“Əgər Ermənistandan Azərbaycana hansısa təhlükə yaranarsa...” Layihə

“Əgər Ermənistandan Azərbaycana hansısa təhlükə yaranarsa...”

İlqar Vəlizadə: "O zaman Ermənistan ərazisində əməliyyat aparmaq hüququna malik olacağıq"

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səfər etdiyi Naxçıvanda Ermənistana verdiyi ciddi xəbərdarlıq mesajları müzakirə olunur. Qeyd edək ki, Prezident İlham Əliyev mayın 16-da Naxçıvanda bir sıra layihələrin açılışını edib. Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı dövlət başçısı Naxçıvan ordusunun böyük qüvvəyə malik olduğunu və düşmənin istənilən təxribatının qarşısını ala, eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə biləcəyini vurğulayıb.
Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib ki, əgər Ermənistandan Azərbaycana hansısa təhlükə yaranarsa, o zaman Ermənistan ərazisində əməliyyat aparmaq hüququna malik olacağıq. Ekspert bildirib ki, son zamanlar erməni tərəfi Naxçıvanda Azərbaycan hərbi birləşmələrinin güclənməsindən narahatdır: "Xüsusilə də Naxçıvanda görülən hərbi quruculuq işlərində Türkiyənin yaxından iştirakı düşməni qorxuya salıb. Hətta Ermənistanın hərbi siyasi rəhbərliyi bir müddət öncə belə bir rəy yaratmağa çalışırdı ki, guya Türkiyə regionda hərbi mövcudluğunu artırır və bu da Rusiyanın maraqlarına toxunur. Ermənistandakı dairələr Rusiyanın diqqətini bu məsələyə çəkməyə və bununla da Moskvanın müəyyən reaksiya verməsinə çalışırdılar. Ermənistan Rusiyanın əli ilə növbəti dəfə Türkiyəni bu proseslərdən çəkindirmək məqsədi güdürdü. Düşmənin Naxçıvanla bağlı planı baş tutmadı. Azərbaycan hərbi, siyasi və texniki məsələləri hər zaman Türkiyə ilə koordinasiya edir. Ancaq Prezidentin Naxçıvana səfəri göstərir ki, Azərbaycanın bölgədəki qüvvələri kifayət qədərdir və əlavə qüvvələrin gətirilməsinə ehtiyac duyulmur". Politoloq hesab edir ki, ölkə rəhbərinin bu səfəri özlüyündə həm də düşmənə bir mesaj idi: "Naxçıvandakı hərbi quruculuq işləri nəinki bölgənin müdafiəsinə, hətta təhlükə yaranacağı təqdirdə əks-hücum istiqamətində də hərəkət etməyə imkan verir. Azərbaycan həm texniki, həm də şəxsi heyətin hazırlığı baxımından uğurlu əks-hücum əməliyyatına hazırdır. Azərbaycan öz qüvvələrinə tam güvənir və bütün lazımı hərbi məqsədlərinə çatması üçün kifayət qədər silah-sursatı var. Paşinyan hərbi əməliyyatlar başlayarsa, Ermənistanın qondarma Dağlıq Qarabağa hər cür yardım edəcəyini bildirib. Əgər Ermənistandan Azərbaycana hansısa təhlükə yaranarsa, o zaman Ermənistan ərazisində əməliyyat aparmaq hüququna malik olacağıq".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, dövlət başçısı İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Ermənistanın yeni hakmiyyətinin sərt ritorikası fonunda İrəvanın 50 km-də işğalçılara verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir: "Qeyd edək ki, prezidentin Naxçıvanda birbaşa Ermənistana yönələn mesajları, Azərbaycan ərazisinə səfər edən baş nazir Paşinyanın Şuşada verdiyi bəyanatlarına qarşı sərt xəbərdarlığı idi. Çünki, işğalçı ölkədə "məxməri inqilabın" eyforiyasında olan baş nazir Nikol Paşinyan və qurduğu kabinet Qarabağ danışıqlarında masada olan təkliflərin dəyişdirilməsinin ehyamını vurur. Bununla paralel işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirirlər.
Göründüyü kimi rəsmi İrəvanın həm siyasi, həmdə hərbi müstəvidə ölkəmizə qarşı təxribatları yeni müstəviyə keçir. Dövlət başçısının məhz Naxçıvanda müasir və güclü ordunun olmasını qeyd etməsi, İrəvana bu bu istiqamətdən də təkcə müdafiə deyil, hücum əməliyyatları keçirə bilməsini xatırlatdı. Bu bəyanatdan işğalçı ölkə bilməlidir ki, təkcə, Qarabağ cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər. Qeyd edim ki, son illərdə Naxçıvanın müdafiəsi ilə əlaqədar buradakı ordunun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində hərbi aviasiya parkının yatadılması(Qeyd edim ki, Naxçıvanda heç vaxt aviasiya parkı olmayıb), müasir raketlərlərlə, artilleriya və zirehli texnika ilə təchiz edilməsi, Ermənistanda ciddi narahatlıq doğurur. Bizim aviasiya parkının salınması, bu istiqamətdə düşmən üzərində havada üstünlüyümüzü şərtləndirir. Demək olar ki, Naxçıvan hərbi birləşməsi, Ermənistan ordusunu təkbaşına məğlub etmək iqtidarındadır və muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil edir.
Bundan sonra Ermənistan ordusu, Naxçıvan istiqamətində təxribatlara getməyəcəyi gözlənilir. Bir məsələni qeyd edim ki, Rusiya -Ermənistan birgə qoşun birləşməsi məhz Naxçıvan istiqamətində yerləşdirilib. Ona görəki, Türkiyə ilə birgə silahlı qüvvələrimizin burada mütəmadi hərbi təlimlər keçirməsi, Türkiyənin hərbi varlığının hiss edilməsi, bu istiqamətdə müdafiəni Rusiyanın ixtiyarına verib. Buna baxmayaraq, Qarabağda aktiv hərbi əməliyyatlar başlayarsa, Naxçıvan hərbi birləşməsi işğalçıya arxadan zərbə vurmalı, Mehri dəhlizini götürüb Naxçıvanla korridoru açmalıdır.

Dünyada və regionda hərbi vəziyyət gərginləşir, yeni dünya nizamı formalaşır. Ona görədə istənulən ssenarini dəf edərək, işğal olunmuş ıraziləri geri almalıyıq".
Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə diqqətə çatdırıb ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raket sistemləri var: "Amma hansı sistemlərdir, onların xüsusiyyətləri haqqında açıqlama vermək olmaz. Naxçıvanın coğrafi mövqeyi, strateji əməliyyatda rolu, Ermənistanın paytaxtından tutmuş, bütün digər ərazilərinin hədəfə alınması imkanları, əlbəttə, Azərbaycan üçün çox vacib amildir. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan işğalçı ölkə ilə üz-üzə dayanıb. Bu vəziyyətin yaranmasının da əsas baiskarı Ermənistandır. Nə qədər iddia olunsa da ki, işğal altındakı ərazilərdə "Qarabağın özünümüdafiə qüvvələridir", hər kəs bunun belə olmadığını yaxşı bilir. Elə Ermənistanın Baş naziri Nikol Paşinyan da son çıxışlarında siyasi səhvə yol versə də, həqiqəti dilə gətirdi, dedi ki, Qarabağda Ermənistana məxsus hərbi hissə və birləşmələri var və bu mənada Ermənistanın işğalçı dövlət olduğunu etiraf etdi".
Onun sözlərinə görə, bundan sonra Azərbaycanın işğalçı Ermənistana qarşı cavab zərbələri də məntiqli olar: "Bilirsiniz ki, indiyə qədər bu, deyilmirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev tarixi torpaqlarımızla bağlı bəyanat verdi. Bildirdi ki, bizim gələcək hədəfimiz o tarixi torpaqlara qayıtmaq və tarixi ədalətsizliyi aradan qaldırmaqdan ibarətdir. Azərbaycan prezidenti bunu Azərbaycanın haqqı olaraq səsləndirdi. Əlbəttə, bu, ilk növbədə düşmənə ismarışdır. Digər tərəfdən də əgər işğalçı dövlət Qarabağ məsələsində konstruktiv mövqe tutmasa, Azərbaycan silaha əl atmaq məcburiyyətində qalacaq. Bu gün demək olar ki, biz bu seçim qarşısındayıq. Bu gün Qarabağdan barıt qoxusu daha çox gəlməyə başlayıb. Yeni baş nazir də işğalçı mövqeyindən əl çəkməyəcəyi haqda bəyanat verib. Əgər Azərbaycan güc yolu ilə Qarabağ bölgəsini işğaldan azad etməli olsa, əminəm ki, qısa zamanda hədəfinə yetişəcək. Azərbaycan prezidentinin dediyi kimi, Azərbaycanla Ermənistanı təkbətək qoysalar, silahlı qüvvələrimiz qısa bir zamanda işğalçını darmadağın edib ərazi bütövlüyümüzün bərpasına nail olacaq. Təbii ki, tarixi ərazilərimizlə bağlı da addım atmaq haqqına malikik. Artıq prezident strateji tapşırığı verib. Qarşıya qoyulan tapşırıqları yerinə yetirmək baxımından Naxçıvanın mövqeyi, Əlahiddə Ümumqoşun Ordusunun imkanları, müasir silahlarla təchizi, Naxçıvanın döyüş aparma qabiliyyəti önəmli rol oynayacaq. Keçirilən irimiqyaslı hərbi təlimlərdə də Naxçıvandakı qoşunlarımız öz qabiliyyətini göstərib. Əlbəttə, Naxçıvan faktoru Azərbaycan üçün çox vacibdir. Qarabağın azadlığı uğrunda əməliyyatlar başlasa, Naxçıvandakı hərbi qüvvələrimiz də hərəkətə keçəcək. İndi mən o tapşırıqları, planları açıqlamaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, Silahlı Qüvvələrin bir hissəsi olan Naxçıvandakı qoşun bölmələrimiz də təbii ki, müəyyən planlar, tapşırıqlar əsasında fəaliyyət göstərəcəklər. Bu məsələ bir-iki dəfə qalxıb və Ermənistan Naxçıvandan həddindən artıq çəkinir. Əgər Azərbaycanın digər ərazilərindən, xüsusilə də təmas xəttindən Ermənistanın sərhədinə qədər müəyyən məsafə varsa, Naxçıvan Ermənistanla birbaşa həmsərhəd bölgədir. Təqribən 70 km-likdə Ermənistan paytaxtı var. Müharibənin başlanğıcı bəlli olsa da, nə vaxt qurtaracağı bəlli olmur".

Əli