İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı Layihə

İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı

4-cü yazı

4. Keçən il payızda (1825-E.Q.) Mazaroviç axırıncı dəfə şahın qəbulunda olanda, şah ona padşah olduğunu və padşahla iş gördüyünü, Yermolovun şıltaqlığına görə heç bir arşın torpaq verməyəcəyini, əgər bu rus çarı üçün əhəmiyyətsizdirsə, onda o özü güzəştə getsin - cavabını vermişdi. Sonra Yermolovun yanına Tiflisə nüfuzlu məmur göndərilmişdi. Lakin ona (məmura-E.Q.) general Velyaminovla danışıqlar aparmaq tapşırılmamışdı.
5. Göndərilmiş nümayəndə geri qayıtdı, bunun ardınca Tiflisdən gələn rus ordusu mübahisəli əraziyə daxil olaraq xalqı oradan qovdu və burada qışlamağa başladı. Yazda isə Rusiya elçisi Tiflisə daxil olanda, onun tərəfindən ilk öncə polkovnik Bartolomey şah sarayına göndərildi. Məmur Təbrizdən keçərkən şahzadə rus qoşunlarının sərhəddi keçdiyini və Abaranda qala tikmələri haqqında İrəvan sərdarından məlumat aldı. Bu xəbərdən təsirlənən şahzadə o saat polkovnik Bartolomeyi yanına çağırıraraq deyir ki, ruslar bir tərəfdən nümayəndə, digər tərəfdən isə qoşun göndərirlər. Buna görə cənab Bartolomey işi dayandırmaq üçün geri qaytarıldı. O, Araz çayı yanında knyaz Menşikovla qarşılaşır və ondan qalanın tikintisini dayandırmaq üçün kağız alaraq Tiflisə gəlir. Lakin artıq bütün qoşunlar Göyçə sahilində dayanmışdı. Müharibə başlayır və bizimkilər (ruslar-E.Q.) 300 nəfər itki verərək geri çəkilir".
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, o, ikinci məktubda həm P.D.Sisyanov, həm də A.P.Yermolov haqqında maraqlı məlumat verilmişdi. Məktubda yazırdı: "Buradakı başçıların (Qafqazdakı rus qoşunlarının baş komandanlanı-E.Q.) şöhrətpərəstliyi Rusiyaya baha başa gəlmişdi. Sisianovun şöhrətpərəstliyi, böyük qabliyyətlə, qələbə və hiylələrlə himayəçiliyə keçirdiyi dörd xanlıq Rusiyaya 10 il müharibəyə başa gəlmişdi. İndiki başçının (Yermolov-E.Q.) şöhrətpərəçtliyi isə yeni müharibəyə gətirib çıxarmışdı. Bunu əsirlərin dəyişilməsi üçün razılıq əsasında yanına adam göndərdiyim Abbas Mirzə də təsdiq edir. Mənim fikirimcə, burada müharibənin başlanmasında Yermolovun müxtəlif hiylələri səbəb olmasilə hamı razıdır. Döyüşdə əsir alınmış gəncəli Uğurlu xan qorxudan bunu təsdiq etmiş və sonra məxfi ifadə vermişdi. Digər iranlılar və azərbaycanlılar indiki qızışan müharibə haqqında belə izahat verirdilər: Düzdür müharibəni biz (şah hökuməti-E.Q.) başlamışıq. Lakin Yermolovun bizə münasibətini görərək müharibəyə on ildir ki, hazırlaşırıq. Bizi silahlı olmağa məcbur edirdilər, sizin dayanmadan hücumunuzdan qorxaraq qoşun saxlamağa məcbur idik... Müharibənin başlanmasında rus qoşunlarının baş komandanı Yermolovun mənfi keyfiyyətlərinin böyük rolundan bəhs edən bu sənədlərdən əlavə, hadisələrin canlı şahidləri də bu haqda məlumat vermişlər. Belə şahidlərdən biri yazır ki, "Sülh münasibətlərinin olduğu vaxt iranlılar müharibə elan etmədən İrəvan tərəfdən qəflətən bizim torpaqlara yürüş etdilər. Çoxları bu müharibənin səbəbını şöhrət qazanmaq arzusunda olan Yermolovun fitnəkarlığında görürdü. O, şah sarayı ilə ədəbsiz rəftar edirdi, tez-tez onlara sataşır və hər cəhətdən ingilislərin İranda nüfuzuna mane olmağa çalışırdı. Şübhəsiz o, bizə lazım olan İrəvan xanlığına paxıllıqla baxırdı. Bundan əlavə, o dövrdə sərhəd xəttində yaşayan və İrəvan xanı tərəfindən müdafiə olunuan köçəri tatarlara (Azəri türkləri-E.Q.) və qarapapaqlılara həddini bildirmək istəyirdi". Beləliklə, qeyd edilən sənədlərdən görünür ki, müharibənin başlanmasında Rusiya tərəfinin də az günahı olmamışdı.
İrəvan torpaqlarını geri qaytarmaq üçün Hüseynqulu xan Rusiya ilə Qacar İranı arasında başlayan hərbi əməliyyatlardan yararlanmaq qərarına gəldi. 1826-cı il iyulun ortalarında İrəvan qoşunu dörd istiqamətdə Şuragöl və Pəmbəyə yürüşə başladı. Bu zaman İrəvan qoşunlarının sərhəddə düzümü belə idi: Hüseynqulu xanın başçılığı ilə 6 topa malik 2 batalyon, 3000 süvari dəstə Mirəkdə, İrəvan xanının qardaşı Həsən xanın başçılığı ilə 5000 nəfərlik qoşun Gümrü istiqamətində, 1000 nəfərə yaxın digər dəstə isə Göyçə gölü ətrafında cəmləşmişdi.
İlk yürüş 1826-cı il iyulun 16-da səhər tezdən başladı. Hüseyinqulu xanın başçılığı ilə 5 min nəfərlik İrəvan qoşunu Mirək kəndində yerləşən rus gözətçi məntəqəsinə hücum etdi. Həmin vaxt kənddə polkovnik knyaz Sevarsamidzenin başçılığı ilə 3 topa malik 650 nəfərdən ibarət rus qoşunu var idi. İrəvanlıların qəfl hücumu polkovniki çaşdırdı. O, vaxt qazanmaq üçün bir ermənini məktubla xanın yanına göndərərək, ondan bu hücumu dayandırmağı xahiş etdi. Lakin elçiyə xəbər verilir ki, xan knyazla danışıq aparmağa ehtiyac bilmir və onun özünü məhv etmək niyyətindədir. Hüseynqulu xan Sevarsamidzeni öldürənə 3 min çervon miqdarında mükafat təyin etmişdi. İrəli atılan İrəvan süvariləri ilk hücumda 9 kazakı əsir götürdü. Hüseyinqulu xan rusların Gümrü ilə əlaqəsini kəsməklə onları məhv etmək niyyətində idi. Lakin knyaz xanın bu niyyətini başa düşərək düşərgəni tərk etmək qərarına gəldi. Beləliklə, o, İrəvan qoşununun təqibi altında qoşunla Gümrüyə gəlib çatdı. Bu hücumda xeyli rus əsgəri öldürüldü, rus alayına məxsus 450 at ələ keçirildi.
İkinci İrəvan qoşunu Həsən xanın başçılığı ilə Şuragöl sərhəddində cəmləşmişdi. Onun süvari dəstəsi eyni vaxtda Kiçik Qarakilsə kəndində yerləşən rus gözətçi məntəqəsinə hücum etdi. Bu əməliyyatda İrəvan qoşunu kəndi ələ keçirərək onu yandırmış, 150 nəfər əsir almış, çoxlu mal-qara və ruslara məxsus ilıxını qənimət götürmüşdü. Digər tərəfdən xan şuragöllüləri İrəvana köçürmək üçün hiyləyə əl atdı. Xanın adamları əyalətin ruslar tərəfindən guya İrəvana güzəşt ediləcəyi şayəsini yaymağa başladı. Şuragöl hakimi Budaq Sultan bu çağrışa müsbət cavab verdi. Əhalini köçürmək üçün Həsən xan sultanın yanına Hamo və Qafar xanın başçılığı ilə 300-ə qədər atlı dəstəsi göndərdi. Lakin İrəvan xanı əhalini öz tərəfinə çəkə bilmədi. Yalnız Budaq Sultana yaxın altı ailə İrəvana köçürüldü.
İyulun 16-da İrəvan xanlığının min nəfərdən ibarət digər dəstəsi Böyük Qarakilsə kəndindən 18 verst aralıda, Qəmzəçəmən çayı kənarında yerləşən rus gözətçi məntəqəsinə hücum etdi. Burada yerləşən məntəqə tamamilə dağıdıldı, 15 əsgər öldürüldü və Tiflis piyada alayına məxsus ilıxı ələ keçirildi. Gümrüdə mövqe tutmuş Sevarsamidzenin gördüyü tədbirlər də bu hücumun qarşısını ala bilmədi. O, podporuçik Çavçavadzenin başçılığı ilə 30 nəfər piyada və 50 nəfər borçalılardan ibarət süvari dəstəni köməyə göndərdi. Lakin bu dəstə də darmadağın olundu, podporuçik ancaq 19 nəfər borçalı süvarisi ilə geri qayıtdı.
Dördüncü İrəvan qoşunu Sadıqlı kəndində yerləşən gözətçi məntəqəsini dağıdaraq, Balıqçayın kənarında yerləşən rus məntəqəsini hər tərəfdən mühasirəyə aldı. Balıqçay gözətçi məntəqəsi rus komandanlığına çox vacib idi. Çünki bu məntəqə İrəvan və şah qoşunlarının Qazax, Borçalı, Şəmşəddil əyalətlərinə gedən yolun üzərində bir maneə idi. Burada kapitan Pereverzyevin başçılığı ilə Tiflis alayının bir bölüyü yerləşmişdi. Bu gözətçi məntəqəni gücləndirmək üçün A.P.Yermolov iyulun 26-da tiflis alayının 160 nəfərdən ibarət bir dəstəsini kapitan Voronkovun başçılığı ilə Balıqçaya göndərdi. Bu dəstə oraya ərzaq və artilleriya aparırdı. İyulun 27-də onlar məntəqəyə çatmamış 1000 nəfərdən ibarət İrəvan süvarisi tərəfindən mühasirəyə alındı. Döyüş nəticəsində kapitan Voronkovun dəstəsi irəvanlılar tərəfindən məhv edildi. Onlardan 17 nəfər yaralanaraq əsir düşür,
38 nəfər qaça bilir, qalanları isə öldürülür. Rus komandanlığı bu məğlubiyyətin səbəbini dəstədə olan qazaxlılardan ibarət süvarilərin xəyanətində görürdü. Qazax distansiyasının pristavı Snejevskinin rəhbərliyi altında olan 40 nəfərdən ibarət qazax süvari dəstəsi rusları aldadaraq onları birbaşa irəvanlıların üzərinə aparmış və ilk atəş açılan kimi döyüş meydanından qaçmışdılar. Kapitan Voronkovun dəstəsinin məhv edilməsi, ərzaq və sursatın irəvanlılar tərəfindən ələ keçirilməsi Balıqçayda olan rus dəstəsini çıxılmaz vəziyyətə saldı. Vəziyyətin qorxulu olduğunu başa düşən kapitan Pereverzyev buranı tərk etmək qərarına gəldi. Onun əmri ilə 2 topa malik 300 nəfər piyada dəstə iyulun 28-də gecə ikən Balıqçayı tərk edərək Böyük Qarakilsə kəndinə çəkildi.
Çox qısa vaxt ərzində Hüseynqulu xanın qoşunu Gümrü və Böyük Qarakilsəni çıxmaqla, sərhəd boyu bütün rus gözətçi məntəqələrini ələ keçirdi. Lakin Hüseynqulu xan bu qələbəni axıra çatdıra bilmədi. Belə ki, İrəvan xanı Göyçə ətrafında dayanaraq Abbas Mirzəni gözləməyə başladı. Şahzadə 1826-cı il iyulun 19-da güclü qoşunla Cənubi Qafqaza hücum etmişdi. O, Gəncəni geri alacağı təqdirdə Hüseynqulu xan qoşunu ilə onunla birləşərək Tiflisə yürüş etməli idi. Göyçə ətrafında şah qoşununu gözləmək xanın bağışlanılmaz səhvi idi. Digər tərəfdən rus gözətçi məntəqələrini mühasirəyə alan ayrı-ayrı İrəvan qoşunu arasında əlaqə yox idi. Bundan istifadə edən rus dəstələri isə itki verməsinə baxmayaraq birləşə bilmişdi.
İrəvan qoşununun bütün sərhəd boyu hücuma keçməsi sərhəddə yerləşən rus qoşununu pis vəziyyətə saldı. Bu xəbəri alan A.P.Yermolov knyaz Sevarsamidzeyə nəyin bahasına olur olsun Pəmbək və Göyçəyə gedən yol üzərində yerləşən Böyük Qarakilsə kəndini əldə saxlamasını əmr etdi. Bu əmri alan knyaz iyulun 18-də Gümrüdə polkovnik baron Fridriksin başçılığı ilə 4 topa malik 700 nəfər dəstə, bundan əlavə Bəykəndində, Hamamlıda, Cəlaloğlunda və Balıqçayda kiçik dəstələr yerləşdirərək Böyük Qarakilsə kəndinə doğru hərəkət etdi. Rus qoşununun bir hissəsinin Güirüdən getməsi irəvanlıları daha da ruhlandırdı. Onlar Gümrünü sıx mühasirəyə aldılar. İrəvanlılar hər tərəfdən ərzaq gələn yolları bağlamışdı. İrəvan qoşununun güclü təzyiqi altında acınacaqlı vəziyyətə düşən rus qoşunu baron Fridriksin əmri ilə Böyük Qarakilsəyə geri çəkilməyə məcbur oldu. Geri çəkilərkən Bəykəndində və Hamamlıda yerləşən dəstələr də onlara qoşuldu.


Elçin Qaliboğlu