Bakıxanov qəsəbəsində “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsi çərçivəsində tədbir keçirilib – FOTOLAR Layihə

Bakıxanov qəsəbəsində “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsi çərçivəsində tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsi çərçivəsində Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki 74 saylı orta məktəbdə fəaliyyət göstərən “AzFar” futbol klubunun idman meydançasında geniş tədbir təşkil olunub, futbol yarışı keçirilib.

Tədbiri layihənin rəhbəri Telman Məmmədov açaraq bildirib ki, layihənin məqsədi narkotiklər əleyhinə vətəndaşları səfərbər etmək, fəsadları barədə ictimaiyyəti məlumatlandırmaq, səbəbləri ilə mübarizə aparmaq, davamlı və sistemli yanaşma ilə sağlam cəmiyyətin formalaşmasına töhfə verməkdir.O, bildirib ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin işidir, məsuliyyətidir. Bu baxımdan idmanın təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, layihənin hədəfi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmanın həyatımızdakı rolunun ön plana çəkilməsi, narkomaniyanın törətdiyi fəsadlar barədə ictimai məlumatlılığın artırılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və onların sağlam gələcəyə istiqamətləndirilməsidir.

Qeyd edək ki, tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, millət vəkilləri, psixoloqlar, idman ictimaiyyətinin təmsilçiləri, müəllimlər, şagirdlər və gənclər iştirak ediblər.

Sabunçu rayonunu təmsil edən millət vəkilləri Fazil Mustafa, Arzuxan Əlizadə və Azər Allahverənov çıxış edərək sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçirilən layihələrin vacibliyini vurğulayıblar. Onlar qeyd ediblər ki, narkomaniya ilə mübarizədə ailə, məktəb, dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti mühüm rol oynayır. Çıxışlarda gənclərin idmana cəlb edilməsinin onların fiziki və mənəvi inkişafına, sağlam düşüncəli və vətənpərvər gənc nəslin formalaşmasına mühüm töhfə verdiyi bildirilib.Milli Məclisin üzvləri diqqətə çatdırıblar ki, narkotiklərlə mübarizə müharibə deməkdir.Millət vəkilləri tədbir iştirakçılarını sözügedən tədbirlə bağlı sosial şəbəkələrdə geniş paylaşım etməyə çağırıblar, hər təşəbbüsün problemin aradan qalxmasına müsbət təsir göstərəcəyini xatırladıblar.

Tədbirdə iştirak edən 74 nömrəli tam orta məktəbin nümayəndəsi Fərzəli Seyidov məktəblərdə sağlam həyat tərzinin təbliği istiqamətində görülən işlərdən danışaraq, şagirdlərin idmana marağının artırılması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Psixoloqlar Günay Hüseynli və Nahidə Axundova çıxışlarında narkotik asılılığının psixoloji və sosial səbəblərindən, yeniyetmələrin risk qruplarına düşməsinin qarşısının alınması yollarından, ailədaxili münasibətlərin və düzgün psixoloji dəstəyin əhəmiyyətindən bəhs ediblər. Onlar iştirakçıların suallarını cavablandıraraq narkomaniyanın profilaktikasında maarifləndirmənin əsas vasitələrdən biri olduğunu diqqətə çatdırıblar.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova çıxışında layihənin cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, gənclərin sağlam böyüməsi və zərərli vərdişlərdən uzaq qalması istiqamətində belə təşəbbüslərin davamlı olması olduqca vacibdir. O, layihəyə göstərilən dövlət dəstəyinin və tərəfdaş qurumların əməkdaşlığının bu istiqamətdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib.

“AzFar” Group şirkətinin filial nümayəndəsi Əmrah Səmədov və Avropa Futbol Akademiyasının meneceri Kamran Bayramov isə çıxışlarında idmanın gənclərin sağlam inkişafında, komanda ruhunun formalaşmasında və zərərli vərdişlərdən uzaq həyat tərzinin seçilməsində mühüm rol oynadığını qeyd ediblər. Onlar idmanın yalnız fiziki sağlamlıq deyil, həm də intizam, məsuliyyət və sosial bacarıqların inkişafına xidmət etdiyini bildiriblər.

Rəsmi çıxışlardan sonra tədbir iştirakçıları arasında layihənin ideyasına uyğun olaraq rəmzi futbol yarışı keçirilib. Yarış gənclər tərəfindən böyük maraq və yüksək idman ruhu ilə qarşılanıb. İştirakçılar komandalar şəklində mübarizə apararaq sağlam rəqabət və həmrəylik nümunəsi nümayiş etdiriblər.

Yarışın sonunda finalda qalib komanda və fəal iştirakçılar təşkilatçılar tərəfindən sertifikatlarla təltif olunublar. Sertifikatların təqdimatı zamanı layihənin əsas məqsədinin qalib müəyyən etməkdən daha çox gəncləri sağlam həyat tərzinə həvəsləndirmək və idmana marağı artırmaq olduğu vurğulanıb.

Tədbirdə bütün iştirakçılar birlik nümayiş etdirərək “Narkotiklərə “Yox!” deyək!” şüarını əks etdirən banneri dalğalandırıblar. Bu rəmzi aksiya narkomaniyaya qarşı mübarizədə cəmiyyətin həmrəyliyini, sağlam həyat tərzinə dəstəyi və gənclərin gələcəyinin narkotiklərdən uzaq olmasının vacibliyini ifadə edib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihənin icra müddəti üç aydır.Bu müddət ərzində internet televiziyasında dörd maarifləndirci veriliş və Sabunçu və Gəncə şəhərində tədbirlər planlaşdırılıb.