“Əgər Paşinyan hökuməti diplomatik masa arxasına keçib danışıqlara getməsə...” Layihə

“Əgər Paşinyan hökuməti diplomatik masa arxasına keçib danışıqlara getməsə...”

Ehtiram Aşırlı: "Azərbaycan hərbi gücə üstünlük verəcək"

İşğalçı ölkədə maraqlı proseslər davam edir. Ermənistanın baş naziri Nikol Pşainyan istefa verdi. Qarşıdan seçkilər gəlir. KTMT-nin İrəvandakı toplantısı isə ləğv olundu. Bütün bu proseslər fonunda analitik Ehtiram Aşırlı danışıqlar prosesini dəyərləndirdi. Onun fikrincə, Paşinyanın istefası Ermənistan Milli yığıncağının buraxılması və növbədənkənar parıament seçkilərinin təyin edilməsi prosesinin başlanğıcı deməkdir. Paşinyanın daha öncə bildirdiyi kimi, seçkilər dekabrın 9-da, yaxud 10-da keçiriləcək: "Nikol Paşinyan istefa vermək niyyətində olduğunu daha öncə bildirmişdi. Bir həftə əvvəl isə konkret tarix açıqlanmışdı – 16 oktyabr. Paşinyanın istefa vermək qərarı növbədənkənar parlament seçkilərinin keçirilməsi istəyi ilə bağlıdır.
Ermənistan Konsitusiyasına görə, əgər dövlət başçısının istefasından sonra iki həftə ərzində ölkə deputatları yeni baş naziri seçə bilməzlərsə, parlament buraxılır və yeni parlament seçkiləri təyin edilir. Onlar baş nazirin istefasından 30 gündən tez və 45 gündən gec olmayaraq keçirilməlidir.
İş burasındadır ki, yazdan başlayaraq Ermənistan bütünlüklə dövlət idarəçiliyinin parlament sisteminə keçib. Lakin bundan dərhal sonra ölkədə məxməri inqilab baş verib. Hakimiyyətə parlamentdə çoxluğa malik olmayan siyasi qüvvə gəlib. Onun lideri Nikol Paşinyan hökumətə başçılıq edir, lakin parlamentin onun qərararını ləğv etmək imkanı mövcuddur.
Ümumilikdə, Ermənistandakı vəziyyəti bu cür qiymətləndirmək mümkündür: "parlament xalqın iradəsini əks etdirmir". Bu nəticə ona əsaslanır ki, 2017-ci ilin parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyası qalib gəlib. Lakin 2018-ci ilin yazında məxməri inqilabın gedişində müxalifətlə birgə küçələrə çıxmış on minlərlə insan onun hakimiyyətinə qarşı çıxdı".
Ekspert əlavə edib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəziyyət iki həftə öncə kəskinləşdi: "O zaman baş nazir seçkiləri dekabrda keçirmək niyyətində olduğunu bildirdi. Daha öncə isə növbədənkənar seçkilərin 2019-cu ilin may ayına kimi keçiriləcəyi deyilirdi, lakin konkret tarix açıqlanmırdı.
Parlamentdə təmsil olunan siyasi qüvvələr seçkilərin keçirilməsinin qarşısını almağa çalışdılar. Ekspertlərin sözlərinə görə, buna səbəb keçmiş iqtidar partiyasının və iki digər parlament qüvvəsinin əvvəlki sayda deputat mandatı qazanacaqlarına ümidlərinin olmamasıdır.
Müvafiq olaraq, keçmiş iqtidar Respublikaçılar Partiyasının təşəbbüsü ilə təcili olaraq parlamentin növbədənkənar iclası çağırılmış və reqlament haqqında qanun layihəsinə düzəlişlər qəbul edilmişdi. Həmin düzəlişlərə görə, parlament seçkilərin keçirilməsi qərarını ləğv edə bilərdi. Baş nazir əleyhdarlarının bu hərəkətlərini əksinqilab cəhdi adlandırdı.
Buna cavab olaraq baş nazir Paşinyan on minlərlə tərəfdarını yenidən küçələrə çıxardı. Onlar Milli yığıncağın binasını mühasirəyə aldılar, Nikol Paşinyan isə qanun layihəsinə düzəlişləri dəstəkləmiş siyasi qüvvələrlə danışıqlar apardı.
O, əleyhdarlarından onların ümumilikdə növbədənkənar seçkilərin keçirilməsinə qarşı çıxmamaları barədə şifahi razılıqlarını aldı. Sonradan həmin danışıqların iştirakçıları bildirdilər ki, yalnız seçkilərin keçirilmə vaxtı ilə razı deyillər.
Nikol Paşinyan ötən həftə ərzində əleyhdarları ilə danışıqları davam etdirdi. Əvvəlcə düzəşlişləri qəbul etmiş partiyalardan birinin lideri ilə memorandum imzalandı. Və Qagik Çarukyan rəsmən bəyan etdi ki, parlamentdə onun fraksiyasının deputatları növbədənkənar seçkilərə qarşı çıxmayacaqlar.
Seçkilərin məhz dekabrda keçirilməsi niyyətini Ermənistan Respublikaçılar Partiyasının bəzi deputatları da dəstəklədilər. Beləliklə, Nikol Paşinyan parlamentdə lazım olan sayda səs əldə edə bildi və parlamentin buraxılması prosesinə başlaya bilərdi. Bu yolda ilk addım onun istefası idi.
Baş nazirin istefasından sonra Milli Təhlükəsizlik Xidməti və yerdə qalan güc strukturları fövqəladə rejimdə işləyəcəklər. Bu gün bu məlumatı xidmətin başçısı Artur Vanetsyan təsdiqləyib. "Biz o fikirdəyik ki, rahatlaşmaq olmaz, bütün tədbirləri görməliyik ki, Ermənsitan ərazisində istənilən qanun pozuntusunun qarşısı alınsın". Vanetysan əmin edib ki, Milli Təhlükəsizlik Xidməti vəziyyətə nəzarət edir və ölkədə konstitusiya quruluşunun pozulmasına yol verməyəcək.
Analitik əlavə edib ki, bu müddət ərzində Paşinyan bir neçə mühüm məslədə nisbətən olsa da irəlləyişə nail oldu: "Hər iki faktor Paşinyana imkan verəcək ki, inqilabın növbəti mərhələsində islahatlara getsin. Təbii ki, bu islahatlar birbaşa Qarabağ münaqişənin həlli prosesi ilə aparılacaqsa, müsbət irəlləyişə nail olacaq. Əgər, Nikol Paşinyan hökuməti diplomatik masa arxasına keçib danışıqlara getməsə, Azərbaycan hərbi gücə üstünlük verəcək, bu da Paşinyanın cəmiyyət içində nüfuzdan düşməsi və hakimiyyətinin sonu deməkdir".
Ekspert həmçinin əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının növbəti iclası Moskvada keçiriləcək: "Bu barədə mətbuata açıqlamasında Rusiya Dövlət Dumasının MDB Məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib. Məlum olub ki, iclas oktyabrın sonunda keçiriləcək.
Bu xəbərin heç bir qeyri-adiliyi yoxdur - KTMT üzvü olan ölkələr vaxtaşırı qurumun iclaslarını keçirirlər. Məlumatın maraqlı tərəfi odur ki, bu iclasın əvvəlcədən Ermənistanda keçirilməsi qərara alınmışdı. Lakin birdən-birə onun yerinin və vaxtının dəyişdirilməsi diqqət çəkir. L. Kalaşnikov iclasın Moskvaya köçürülməsinin səbəbi kimi Ermənistandakı növbədənkənar parlament seçkisini göstərib. Lakin bir müddət əvvəl bu ölkənin mətbuatı KTMT-nin İrəvanda keçirilməsi nəzərdə tutulan iclasının ləğv edildiyini və bunun Ermənistanın cəzalandırılması olduğunu yazmışdı.
Hazırkı proseslərin müşahidəsi ikinci versiyanın həqiqətə daha yaxın olduğunu düşünməyə əsas verir. Belə ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövrdə, hər nə qədər gizlədilməyə cəhd edilsə də Ermənistanla Rusiyanın münasibətlərində gərginliyin getdikcə dərinləşdiyi açıq hiss edilməkdədir. Görünür, Rusiya forpostunun ondan uzaqlaşmaq istəyinin qarşısını siyasi yolla almağın real olmadığını başa düşdüyündən artıq real təzyiq metodlarına əl atmağa məcbur olub".
Onun sözlərinə görə, bu baxımdan Rusiyanın İrəvandakı ticarət nümayəndəsi Andrey Babkonun da dünən mətbuatda yayılan fikirləri diqqətçəkəndir: "Babko açıqlamasında bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdən sonra İrəvandan Rusiya əleyhinə səsləndirilən fikirlər bu ölkənin iqtisadi vəziyyətinə mənfi təsir edib. Rusiya nümayəndəsinin fikrincə, son dövrdə Ermənistan iqtisadiyyatındakı Rusiya investisiyasının hiss olunacaq dərəcədə azalıb: "Siyasi-iqtisadi islahatlar apararkən bir sıra amillər unudulmamalıdır. Erməni siyasətçiləri Ermənistan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu görməlidirlər. Məsələn, Rusiya iqtisadiyyatının dörddə üç hissəsinə Rusiya şirkətləri nəzarət edir. Bu baxımdan, diqqətli olmaq lazımdır".
Babko açıq şəkildə ermənilərə başa salmağa çalışıb ki, Ermənistandakı əsas şirkətlərin böyük əksəriyyəti Rusiyaya məxsusdur. Bir sözlə, Ermənistanın özü kimi iqtisadiyyatı da Rusiyanın nəzarətindədir. Bu baxımdan Rusiya nümayəndəsinin "diqqətli olmaq lazımdır" ifadəsi əslində "özünüzü yığışdırın" kimi başa düşülməlidir.
Bu arada Ermənistana daha bir iqtisadi sanksiya xəbərdarlığı da ABŞ-dan gəlib. Ermənistanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, İranla ticarət məsələsində Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcək: "ABŞ-ın İrana qarşı sanksiyaları bilərəkdən bir neçə sektor və müəyyən şirkətlərə qarşı yönəldilib. Burada söhbət ticarətlə məşğul olan kiçik treyderlərdən getmir. Lakin erməni şirkətləri Gürcüstan və Azərbaycan şirkətləri kimi müştərilərinin kim olduğunu anlamalıdırlar. Biz şirkətləri müəyyən İran təşkilatları ilə ticarət münasibətlərinə girməməyə çağırırıq. Ona görə ki, bu şirkətlər sanksiyalar altına düşə bilər".
Burada bir faktı xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanda Azərbaycanla bağlı bənd sənəddən çıxarılmışdı. Bu, ölkəmizin beynəlxalq müstəvidə Ermənistanla müqayisədə hansı gücə və nüfuza malik olduğunun daha bir təzahürüdür. Ermənistan isə dünya üçün nə qədər əhəmiyyətsiz bir ölkə olduğunu göz qabağındadır".
Analitik "əvvəla onu qeyd edim ki, Paşinyanın KTMT-nin erməni baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açması Rusiya tərəfindən özünə qarşı hörmətsizlik kimi qiymətləndirildi",- deyə əlavə edib: "KTMT üzvü olan ölkələr vaxtaşırı qurumun iclaslarını keçirirlər. Məlumatın maraqlı tərəfi odur ki, bu iclasın əvvəlcədən Ermənistanda keçirilməsi qərara alınmışdı. Lakin birdən-birə onun yerinin və vaxtının dəyişdirilməsi diqqət çəkir. Kalaşnikov iclasın Moskvaya köçürülməsinin səbəbi kimi Ermənistandakı növbədənkənar parlament seçkisini göstərib. Lakin bir müddət əvvəl bu ölkənin mətbuatı KTMT-nin İrəvanda keçirilməsi nəzərdə tutulan iclasının ləğv edildiyini bildirib. Yuxarıda bəhs etdiyimiz kimi əslində İrəvanda keçirilməsi nəzərdə tutulan iclasının ləğv edilməsinə əsas səbəb Rusiyanın öz NATO-su olaraq gördüyü KTMT-na qarşı edilmiş hörmətsizliyin bir cəzası olaraq qiymətləndirilməlidir. Təbii ki, Rusiyanın İrəvana təyziqlər göstərməsi və Azərbaycanla olan münasibətlərini yüksələn xətlə inkişaf etdirməsi ondan xəbər verir ki, Bakı öz mövqeyini xeyli dərəcədə gücləndirib. Rusiya ilə Ermənistan arasındaki münasibətlərin gərgin və ölkəmizin Kremlə münasibətlərinin belə bir yüksək səviyyədə olması bizə imkan verir ki, Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllinə nail olaq".

Əli