İrəvanın ümidi ölür Layihə

İrəvanın ümidi ölür

"Bakı ilə savaşda tək qalacağıq"

Ermənilərin 50,67%-i Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün onlara xeyir gətirmədiyini düşünür.
Bu nəticə erməni ekspert Stepan Qriqoryanın Qloballaşma və Regional Əməkdaşlıq Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edənlərin 45,33%-i isə Avrasiya İttifaqının ermənilərin həyatına müsbət təsir göstərdiyini bildiriblər. 37% erməni Ermənistan iqtisadiyyatının zəifləməsinin Avrasiya İttifaqı ilə bağlı olduğunu düşünmür.
Ermənilərin artıq Rusiyanın müttəfiqliyi ilə bağlı fikirləri də dəyişib. Belə ki, əhalinin yalnız 34,33%-i Rusiyanı İrəvanın əsl müttəfiqi sayır. 35,11% Moskvanın müttəfiqlik öhdəliklərini qismən yerinə yetirdiyini düşünür. Ermənilərin əksəriyyəti (40%) məhz Rusiyanın onların Avropa Birliyi ilə əlaqələrinə maneə yaratdığını hesab edir.
Dağlıq Qarabağ məsələsinə gəlincə isə respondentlər bu konfliktə Rusiyanın neqativ təsir (56%) göstərdiyinə inanırlar. Yalnız 40% şəxs bunun əksini fikirləşir. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkənin təhlükəsizliyinə təmin edirmi" sualına isə ermənilərin yalnız 15%-i müsbət cavab verib. 63,4% erməni isə, ümumiyyətlə, KTMT-nin Azərbaycanla savaşda Ermənistana yardım etməyəcəyinə inanır.
Qeyd edək ki, sorğu Ermənistanın Gümrü, Vanadzor, İrəvan, Vayke, Yeqeknadzor şəhərlərində və Azərbaycanın işğal olunmuş Xocavənd rayonunda aparılıb.
Məlumdur ki, son günlər Ermənistan mətbuatında ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olduğu haqqında fikirlər dərc edilir. Bir sıra elm və mədəniyyət xadimləri, siyasi müxalifətin təmsilçiləri Ermənistanın geosiyasi dalana dirəndiyini vurğulayırlar. Bunun əsas səbəbi kimi isə 1999-cu ildən başlayan və erməni xalqına qarşı sui-qəsd planını həyata keçirən dairələrin olması göstərilir. 2013-cü ilin sentyabrında Ermənistanın Aİİ-yə daxil olması da həmin planın bir fraqmenti hesab edilir. Bütün bunların fonunda çıxış yolunu ölkənin Aİİ-ni və Rusiyanın geosiyasi təsir dairəsini tərk etməsində görürlər. Konkret olaraq, onlar Rusiyanı Amerika ilə əvəz etməyi təklif edirlər. Yəni əsas söhbət ermənilərin öz ağalarını dəyişməsindən gedir.
Rəsmi İrəvanın Dağlıq Qarabağ və təhlükəsizliklə bağlı yeritdiyi siyasi-ideoloji xəttə artıq daxildə də inanmırlar. Xüsusilə ermənilər başa düşürlər ki, keçən ilin aprelində Moskvanın müdaxiləsi olmasaydı, Azərbaycan Ordusu erməni silahlı qüvvələrini darmadağın edərdi. Onları Kremlə və Qərbə yalvarışları xilas etdi. İndi sözdə "şanlı erməni ordusunun şücaəti"ndən bir sıra ekspertlərin qırıldamasına baxmayaraq, həqiqəti bilənlər az deyil.
Ancaq burada erməni şüurunun xəstəliyi kimi qiymətləndirilə biləcək bir məqam vardır. Ermənilər özlərinin nöqsanlarını görmək və ya etiraf etmək istəmirlər. Bu halda onların ən böyük səhvi qonşu dövlətin torpaqlarını havadarlarının birbaşa yardımı ilə işğal etməkdən ibarətdir. Bu səbəbdən Ermənistanın xilası zəbt etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə bağlıdır. Bunsuz hansı geosiyasi düşərgədə olursa-olsun, Ermənistanın qurtuluşu və inkişafı mümkün deyil. Bu mənada Aram Sarkisyanın rus ağalarını amerikan, yaxud alman ağalara dəyişmək təklifi nəticəsi olmayan özünüaldatmadan başqa bir şey deyil.
Bunlar Ermənistanda siyasi böhranın ideoloji və mənəvi böhranla tamamlandığını göstərməkdədir. Bütövlükdə cəmiyyət çıxılmaz siyasi-mənəvi dairəyə düşüb. Ermənistanda bu vəziyyəti Rusiyanın təsiri daha da dərinləşdirir. Bu baxımdan İrəvanın Aİİ-dən çıxması barədə yayılan informasiyalara öz ermənipərəstliyi ilə seçilən Modest Kolerovun verdiyi reaksiya maraqlıdır.
Rusiyalı analitik deyib ki, ermənilər həm sürücülük vəsiqəsinin Rusiyada işləməsini istəyirlər, həm də Aİİ-dən çıxmaq barədə danışırlar. M.Kolerov məhz "Yelk"in bu ziddiyyətli mövqedə olduğunu ayrıca qeyd edir. Yəni Moskvanın tələbi Ermənistan konstitusiyasında rus dilinin rəsmi statusunun müəyyənləşdirilməsi ilə bağlıdır. Bu baş verməsə, Ermənistanda verilən sürücülük vəsiqəsi Rusiyada tanınmayacaq və minlərlə erməni işsiz qalacaq.
Rusiyanın bu cür şərt qoymasının başqa aspekti daha maraqlıdır. Məsələ burasındadır ki, ruslar Ermənistanın öz vətəndaşlarını işlə təmin edə bilmədiyini yaxşı bilir. Heç kəs inanmır ki, Rusiyada işsiz qalmış ermənini Sarkisyan rejimi ölkəyə dəvət edib, ona iş verəcək. Bu günlərdə Ermənistanın Tavuş rayonunda baş vermiş bir hadisə bu baxımdan ibrətvericidir.
Aydındır ki, Ermənistan müstəqil xarici siyasət yeritsəydi, vəziyyət bu dərəcəyə çatmazdı. Özünün heç bir proqramı olmayan, real islahatlar aparmaq imkanından məhrum olan hakimiyyət vətəndaşlara müsbət nə təklif edə bilər? Hətta bir qisim sürücülərin belə problemlərini həll edə bilməyən hakimiyyətin düşdüyü çıxılmaz dairədən xilası absurd görünür.
Beləliklə, Reks Tillersonun sözlərindən təsirlənən və Amerikanın səfərbər olduğunu düşünən erməni siyasi, ekspert və mədəniyyət dairələri növbəti səhvə yol verirlər. Onlar kölə vəziyyətində olan və Rusiyanın forpostu statusunu almış qondarma Ermənistan dövlətinin, sadəcə, Qərbin forpostu olması üçün mübarizəyə qalxıblar. Dövlətçilik baxımından bu, nəyi dəyişir ki? Aram Sarkisyan buna dəyişiklik deyirsə, yazıq halına!
Onu da qeyd edək ki, ermənilərin daha Rusiyaya etibar etmədiklərini separatçı Dağlıq Qarabağ "rəsmi"ləri də bildiriblər. Ermənistanın İctimai televiziyasına müsahibəsində Qarabağ separatçılarından biri, tanınmamış "DQR" "parlamentinin" üzvü Vitali Balasanyan aprelin əvvəlindəki dörd günlük müharibəni şərh edərkən deyib ki, indi müharibənin xarakteri dəyişib və heç vaxt düşməni qiymətləndirməmək olmaz.
Münaqişə zonasında sülhməramlıların, ilk növbədə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı suala cavabında Balasanyan bildirib ki, bu və ya digər uzaq məqsədə çatmaq üçün hansısa sülhməramlıları yerləşdirmək və aqressiyaya başlamaq olmaz.
"Sülhməramlılar heç vaxt sülh gətirməyiblər. Mənə elə bir ölkə göstərin ki, son 20-30 ildə sülhməramlılar ora sülh gətiriblər", - deyə Balasanyan vurğulayıb.
Digər bir inamsızlıq isə rəsmi Moskvanın Ermənistana silah satması ilə bağlıdır. Ermənistan rəsmiləri inanmırlar ki, Rusiya onlara müasir silhalarını satsın. Ötn il Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyasının üzvləri Gümrüdəki 102-ci hərbi bazanı ziyarət etmək niyyətindəydilər. "Aykakan jamanak" qəzeti öz mənbələrinə istinadən xəbər verib ki, ziyarətin məqsədi Rusiya tərəfinin müasir silahların tədarükü vədinə əməl edib-etmədiyini dəqiqləşdirmək idi.
Erməni informasiya portalı yazır: "Erməni parlament üzvləri bununla 102-ci rus hərbi bazasının 1994-cü ildə onun Ermənistan ərazisinə yerləşdirilməsi ilə bağlı imzalanmış ikitərəfli müqavilədə nəzərdə tutulmuş funksiyaları yerinə yetirib-yetirmədiyini dəqiqləşdirmək istəyir. Komissiyanın başçısı Naqapetyan müxbirimizə belə bir səfərin nəzərdə tutulduğunu desə də, konkret tarix bildirməyib".
Qəzet yazır ki, Moskvadan gələn tapşırığa əsasən deputatlar daha bu fikirdən vaz keçiblər.
Ermənilərin KTMT-yə inanmasına gəlincə isə, onu deyə bilərik ki, bu təşkilat formal olaraq yaradılıb. Sarkisyan hakimiyyəti ikinci Qarabağ müharibəsinin başlaya biləcəyi anda KTMT-nin ona dəstək olacağı bəyanatları artıq fiaskoya uğrayıb. Ermənilar yaxşı anlayırlar ki, Sarkisyan rejiminin bu quruma ümidi reallıqdan xəbər vermir. Bu sadəcə bir təsəllidir.
Çünki, yarandığı gündən KTM-in və onun əsas himayədarı olan Rusiyanın Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsindəki regional təhlükəsizlik siyasətinin əsasında bölgə ölkələrini hərbi-təhlükəsizlik sahəsində NATO və Qərbin təsirindən qorumaq, onları vahid hərbi-strateji çətir altında saxlamaqdan ibarətdir. Əvvəllər özünü daha çox müxtəlif bəyanatlar verməklə təsdiq etdirməyə çalışan və üzv ölkələrin təhlükəsizliyini təmin etmək anlamında heç bir təşkilati strukturu və yaxud hüquqi səlahiyyəti olmayan KTM, 2003-cü ilin oktyabrından konkret hərbi-siyasi blok adı ilə çıxış edir.
Rusiyalı bəzi politoloqlar fəaliyyət göstərdiyi illər ərzində postsovet regionunda səmərəli kollektiv təhlükəsizlik strukturuna çevrilə bilməmiş "KTM"-in "KTT" ilə əvəz olunmasını müsbət hadisə kimi xarakterizə edərək, onu "Avrasiya hərbi-siyasi blokunun yaradılması" kimi təqdim edirlər. Lakin müstəqil ekspertlərin fikrincə, KTT-nin bugünkü fəaliyyəti nə üzv dövlətləri tam qane edir, nə səmərəli bir təşkilat kimi digər ölkələr üçün cəlbedicidir, nə də ki, əksər postsovet ölkələrinin vahid təhlükəsizlik maraqlarına cavab verir. Məsələn, Cənubi Qafqaz və Qara dəniz ətrafı ölkələrindən yalnız Ermənistanın blokda təmsil olunmasına, KTT-nin tərkibindəki əksər ölkələrin Rusiya ilə mövcud geosiyasi və geoiqtisadi münasibətlərinə, təşkilat daxilindəki real vəziyyətə nəzər salan politoloqlar KTT-ni vahid bir təhlükəsizlik bloku kimi qəbul etmirlər.
KTT-nin 2010-cu ilin dekabrında Moskvada keçirilən son sammitində Özbəkistan prezidentinin çox ciddi narazılığı və səsləndirdiyi bəyanat göstərdi ki, hazırda KTT-yə üzv dövlətlər arasında mövcud olan ziddiyyətli və ayırıcı məqamlar onları birləşdirən və hərbi-geostrateji müttəfiq kimi bir-birinə bağlayan məqamlardan çoxdur. Rusiya son zamanlar çalışır ki, qurumun nizamnaməsinə bəzi dəyişikliklər edərək onu digər üzv dövlətlərin daxili münaqişələrini həll etmək üçün "operativ hərbi təşkilat"a çevirsin və lazım gələndə KTT-nin ümumi hərbi missiyasından istifadə edərək, üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyi ilə bağlı yerli və xarici təhlükələrin qarşısını alsın. Məlumatlara görə, Özbəkistan prezidenti İslam Kərimov Moskva sammitində təşkilatın nizamnaməsinə olunan dəyişikliyə etiraz edərək bildirib ki, KTT-nin əsas vəzifəsi heç də MDB, yaxud KTT çərçivəsində mövcud olan ölkələrarası və ölkədaxili ziddiyyətləri, münaqişələri nizamlamaq deyil, üzv ölkələri xarici təhlükələrdən qorumaqdan ibarətdir.
Cavid