Güney Azərbaycan mətbuatı Layihə

Güney Azərbaycan mətbuatı

Güney Azərbaycan mətbuatın inkişafına görə heç də Şimali Azərbaycandan geri qalmayıb. Mətbuat daim maarifçiliyi təbliğ etmək və insanların Vətən və millət anlayışlarını düzgün qavramasına xidmət edib. Hələ 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani Təbrizdə çıxan "Təcəddüd" qəzetinin 24-cü sayında "Azərbaycan" başlıqlı məqaləsində Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladaraq oxucularında vətənsevərlik duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə səsləyirdi: "Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!.. Zülm, işgəncə, əzab, müsibət, dar ağacları, zəncir və zindanlar möhkəm olsa da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu...
...Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə Qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünya işığını səninlə hiss edir..."
Bu bir tarixi gerçəklikdir ki, Azərbaycan türkləri İranın tərəqqisində həmişə öndə olublar. Elə ötən 200 ildə yeni İranın yaranmasında Qacar sülaləsinin vəliəhdi Abbas Mirzənin bu istiqamətdə apardığı islahatlar ölkənin Avropa mədəniyyətinə, texnologiyasına yiyələnməsində əvəzedilməz rol oynayıb.
Tədqiqatçı Pərvanə Məmmədli 151 illik Güney Azərbaycan mətbuatı haqda araşdırmasında deyir: "İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri, sonralarsa bolşevik rejimlər qədim, zəngin ədəbiyyata, tarixə malik bir millətin mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq əzmini sındıra bilməyib. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərib. Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub, ancaq hakim dövlət siyasəti milli tərəqqinin qarşısına sədd çəkib".
Dosent Pərvanə Məmmədlinin araşdırmasına görə, ilk çapxana 1825-ci ildə Təbrizə gətirilib. Çeşidli kitablardan başqa, 1858-ci ildə Təbrizdə "Azərbaycan" adlı ilk rəsmi qəzet nəşr olunub. "Əxbarri-darülsəltəneyi-Azərbaycan" və başqa adlar altında işıq üzü görən bu qəzetin səhifələrində saray xəbərləri, şahın və vəliəhdin səfərləri, ölkə daxilində və xaricdə baş verən hadisələrin xülasəsi verilirdi.
1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət zamanı Azərbaycan türkcəsində çıxan qəzetlər, jurnallar, kitablar, ana dilində açılan məktəb, universitet, yayımlanan radio verilişləri çoxluq təşkil edir.
1978-79-cu illərdən sonra da Azərbaycan türkcəsində məktəb, mətbuat və s. bu sayaq məsələlər yenidən gündəmə gəldi. Amma reallaşmadı. Ümumiyyətlə, Pərvanə Məmmədli Güney Azərbaycan mətbuatını tədqiq etməklə mətbuatımızın 134 deyil, 151 yaşı olduğunu sübut edir.
XIX əsrin əvvəllərində Azərbaycanı idarə edən Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirməyə başlayır. Uğurla nəticələnən bu islahatlar tək Azərbaycanda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi, Avropaya tələbələrin göndərilməsi (Bu hal Şərqdə ilk təşəbbüs idi - P.M.) ilə tarixə daxil olur. İlk çap dəzgahını Təbrizə gətirən, ilk kitabları çap etdirən də Abbas Mirzə oldu. Azərbaycandan sonra bütün İranda qurulan mətbəələr basmaxana, orada işləyənlərsə basmaçı adlandırıldı. Bu da İranda nəşriyyat işinin türklər tərəfindən yaradıldığının əyani göstəricisi idi.
XIX və XX yüzilliklərdə Azərbaycan türkləri tək Güney Azərbaycanda deyil, eləcə də İranda elm, maarif, mədəniyyətə iri miqyaslı yeniliklər gətirmiş, bu sahədə aparıcı qüvvə olmuşlar. 1897-ci ildən başlayaraq Güney Azərbaycanda dövrün tanınmış şəxsiyyətləri Hüseyn xan Ədalət "Əlhədid", Sadiq xan Ədibülməmalik "Ədəb", Hüseyn Təbibzadə "Kamal", Məhəmmədəli Tərbiyət (H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə) "Gəncineyi-Fünun" kimi qəzet və jurnallar nəşr edirdilər. Bu mətbu orqanlar publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər.
1898-ci ildə Təbrizdə "Ədəb" qəzetini nəşr edən Sadiq xan Fərəhani sonralar 1905-ci ildə Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan "İrşad" qəzetinin fars dilli əlavəsini çıxarır. "İrşad"ın farsca cəmi 13 sayı çıxmış və bu əlavələrdə ədəbi-ictimai fikir tarixi üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məsələn, onun saylarından birində böyük mütəfəkkir Mirzə Fətəli Axundovun indiyə qədər əldə olunmayan ərəbcə yazılmış "Təlqinnamə" əsərindən bir hissə çap olunub. Deməli, əsər həqiqətən mövcud olub.
Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər mütərəqqi düşüncəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib, İranda, Güney Azərbaycanda yayırdılar. Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdı. Qəzetlərdə qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin konstitusiyalı rejimlə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq İranın mövcud vəziyyətini tənqid edirdi. Belə mətbu orqanların ən birincisi Tahir Təbrizinin 1875-ci ildə İstanbulda nəşr etdiyi "Əxtər" qəzeti olub. Türkiyədə "Əxtər"lə yanaşı "Şahsevən" də çap olunurdu. "Şahsevən"in redaktoru bizə yaxşı tanış olan yazıçı Əbdürəhim Talıbov idi. Bunlardan başqa Misirin Qahirə şəhərində "Hikmət", "Kəmal", Hindistanın Kəlküttə şəhərində "Həblülmətin" qəzetləri çap olunub. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqətlərin üstü açılıb, ölkədəki yaramazlıqlar haqqında tənqidi məqalələr yazıldığına görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni maneələr yaradılırdı.
O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan Məmməd Əmin Rəsulzadə "İran məktubları" adlı əsərində yazır ki, Məşrutə dövrü cənubi azərbaycanlıların milli-mədəni hərəkatdan milli haqlar uğrunda siyasi mübarizəyə bir keçid mərhələsi olub. O dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet sayılan "İran-noy" gündəlik qəzeti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadənin sözləri ilə desək, "İran-noy" İran demokratik firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azəri türklərindən ibarət idi.
Bu dövrdə Azərbaycanda 50-yə yaxın qəzet və jurnal çap olunurdu. Tək Təbrizdə deyil, Urmiyə, Ərdəbil, Həmədan və başqa şəhərlərdə "Dəbistan", "Əcnümən", "Azərbaycan", "Naleyi-millət", "İstiqlal", "Buqələmun", "Təbriz", "Şəfəq" kimi bir çox qəzetlər nəşrə başladı. Ölməz Mirzə Ələkbər Sabirin də şeirlərində böyük önəm verdiyi Məşrutə inqilabı dönəmində mətbuat həqiqətən ictimai-siyasi və ədəbi həyatın güzgüsünə çevrilmişdi. Dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Qəzvini tərəfindən Rəştdə nəşr olunan "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan Etisalınmülkün redaktorluğu ilə çıxan "Bahar" qəzetində Yusif xanın şerləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. "Sure-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı. "Təcəddüd" Azərbaycanda deyil, bütün İranda ictimai və ədəbi fikirdə yenilik yaratmışdı.
Birinci Cahan savaşından sonra İranda və Cənubi Azərbaycanda üsyanlar baş vermişdi. Hələ gənc yaşlarında Məşrutə hərəkatında iştirak edən və onun öndərlərindən biri olan Şeyx Məhəmməd Xiyabani sonralar Cənubi Azərbaycan tarixində ilk dəfə olaraq demokratik partiya, demokratik rejim yaratmağa nail oldu. 1917-1921-ci illər arasında Cənubi Azərbaycanda 20-dən artıq müxtəlif istiqamətli mətbu orqanları çap olunurdu. Dövrün aparıcı mətbu orqanları "Təcəddüd" qəzeti və "Azadistan" dərgisi idi. Ş.M.Xiyabani redaktoru olduğu "Təcəddüd" qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu.
Demokratik hərəkatın başçısı Ş.M.Xiyabaninin yaxın köməkçisi və həmkarı olan Tağı Rüfət "Təcəddüd" və "Azadistan" jurnalında dərc etdirdiyi şerləri, məqalələri milli-azadlıq hərəkatına yaxından kömək göstərir, İranda poeziyanı mətn, forma, üslub və dil cəhətdən yeniləşdirməyə xidmət edirdi.
Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks etdirən "Molla Nəsrəddin" jurnalının Təbrizdə 8 sayı nəşr olunub. Əbülfütuh Ələvi, İskəndərxan Qaffari, Mözüc Şəbüstəri, Hacı Əli Şəbüstəri, Möhsün xan Sərtibi, Əsgər Azərvənd və başqaları əldə etdikləri məlumatları, məqalə, felyeton və şerləri "Molla Nəsrəddin"in redaksiyasına çatdırır, jurnalla xalq arasında sıx əlaqə yaradırdılar.
Bölünmüş xalqın faciəsini və "Ayrılıq, həsrət" mövzusunu ilk dəfə gündəmə gətirən qəzet 1941-ci ildə Sovet ordusu tərkibində Cənubi Azərbaycana gəlmiş yaradıcı ziyalılar "Vətən yolunda" qəzetini təsis etmişdilər. Qəzetin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxdı. Qəzet Azərbaycan dilində günaşırı çap olunurdu. İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı. "Vətən yolunda" qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzet idi. Qəzetin fəaliyyəti dövründə (1941-1946-cı illər) onun baş redaktorları Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. "Vətən yolunda" qəzetində dərc olunan materiallar da ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi.

Ülviyyə Tahirqızı