“Bunlar ürəyə gedən damar yolunda tıxanıqlıq yaradır” Gündəm

“Bunlar ürəyə gedən damar yolunda tıxanıqlıq yaradır”

“Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayı statistik göstəricilərə görə hər il artır, səbəbləri isə müxtəlifdir. Bunun qidalanma ilə əlaqəli olan hissəsinə toxunsaq, düzgün qidalanmaq nədir? İnsan yuxudan erkən oyanmalıdır, həyatında mümkün qədər fiziki aktiv olmalıdır, səhər yeməyini mütləq yeməklidir. Çünki səhər yeməyi bizi yüksək enerji ilə təmin edir. Günorta yeməyini də yemək lazımdır. Lakin axşam yeməyini sadələşdirmək lazımdır. Çünki saat 15:00 və 16:00-dan sonra yeyilən axşam yeməyinin tərkibindəki maddələr orqanizm tərəfindən xeyirə sərf edilmir, yalnız insana psixoloji rahatlıq verir. O baxımdan biz çalışmalıyıq ki, ən vacib olan maddələri səhər və günortaya qədər alaq”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

L.Süleymanova vurğulayıb ki, ancaq bəzi insanlar var ki, səhər və günorta yemək yemir: “Axşam isə beyin siqnalları mədəyə ötürülür, yemək vaxtı olduğunu bildirir. Yəni insan gün ərzində qida qəbul etmir və axşam o siqnallar daha da aktivləşir və insan durmadan yeyir. Belə insanların immuniteti düşür, ətraf mühitin infeksiyalarına qarşı immunitetləri aşağı olur, tez-tez xəstələnirlər və onlarda aşırı dərəcədə kilo artımı olur, qanda xolesterol artır. Bütün bunlar da ürəyə gedən damar yolunda tıxanıqlıq yaradır və ürək-damar xəstəliyinə gətirib çıxarır. Ona görə də insan sağlam olsun, çox yaşasın deyə mütləq birinci növbədə qidalanmasına diqqət etməlidir. İnsan nə qədər sağlam qidalanarsa özünü bir o qədər müxtəlif xəstəliklərdən sığortalamış olur”.

Röya İsrafilova