Mediada əxlaq və davranış prinsipləri Layihə

Mediada əxlaq və davranış prinsipləri

Hər bir jurnalist əxlaq kodeksinin tələblərinə riayət etməlidir

I yazı

Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanunun pozulması halları bu gün cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Bunun üçün isə mətbuat orqanları mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməlidir.
Qeyd edək ki, bu tələb Mətbuat Şurasının "Jurnalistlərin peşə əxlaqı kodeksi"ndə öz əksini tapıb və "Diffamasiya haqqında" qanun layihəsində də nəzərdə tutulub. Bundan əlavə, qurum ATƏT-lə birgə layihəsi əsasında həmin kodeksi daha da təkmilləşdirib. Kodeksə əməl olunması kütləvi informasiya vasitəsinin nə dərəcədə müstəqil olmasından ciddi surətdə asılıdır. Əsasən kodeksə əməl olunur. Kodeksə əməl olunmasa, həmin yazılarla bağlı ayrı-ayrı vətəndaşlar, vəzifəli şəxslər Mətbuat Şurasına müraciət edərlər. Qurum öz iş prinsipini həmin kodekslər əsasında qurub. Media ekspertlərinin fikrincə, jurnalistikada əxlaq kodeksi məsələsi nəzəri cəhətdən xeyli işlənsə də praktik cəhətdən xeyli problemlər mövcuddur.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli hesab edir ki, Azərbaycan jurnalistikasında peşə etikası xeyli vaxtdır ki, tətbiq olunmağa başlayıb. Belə ki, müxtəlif kitablar buraxılıb, jurnalistika fakültəsi müəllimlərinin kitablarında peşə etikası ilə bağlı problemlər qoyulub və nəzəri-praktik cəhətdən xeyli dərəcədə öz həllini tapıb.
"Azərbaycan mətbuatı dünya təcrübəsinə söykənir. Bütün bunlarla bərabər Azərbaycan jurnalistikasında peşə etikası ilə bağlı ciddi problemlər var. Belə ki, etik normaları bilməyə çalışmayan, dünya təcrübəsinə söykənmək istəməyən jurnalistlər var ki, sözün mənfi mənasında sərbəst hərəkət edirlər, nəticədə də peşə etikası pozulur. Peşə etikası normaları beynəlxalq aləmdə o qədər önəmli şəkil alıb ki, bunu "KİV haqqında" qanuna da əlavə etməyə başlayıblar. Dəqiqlik, qərəzsizlik, tərəfsizlik, obyektivlik, vicdanlılıq və s. qaydalar bir neçə il bundan əvvələ qədər yalnız peşə etikasına aid idisə, indi "KİV haqqında" qanunlara da əlavə olunmağa başlayıb".
C.Məmmədli hesab edir ki, peşə etikasına əməl etmək xeyli dərəcədə çətindir, çünki bu, vicdan işidir: "Hər kəsin də vicdanı dediyimiz bu prinsipləri qəbul etmək gücündə deyil. Qəzetlərimiz bəzən populyarlıq xətrinə təhqirə də, böhtana da gedirlər. Bu baxımdan peşə etikasına əməl etməyən qəzetlərimiz çoxdur". C.Məmmədlinin fikrincə, müəyyən müddət keçəndən, demokratik dəyərləri tam qəbul edəndən sonra peşə etikasına əməl etməyən qəzetlərə əhəmiyyət verilməyəcək: "Yalan danışan, böhtan atan, sensasiya xətrinə işləyən qəzetlər bir neçə il oxunur, sonra isə onların oxucusu olmur".
Mətbuatda peşə etikası ilə bağlı dünya praktikasına toxunan C.Məmmədlinin sözlərinə görə, Böyük Britaniya, Norveç, ABŞ və s. ölkələrdə qəzetlər etik normalara əməl etməklə önəm kəsb edirlər: "ABŞ-da KİV-i idarə edən ayrıca bir qanun yoxdur. Ancaq jurnalistlərin öz içində etik normalar var. Ona görə də orada bizdəkilərin yüzdə biri qədər də təhqir və böhtan olmur. Amma elə bilirəm ki, biz də o səviyyəyə gəlib çıxacağıq". C.Məmmədli hesab edir ki, mətbuatda peşə etikasının pozulması sensasiya xətrinədir. Belə ki, qəzetləri satış üçün yalan danışmalı olurlar: "Böyük bir günahımız ondadır ki, biz oxucuları o cür məlumatları qəbul etməyə öyrəşdirmişik. Hiss olunur ki, böyük oxucu qismi bu cür qəzetləri daha çox qəbul edir. Əgər satış bazarında o cür qəzetlər daha çox satılırsa, onda oxucunu da, jurnalistləri də günahlandırmaq olar. Yəni bazar münasibətlərində dəqiq və qərəzsiz işləmək əvəzinə qeyri-dəqiq və qərəzli işləyirlər. Bu cür qəzetlər alınmayanda jurnalistlər də bu cür üsullara getməyəcəklər. Amma bu gün belə qəzetləri alan böyük bir oxucu kütləsi var. Elə bil ki, qeyri-dəqiq məlumatlar bəzən oxucuya daha çox sərf edir. Jurnalistikanın tam formalaşdığı, peşə etikasına həmişə əməl olunan sivil ölkələrdə bircə dəfə yalan yazan qəzetin oxucusu kəskin azalır. Amma qəribədir ki, bizdə yalan yazan qəzetlərin oxucusu getdikcə artır".
C.Məmmədlin fikrincə, bu cür halların baş verməsinin əsas səbəbi jurnalistlərin böyük bir hissəsinin təhsildən uzaq olması ilə bağlıdır: "Jurnalistika fakültəsində peşə etikası ilə bağlı ayrıca fənn keçilir. Amma bizim böyük bir qisim jurnalistlərimiz var ki, peşə etikasının nə olduğunu bilmirlər". C.Məmmədlinin fikrincə, "Diffamasiya haqqında" qanunun qəbulu jurnalistin üzərinə ciddi məsuliyyət qoyacaq: "Bəzən jurnalistlər elə bilirlər ki, "Diffamasiya haqqında" qanun onları təhqirlə bağlı məsuliyyətdən guya azad edəcək. Ancaq belə deyil. Cərimələr formalaşa bilər və ya elə tədbirlər görə bilərlər ki, qəzetin fəaliyyətini davam etdirmək mümkün olmaz. Jurnalist heç vaxt elə bilməsin ki, bu qanun onu məsuliyyətdən xilas edəcək".
Media eksperti Ələsgər Məmmədlinin fikrincə, mətbuat özünün peşə, əxlaq kodeksini müəyyən edəndə ilk növbədə peşəkar medianın prinsiplərini əsas götürür. Belə ki, dünya praktikasında olduğu kimi, media obyektiv, qərəzsiz, tərəfsiz, başqalarının hüquqlarına hörmət edən şəkildə fəaliyyət göstərməlidir: "Əks halda KİV öz nüfuzunu itirir, mediaya olan güvəni sarsıdır. Nəticədə cəmiyyət mediaya etibar etməməyə başlayır. Media gözdən düşür və özünün ictimai nəzarət funksiyasını normal həyata keçirə bilmir".
Ekspertin fikrincə, "Diffamasiya haqqında" qanunun qəbulu faydalı olacaq. "Diffamasiya təkcə böhtan və təhqirə görə cinayət məsuliyyətinin olub-olmaması deyil, eyni zamanda, jurnalistin zaman-zaman araşdırdığı və qərəzsiz olaraq əlinə keçən faktları yazarkən, o faktlarla bağlı səmimi olaraq rəylər verərkən qorunması məsələsidir. Çünki bəzən jurnalistlər birinci mənbədən informasiya ala bilmirlər. Buna görə də onlar qeyri-rəsmi mənbələrə istinad edirlər. Əgər qeyri-rəsmi məlumatları vicdanlı şəkildə əldə edib yayırlarsa və onda heç bir qərəz yoxdursa, o zaman onların da ictimai missiyasını həyata keçirmək üçün diffamasiya təhlükəsindən qorunması lazımdır. Mənim fikrimcə, bu qanun qəbul olunarsa jurnalistlər bilərlər ki, nəyi və necə yazdıqları zaman cəzalanacaqlar".
Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun fikrincə, jurnalist Azərbaycan dilini, onun qayda-qanunlarını dərindən bilməli, fikrini səlis və düzgün ifadə etməyi bacarmalıdır. Peşə fəaliyyətinə başlayarkən ilk növbədə sözün məsuliyyətini dərk etməlidir. Bütün bunlarla bərabər milli-mənəvi dəyərləri yüksək tutmalı, cəmiyyətdə davranış qaydalarını mənimsəməli və əməl etməli, etik normaları heç zaman pozmamalıdır: "Ataların gözəl bir sözü var: söymə hambal dədəmi, söyməyim bəy dədəni! Öz şəxsiyyətinə hörmət edən, şərəf və ləyaqətini qoruyan insan başqalarını heç zaman təhqir etməz, aşağılamağa çalışmaz!"
Jurnalist peşəsi başqalarından fərqlidir. Təkcə ona görə yox ki, o hər şey barədə hamıdan qabaq xəbər tutur və bunu başqalarına da çatdırır. Həm də ona görə ki, onun auditoriyası böyükdür. Məsələn, həkimin dediyini bir nəfər, müəllimin söylədiyini isə onlarla tələbə eşidir. Jurnalistin auditoriyasını isə yüzlər, minlər, yüz minlər təşkil edir. Odur ki, onun sözünün ictimai yükü daha böyükdür. Fərdilikdən çıxan, ictimaiyyətə çatdırılan, müəyyən fikir və rəyin yaranmasına səbəb olan, bəzən isə insanların mövqeyinə təsir edən sözün məsuliyyəti də yüksəlir! Həm də jurnalist dediyinə və yazdığına görə ilk növbədə mənəvi məsuliyyət daşıyır: "Jurnalist peşəsi şəffaf, görünən peşədir. Onun necə fakt toplaması, getdiyi obyektdə nə sayaq davranması, hazırladığı material göz qabağında olur. Hər bir şəxs jurnalist əməyinin məhsulunu əldə etmək, onu qiymətləndirmək imkanına malikdir. Bunun üçün qəzet almaq, yaxud internetin müvafiq saytına girmək kifayətdir. Odur ki, jurnalistin obyektivliyi, yazı mədəniyyəti, etik davranış qaydalarını nə dərəcədə gözləməsi nəzərdən qaçan məsələ deyil!"
B.Sadıqov onu da vurğulayıb ki, hətta bəzən jurnalistin yazısını oxumaqla necə ailədə tərbiyə aldığını da müəyyənləşdirmək mümkündür. Şəxsi maraq naminə insanı şər və böhtan obyektinə çevirmək, istədiyinə nail ola bilməyəndə söyüş və təhqirə keçmək, şantaj yolu ilə pul qazanmağa çalışmaq, informasiya yayıcısı sayılan qəzeti reket alətinə döndərmək həm də ibtidai tərbiyə və mənəviyyatdan doğan məsələdir! Təəssüf doğuran hal budur ki, belə əxlaq sahibləri mətbuata gələndə jurnalist mühitinin ab-havasını götürmək, ona uyğunlaşmaq əvəzinə korlanmış mənəviyyatları ilə təmiz jurnalist adını ləkələyirlər. Buna dair istənilən qədər fakt söyləmək olar. Mətbuat Şurasında müraciətlərin araşdırılmasına dəvət edilən müxbir və redaktorların davranışlarında ibtidai tərbiyədən doğan çox fəsadlarla üzləşirik.
O da qeyd olunub ki, mətbuat əxlaqının birinci tərəfi mənəviyyatla bağlıdırsa, ikinci komponenti peşə davranışı qaydalarına necə əməl edilməsindən qaynaqlanır. Özünün demokratiya pilləsinə yüksələn cəmiyyət ictimai əhəmiyyətli sözlə işləyənlərin "mənəviyyat tutumu" barədə də düşünüb və belə mənəviyyatın standartlarını hazırlayıb: "Söhbət jurnalistin peşə davranışı qaydalarından gedir. Bu qaydalarda sözün azadlığı birmənalı şəkildə qorunsa da, sözlə işləyən jurnalistin mənəvi sərbəstliyinin
"çərçivə"ləri də konkret və aydın şəkildə göstərilib.
"Əslində, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları (AJPDQ) ilə jurnalist mənəviyyatının vəhdəti mətbuat əxlaqının əsasını təşkil edir. Bu ikisindən birinin olmadığı qələm daşıyıcıları jurnalistika aləmində təsadüfi ünsürlər sayılır. Mətbuat əxlaqı həm də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin tərkib hissəsidir. Jurnalist öz yazısını qələm və ağ vərəqlə (bu gün isə kompyuterlə) gerçəkləşdirir. Əslində ağ kağıza qara qələmlə yazana qədər hər məsələni özü üçün aydınlaşdırıb dəqiqləşdirmiş olur. Təbii ki, konkret mövzuda yazı yazılmasında bir niyyət də (məqsəd) mövcuddur. Peşə prinsipini əsas götürsək həmin niyyət insanlara operativ, obyektiv, qərəzsiz və tərəfsiz informasiya çatdırmaq olmalıdır".

Cavid