İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı Layihə

İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı

3-cü yazı

Baş komandan A.P.Yermolovun 1825-ci il sentyabrın 13-də general-leytenant Velyaminova göndərdiyi məktubda da bu məsələ ətraflı təsvir edilmişdir. O, yazırdı ki, "...bizə məxsus olmayan torpaqlarda əhalinin məskunlaşmasını qadağan etməyə hüququmuz yoxdur. Bizə məlum deyil ki, bu əmri Abbas Mirzə verib. Siz zat-aliləri sərdarın hərəkətinə onun özbaşnalığı kimi yanaşsanız da, sözlərinizdə Abbas Mirzəyə hörmətlə yanaşın. Sərhəd məsələsinin qurtarmasına qədər və Göyçə gölünün ətrafında yerləşən torpaqların, bizə məxsus digər torpaqların danışıqlarının getdiyi və dostluq münasibətlərinin yarandığı vaxt Böyük Seytanağac çayının mənsəbinə qədər yaşayış məskənləri salmaq lazım deyil. ... Bizim izah etməyimizə baxmayaraq, gözləmək olar ki, iranlılar (irəvanlılar-E.Q.) yaşayış məskənləri salmaqda inad edəcəklər. Onda Qazax pristavına yazmaq olar ki, Dilican dərəsində gözətçilərin sayını artırsın, yaxınlıqda kənd salsın. O vaxta qədər polkovnik Sevarsamidze qar yağanda Balıqçay çayının ətrafında bir topa malik 200 piyada əsgərdən ibarət gözətçi məntəqəsi yaratsın. Belə vəziyyətdə İrəvan kəndlilərinin hərəkəti azalacaq, kəndlilərin özü burada qalmaq istəməyəcəkdir. Əgər sərdar bizə ehtiraz etsə ona cavab vermək olar ki, onlar gölün sahilini və Balıqçay çayının mənsəbini tutduğundan, sonrakı torpaqları tutmağa hüquqları yoxdur.
Sərdar səfehliyindən, özünün qaba və həyasız hərəkətindən əl çəkməyəcək. Hətta gözləmək olar ki, bizim gözətçi məntəqələrinə silahlı hücum əmrini versin. Hər halda biz narazılığın başlanmasının səbəbkarı olmayacağıq. Belə halda ehtiyatla gözətçi məntəqəsini Tiflis piyada alayı hesabına gücləndirmək lazımdır". Sənəddən görünür ki, ruslar özləri hiyləgərcəsinə vəziyyəti gərginləşdirir, İrəvan xanı isə özü də bilmədən bu hiylənin qurbanı olmuşdu.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, rus komandanlığının Göyçə ətrafı torpaqları əldən vermək istəmədiyini görən Hüseynqulu xan ruslara məxsus gözətçi məntəqələrini zor gücünə dağıtmaq fikirinə düşdü. 1825-ci il noyabrın əvvəlində irəvanlıların kiçik süvari dəstəsi Göyçə ətrafında yerləşən rusların gözətçi məntəqəsinə qəflətən hücum edərək, burada yerləşən rus dəstəsini geri çəkilməyə məcbur etdi. Gözətçi məntəqəsi İrəvan qoşunu tərəfindən yandırıldı. Lakin A.P.Yermolovun əmrinə əsasən, oraya topla təhciz edilmiş piyada alayı göndərildi. Bundan sonra rus qoşunu Göyçə sahilindəki gözətçi məntəqəsini yenidən geri qaytarmağa nail oldu. Belə olduqda Hüseynqulu xan hiyləyə əl ataraq polkovnik knyaz Sevarsamidze ilə danışığa girdi və ondan ancaq Göyçə ətrafında süvarilərdən ibarət gözətçilərin saxlanmasını xahiş etdi. Polkovnik onunla razılaşaraq piyada alayını oradan çəkib apardı. Bundan istifadə edən dörd topa malik iki batalyon nizami İrəvan qoşunu yenidən hücuma keçdi. Lakin bu xəbəri eşidən polkovnik qoşunla geri qayıdır. Nəticədə İrəvan qoşunu ruslarla döyüşmək istəməyərək geri çəkilməyə məcbur olur. Rus komandanlığı qeyd edilən əraziləri nəinki boşaltmadı, əksinə A.P.Yermolovun əmrinə əsasən, Qazax pristavı Saqinov Dilican dərəsində yerləşən keşikçi məntəqəsini gücləndirərək, bu məntəqəni irəvanlıların yaşayış məntəqəsinə yaxınlaşdırdı. Balıqçay çayı ətrafında isə artilleriyası olan bir alay yerləşdirildi.
Lakin İrəvan xanı sərhəd məntəqələrini möhkəmləndirmək üçün müəyyən tədbir görə bilmişdi. İrəvana məxsus torpaqların heç cür əldən çıxmasını istəməyən Hüseynqulu xan ayrı-ayrı tayfaları sərhəddə yerləşdirməklə rus qoşununa qarşı mübarizədə onlardan istifadə etməyə çalışırdı. Hüseynqulu xan Qars paşalığı tərəfdən Şuragöllə sərhəddə Qafar xanın başçılığı ilə ayrumları və talınları, Abaran sərhəddində İsmayıl xanın başçılığı ilə seyidli və axsaqqallı tayfalarını, Pəmbək sultanlığı və Qazax distansiyaları ilə sərhəd xətti boyunca İsmayıl xanın və Mərdan xanın başçdığı ilə qarapapaq tayfasını, Göyçə mahalı tərəfdən, Şəmşəddil distansiyası, Yelizavetepol dairəsi (keçmiş Gəncə xanlığı-E.Q.), və Qarabağla sərhəd boyunca Nağı xanın başçılığı ilə digər qarapapaq tayfalarını yerləşdirmişdi.
İrəvan xanının bu hərəkəti əslində xanlığın müdafiə sistemini gücləndirməyə yönəldilmişdi. Rus komandanlığı isə Hüseyinqulu xanının bu tədbirini özləri üçün təhlükəli olduğunu bəhanə gətirərək əks tədbirlər görməyə başladı. 1826-cı ilin yazında iki alay piyada rus qoşunu Mirək kəndinə hücum edərək onu işğal etdi və burada hərbi istehkam xətti qurmağa başladı. Bu hadisə tərəflər arasında münasibətləri daha da gərginləşdirdi. Rus komandanlığının qanunsuz hərəkəti haqqında Hüseyinqulu xan Abbas Mirzəyə xəbər verdi. Həmin vaxt hər iki dövlət arasında mübahisəli torpaq məsələsini həll etmək üçün Rusiya şah sarayına knyaz Menşikovun başçılığı ilə xüsusi heyət göndərmişdi. Ona verilən təlimata görə, knyaz bu məsələnin müsbət həlli üçün şahı razı salmalı idi.
Heyət hələ yolda olarkən polkovnik Bortolomey müəyyən məsələ ilə əlaqədar olaraq Təbrizə gəlmişdi. Şahzadə onu yanına çağıraraq Mirək hadisəsi haqqında öz narazılığını bildirmiş və demişdi ki, "ruslar bir tərəfdən səfir göndərir, digər tərəfdən isə qoşun". Polkovnik onun bu sorğusuna cavab verə bilməmiş və geri qayıtmışdı. O, geri qayıdarkən Araz çayı sahilində knyaz Menşikovla rastlaşaraq vəziyyət haqqında məlumat vermişdi. Səfir isə Mirək hadisəsinin danışıqlara mənfi təsir göstərəcəyini yəqin edərək Velyaminovdan istehkamın tikintisini dayandırmağı xahiş etdi. Lakin tikinti dayandırılsa da, rus qoşunu Göyçə ətrafından çıxarılmadı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Knyaz Menşikov Tehrana göndərilməsinə baxmayaraq, müharibə labüd idi. Mirəkın rus qoşunu tərəfindən işğalı vəziyyəti daha da gərginləşdirmişdi. Rus qoşunlarının Göyçə ətrafı ərazilərdə möhkəmlənməsi Hüseynqulu xanı bərk qəzəbləndirmişdi. İrəvan xanı qoşunlarını sərhəddə cəmləşdirməyə başladı. Hətta xan səfirin xahişi ilə şahzadənin İrəvan qoşununu gölün ətrafından geri çəkmək göstərişinə də məhəl qoymamışdı. Hüseynqulu xanın Menşikov missiyasının tərkibinə daxil olan və əslən erməni Yefrem Kovalevə verdiyi cavab onun bu məsələdə qəti mövqeyinin bariz nümunəsidir. Hüseyinqulu xan demişdi: "Mən təəccüb edirəm ki, rus səfiri bir tərəfdən Nikolay Pavloviçi imperator kimi tanımasını xahiş edərək özü ilə çoxlu hədiyyə aparır, digər tərəfdən isə rus qoşunu bizim sərhəddi işğal edib. Mən şahzadənin göstərişini eşitmək istəmirəm. Əgər ruslar qoşunu geri çəkməsələr, burada duran qulluqçularımdan birini Tiflis qubernatoru, ikincisini komendant, üçüncüsünü isə polismeyester təyin edərəm". Beləliklə, Menşikovun missiyası da heç bir nəticə vermədi. Hər iki tərəfin güzətə getməməsi müharibənin qaçılmaz olduğunu bir daha göstərdi. Digər tərəfdən belə gərgin vəziyyətdə rus qoşununun Mirək kəndini işğal etməsi hər iki tərəf arasında olan münasibəti daha da ağırlaşdırmışdı. Rusların hiyləgər hərəkətindən bezmiş şah sarayı ilk olaraq hərbi əməliyyatlara başladı. 1826-cı il iyulun 19-da Abbas Mirzənin komandanlığı ilə 60 minlik şah ordusu Rusiya işğalı altında olan Azərbaycanın şimal hissəsinə hücum etdi. Beləliklə, ikinci Rusiya-İran müharibəsi başladı.
Qeyd etmək lazımdır ki, istər rus qafqazşünaslarının əsərlərində, istər sovet tarixşünaslığında, istərsə də müasir tarixşünaslıqda ikinci Rusiya-İran müharibəsinin başlanmasının əsl günahkarı birtərəfli olaraq Qacar İran dövləti olduğu bildirilir. Lakin dövrün mənbələrində bunun tam əksini sübut edən məlumatlara rast gəlmək mümkündür. Sənədlərə əsasən qeyd etmək olar ki, hər iki müharibənin başlanmasında heç də Rusiyanın az rolu olmamışdı. Ümumiyyətlə, Qafqazdakı rus qoşunlarının baş komandanları P.D.Sisianov və A.P.Yermolovun şöhrətpərəstliyi, mənəm-mənəmliyi, dikbaşlığı, kobudluğu, söyüşkənliyi, güzəştə getməmələri dövlətlərarası münasibətlərin gərginləşdirməsində mühüm rol oynamışdı. Məsələn, adi ordu generalı olan P.D.Sisianovun 1805-ci il martın 29-da Qacar İran dövlətinin başçısı Fətəli şaha yazdığı məktubu, onun dikbaşlığına, mənəmmənəmliyinə əyani sübutdur. O, məktubda rus qoşunlarının qələbələri ilə öyünərək şahın qarşıında dörd tələb irəli sürmüşdü: 1. Sizə əsir düşən bütün silahlı, silahsız və yaxud yaralı rus əsgərləri təhvil verilməli; 2.Yuxarıda deyildiyi kimi, əsir düşən bütün gürcü knyazları, zadəganları və tacirləri təhvil verilməli; 3. Tiflisin qarəti zamanı Ağa Məhəmməd şah tərəfindən İraklidən qənimət götürülmüş bütün toplar təhvil verilməli; 4.Sizin tərəfinizdən keçən əməliyyat zamanı vurulan ziyana görə rus pulu ilə 1 miliyon rubl ödəməli.
Bu tələblərdən sonra o, şaha hədə-qorxu gələrək yazırdı: "Onda İran sahilləri rahat və sakit qalacaq, siz alihəzrət Araz və Kür çaylarından şimal ərazilərə toxunmayacağınız təqdirdə Tehran külə döndərilməyəcəkdir". Belə hədə qorxu dolu məktublar Azərbaycan xanlarına, xüsusən İrəvan xanına da yazılmışdı. Hər iki Rusiya-İran müharibələrinin başlanmasında rus komandanlığının əsasən günahkar olması general adyutant Paskeviçin 1826- cı ildə çara göndərdiyi iki məktubundan da bəlli olmuşdu. Müharibənin başlanmasında A.P.Yermolovu günahlandıran Paskeviç Gəncə döyüşündə əsir düşmüş Cavad xanın oğlu Uğurlu xanın ifadələrinə əsasən, çara göndərdiyi birinci məktubunda yazırdı: "1. Gürcüstanda olan, Tiflisdən keçən bütün İran məmurları Abbas Mizəyə və şahın özünə Yermolovun yaramaz hərəkətləri, söyüş söyməsi haqqında məlumat verirdilər. 2. İrəvan sərdarı dəfələrlə general Yermolovdan və polkovnik Sevarsamidzedən məktub almışdı. Xüsusilə, Sevarsamidzedən alınan məktubda yuxarıda göstərilən ədəbsiz sözlər öz əksini tapmışdı. Belə məzmunlu məktubları tərgitməyi Abbas Mirzə Yermolovdan xahiş etmişdi. 3. Yermolov Göyçə gölünün şimal hissəsində yeni sərhədlərin çəkilməsini tələb edərkən, onun yanına göndərilən məmurların yanında tez-tez şəxsən şahın özünə və bütün İran xalqına ədəbsiz söyüşlər söyürdü. Məmurlar geri qayıdarkən bu haqda şaha məlumat verirmişdilər və xalq arasında yaymışdılar. Buna görə, din xadimləri ayağa qalxaraq şahdan müharibə tələb edirdilər.

Elçin Qaliboğlu