
Azərbaycan Respublikası tarix boyu müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin qovuşduğu unikal bir coğrafiyada yerləşərək, bəşəriyyətə nümunəvi bir birgəyaşayış modeli təqdim edir. Ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması həm milli qanunvericiliyin gücü, həm də çoxəsrlik tarixi ənənələrin vəhdəti ilə şərtlənir.
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanda dini fəaliyyətin tənzimlənməsi Konstitusiyanın müəyyən etdiyi dünyəvilik prinsipləri əsasında həyata keçirilir.
Deputat bildirib ki, Azərbaycan Konstitusiyası ölkədə dini etiqad azadlığını təmin etməklə yanaşı, dövlətin dünyəvi xarakterini də aydın şəkildə müəyyən edir: “Dini fəaliyyətin tənzimlənməsi də məhz bu prinsiplər əsasında həyata keçirilir və burada əsas məqsəd bütün vətəndaşların hüquq və azadlıqlarının bərabər şəkildə qorunmasıdır. Fazil Mustafa vurğulayıb ki, dini münasibətlər sahəsində dövlətin mövqeyi hər hansı bir dinə üstünlük vermədən, qanunun aliliyini və cəmiyyətin sabitliyini təmin etməkdən ibarətdir”.
O qeyd edib ki, burada bəlli konstitusion prinsiplər əsas götürülür: “Konstitusion prinsiplər odur ki, Azərbaycanda vicdan azadlığı olsa da, Azərbaycan mahiyyətcə dini dövlət deyil və hər hansı bir şəkildə hansısa bir dinin üstünlüyünə, inancın üstünlüyünə dayanan qanunvericilik bazasına söykənmir. Qanunlar dünyəvi qanunlardır və dövlət də dünyəvi dövlət olduğuna görə burada dini fəaliyyətin tənzimlənməsi dövlətin öz üzərinə düşür. Dövlət dinin işlərinə qarışmır, amma dinin də cəmiyyət və dövlət həyatına müdaxilə etməsinə yol vermir”.
Tarixi miras: tolerantlıq
Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, Azərbaycanda milli və dini tolerantlığın formalaşması tarixi ənənələrə və ölkənin coğrafi mövqeyinə söykənir.
Deputat qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin dinc yanaşı yaşaması təsadüfi deyil: “Ölkənin yerləşdiyi coğrafi mövqe, tarix boyu fərqli mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olması milli və dini tolerantlığın formalaşmasına mühüm təsir göstərib”.
Hikmət Babaoğlu bildirib ki, bu dəyərlər nəsildən-nəslə ötürülərək bu gün də Azərbaycan cəmiyyətinin mühüm xüsusiyyətlərindən biri kimi qorunub saxlanılır: “Azərbaycanda milli və dini tolerantlığın çox qədim kökləri var və bu mühit bizə əcdadlarımızdan miras qalıb. Azərbaycanın coğrafiyası müxtəlif qitələrin və dinlərin kəsişməsində yerləşdiyi üçün, tarixən biz daima müxtəlif xalqlar və müxtəlif dini konfessiyaların nümayəndələri ilə dialoqda olmuşuq. Zaman-zaman biz özümüz bir xalq olaraq formalaşan zaman etnogenezimizdə müəyyən fərqli tayfaların, xalqların nümayəndələrinin iştirakını müşahidə etmişik. Eyni zamanda Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, dövlət dini səviyyəsində tarixin müxtəlif mərhələlərində həm xristianlıq, həm yəhudilik, həm də İslam — yəni səmavi dinlərin hər üçü bizdə dövlət dini səviyyəsinə yüksəldilibdir müxtəlif tarixi dövrlərdə. Ona görə də, bu gün yaşadığımız mühit əslində bizə miras qalmış etnomədəni coğrafiyamızın mirasıdır. Üstəlik də Azərbaycanın Konstitusiyası da bunun hüquqi əsaslarını formalaşdırır. Ona görə də multikultural mühitimiz ənənəvi olduğu üçün bu gün də davam edir”.
Deputatın fikrincə, tarixi irs və hüquqi baza birlikdə Azərbaycanda tolerantlıq ənənələrinin davamlılığını təmin edən əsas amillərdəndir: “Müxtəlif dinlərə və mədəniyyətlərə hörmət, qarşılıqlı anlaşma və dinc birgəyaşayış prinsipləri bu gün də ölkədə multikultural mühitin inkişafına töhfə verir və Azərbaycanın beynəlxalq səviyyədə tolerantlıq modeli kimi tanınmasına zəmin yaradır”.
Qorunan miras, güclü dövlət
Milli Məclisin deputatı Elnarə Akimova nəzərə çatdırıb ki, Azərbaycanda dini və milli tolerantlıq dövlət siyasətinin bir istiqaməti olmasından daha çox, əsrlər boyu formalaşmış həyat tərzidir: “Tarix boyu bu torpaqlarda müxtəlif dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb, öz dillərini, mədəniyyətlərini və dini inanclarını qoruyub saxlayıblar. Bu tarixi ənənə müstəqillik dövründə dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.
Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi həyata keçirilir. Konstitusiya bütün vətəndaşların dinindən, milliyyətindən və etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu təsbit edir. Müxtəlif dini icmaların sərbəst fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılıb, məscidlər, kilsələr və sinaqoqlar bərpa olunur, dini ibadət yerlərinin qorunmasına dövlət dəstəyi göstərilir. Bu, cəmiyyətə verilən mühüm mesajdır: müxtəliflik zəiflik deyil, milli birliyin və dövlətin gücünün göstəricisidir”.
Millət vəkili qeyd edib ki, son illər bu istiqamətdə mühüm institusional islahatlar da həyata keçirilib: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti gücləndirilib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə multikultural dəyərlərin təbliği genişləndirilib. Humanitar forumlar, dinlərarası dialoq platformaları, mədəniyyətlərarası əməkdaşlıq layihələri Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim edilməsində mühüm rol oynayır. Xüsusilə "Bakı Prosesi" müxtəlif mədəniyyət və sivilizasiyalar arasında dialoqu təşviq edən nüfuzlu beynəlxalq platformaya çevrilib.
Milli azlıqların hüquqlarının qorunması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ölkədə yaşayan müxtəlif xalqların dilinin, folklorunun, adət-ənənələrinin yaşadılması üçün ardıcıl tədbirlər həyata keçirilir, onların mədəniyyət mərkəzlərinin fəaliyyəti dəstəklənir, bölgələrdə etnik müxtəlifliyin qorunmasına xüsusi diqqət yetirilir. Bu yanaşma cəmiyyətdə qarşılıqlı etimadı və həmrəyliyi daha da möhkəmləndirir”.
E.Akimova əlavə edib ki, bu gün dünyada dini ayrı-seçkilik, irqçilik, islamofobiya, antisemitizm və ksenofobiya kimi təhlükəli meyillərin artdığı bir dövrdə Azərbaycanın nümayiş etdirdiyi tolerantlıq modeli xüsusi əhəmiyyət daşıyır: “Burada fərqli dinə və millətə mənsub insanlar yalnız yanaşı yaşamır, eyni cəmiyyətin bərabərhüquqlu üzvləri kimi ölkənin inkişafına birlikdə töhfə verirlər. Bu millətlır arasında əsrlərdir qohumluq əlaqələri qurulub.
Məhz bu dəyərlər Azərbaycanın sabitliyinin, milli birliyinin və sosial həmrəyliyinin əsas dayaqlarından biridir. Tolerantlıq bizim üçün sadəcə bir anlayış deyil, dövlətçilik ənənəsinin, milli-mənəvi dəyərlərin və cəmiyyətimizin mənəvi zənginliyinin ayrılmaz hissəsidir. Bu mühitin qorunması isə gələcək nəsillər üçün də ən mühüm vəzifələrdən biri olaraq qalır”.
Günel Elxan