Qərbi Azərbaycan folklorunun bu torpaqların bizə məxsusluğunu sübut edən yazılı qaynaqları Layihə

Qərbi  Azərbaycan folklorunun bu torpaqların bizə məxsusluğunu sübut edən yazılı qaynaqları

Filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli Qərbi Azərbaycan folklorunun yazılı qaynaqlarını araşdırıb. Araşdırmada bu bölgənin folklor materialları əsasında tarixi Azərbaycan-türk torpaqları olduğu təsdiqini tapır. Ə.Ələkbərli bildirir: "Yazılı qaynaqlarda Qərbi Azərbaycan (indiki Ermənistan) coğrafiyası üçün spesifik folklor elementlərinin əks olunma səviyyə, miqyas və özünəməxsusluğu nə şəkildədir? Bu məsələyə elmi münasibət sərgiləməmişdən qabaq, xatırladaq ki, "Qərbi Azərbaycan" anlayışı coğrafi-siyasi termin kimi XX yüzilin 90-cı illərindən etibarən dövriyyəyə girib və ondan törəmə olan "Qərbi Azərbaycan folkloru" anlayışı da Azərbaycan folklorşünaslığının yeni sahəsi olduğundan yazılı ədəbiyyatda, xüsusən də klassik ədəbiyyatda Qərbi Azərbaycan folkloru süjet və motivlərinin axtarılması ilk baxışdan perspektivsiz bir iş təsiri bağışlaya bilər. Lakin Qərbi Azərbaycan Dərbənddən Gəngər (indiki İran) körfəzinə, Qara dənizdən Xəzər dənizinə qədər böyük bir ərazini əhatə edən tarixi Azərbaycan torpaqlarının tərkib hissəsi və ən qədim dövrlərdən Türk-Oğuz diyarı olduğundan, Qərbi Azərbaycan folkloru da həm bütövlükdə Azərbaycan, həm də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsidir. Belə olduğu üçün də Qərbi Azərbaycan folklorunda həm Azərbaycan, həm də ümumtürk folklorunda geniş yayılmış süjet və motivlərin, eləcə də müxtəlif lirik və epik janrların çoxsaylı variant və paradiqmaları müşahidə edilməkdədir. Bu baxımdan, yazılı ədəbiyyatda, o cümlədən klassik ədəbiyyatımızda rastlanan süjet və motivlər Qərbi Azərbaycan folkloru üçün də xarakterikdir. Lakin bu, qətiyyən o demək deyil ki, Qərbi Azərbaycan folkloru yazılı qaynaqlardan bütünlüklə məhrumdur və bu mövzu yalnız və yalnız ümumazərbaycan və ümumtürk folkloru kontekstində araşdırıla bilər və araşdırılmalıdır.
Tədqiqatlarımız nəticəsində gəldiyimiz yekun fikrə görə, Qərbi Azərbaycan folklorunun ayrıca yazılı qaynaqları var və onları aşağıdakı kimi quruplaşdırmaq olar:
1. Qərbi Azərbaycan ərazisində qeydə alınmış epiqrafik abidələr və onlarda əks olunmuş folklor motivləri.
2. Ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlər.
3. Hər hansı bir vəsilə ilə yazıya köçürülmüş folklor nümunələrinin yer aldığı yazılı ədəbiyyat nümunələri.
Qərbi Azərbaycan ərazisindən indiyə qədər onlarla epiqrafik abidə üzə çıxarılıb ki, onlardan bir qismi qədim arami əlifbası ilə türk və yəhudi dillərində, digər bir qismi yunan və latın əlifbaları ilə yunan və latın dillərində, başqa bir qismi isə elm aləmində "Orxon-Yenisey" əlifbası kimi tanınan əlifba ilə türk dilində və nəhayət, ərəb əlifbası ilə yenə türk (Azərbaycan) dilindədir.
Yunan, latın və arami əlifbası ilə qeydə alınmış abidələr, onların yerləşmə və ya tapılma yeri və məzmunu haqqında bir çox əsərlər yazılıb. Arami əlifbası ilə yazılmış epiqrafik abidələrdən ən azı üçünün qədim türk dilində olduğu məlumdur. Bunlardan ikisi Ərdaş//Artaş (Artaksi//Artaşes) adlı məliyin Göyçə gölü yaxınlarından tapılmış iki sərhəd daşı üzərində cızılmış eyni məzmunlu yazısıdır ki, həmin daşlar hazırda Ermitajda saxlanılır.
"Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Göyçə gölü yaxınlığından tapılıb. Bu daşların "Ermənistan çarı" Artaşes tərəfindən yazdırıldığını və "Ermənistan çarlığının" sərhəd daşları olduğunu iddia edən erməni və rus alimlərinin "səylərinə" baxmayaraq, yazının birinci iki sözündən – Artaxşsi (Artaksi) adından və sonrakı sami mənşəli "məlik" (mlk) sözündən başqa digər sözlərin mənalarını anlamaq mümkün olmayıb. Yəni yazının arami əlifbası ilə yazıldığını və necə səsləndiyini dəqiqləşdirən alimlər yazının məzmununu dərk edə bilməyib yalnız onun erməni dilində olmadığı fikrini vurğulayıblar. Onların qənaətincə, yazının dilinin urartu və sami dilləriylə də heç bir bağlılığı yoxdur".
Professor F.Ağasıoğlu mətnlərin türkcə olduğunu aşkarlamış və onları "Artxşsi (Artaksi) mlk (məlik) bryi (birəyi – ərazisi) yritir (yeridir). Bund (bunda – burada) knxlt (konxuldu – qonuldu, qoyuldu)" kimi oxumuşdur. Başqa sözlə, alimin qənaətincə, bu sərhəd daşı Artaşes məliyin ərazilərinin hüdudlarını göstərmək məqsədi güdüb. Artaksi məliyin sözügedən sərhəd daşları və onların üzərindəki yazılar tariximizi, xüsusən də ana dilimizin tarixini öyrənmək baxımından böyük və əvəzsiz qaynaq rolunda çıxış etsə də, Qərbi Azərbaycan folklorunu öyrənmək baxımından bizə birbaşa informasiya vermir. Lakin arami əlifbası ilə yazılan və sonradan tikinti işləri nəticəsində məhvə uğrayan üçüncü türkcə yazı isə təkcə etnik dil və ədəbiyyat tariximizi incələmək baxımından deyil, həm də folklorşünaslıq baxımından qiymətli qaynaq rolunda çıxış edə bilər.
Əhməd Oğuz tərəfindən aşkarlanmış, görkəmli dilçi alim Firudin Ağasıoğlu tərəfindən tədqiq edilib və səslənişi (transkripsiyası) dəqiqləşdirilmiş hə¬min epiqrafik abidə barədə F.Ağasıoğlu yazır: "On il əvvəl gənc tədqiqatçı Əhməd Oğuz mənə bir şəkil göstərdi. Bu 130.50.25. sm ölçülüdə hamar yonulan daş üzərində naməlum bir yazının şəkli idi. Həmin yazı Qafqazda rast gəlinən yunan, latın, arami, pəhləvi, erməni, gürcü, ərəb və başqa məlum əlifbaların hüç birinə uyğun gəlmirdi. Ona görə də yazılı daşı yenidən tədqiq etmək üçün yazıçı dostum Mövlud Süleymanlı ilə Qızıl Şəfəq (qədim Cuci – Ə.Ə.) kəndinə getməli olduq. İndiki Ermənistanla Gürcüstan sınırında yerləşən kənd qədim Qoqar (Göyər) mahalının qərb bölgəsində idi. Kənd ağsaqqallarının dediyinə görə, kiçik təpənin üstündə çox kiçik bir məbəd varmış və onun iki daşı yazılı imiş. Vaxtilə bu yazıları oxumağa gələn erməni alimləri yazının ermənicə olduğunu, gürcü alimləri isə gürcücə olduğunu demişlər. Kəndin türk əhalisi də məbədin daşlarını söküb kolxoz üçün tövlə tikmişlər və özündə tarixi yaşadan həmin daşlardan biri Əhməd Oğuzun çəkdiyi şəkildəki daş idi. İkinci yazılı daşı nə qədər soraqladıqsa, yerini bilən olmadı". Professor F.Ağasıoğlunun yazılışını bərpa etdiyi mətnin oxunuşuna cəhd edən tədqiqatçı B.Tuncay onu belə oxuyub: "sxlu –Saxlu (saxlı, saxlanmış, gizli) ağta (torda) ise (isə) çn - çin (doğru, həqiqət) qor (ziyan vermək) akilta (comərdliyə, əliaçıqlığa, ürəyiaçığa)". Beləliklə, tədqiqatçı "Həqiqətin torda gizli saxlanması comərdliyə ziyan vurar" məzmununda bir atalar sözü aşkar edib.
Lakin bundan daha önəmli bir yazılı qaynaq da var. Söhbət Qərbi Azərbaycanın Zəngəzur mahalının Meğri rayonu ərazisində, Nüvədi kəndi yaxınlığındakı Qarqadaşı dağında Həmzə Vəli tərəfindən aşkarlanmış daş kitabədən gedir. Kitabənin ilk oxunuşu Həmzə Vəliyə məxsus olsa da, kitabə Gü¬ney Azərbaycandan olan tədqiqatçı Mənsur Rəhbəri tərəfindən bir qədər fərqli oxunmub və çağdaş dilimizə aşağıdakı kimi tərcümə olunub: "Önünüz uçqun olsun, yırtıcılara yem olun, bəbir qovsun, qan ağlayasınız, köçünüzə ... olsun, çaqqallar leşinizə toplaşsın!". Beləliklə, kitabədə bir qarğış mətni həkk olunub və onun yaşı 3000-3500 ildən artıqdır.
Qərbi Azərbaycan folklorunun yazılı qaynaqları içərisində ayrı-ayrı dövrlərdə yaşamış səyyah və tarixçilərin əsərlərində rastlanan və bilavəsitə və ya dolayısı ilə Qərbi Azərbaycanın ərazisi ilə bağlı olan əfsanə və rəvayətlərdən də ayrıca söhbət açmaq lazımdır. Bu tip əfsanələrdən biri XI əsrdə yaşamış gürcü tarixçisi Leonti Mrovelinin qələminə məxsus olduğu hesab edilən, XII əsrdən etibarən tərtib edilməyə başlayan və XIV əsrdə müəyyən əlavələr edilən "Kartli çarlarının həyatı" adlı salnamədə yer almaqdadır. Salnamənin ən başında Həzrət Nuhun oğlu Yafəsin övladlarından biri, gürcü mənbələrində adı Torqom (Torqomos) (bizim fikrimizcə: Turqam, çünki həmin mənbədə Torqomun atasının adı Tur/Tir, babasının adı Qamər/Qomer-dir), yəhudi və xristian mənbələrində, o cümlədən erməni və alban mənbələrində Toqarma, müsəlman mənbələrində isə Türk kimi çəkilən şəxsdən bəhs edilir və onun nəsli barədə məşhur əfsanənin gürcü variantı verilir. Turqamın (Türkün) və nəslinin ata yurdu kimi Ağrı dağıyla (Böyük Ağrı dağı) Masis (Kiçik Ağrı dağı) arasındakı ərazi, yəni Qərbi Azərbaycanın bir hissəsi göstərilir. Ümumilikdə isə həmin nəslin yaşadığı ərazinin quzeydən Qafqaz dağları, doğudan Xəzər dənizi, batıdan Qara dəniz, güneydən Urmu gölü ilə əhatələndiyi söylənilir. Bu isə bizə Qərbi Azərbaycan ərazisinin də Naxçıvan ərazisi ilə birlikdə Həzrət Nuh, Yafəs və Türklə bağlı əfsanələrin formalaşma arealına daxil olduğunu söyləməyə əsas verir. Bu fikri Qərbi Azərbaycandan toplanmış əfsanələr də təsdiq etməkdədir".
"Kitabi-Diyarbəkriyyə"də Qərbi Azərbaycan izlərini araşdırarkən üç məqama xüsusi diqqət yetirmək lazımdır. Birincisi odur ki, Oğuz xan İran, Turan, Şam, Misir, Qıpçaq çölü, Hindistan, Kəşmir, Xətay, Türküstan və sair ölkələri özünə vətən etdikdən sonra "əsl məskəni" olan Sayrama qayıdır, burada böyük bir məclis – Toy çağırır. "Bu toyda yüz iyirmi min qoç, doqquz min madyan at, on səkkiz min inək sərf olundu. Orduya və qəbilə başçılarına nəğd qızıl və gümüş paylandı. Məmləkətini oğlanlarına verdi". Bundan sonra isə "Göycə dəniz tərəfdə əcəl "Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir" ayəsinə uyğun olaraq, atını onun üstünə çəkdi və onu bu fani dünyadan əbədi dünyaya apardı". Tədqiqatçı H.İsmayılov haqlı olaraq qeyd edir ki, "Oğuzlar Göyçə gölü ilə Arpa çayı arasındakı "Alagöz dağları" və ya Alagöz yaylaqları adlandırırdılar. Hazırda Göyçə gölü – "Sevan", Alagöz dağları isə "Vardenis silsiləsi" adlanır".

Uğur