Azərbaycanda biznes mühiti və azad sahibkarlığın inkişafı Layihə

Azərbaycanda biznes mühiti və azad sahibkarlığın inkişafı

Azərbaycanda son illər sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar daha geniş vüsət alıb. Əsas hədəf ölkədə əlverişli biznes mühitinin formalaşdırılması, qeyri-neft sektorunda azad sahibkarlığın inkişafının sürətləndirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, ixrac potensialının artırılması, özəl sektorda yeni iş yerlərinin yaradılmasının stimullaşdırılmasıdır.
Bu məqsədlə həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən biznes mühitini tənzimləyən iqtisadi qanunvericilik bir qədər də təkmilləşdirilmiş, hüquqi prosedur və qaydalar xeyli liberallaşdırılmış, "bir pəncərə" sistemi tətbiq edilməklə biznes qeydiyyatı sistemi sadələşdirilmiş, sahibkarlar üçün biznes mühitinin əlverişliliyi səviyyəsi əhəmiyyətli dərəcədə artırılmış, sahibkarlığa, o cümlədən kiçik və orta sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmilləşdirilmiş, idxal-ixrac üçün həyata keçirilən prosedurlar daha da sadələşdirilmiş, ölkədə ixrac rüsumları ləğv edilmiş, mənfəət vergisinin dərəcəsi 20%-ə endirilmiş və sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmışdır.
Bunlarla yanaşı, özəl sektora dövlət dəstəyinin və iqtisadi islahatların davamlı olması, biznes mühitini tənzimləyən iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. 2015-ci ilin sonlarından etibarən ölkə başçısı tərəfindən sahibkarlığın inkişafı ilə bağlı verilmiş mühüm qərarlar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olmuşdur. Belə ki, bu müddətdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmış və bu yaxınlarda həmin müddət daha 3 il artırılmış, sahibkarların təkrar şikayətlərinə baxılması üçün Apellyasiya Şuraları yaradılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı ciddi şəkildə azaldılmış, onların verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir. Habelə vergi inzibatçılığı daha da təkmilləşdirilmiş, elektron gömrük xidmətləri genişləndirilmiş, ixracın və investisiyaların təşviqi, yerli istehsalın dəstəklənməsi, dövlət satınalmalarında yerli istehsala üstünlük verilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması mexanizmləri yaradılmış, sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün tələb edilən prosedurlar sadələşdirilmiş, ümumilikdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bir pəncərə sisteminin və elektron xidmətlərin genişləndirilməsi, inzibati prosedurlar üçün tələb edilən vaxtın qısaldıması, maliyyə əlçatanlığının genişləndirilməsi və s. sahələrdə sistemli islahatlar həyata keçirilmişdir.
Aparılmış islahatlar ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə də müsbət təsir göstərmişdir. Belə ki, "Doing Business 2018" hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci pillədə (ötən il 65-ci yer) qərarlaşıb. Ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır. Belə ki, "Doing Business 2018" hesabatında Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, "Vergilərin ödənişi" göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, "Müəssisənin bağlanması" göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlmişdir.
Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilmişdir. Belə ki, Azərbaycan "Doing Business 2018" hesabatında Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilmişdir. Belə ki, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 25 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər, "Kreditin əldə edilməsi" göstəricisi üzrə "Kredit büroları haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 2016-cı il tarixli qanununun qəbul edilməsi, "Müqavilələrin bağlanması" göstəricisi üzrə məhkəmə ödənişlərinin "Hökumət Ödəniş Portalı" vasitəsilə elektron qaydada həyata keçirilməsinin tətbiqi, "Müflisləşmənin həlli" göstəricisi üzrə "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının qanununa edilmiş 25 aprel 2017-ci il tarixli dəyişikliklər "Doing Business 2018" hesabatında Azərbaycanın həyata keçirdiyi islahatlar kimi xüsusi qeyd olunmuşdur.
Hesabatda Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" (10), "Biznesə başlama" (18), "Əmlakın qeydiyyatı" (21), "Vergilərin ödənilməsi" (35), "Müqavilələrin icrasının təmin edilməsi" (38), "Müəssisənin bağlanması" (47) göstəriciləri üzr əreytinqdə ilk 50 ölkənin sırasına daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiya yaradılıb. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib.
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz əvvəlki hesabatla müqayisədə mövqeyini 3 pillə yaxşılaşdıraraq 138 ölkə arasında 35-ci mövqeyə yüksəlmiş və bu göstərici üzrə MDB məkanında liderlik mövqeyini qoruyub saxlamışdır. Reytinqdə Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. Həmin hesabatda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə etmişdir – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.
İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında "istedadların səmərəli istifadəsi" göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.
Yalnız iki indikator – makroqitisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq "makroqitisadi mühit" kateqoriyası altında "hökümətin büdcə balansı" göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada "hökümətin borcu" göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəriclərindən biri inflyasiya səviyyəsi olub. Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib.
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə əksinə mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökümət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb.
Azərbaycanda iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, iqtisadiyyatın şəxələndirilməsi, qeyri-neft sektorunun və azad sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması nəzərdə tutulur və bu istiqamətdə islahatlar aparılır. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Makroiqtisadi sabitlik və infrastrukturun inkişafını dəstəkləməklə dövlət biznes şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verməyə bundan sonra da davam edəcək. Bu Strateji Yol Xəritəsində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı 11 sektoru əhatə edən konseptual məsələlərdə öz əksini tapıb.
Bir sözlə, indiyədək həyata keçirilmiş iqtisadi islahatlar artıq öz nəticələrini verir, biznes mühiti getdikcə yaxşılaşır, sahibkalıq inkişaf edir, ölkəmizin beynəlxalq institutların hesabatlarında mövqeləri yüksəlir. Azərbaycanda Ümumi Daxili Məhsulda iqtisadiyyatın bütün sahələri üzrə özəl sektorun payının artımı müşahidə olunur. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanda sahibkarlığın inkişafı üçün daha əlverişli şərait yaradır. Rəqabət qabiliyyətli azad sahibkarlığın inkişafı istiqamətində məqsədyönlü dövlət dəstəyi tədbirləri həyata keçirilir. Davamlı iqtisadi islahatlar sayəsində növbəti illərdə də beynəlxalq reytinqlərdə ölkəmizin mövqelərinin bir qədər də yaxşılaşacağını proqnozlaşdırmaq olar.

Mahir Həmzəoğlu

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"