“Ərəb əlifbası türk sənətkarlarının əlində” Layihə

“Ərəb əlifbası türk sənətkarlarının əlində”

Seyfəddin Mənsimoğlu: "Əsil yaradıcı adam gərək həyatı ciddi şəkildə öyrənsin"

Seyfəddin Mənsimoğlunun imzası artıq Azərbaycanın hüdudlarından kənarda da tanınmaqdadır. Hətta Şərq ölkələrindən gəlmiş tanınmış mütəxəssislər də etiraf ediblər ki, hazırda əsərləri dünyada tanınan Seyfəddin Mənsimoğlu (Məmmədvəliyev) ağac üzərində xəttoyma üzrə yeganə sənətkardır. Onun yaradıcılığında Şərq ruhunun qədim ənənələri duyulmaqdadır. Bu, onun həyata-yaşama, dünyaya, başlıcası, insana, insanlığa özünəməxsus münasibətinin ifadəsidir. Seyfəddin Mənsimoğlunun üslubu bundan sonra populyarlaşma mərhələsini yaşayacaq. Bu gün keçmişə, qədimliyə, sabaha münasibət məsələsilə bağlı xalqlar daha da ciddi şəkildə düşünməkdədilər. Onun yaradıcılığı artıq məktəbə çevrilməkdədir. Seyfəddin Mənsimoğlu haqqında sənədli film də çəkilib, dəfələrlə Azərbaycan televiziyasında nümayiş etdirilib. O, həm də istedadlı fotoqrafdır, uzun illərdir Əlyazmalar İnstitutunda fotoqraf kimi çalışır.
Onun əsərlərinə və xarakterinə bələdlikdən belə təsəvvür yaranır ki, ağac üzərində xəttoyma sənətilə məşğul olmağı heç də təsadüfi deyil. Müsahibim danışır ki, 1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub: "Təbiidir ki, bu gün ağac üzərində xəttoyma ustası kimi tanınmağımda doğulduğum mühitin xüsusi təsiri olub. Ağlım kəsəndən bu qənaətdə olmuşam ki, canında, qanında yaradıcılıq ab-havası olan insan üçün zamanın, mühitin rolu danılmazdır. Yadımdadır, uşaq vaxtı hər il Ermənistan tərəfdə yerləşən yaylağa gedərdik. Gorus tərəfdə təpənin sinəsində iri bir daş parçasının təbii formasını təbiətin möcüzəsi kimi anlayırdım. Bu məqam indi də yadımdan qətiyyən çıxmır. Həmin hadisədən 20-25 il sonra ora yolum düşdü. Mənə elə gəldi ki, daş xatirimdə olan formadan kiçilib. Amma bununla belə həmin daş əvvəlki kimi yenə də ruhumdadır.
Pafoslu çıxmasın, bu 70 ildə ardıcıl olaraq dünya mədəniyyəti, incəsənətinin soraqlarını öyrənmişəm, Şərqdə bu sənətin izlərini axtarmışam. Bunu mən demirəm; Türkiyədən, İrandan, ərəb ölkələrindən gəlmiş çoxlu mütəxəssislər işlərimə baxıblar, heyranlıqlarını gizlətməyiblər. Onlar etiraf ediblər ki, bu vaxtacan ağac üzərində bu həcmdə, dərinlikdə, geniş əhatəli, özünəməxsus işlər olmayıb. Mütəxəssislər xüsusən əsərlərimin dəqiqliklə ekiz olduğunu da qeyd ediblər.
Hətta bir dəfə Türkiyədən müfti gəlmişdi, institutda nümayiş etdirilən işlərimə baxandan sonra mənimlə çox böyük heyranlıqla görüşdü, dedi ki, əsil sənətkar əlini sıxdığıma görə özümü xoşbəxt hesab edirəm. Fikirləşdim ki, yəqin Türkiyədə belə bir sənət yoxdur ki, bu, belə danışır. Həmişə məni burada işləməyə ruhlandıran şəxslərə rəhmət oxuyuram ki, nə yaxşı, burada işləmişəm. Fotoqraflıq işi ilə məşğulluğum qədim əlyazmaları, Şərq ruhunu öyrənməyimə çox kömək etdi. Ərəb əlifbası yaradıcı adam üçün geniş imkanlara malikdir. Fikirləşdim ki, bu əlifba ilə nəsə orijinal bir iş görmək olar. Bir kitab diqqətimi cəlb etdi. Orada yazılmışdı: "Ərəb əlifbası türk sənətkarlarının əlində".
Bu söz mənim sonralar görəcəyim işlər üçün bir açara çevrildi.
İlk işimin məzmunu belə idi ki, Allah hər şeydən xəbərdardır. Görünür, belə bir mövzuya müraciət etməyim uğurlu oldu, baxanlar tərəfindən yüksək qiymətləndirildi. İstitutun direktoru, mərhum Cahangir müəllim o zaman məmnunluqla işlərimə baxdı, dedi ki, Seyfəddin, yaxşı olardı sən Azərbaycan klassiklərinin adlarını yazaydın. Bu yöndə artıq xeyli işlərim var".
Onun yaradıcılığı əhatəliliyi ilə diqqəti cəlb edir: "Yaradıcılığımda Türk Dünyasının tanınmış simalarının adları, yaradıcılığı ilə bağlı məqamlar öz ifadəsini tapıb. Məsələn, belə şəxsiyyətlərdən biri - 16-cı əsrdə cığatay dilində yazan ilk qüdrətli türk şairi Əlişir Həvainin adını yazdım, sözə aid fikrini də ağac üzərində işlədim. Həvai deyir ki, könül bir dəryadır, onun incisi sözdür.
Onu da deyim ki, əsərlərimi əski əlifbada, amma Azərbaycan türkcəsində yazıram.
Daha sonrakı əsərlərimin içində "Babur şah" xüsusi yer tutur. Babur şah Hindistanda hind-türk imperiyasını yaradan böyük bir şəxsiyyət olub. Onun ruhumu oynadan fikirləri belə bir əsəri yaratmağıma səbəb oldu. Babur şah haqında bir fikrə rast gəldim. Orada deyilirdi ki, Babur əsgərlərinin və özünün türk olmasıyla fəxr edirdi. Babur şah Miyanə əmirliyinə məktub yazaraq xatırladır ki, siz yaxşı olar, türklərlə qovğaya girməyəsiniz, çünki türklərin necə bir döyüşkən xalq olması hər kəsə məlumdur. Əgər deyilənlərə qulaq asmasanız, başqalarının başına gələn sizin də başınıza gələ bilər".
S.Mənsimoğlu ixtisasca rəssamdır: "5 il Əzimzadə adına Rəssamlıq Texnikumunda təhsil almışam. O dövrdən az da olsa işlərim qalıb, amma səviyyə məni qane eləmir. Həmişə bu fikirdə olmuşam ki, bəstəkarlıq, rəssamlıq, şairlik kimi sənətlərlə məşğul olmaq üçün fitri qabiliyyət lazımdır. Belə çıxır ki, hələ mənim üçün o an yetişməmişdi. Sonradan oğlum istedadlı bir rəssam oldu, demək olar ki, onun üçün bünövrə oldum. Hər halda rəssamlığın rəngkarlıq sahəsilə məşğul olmaq mənim üçün geniş üfüqlər vermədi. Sonralar o texnikuma yolum düşəndə öz-özümə fikirləşirdim ki, Seyfəddin, 5 il bu pillələri boşuna düşüb-çıxdın. Sonra fikirləşdim ki, indiki bu işləri görməyim üçün məhz rəssamlıq təhsili almağım lazım imiş. Əsil yaradıcı adam gərək həyatı ciddi şəkildə öyrənsin, təhlil eləsin. Bu sənətə meylimə görə indiyə qədər məni narahat edən hisslərimə borcluyam.
Yəni başımı aşağı alıb foto ilə məşğul olardım. Arada kəndə də getdim, 3 il orada müəllim işlədim. Gördüm ki, ağac üzərində xəttoyma sənəti ilə məşğul olmamaq mümkün deyil. Bir daha anladım ki, hər kəsə bu dünyada bir ömür payı verilir. Gərək insan bu ömrü aqibətinin tələbinə uyğun yaşasın".
O, 48 yaşında ağac üzərində xəttoyma sənəti ilə məşğul olmağa başlayıb: "Hər halda arzularımı bu mənada reallaşdırdım. Düzdür, insanın arzuları çox olur, amma ən əsaslarından heç olmasa müəyyən qisminin həyata keçməsi, reallaşması hər kəsə nəsib olmur. Bu yaxınlarda qəflətən bərk xəstələndim. Ağlımdan keçən bu oldu ki, mənim yaşımda olanlar hər şeyə hazır olmalıdır. İnsan daim əbədi işlər görməyə özünü kökləməlidir. Artıq hiss etdim ki, gördüyüm işlərə görə dünyadan rahat gedə bilərəm. Hər gördüyüm işimi sonuncu işim hesab edirəm. Çalışıram ki, dünənki işdən bugünkü işimi daha səliqəli görüm. Hiss edirəm ki, bu gün əvvəlki dövrlərdən fərqli olaraq daha da təkmilləşmişəm. Bu, o deməkdir ki, insan püxtələşdikcə işi daha da kamilləşir".
İnsan mümkün qədər dünyadan arzusuz getməyə nail omalıdır. Bu, nə qədər çətin olsa da mümkündür: "Baxır ki, bu arzunu, istəyi kim reallaşdırır. Hər halda arzularımı realaşdırmaq üçün daim inadlı olmuşam, anlamışam ki, bir an da olsa, rahat durmaq olmaz".
O, həm də fotoqrafdır. Fotolarında da özünüzəməxsus dəsti-xətti aydınca sezilir. Deyir ki, fotoqraflıqla məşğul olmaq da haradasa aqibət işidir: "50-ci illərin axırlarında bir fotoqrafın gördüyü işlərə baxmaqla bu sənətin sirlərini öyrənmişəm. Rəhmətlik Məmmədağa müəllim məsləhət gördü ki, nə öyrənsən, özün öyrənəcəksən. Mən də gecə-gündüz çalışdım, sənətimin sirlərini mənimsədim. Əlyazmalar İnstitutunda fotoqraf işləmək də asan məsələ deyil. Fotoqraflıqla məşğul olmaq mənə ağac üzərində xəttoyma işində çox kömək edib. Füzulinin əsərlərini oxuduqca onunla bağlı əsərimin artıq təkmil variantının yaranmasına səbəb oldu. Hər dəfə Füzulinin heykəlinin yanından keçəndə deyirəm ki, səni yaradanın başına dönüm, səndən sonra sənə çatası şair yoxdur. Füzulini 5 dəfə ayrı-ayrı kompozisiyada işləmişəm. Onun qəzəlinin əsasında "Məhəmməd Füzuli" yazdım. Bu məqamda fotodan istifadə etdim".
Bu gün foto nə qədər inkişaf etsə də, rəssamlığın yerini vermir. Amma təbiidir ki, hər birinin öz yeri var. Foto insan əməlini, onun xatirəsini, məhz həmin anı əbədiləşdirir: "Fotoqrafçılıq da sırf yaradıcı bir işdir. Ona barmaqarası baxmağın əleyhinəyəm. Görürsən, istedadlı bir fotoqraf bir şairin elə bir şəklini çəkib onu kəşf edir ki, əslində bu, onun yaradıcılığına, gözəl bir beytinə bərabər olan iş kimi xarakterizə edilir. Ola bilər, kimsə onun texniki yollarını bilsin, amma insanın bu sənətlə məşğul olması istisnasız olaraq fitrət halı ilə bağlıdır.
Aşıq Ədalətin də şəklini çəkmişəm, mənə çoxları dedi ki, bunu niyə belə çəkmisən, heç sifəti görünmür. Dedim ki, mən onun musiqiyə qaynayıb-qarışan vədəsini çəkmişəm".
Bu gün demək olar ki, hamı şəkil çəkir. Sənəti bu dərəcədə qiymətdən salmaq olmaz. Bu gün müğənnilərin də sayı çox artıb, həmçinin foto ilə məşğul olanların. Görürsən ki, yüz il əvvəl çəkilən şəkillər 10-15 il əvvəl çəkilən şəkillərdən daha yaxşı qalıb. İndiki şəkillərin keyfiyyəti əvvəlkilərdən aşağıdır. Fotoqraf çox duyumlu olmalıdır. Mərhum şair Bəhmən Vətənoğlunun şəklini çəkmişdim; o qədər xoşuna gəlmişdi ki, bu barədə dönə-dönə məmnunluğunu bildirmişdi. Ümumiyyətlə, gərək yaradıcı adam hər sahədə öz sözünü desin".
Azərbaycan ruhu çox qədimlərə söykəndiyi dərəcədə həm də özünəməxsusdur. S.Mənsimoğlu deyir: "Bayatılarımız, muğamlarımız, miniatür sənətimiz, xalçalarımız əzəmətli təmələ malikdir. Sağlıq olsun, ömür imkan versə, bu mövzularda da nəsə yaradacağam. Bir əsərimdə Xudafərin körpüsü ilə sazımızı birləşdirmişəm. Saz burada ucalıq, birləşdirici rol oynayır. Demək istəmişəm ki, güneyli soydaşlarımızla aramızda tikanlı məftillər olsa da, amma musiqi ilə bu bağlılıq yaranıb, heç vaxt da kiminsə bu bağlılığı qırmağa gücü çatmayacaq.
Sağlıq olsun, Babəkə həsr olunmuş əsər də yaradacağam. Babək o boyda ərəb xilafətinə qarşı 23 il mübarizə apardı. Onun yenilməzliyini etiraf etməmək böyük günah olardı. Səid Həfisi Babəkimizi istənilən səviyyədə təqdim edə bilməyib. Həfisi Babəkin əzəmətini tam verə bilməyib. Hər halda əsərlərim sabaha qalacaq, bu, mənim üçün hər şeydir".

Uğur