Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı? Layihə

Ermənilərin Qarabağda “erməni dövləti” yaratmaq istəyi necə iflasa uğradı?

4-cü yazı

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun tədqiqatında 1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr haqqında danışılır: "Qarıqışlaq məğlubiyyətini özlərinə bağışlaya bilməyən Sultan bəyin partizanları özlərini bu istiqamətdə döyüşə hazırlaşan kimi göstərsələr də əslində başqa taktika seçdilər. Belə ki, onlar Qaragöl ətrafında Keçəl dağ istiqamətinə toplanan çoxsaylı erməni silahlıları üzərinə gözlənilmədən hücuma keçdilər. Əsas diqqəti Qarıqışlaq cəbhəsinə yönəldən erməni komandanlığı bu hücumdan çaş-baş qalan əsgərlərinə heç bir təcili kömək edə bilmədi. Əsasən xarici muzdlulardan təşkil edilmiş erməni ordusunun bu istiqamətdəki əsgərləri Gorus qəsəbəsindən yan keçərək, Araz çayı istiqamətində qaçmağa başladılar. Sultan bəyin döyüşçüləri pərən-pərən düşən erməni əsgərlərini təqib etməyə başladı. Məğlub edilmiş və canlarını götürüb qaçan erməni əsgərləri yollarda daha 600 nəfər itki verdi. İrana keçmək istəyən yüzlərlə erməni silahlısı silahlarını sahilə tullayaraq özlərini Araz çayının sularına atırdılar. Qaça bilməyənlərin bir çoxu elə sahildəcə Sultan bəyin döyüşçüləri tərəfindən məhv edildi və əsir götürüldü. Döyüşü tamamlayıb geri qayıdan Sultan bəy yolüstü Bayandur, Xoznavar, Xənəzək kəndləri də daxil olmaqla Gorus rayonu ətrafında olan daha 15 azərbaycanlı kəndini erməni silahlılarından təmizləməyə nail oldu. Sultanlar kəndindəki Cavad bəy Şıxlınskinin bölmələri də Qrıqışlaq kəndinin ətrafındakı yollarda və cığırlarda pusqular quraraq ərazini özlərinin nəzarətinə götürmüşdülər. Ona görə də erməni hərbi qüvvələri burada, artıq tələyə düşdüklərini anlayırdılar. Qarıqışlaq cəbhəsindəki vəziyyətin ağırlığını hiss edən erməni hərbi bölmələri, hücuma keçdiklərini Dığ kəndi ətrafındakı erməni hərbi bölmələrinə bildirmək üçün, ələ keçirdikləri bir neçə müsəlman kəndinə gecə yarısı od vurub yandırdılar. Bu, eyni zamanda Dığ cəbhəsindəki erməni hərbi bölmələrinə Zabux kəndi üzərinə hücuma keçmələrinə bir işarə idi. Çünki Dığ ətrafındakı erməni hərbi bölmələri Zabux körpüsü istiqamətində hücuma keçməklə Qarıqışlaq cəbhəsindən diqqəti yayındıra bilərdi.
Döyüş başladı... Qarıqışlaq kəndindəki Mardi Ayvazyanın və Eqiş İşxanyanın hərbi bölmələri də plana uyğun olaraq Zabux kəndi istiqamətində hücuma keçdilər. Lakin ermənilər Zeyvə və Sultanlar kəndləri istiqamətlərində azərbaycanlıların güclü müqaviməti ilə qarşılaşdılar, bir neçə saatlıq döyüşdən sonra erməni qüvvələri itki verərək geri oturduldular. Həmin gecə erməni kəşfiyyatı, Qarıqışlaq kəndindəki bölmələrinə Gorus Sisian rayonları istiqamətində olan hətta bütün dağ yolları və cığırları azərbaycanlıların nəzarəti altında olduğu xəbərini gətirdi...
Qarıqışlaq cəbhəsində artıq məğlub olduqlarını hiss edən Gorusdakı erməni hərbi komandanlığı, Qarıqışlaq kəndindəki bölmələrinə nəyin bahasına olursa-olsun cəbhəni Qarabağ istiqamətində döyüşsüz tərk etmək əmrini verdi. Erməni döyüşçüləri bu əmrə müvafiq olaraq, kiçik dəstələrə bölünərək gecə ikən Qarıqışlaq kəndini Abdallar-Zarıslı-Daşaltı-Şuşa istiqamətində tərk etdilər. Azərbaycan Ordusunun bu bölgədəki peşəkar hərbi bölmələrinin azlığı və Sultan bəyin döyüşçülərinin ərazinin şimal hissələrində mövqe tutmaları səbəbindən Azərbaycan tərəfinə ermənilərin Abdallar-Zarıslı-Daşaltı-Şuşa istiqamətdə ermənilərin yollarını bağlamağa imkan vermədi.
Çox sonralar o müdhiş gecə barəsində erməni tarixçisi Z.Şahnazarov xatirələrində yazırdı: "Biz Qarıqışlaq kəndindən çıxarkən, əhaliyə məxsus bütün əmlakı özümüzlə götürdük, kənddə bir pişik belə qalmadı, evlərə od vurub oradan çıxdıq. Ətraf kəndlərdən topladığımız atlardan nəqliyyat vasitəsi kimi istifadə etdik. Əldə etdiyimiz bütün əmlakı itki vermədən özümüzlə əvvəlcə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə gətirdik."
Azərbaycan tərəfinin uğurla başlayan Zəngəzur əməliyyatının müvəffəqiyyətlərini əldə saxlamaq mümkün olmadı. Belə ki, canlı qüvvələrin azlığı, qida və silah sursatların çatışmazlığı Azərbaycan ordusuna əməliyyatın masştabını genişləndirməyə imkan vermirdi. Düşmən qüvvələrinin çoxluğu və onların peşəkarlıqla dağ şəraitinin imkanlarından yüksək səviyyədə istifadə etmələri, Azərbaycan ordusunda isə təminat məsələlərinin vaxtında həll olunmaması ordumuzun sürətlə irəliləməsinə mane olurdu. Azərbaycan ordusunun hərəkəti üçün ərazidə münasib yolların və istehkamların olmaması da problemlər yaradırdı. Eyni zamanda döyüş bölgəsindəki körpülərin və yolların çoxunun düşmən qüvvələri tərəfindən dağıdılması Azərbaycanın qoşun bölmələrinin hücumlarını ləngidirdi. Ona görə də noyabırın 3-dən 7-dək Dığ üzərinə yeriyən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun bölmələri qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyərək yeni hücumlara hazırlaşmaq üçün ilkin mövqelərinə qayıtmağa məcbur oldular.
General C.Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaqla Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür. Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatı başa çatdırılmadan dayandırıldı. Belə ki, Zəngəzur və Qarabağ məsələsinin Azərbaycan və erməni rəhbərləri arasında danışıqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlərə son verildi. Rəsmi şəkildə müharibə dayandırılsa da, Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanları, zorlama və qırğınların qarşısını almaq mümkün olmadı. Qarabağın mərkəzi olan Şuşa şəhərində ermənilərin fəallığı xüsusi olaraq artırdı. Azərbaycanın müxtəlif bölgələrində etnik zəmində daxili ziddiyətləri qızışdıran Rusiya burada erməni faktorundan xüsusi olaraq faydalanırdı. Nə yolla olursa-olsun Azərbaycanı öz maraq dairəsində saxlamaq istəyən Rusiya Cənubi Qafqazda ermənilərdən bir alət kimi istifadə edərək bu ərazilərdə yaratdığı münaqişə ocaqlarından yararlanmaqla bölgədə öz təsirini qoruyub saxlamağa çalışırdı.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti getdikcə azğınlaşan erməni millətçilərinin silahlı müdaxilələrinin qarşısını almaq, Qarabağda və Zəngəzur qəzasında əhalinin müdafiəsini möhkəmləndirmək üçün 1919-cu ilin yanvar ayının 13-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğunu yaratmağa məcbur oldu. Qarabağ general-qubernatoru vəzifəsinə əslən Zəngəzurlu (Laçınlı) Xosrov bəy Paşabəy oğlu Sultanov təyin edildi".
F.İsmayılovun araşdırmasında daha sonra vurğulanır ki, Xosrov bəy fəaliyyətinin elə ilk günlərindən erməni silahlıları ilə mübarizəyə ciddi başladı. O, Şuşa şəhərindəki Topçu və Davıdovski küçələrində yerləşən varlı erməni evlərinin zirzəmilərində erməni ordusu üçün gizli silah istehsalı ilə məşğul olan Qriqor Baqdatyanın rəhbərlik etdiyi qrupu, Amo ləqəbli mauzer ustası Armenak Dovlatuventsi və onun da təmsil olunduğu digər bir silahlı qrupu, eyni zamanda Şuşadakı erməni bazarında silah alveri ilə məşğul olan bütün silah alverçilərini eyni gündə həbs etdi. Qarabağdakı erməni silahlılarına qarşı mübarizəyə başlayan Xosrov bəy çox qısa müddət ərzində Dro ləqəbli general (Drastamat Kanayan)ın və Nejde ləqəbli Qareginnin muzdlu silahlı dəstələrini darmadağın edə bildi. Qarabağda gizli şəkildə fəaliyyət göstərən "Qarabağ müvəqqəti erməni hökuməti" bütün tərkibini buraxaraq Şuşanı tərk etdi. Bununla da bu "hökumət" Azərbaycanın siyasi səhnəsindən birdəfəlik silindi.
"Qarabağda müvəqqəti də olsa möhtəşəm bir sakitlik və əminamanlıq yarandı. Xosrov bəy Qarabağda erməni seperatizminin kökünü kəsmək üçün barışmaz və amansız bir mübarizə apardığı üçün erməni Daşnak partiyası onu "erməni millətinin düşməni" adlandıraraq öldürülməsinə fitva verdi. Əlbəttə, Azərbaycanda hadisələrin bu cür gedişi erməniləri razı sala bilməzdi. Ermənilər nə yolla olursa-olsun Qarabağda Azərbaycan hökumətini devirmək istəyirdilər. Odur ki, Qarıqışlaq cəbhəsindəki məğlubiyyətin acısını yaşayan Muxan ləqəbli kapitan Melik-Şaxnazaryan Samson Osipoviç yeni hərbi səfərbərlik etmək üçün Tiflis şəhərinə yollandı. Onun məqsədi Tiflisdəki Velikoknyajevsk küçəsində gizli şəraitdə yaşayan erməni generalı Androniki Qarabağ üzərinə döyüşə getməyə razı salmaq idi. O düşünürdü ki böyük döyüş təcrübəsi və yüksək hərbi savadı olan Androniki Qarabağ uğrunda gedən döyüşlərə rəhbərlik etsə, o zaman Qarabağda Azərbaycan hökumətini devirmək mümkün olacaq. Andronik Cənubi Qafqazdakı erməni iş adamlarından və erməni ordusunun hərbi rəhbərlərindən narazı idi və o qısa zaman içərisində Qafqazı tərk edərək ömrünün qalan hissəsini xaricdə yaşamaq istəyirdi. Lakin Samsonla görüşdən sonra onda türklərə qarşı olan kin və ədavət hissi üstün gələrək bu səfəri təxirə saldı. Əlbəttə, onun yanına "Muxan" kimi təcrübəli və nüfuzlu bir döyüşçünün gəlməsi Zəngəzurda vəziyyətin heç də yaxşı olmadığından xəbər verirdi. "Muxan"la bir xeyli məşvərətdən sonra Andronik bir şərtlə Qarabağ üzərinə döyüşə getməyə razılaşdı ki, Qarabağın və Zəngəurun bütün yerli sözükeçən erməni ağsaqqalları və imkanlı iş adamları Tiflisə gələrək onunla görüşə razılıq versinlər. "Muxan" generalın bu arzusunu dəyərləndirərək erməni keşişləri vasitəsi ilə Qafqazda yaşayan bütün ermənilərə çatdırdı. Bu çağırış erməni liderlər arasında heç də birmənalı qarşılanmadı. Çünki erməni iş adamlarının bir çoxu öz vəsaitlərini belə uğursuz döyüşlərə xərcləmək istəmirdilər. Elə ona görə də, Andronikin görüşünə Qarabağdan və Zəngəzurdan cəmi 17 nəfər erməni iş adamı gəldi. Bunu özünə həqarət kimi qəbul edən general bu hadisədən xeyli sarsıldı. O, bu varlı insanlara başa salmaq istəyirdi ki, artıq Cənubi Qafqazda bütün çıxışlar ermənilərin üzünə bağlanıb, onlar zorla əldə etmək istəməsələr, bölgədə həyat onların üzünə qapanacaq. Bunu əyani olaraq sübut etmək üçün qonaqların əyləşdikləri otağın qapı və pəncərələrini qıfılla bağlayaraq, bağlı otaqda qonaqları otaqda qabaqcadan tədarük etdiyi ağacla döyməyə başladı. O, qonaqlarını ağacla var gücü ilə döyür və çığıra-çığıra deyirdi: "Baxın... sizin bütün çıxış yollarınız bağlıdır, hətta siz qaça da bilmirsiniz. Yol tapa bilməsəniz burada siz məhv ola bilərsiniz!.."

Uğur