İrəvan xanlığı Məhəmməd xanın dövründə Layihə

İrəvan  xanlığı  Məhəmməd  xanın  dövründə

2-ci yazı

Sultan sərhəddə yerləşən Axalsıq, Qars, Bəyazid və digər paşalıqlara İrəvanı müdafiə etmək üçün hazır olmaları haqqında fərman göndərmişdi. Sultanın göstərişlərini yerinə yetirən paşalar İrəvan xanı ilə əlaqə saxlayır və onu öz tərəflərinə çəkmək üçün müxtəlif vədlər verirdilər. Axalsıq hakimi Süleyman paşa xüsusilə fəal idi. O, İrəvanı rus- gürcü qüvvələrindən müdafiə etmək üçün Azərbaycan xanlarını birliyə çağırırdı. Onun İrəvan əhalisinə və şəxsən xanın özünə yazdığı məktubları bu baxımdan diqqətəlayiqdir. Süleyman paşa 1784-cü il iyulun 10-da İrəvan əyanlarına yazdığı məktubda xalqı "müqəddəs müharibə"yə təhrik etməklə bildirirdi ki, onlar lazım olduqda paşaların köməyinə ümid edə bilərlər. Məktubda yazılırdı: "Siz mənim hörmətli oğlumla (Məhəmməd xanla-E.Q.) birləşərək Azərbaycanın yeni sipəhsaları, qardaşımız Əhməd xanın sözü ilə hərəkət edin.... Mənim qardaşlarım - İrəvan xalqı yerli türklərdir: əgər dininizi sədaqətlə müdafiə etdiyinizə görə, İrəvan qalasında hər hansı şəxs sizə qarşı pis niyyətə düşərsə, sizə kömək üçün biz birləşərik. Sultan mənə, Qars, Van və Bəyazid paşalarına İrəvan təhlükədə olduğu vaxt onlara kömək etməyi əmr edib". Süleyman paşanın şəxsən Məhəmməd xana göndərdiyi digər məktubunda ona və başqa Azərbaycan xanlarına göndərilən pul və hədiyyələrdən bəhs edilirdi. O, yazırdı: "Sizi doğma oğlum hesab edərək həmişə əmin-amanlığınız üçün çalışmışam. Əlahəzrət hökmdarın fərmanı və vəzir Həsənin məktubu əsasında Qapıçı paşa (İbrahim Əfəndi-E.Q.) və Solakzadə Məhəmməd Sal bəyin vasitəsilə sizə və Azərbaycanın digər xanlarına pul və hədiyyələr göndərilib. Onları bu yaxınlarda alacaqsınız. Əgər siz bizim dövlətə sadiqsinizsə və bizimlə dostluq münasibətində olmaq istəyirsinizsə, o zaman ali Porta (Osmanlı dövləti-E.Q.) bundan xəbərdar olmalıdır. Siz nəinki bizim sadiq bəndəmiz olacaqsınız, Sultanın da sizə hörməti artacaq, əgər sözlərimə inansanız, mənim də sizə qarşı məhəbbətim artacaq, iltifatlı oğlum və dostum bu məktubu gətirəni yubanmadan göndərin".
Qars paşası da Məhəmməd xana bu məzmunda məktub göndərmişdi. Məktubda deyilirdi: "Bizim şöhrətli hakimimiz sizə və Azərbaycanın digər xanlarına Qapıçı paşa və Solakzadə Məhəmməd Sal bəyin vasitəsilə pul və hədiyyə göndərmişdi. Tezliklə Axalsıq hakimi Süleyman paşa vasitəsilə sizə çatdırılacaq. Allahın köməyilə biz həmişə sizinlə dost olacağıq. Sizə nə xidmət lazımdırsa, əmr edin".
Bu yazıda tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasını təqdim edirik. Araşdırmada daha sonra bildirilir ki, Osmanlı dövlətinin İrəvanda fəallaşması II İraklinin və onun havadarı olan Rusiyanın narahatlığına səbəb olmuşdu. İrəvanda baş verən hadisələri diqqətlə izləyən rus komandanlığı sultanın fərmanından və Axalsıq paşasının fəaliyyətindən vaxtında xəbər tuta bilmişdi. İrəvan sarayında II İraklinin tərəfdarları az deyildi. Yeni xanın gürcü olan anası Tiflis sarayı ilə əlaqə saxlayaraq İrəvanda olan hadisələri gizli surətdə oraya çatdırırdı. O, Mirzə Gürgeni gizlincə yanına çağırıraq sultanın fərmanını göstərmiş, Mirzə Gürgen isə fərmanı köçürərək Tiflisə göndərmişdi. Mizə Gürgen məktubunda II İrakliyə İrəvanda Osmanlı təsirinin gündən-günə artdığını xəbər vermişdi. Hətta o, II İrakliyə yalan və şişirdilmiş məlumat göndərməklə onu İrəvana hücuma təhrik edirdi. O, 1784-cü il iyulun 14-də Kartli-Kaxetiya çarına göndərdiyi məktubda həyəcanla yazırdı ki, guya "Sultan qoşunla bura gəlib və Əhməd xanın adamını özü ilə gətirib ki, qalanı tutsun....Əgər dörd gün ərzində Qəmzəçəmənə gəlməsəniz, qala əlimizdən çıxacaq. Əgər bu iş sizə çətindirsə, oğlanlarınızdan birini göndərin, lakin yaxşı olar ki, özünüz gələsiniz, onlar bunu eşidib dağılışarlar".
Bunu eşidən II İrakli oğlu Yulionun başçılığı ilə topla təchiz olunmuş 1500 nəfərlik qoşunu İrəvana göndərmək qərarına gəlmişdı. Lakin nəzərdə tutulan bu yürüş həyata keçmədi. Çünki Məhəmməd xan anası başda olmaqla II İrakli tərəfdarlarının səyi nəticəsində 1784-cü ilin avqustunda Axalsıx hakimi Süleyman paşaya yazdığı məktubda II İrakliyə xidmət edəcəyini bildirmişdi. Digər tərəfdən İrəvan xanı sultanın göndərdiyi hədiyyələri qəbul etməmişdi. Belə ki, sultan 1784-cü ilin payızında İbrahim Əfəndinin başçılığı altında 60 nəfərdən ibarət yeni nümayəndə heyətini Cənubi Qafqaza göndərdi. İbrahim Əfəndi Cənubi Qafqaza gələrkən sultan fərmanı ilə yanaşı Azərbaycan xanlarına və Dağıstan hakimlərinə çoxlu pul və hədiyyə gətirmişdi. Lakin İrəvan xanı bu hədiyyələri qəbul etməmişdi. Lakin buna baxmayaraq, İbrahim Əfəndinin Cənubi Qafqazdakı fəaliyyəti müvəffəqiyyətlə nəticələndi. Osmanlı nümayəndəliyinin Azərbaycanda apardığı təbliğatı müəyyən qədər öz bəhrəsini verdi. Nəticədə Axalsıx şəhərində Azərbaycanın bəzi xanlıqlarının və Dağıstan hakimlərinin ittifaq bağlamasına səbəb oldu. Bunun ardınca irəvanlı Məhəmməd xan da Tiflisə göndərdiyi məbləğdən tamamilə imtina etdi. Lakin bu Məhəmməd xan üçün heç də asan başa gəlməmişdi. Anası başda olmaqla bir qrup şəxsin Məhəmməd xanın azyaşlı olmasından istifadə edərək Tiflis sarayı ilə sıx əlaqə saxlaması sultan tərəfdarlarının xoşuna gəlməmişdi. Nəticədə Axalsıx hakimi Süleyman paşanın təhriki ilə Məhəmməd xana qarşı sui-qəsd hazırlanmışdı. S.D.Burnaşov 1785-ci il martın 17-də P.S.Potyomkinə yazdığı məlumatda göstərirdi ki, görkəmli İrəvan əyanlarından Usmi bəy və onun oğlu osmanlıların təhriki ilə xanı öldürmək qərarına gəlmişdi. Lakin bu sui-qəsdin üstü vaxtında açılmışdı.
Usmi bəy qaça bilsə də, Qars sərhəddində həbs edilərək oğlu ilə həbsxanaya salınmışdı. Tezliklə İrəvan xanlığı Xoy xanlığının təsirinə düşdü. Sultan rus-gürcü qüvvələrinin qarşısını almaq üçün Azərbaycan xanlarından Xoylu Əhməd xanın qüvvəsinə daha çox güvənirdi. Qeyd etmək lazımdır ki, XVIII əsrin 80-ci illərin əvvəllərində Əhməd xan Xoylu (1763-1786) Urmiya, Təbriz, Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarını özünə tabe etmək üçün mübarizə aparırdı. Əhməd xan zirək siyasətilə, xüsusilə sultan tərəfindən Azərbaycan sipəhsaları adlandırıldıqdan sonra böyük hörmətə, şöhrətə və nüfuza malik idi. O, çar İraklinin gizli düşməni idi. Rus komandanlığı onun nüfuz sahibi olduğunu görərək Əhməd xanı öz tərəfinə çəkmək istəyirdi. Georgievsk müqaviləsindən sonra knyaz Apraksin vasitəsilə ona fərman və hədiyyələr göndərilmişdi. Əhməd xan rus-gürcü qüvvələrindən ehtiyat edərək əvvəl bu fərmana müsbət cavab vermişdi. Hətta 1784-cü ilin iyulunda knyaz Q.Potyomkin buna cavab olaraq xandan xahişnamə göndərməsini xahiş etmişdi. "Lakin Osmanlı dövlətinin bölgədə fəallaşması (İbrahim Əfəndinin başçılığı ilə nümayəndə heyəti-E.Q.), Azərbaycan xanlarını rus-gürcü qüvvələrinə qarşı birləşmək çağrışı bu planı pozdu. Sultan Əhməd xana sərəsgər rütbəsi verib, Azərbaycana rəhbərlik etməyi xahiş etmişdi. Osmanlı dövlətinin köməyinə arxalanan Əhməd xan Rusiya ilə danışıqları kəsir".
Həqiqətən sultan güclü Xoy xanına böyük ümid bəsləyirdi. Sultan fərmanlarında Azərbaycan xanlarından rus-gürcü qüvvələrinin İrəvan qalasına yürüşünün qarşısını almaq üçün Əhməd xan Dünbülünün başçılığı ilə birgə mübarizəyə girişməyi tapşırmışdı. Sultan Əbdül Həmid İrəvan xanına göndərdiyi məktubda yazırdı ki, "..yaşca böyük olan və ləyaqətli Xoy xanına sipəhsalar rütbəsi verib, bütün xanlara fərman verərək bildirmişik ki, bizim paşa və vəzirlərə İraklinin hərəkətləri barədə xəbər versinlər".
Xoylu Əhməd xan Məhəmməd xanın hakimiyyətinin ilk günlərindən xanlığın daxili işlərinə müdaxilə etməyə başlamışdı. Əgər o, əvvəllər II İrakli və onun havadan olan Rusiyadan ehtiyat edərək İrəvanın daxili işlərinə açıq-açığına qarışmaqdan çəkinirdisə, artıq bu işdə özünə arxa tapmışdı. Xoylu Əhməd xan bacarıqlı sərkərdə olmaqla bərəbər, güclü qoşuna malik idi. Digər tərəfdən, o, Axalsıx hakimi Süleyman paşa ilə qohum idi və paşa lazım olduqda hərbi cəhətdən ona kömək edirdi. Bundan əlavə, Əhməd xan Qaradağ və Naxçıvan xanları ilə müttəfiq idi. O, həm də İran taxtı uğranda mübarizə aparan Ağa Məhəmməd xan Qacarla dostluq edirdi. Ən başlıcası isə Xoy xanı Osmanlı dövlətinə arxalanırdı. Başı qonşu xanlıqları özünə tabe etməyə çalışan Əhməd xan yalnız 1785-ci ildə İrəvanda möhkəmlənmək arzusunu reallaşdıra bildi. O, ilk növbədə "nikah diplomatiyası"ndan istifadə etməyi qərara aldı. Əhməd xanın mərhum Qulaməli xanla qohum olmaq cəhdi baş tutmasa da, Məhəmməd xanla bu niyyətini həyata keçirə bilmişdi. 1785-ci ilin yayında Əhməd xan özünün 30 yaşlı qızını 13 yaşlı Məhəmməd xana ərə verdi. Bu qohumluğu daha da möhkəmləndirmək üçün Əhməd xan Məhəmməd xanın bacısı ilə evləndi.
Məhəmməd xanın az yaşlı olmasından istifadə edən Əhməd xan qızı vasitəsilə İrəvanda hakimiyyəti idarə etməyə başladı. Xoy xanı İrəvanda mövqeyini daha da möhkəmləndirmək üçün gizli agentini, hərəmağası Ağahüseyni oraya göndərdi. O, İrəvan sarayında Xoy xanının mənafeyinə uyğun siyasət aparmalı idi. Tezliklə, hərəmağası İrəvan sarayında böyük nüfuz sahibi oldu. Hətta o, Məhəmməd xanın etimadını da qazana bilmişdi. İş o yerə çatır ki, Ağahüseyn xanın vəziri təyin olunur. Onun vəzir təyin olunması ilə İrəvanın əldən çıxacağından ehtiyat edən Kartli-Kaxetiya çarı Ağahüseyni oradan uzaqlaşdırmaq üçün hiyləyə əl atdı. O, müxtəlif bəhanələrlə Ağahüseyni Tiflisə dəvət edir. Lakin onun bu niyyəti baş tutmadı. Vəzirliyi ələ keçirməklə böyük səlahiyyət qazanan Ağahüseyn Xoy xanının mənafeyinə uyğun siyasət yeritməyə başladı. Nəticədə, İrəvan xanlığı Xoy xanından asılı vəziyyətə düşdü.
Rusiyanın Kartli-Kaxetiya sarayındakı nümayəndəsi S.D.Burnaşov 1785-ci il avqustun 9-da mərkəzə göndərdiyi məlumatda yazırdı ki, "İrəvan İraklidən daha çox 30 yaşlı qızını 11 yaşlı (13 - E.Q.) İrəvan xanına ərə verən Əhməd xanın hakimiyyəti altındadır. O, (Əhməd xanın qızı - E.Q.) hərəmağası Ağahüseynlə birlikdə İrəvan qalasına sahib olaraq bütün xanlığı idarə edirdi. Onlar Əhməd xanın təhriki ilə II İrakliyə bir daha vergi ödəmir". Bu vəziyyət sultanı da qane edirdi. Lakin yeni vəzirin siyasəti yerli əyanları qane etmədi.

Elçin Qaliboğlu