə aid olmayan astronomiya, tibb, riyaziyyat və fəlsəfəyə aid pərakəndə məlumatlar toplanıb "Avesta"ya əlavə edilib.
İranlı astronom Fəzl ibn Nobəxtin (VIII əsrin sonu-IX əsrin əvvəlləri) yazdığına görə Ərdəşir, daha sonralar oğlu Şapurun dövründə dövrün materiallarından istifadə edilərək "Avesta"ya bir sıra tibb, riyaziyyat, coğrafiya, fəlsəfə və astronomiyaya aid əlavələr edilib.
Abdulla Fazili qeyd edir ki, mənbələrdə "Avesta"nın adı müxtəlif cür çəkilir. O cümlədən "Avesta", "Əbesta", "Esta", "Vesta", "Əfesta", "Əvesta", ən çox işlənən forması isə "Avesta"dır. Pəhləvi dilində bu söz "Apastaq" və ya "Ostaq" şəklində işlədilir.
Oppertə görə Bisütun qayasında mövcud olan mixi yazılarda bu söz "Abistam" formasında verilir. Sözün mənasına gəldikdə, "əsas, özül, bünövrə" deməkdir.
Bartolomey və Visbex bu sözün sığınaq və kömək mənasında işlədilməsini göstəriblər. "Avesta"ya Şapurun dövründə bir sıra əlavələr edildikdən sonra o, "Zənd-Avesta" adlanmağa başladı. "Zənd" sözü "Avesta"nın şərhi anlamındadır. Bu söz "Avesta"ya Sasanilərin dövründə əlavə edilib. "Avesta"nın ən qədim əlyazması hazırda Kopenhagendə saxlanılmaqdadır. 1325-ci ildə yazılmış bu nüsxəni məşhur şərqşünas Vesterqart özü ilə İrandan Danimarkaya aparıb.
İ.Purdavudun yazdığına görə "Avesta", o cümlədən qatların məzmunu xoşniyyət, xeyirxalıq və bunlara əməl etməkdən ibarətdir. "Qatlar"da deyilir: "Biz o şəxsə hörmət edirik ki, o, birinci dəfə Zərdüştün beş duasını müqəddəs sayıb onu oxusun."
Zərdüştiliyə görə, Xeyiri seçmək və şərə qrşı mübarizə aparmaq hər bir fərdin şərəfli borcu olmalıdır. Zərdüştə görə bu şüar insanları müdafiə etməli və axirətdə hesabat vaxtı isə onlara bəraət qazandırmalıdır. İ.Purdavud bütün əsərlərində birmənalı olaraq "Avesta"nın Şimal-Qərb dilində (sonralar Atropaten dili adlanan atropatenlilərin dilinin qədim türk dilinə yaxın olması lakin fars dillərinin təsirinə məruz qalması sübut edilib) yazıldığını iddia edir.
İ.Purdavud tərəfindən 1928-ci ildə Bombeydə çapa hazırlanmış "Xurda-Avesta" da mühüm elmi əhəmiyyətə malikdir. Abdulla Fazili qeyd edir ki, tarixşünaslıq sahəsində "Avesta"nın dini mahiyyət daşımasına baxmayaraq onu bir sıra qədim xalqların, o cümlədən Azərbaycan xalqının mədəniyyəti, adət və ənənəsi, tarix və coğrafiyaşünaslığını özündə əks etdirən yeganə külliyatı adlandırmaq olar.
"Avesta"nın dili haqqında M.Müin yazır: "Sasani dövründə tərirb edilib,bizə gəlib çatan "Avesta"nın məzmunu Zərdüştün dini ayinlərinin külliyyatından ibarətdir. "Avesta"nın yazıldığı dil isə "Avesta" dili adı ilə məşhurdur."
İlkin "Avesta"nın yazıldığı dil Sasanilər, habelə Parfiya dövründə artıq işlənmirdi. M.Müin "Avesta"nın dilini Bəlx, Midiya və Skif dili adlandıranların nəzəriyyələrini rədd edir və onu "Avesta" dili adlandırır. Sonrakı tədqiqatlar M.Müinin bu münasibətinin haqlı olduğunu sübut etdi. Belə ki ,aparılan kompleks tədqiqatlar nəticəsində Midiya dili (madayların dili) və skif dilinin qədim türk dillərindən olması və madayların və skiflərin dəqim türk etnosları olmasını sübut etdi.
"Avesta"da dəfələrlə madayların adı çəkilsə də farsların adına təsadüf edilmir. "Avesta"da İran ölkəsi Ariya adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi (Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də yalnız bu ərazidə yaşayırdılar. Onların məskun olduğu yerlərdən Şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar.
"Avesta"nın bizə gəlib çatmış hissələri aşağıdakılardan ibarətdir:
1. Getha (Qatlar)
2. Yəsna
3. Vidivdad (Vəndidad)
4. Yəşt
Xurda Avesta
Professor Elməddin Əlibəyzadənin fikrincə, Zərdüştün yaşı e.ə. VII-VIII, hətta IX minilliklərə gedib çıxır: "Bu fikri təkcə bir nəfər demir. Zərdüştçülük Midiya dövlətinin ideoloji-dini əsası olub. Heç şübhəsiz, bundan əvvəl Turan, eləcə də başqa türk dövlətlərinin də ideologiyası bu olub. Midiya süquta uğrayandan sonra farslar Zərdüştçülüyü dövlətin ideoloji əsası kimi qəbul ediblər. Farslar özlərinə qədər mövcud olan dini ideyaları, təsəvvürləri, rəvayətlərin hamısını götürüb qədim pəhləvi dilinə çeviriblər. Qədim "Avesta" dilində olan bütün sənədləri yandıraraq məhv ediblər. Əgər Makedoniyalı İsgəndər "Avesta"nı yandırmasaydı, eləcə də Midiya kimi böyük dövlətçiliyimizi əlimizdə saxlasaydıq, hər halda dünyanın durumu indikindən çox yaxşı olardı.
İsgəndər "Avesta"dan yandırdığını yandırıb, saxladığı parçaları isə tərcümə edib, bununla da yunan mədəniyyətinin, fəlsəfəsinin inkişafına xidmət göstərib. Makedoniyalı İsgəndərin yandırdığı "Avesta" kitabı IX yüzildə artıq muğlar tərəfindən bərpa olunmuşdu. Muğlar İrana, Hindistana – görünməz yerlərə qaçmışdılar. "Avesta" 21 kitabda cəmləşmişdi. İndi əlimizdə "Avesta"nın çox az bir hissəsi qalıb. Zərdüşt bizimdir, öz ruhumuzdur".
Asif Atanın fikrincə, Zərdüştçülükdə Hürmüzd işığıyla Əhrimən qaranlığı arasında döyüş var; İşıq Allahı – Hürmüzd Qaranlıq Allahı – Əhrimənlə yerdə, göydə döyüşür, insanın daxilində – fikirdə, duyğuda, iradədə, əməldə döyüşür. Dinlərin hamısı Xeyir–Şər təzadı əsasında qurulub. Xeyir–Şər təzadı Hürmüzd–Əhrimən ikiliyinin təzahürüdür. Dini ikiliyin (dualizmin) canı Zərdüştçülükdür. Dinlər xilaskarlıq – messiyaçılıq ideyası əsasında qurulub. Messiyalar – dini xilaskarlar – hürmüzd çeşidləridir. Buddaçılığın əsası daxili təmizlik ideyasıdır – imtina vasitəsiylə ruhu ram etməkdir. Bu ideya Zərdüştün təmizlik yolunun davamıdır: ifrat davamıdır, istəklərin inkarıdır – ancaq Zərdüştlə qırılmaz tellərlə bağlıdır. Midiyalıdır, Midiyanındır – Azərbaycanlıdır, Azərbaycanındır. Yeni eradan əvvəl VI əsrdə indiki Güney Azərbaycanda yaşayıb. Zərdüşt – Azərbaycanındır, Şərqindir, Dünyanındır".

Uğur