Azərbaycan maarifçilərinin yaradıcılığında Azərbaycançılıq ideyası Layihə

Azərbaycan maarifçilərinin yaradıcılığında Azərbaycançılıq ideyası

3-cü yazı

Milli mətbuatı yaradanlar ilk növbədə milli ruhlu insanlar olublar. Ciddi xəlqi işlərin başlanğıcı çox çətin olur. "Əkinçi"nin çıxması Azərbaycan əhalisinin çoxunun biliksiz olduğu dövrə təsadüf edirdi. Fanatizm meydan sulayır, cəhalət baş alıb gedirdi. XX yüzilin başlanğıcında Azərbaycanda millətin dərdlərinə yanan, onun çoxəsrlik problemlərini çözməyə çalışan cəsarətli ziyalılarımız meydana çıxdı. O zaman da indiki kimi Türk Dünyasının problemləri çox idi. Türklərin dünyada təklənməsi, Avropanın Şərqi yenməsi, türk fikrindən, özünəməxsusluğundan yararlanaraq əslində onun ruhundan imtina etməsi Həsən bəy Zərdabini, Əlibəy Hüseynzadəni, Əhməd Ağaoğlunu, Cəlil Məmmədquluzadəni və başqalarını dərindən düşündürürdü.
"Molla Nəsrəddin" çağında çıxan çoxlu nəşrlərdən ideyasına görə fərqlənirdi. "Molla Nəsrəddin" ədəbi məktəbinin publisistik çaları olsa da, ədəbiyyatın imkanlarından istifadə edərək çox işlər görüb. Ancaq Mirzə Cəlil, Sabir və başqaları milli dərdlərlə yaşadıqları və bunu ədəbiyyatda ifadə etdikləri dərəcədə millətin sabahını böyük mənada görə bilmirdilər. Onlar ümumən Şərq miqyasında Novruzəli geriliyini görür və tənqid edirdilər, ancaq Şərqin, konkret Azərbaycanın zamandan üstün imkanlarını görə və göstərə bilmirdilər. Əli bəy Hüseynzadə XX yüzilin əvvəlində türkün yox olub getməsinə qarşı dirəniş göstərən ideoloji savaş açdı. Bütün hallarda Əli bəy Hüseynzadənin elə bir çağda türkçülüyü ayrıca bir ideoloji savaş yönünə çevirməsi ciddi olay idi.
S.Vəliyevanın araşdırmasında vurğulanır: "Milli şüurun oyanması millətin öz əslini-kökünü, tarixini tanıması problemi ilə six bağlı idi. XIX əsrin sonlarına doğru "Əkinçi" qəzetinin simasında milli mətbuatımızın yaranması ilə maariıçilik və milli özünüdərk prosesinin yeni mərhələsi başlanır. Həsən bəy Zərdabinin milli şüurun oyanışına verdiyi bu töhfə vasitəsilə əslində, xalqın inkişafında yeni eranın başlanğıcı qoyulur, milli və ictimai məsələlər minlərlə Azərbaycanlının fikrinə və duyğularına hakim kəsilir. Əvvəl "Əkinçi", sonradan "Kəşkül" və "Ziya" qəzetlərinin səhifələrində milləti səfərbər edən, ona kimliyini anladan yüzlərlə yazılar dərc etdirir. Bu yazılarda millətin ağsaqqalı Həsən bəy Zərdabi milli mövcudluq uğrunda ölüm-dirim savaşından - "zindəganlıq davasından" qalib çıxmaq üçün xalqı kütləvi şəkildə elmə, maarifə yiyələnməyə və bu yolda öz haqqını qorumağa çağırırdı. O, təbiətdə daim mübarizə getdiyini xatırladaraq yazırdı ki: "Bu zindəganlıq davasını da həmişə insan biri-biri ilə edir. Keçmişdə insan vəhşi halında olan zaman bu davanı yumruq, sillə, sonra qılınc, qalxan, dəxi sonra tüfəng və qeyri-əsləhələrlə edirdi. Elə ki, sonra vurmaq, öldürmək nəhy oldu, insan zindəganlıq davasını ağıl ilə edir.
Hər kəsin ki, ağlı çoxdur, qanacağı artıqdır, bu zindəganlıq davasında düşmənə fariq gəlir. Çünki ağıl və qanacağın artıq olmağı elm təhsil etmək ilədir, ona görə biz müsəlman qardaşlarımıza "Oxuyun, elm təhsil edin!" - deyəndə zikr olunan zindəganlıq davasından ötrü deyirik ki, bu davada müsəlman qardaşlarımız məğlub olub axırda puç olmasınlar".
"Əkinçi" ilə yanaşı, 1873-cü ildə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun rəhbərlik etdikləri teatr truppasının M.F.Axundovun "Sərgüzəşti vəziri-xani Lənkəran" komediyasını tamaşaya qoyması, 1877-ci ildə Sultan Məcid Qənizadə və Mahmud bəy Mahmudbəyovun yeni tipli məktəbin əsasını qoyması ilə Azərbaycanda milli şüurun daha iki vacib komponenti yaranmış olur.
Milli-professional teatr, demokratik dövri mətbuat və əski mollaxanalardan keyfiyyətcə köklü surətdə fərqlənən rus-müsəlman məktəbi realist ədəbiyyatla yanaşı, Azərbaycançılıq təfəkkürünün kütlələr arasında geniş yayılmasında öz müsbət təsirini göstərməyə başlayır. Azərbaycanın mütərəqqi fikirli ziyalıları bu yeniliklərirı qədrini bilməyə, milli məfkurə ocaqlarının qarşısına çıxan maneələri aradan qaldırmaq uğrunda mübarizəyə başlayırlar. Böyük maarifçi Abdulla Şaiqin aşağıdakı qeydləri bu baxımdan çox məqamlar üzərinə işıq salır: "Müstəbid çar hökuməti milli məktəblərin nə darəcədə əhəmiyyətli olduğunu düşündüyündən, harada bu müqəddəs ocağın az-çox şölələnib yandığını görsəydi, dərhal о üç barmaqlı xain bilək uzanır, fövrən о müqəddəs ocaq söndürülürdü. Millət və mədəniyyət uğrunda çalışmaq, çapalamaq bir xəyanət, çalışmamaq isə səadət sayılırdı".
Bu dövrdə realist uşaq ədəbiyyatının təməli qoyulur, müasir pedaqoji prinsiplər əsasında anadilli dərsliklər yaradılır, rus dilindən ən zəruri bədii materiallar tərcümə olunur. Səhnə-mətbuat-dərslik üçbucağı milli ədəbi şüurun inkişaıı üçün ən səmərəli ictimai müstəviyə çevrilir. H.B.Zərdabi, S.Ə.Şirvani, N.B.Vəzirov,
Ə.B.Haqverdiyev, C.Məmmədquluzada, N.Nərimanov, S.S.Axundov, R.B.Əfəndiyev, H.B.Vəzirov, F.B.Köçərli, S.M.Qənizadə, M.T.Sidqi, E.Sultanov, Ə.A.Gorani, S.Vəlibəyov kimi məşhur ziyalılarla bərabər ictimai fikir meydanına Səid Ünsizadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi maarifçi-romantik ruhlu mühərrir və publisistlərin atılması da məhz həmin illərə
təsadüf edir. "Avropasayağı məktəbi saxlamaq üçün Avropa ruhlu ədəbiyyat yaratmaq" çağırışı bu dövrün ədəbi hərəkatının başlıca məzmununu aydın ifadə edirdi.
Ədəbiyyatımız janr və növ arsenalı baxımından daha da zənginləşir, aktual ictimai mətləblərin ifadəsindən ötrü yeni-yeni vasitələr tapılırdı. Artıq N.B.Vəzirovun "Müsibəti-Fəxrəddin" və Ə.B.Haqverdiyevin "Dağılan tifaq" əsərləri ilk faciənin, Nəriman Nərimanovun "Bahadır və Sona"sı ilk milli romanın, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" ilk realist povestin, Sultan Məcid Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani" əsəri isə ilk publisist bədii nəsr nümunəsinin yaranmasından soraq verir".
Araşdırmaçı daha sonra bildirir, Nəcəf bəy Vəzirovun yaradıcılığı bu dövrdə ədəbiyyatın ictimailəşməsi yönündə sənətə gətirdiyi yeniliklərlə yalnız öz böyük sələfi və müəllimi Mirzə Fətəli Axundovun fəaliyyəti ilə müqayisə oluna bilərdi. Onun əsərlərində milli məişət və milli xarakter anlayışları miqyas etibarilə genişlənir, fəlsəfi idrak çərçivələrini aşaraq səhnədə ictimai geriliyin tənqid həcmlərini böyüdürdü: "M.F.Axundovdan sonra komediya janrının ən gözəl nümunələrini Nəcəf bəy Vəzirov yaradıb. Onun səhnə əsərlərində Azərbaycan, azərbaycanlı məfhumları geniş bir spektrdə öz əksini tapıb. N.Vəzirovun müsbət qəhrəmanları ictimai fikrə yenilik ruhu gətirən, milli şüurda, adət və münasibətlərdə, əxlaq və məişətdə orta əsrlərin qalığı olan nadanlığı amansızcasına qamçılayan yeni, inqilabi şəxsiyyət tipləri idilər. Ziyalı gənclər olan Əşrəf ("Yağışdan çıxdıq, yağmura düşdük"), Fəxrəddin ("Müsibəti-Iəxrəddin") istəyirlər ki, onların din və qan qardaşları elmli, tərbiyəli, mərhəmətli olsunlar, bir-birlərinə məhəbbət bəsləsinlər. "Cəmi zəlalətdə olan müsəlmanlar" mədəni xalqlar sırasına çıxsınlar, cəmiyyətdə doğruluq və ədalət öz yerini tapsın, insana layiq olduğu qiymət verilsin. Ancaq Azərbaycan gəncliyinin yeni nümayəndəsi kimi təqdim edilən Fəxrəddinin milli tərəqqi ideyalarının həyata keçməməsi bütün bu islahat arzularının mövcud reallıqla uzlaşmamasını göstərirdi.
Böyük dramaturq "Daldan atılan daş topuğa dəyər", "Sonrakı peşmançılıq fayda verməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük", ələlxüsus da "Müsibəti-Fəxrədin" əsərlərində köhnə əxlaqa üsyan edən gənclərin faciəsini milli şüur rakursundan təhlil etmişdi. Bu faciələr onun qələmində ayrıca götürülmüş bir şəxsin, bir ailənin, bir tayfanın müsibəti kimi yox, avamlıq və savadsızlığın qurbanına çevrilən milli şüur daşıyıcılarının tragediyası kimi ümumiləşdirilib. Əsərlərində qəhrəmanların həyat tərzini, psixologiyasını, yaşadığı mühiti ətraflı təsvir etməklə Vəzirov əslində milli mentalitet, mənəviyyat və mədəniyyət məsələlərinə toxunub.
XIX əsrin 80-90-cı illərində formalaşmağa başlayan yeni sosial-iqtisadi şəraitdə əhalinin düşdüyü vəziyyəti, insanların psixologiyasının dəyişməsini və bunun cəmiyyətdəki təsirini araşdıran Vəzirov Hacı Qəmbər və Hacı Salman ("Yağışdan çıxdıq, yağmura düşdük"), Aslan və Cahangir ("Pəhləvani zəmanə") kimi obrazlar vasitəsilə Azərbaycan elitasının qüsurlarını amansız tənqid atəşinə tutur.
Azərbaycançılıq kontekstində ədibin dinlə bağlı mövqeyi də diqqətdən yayınmır. Ruhani cildinə girənlərin avam xalqı din qorxusu altında saxlaması nəticəsində "müsəlman о qədər bədbəxt vəziyyətdədir" ki, hər şey onun gözünə cin, xortdan cildində görünür. Ədib xalqın sadəlövhlük və fanatizmindən faydalanan, din pərdəsi altında hər cür rəzalət törədən tüfeyli dərviş, cadugər, falabaxan və s. qarşı mübarizə aparmağı vacib sayırdı.
N.B.Vəzirov bədii yaradıcılığında başladığı bu fikirləri publisistikasında da ardıcıl davam etdirir, Azərbaycanın Avropa ölkələrinə çatması, mədəniləşməsi üçün "camaat arasında ittifaq və hümmət" olmasını əsas şərtlərdən bilirdi. Müəllifin fikrincə, əgər bu şərtə əməl olunarsa, "cəhalətdən beş ildə biz xilas olarıq, özgələrə də möhtac olmarıq". Vəzirov bu cəhətdən о qədər radikaldır ki, "El dərdinə ağlayanın gözlərinə qan damar" tipli məsəllərimizin məntiqi ilə barışmır, hətta onları dəyişməyi, "El dərdinə el ağlamalıdır" şəklinə salmağı təklif edirdi. "Pəhləvani-zəmanə" əsərində yalançı millətpərəstliyin, saxta milli təəssübkeşliyin amansız düşməni kimi çıxış edir, bu kimi qondarma sifətlərlə maskalananların bir qayda olaraq oğru və talançı olduğunu göstərir. İnqilab, milli azadlıq hərəkatı mövzusu da dramaturqun yaradıcılığında xüsusi yer tutur. Onun Səttarxan inqilabına rəğbəti timsalında ədibin Azərbaycançı mövqeyini daha dərindən duyuruq: "İran tərəfə bir nəzər et! Gör neçə tufan qovuşub! Dağları aparacaq... Sel gəldi, qaçın! Məngənəyə qoyulmuş millət axır nəfəsində zindani-əsarətdən çıxar!" O, Səttarxan hərəkatını alqışlayır, onun qələbəsindən ruhlanır, məğlubiyyətindən kədərlənir. Gülüstan və Türkmənçay müqavilələrinin hökmü ilə qan qardaşlarından aralı düşmüş Cənubi azərbaycanlıların taleyi bir vətəndaş kimi N.B.Vəzirovu dərindən narahat edir, onlara müraciətlə deyirdi: "Halınız yadıma düşəndə ciyərim odlanır". Yaxud "Fəramuş etməyin, qardaşlarım, Vətən yolunda ölməkdən gözəl ölüm yoxdur. Səhraları qan ilə sirab edin ki, sünbüllər uzun bitsin." Bu isə artıq göründüyü kimi, Azərbaycanın müstəqillik dövrünün çağırışları ilə səsləşən bir müraciət idi".

Uğur