Cəmiyyətdə plüralizm Layihə

Cəmiyyətdə plüralizm

Plüralizm insanların azad düşünməsini, hadisələr barədə öz fikrinin olmasını dəstəkləyir
Tofiq Yusifov: "Demokratiyanın birinci göstəricisi azad mətbuatdır"
Əhməd Şahidov: "20 il əvvəlki plüralizmlə müqayisədə bu gün ölkəmiz çox inkişaf edib"

II yazı

Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir. Məsələn, ABŞ və Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi fəaliyyət göstərməyə daha çox imkanlar vardır. Elə ölkələr də varki, orada heç də bütün adamlara belə bir imkan verilmir. Belə cəmiyyətlər siyasi fəaliyyət üçün qapalı olub, ancaq bir qrup adamların siyasi fəaliyyətinə imkan yaradır. Bu daha çox siyasi mədəniyyətin forma və tipləri məsələsidir. Forma məsələsi ictimai quruluşun xarakteri, tipləşmə isə konkret sosial qrupların dünyagörüşü, təhsil səviyyəsi və davranışları ilə bağlıdır. Məsələn, quldarlıq, feodal, burjua dövrünün siyasi mədəniyyəti, ziyalı və fəhlənin, kəndli və biznesmenin siyasi mədəniyyətləri arasında prinsipial fərqlər var.
Siyasi mədəniyyətin üçüncü təzahür forması qərarların qəbul edilməsinə vətəndaşların təsiri və onda iştirak etməsi səviyyəsidir. Siyasi mədəniyyətin dördüncü təzahür formasını isə cəmiyyətin siyasi əhval-ruhiyyəsi adlandırmaq olar. Daha doğrusu, siyasi proseslərdə dominant rolunu kimlər oynayır: inqilabi, reformist, imperialist, millətçi və s. qüvvələr. Siyasi mədəniyyətin beşinci təzahür forması cəmiyyətdə siyasi mübadilənin nəyə əsaslanmasıdır: inam, kompromis, saziş və s.-dan ibarətdir. Yüksək səviyyədə inkişaf edən siyasi mədəniyyətli cəmiyyətlərə aşkarlıq və plüralizm, şəxsiyyətin yüksək siyasi mədəniyyəti, siyasi fəallıq, xalqın siyasi həyatda iştirakının təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması və s. xasdır. Deməli, siyasi mədəniyyət yalnız bilik və inam şəklində deyil, habelə, vərdiş və davranış normaları, onların siyasi həyatda tətbiq olunmasını bacarmaq şəklində mövcuddur. Xalqın müxtəlif səviyyələrdə siyasi fəaliyyətdə iştirakı idarəetmənin demokratik stilinin yaranıb formalaşmasına səbəb olur.
Siyasi mədəniyyətə tələbat - siyasi biliklərə və siyasi informasiyalara olan tələbatdır. Politoloqlar siyasi mədəniyyətin funksiyalarından bəhs edərkən göstərirlər ki, siyasi mədəniyyətin funksiyaları onun digər aspektləri qədər mübahisə doğurmur. Əksər tədqiqatçılar siyasi mədəniyyətin aşağıdakı funksiyalarını qəbul edirlər: dərketmə, qnoseoloji, evristik (tərbiyəvi), varislik, ətraf mühitin qorunması, requlyativ-akseoloji (sərvət).
Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır. Sovet totalitarizmindən çıxmış Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət stabil şəkil aldı. Əsasən Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycançılıq ideyasının bu prosesdə xüsusi rolu vardır. Aparılan müşahidələr göstərir ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən başlanıb. Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin, daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması, bütün bunlarla yanaşı, ölkədə siyasi məhbus probleminin aradan qaldırılması bu dövrün əsas cəhətlərindəndir.
Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşmışdır.
2008-2013-cü illərin prezident seçkiləri bu siyasi mədəniyyətin nəticəsi olaraq xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan seçicisinin öz namizədini seçməkdə yüksək aktivlik göstərməsi, seçkilərin insidentsiz başa çatması Azərbaycanın siyasi mədəniyyət tarixinin yeni səhifəsi kimi yadda qalandır. Nəticə etibarilə Azərbaycan ictimaiyyətinin siyasi mədəniyyət səviyyəsinin göstəriciləri artıq müəyyən dəyərlərə ehtiramı ilə seçilir. Azərbaycanda daha davamlı siyasi mədəniyyətin formalaşması həm ölkəmiz, eləcə də, region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanın dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişikliklərlə referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir. Azərbaycanda 2008-ci ilin sonunda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında" qanun layihəsi müzakirə edildi. Bu referendumda Azərbaycanın dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişikliklərlə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir. Beləliklə, Azərbaycanda siyasi mədəniyyət siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin mühüm əlamətlərindən biridir.
Filologiya üzrə fəlsəfə Tofiq Yusifov bildirib ki, Azərbaycanda plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək olar: "Mənim fikrimə etiraz edənlər ola bilər və bu təbiidir. İstənilən şəxsi, strukturu, hətta hakimiyyəti də tənqid eləmək olar, amma proses əsaslandırmalarla, faktlarla müşayiət olunmalıdır. Həm də səndən faktın haradan əldə olunduğunu soruşanda mənbəni təqdim etməyi bacarmalısan. Bizim mətbuatımızda çox qıcıqlandırıcı, mücərrəd, basmaqəlib, çox vaxt məsuliyyətsiz işlədilən bir ifadə var: mötəbər mənbənin verdiyi məlumata görə. Kimdir bu "mötəbər mənbə?" Səmimi deyirəm, bunların "mötəbər mənbələrinin" 70 faizi ya özlərinin heç də intellektlə öyünə bilməyəcək beyinlərinin, ya da avtobusda kimdənsə eşitdiklərinin məhsuludur. Mövcud qanunvericiliyə görə, haqqında söhbət gedən şəxsin ixtiyarı var ki, məhkəməyə müraciət edərək həmin mötəbər mənbənin açılmasını tələb etsin. Məlumat hər hansı insanın həyatı üçün, yaxud ictimai-siyasi cəhətdən təhlükəlidirsə, dövlətin təhlükəsizliyinə xələl gələrsə, jurnalist mənbəni məhkəmədə deməyə borcludur. Demokratiyanın birinci göstəricisi azad mətbuatdır. İndiyə qədər ABŞ-ın konstitusiyasına təxminən 28 əlavə edilib. Onun birincisi mətbuat və söz azadlığı haqqındadır. Yəni ölkədə heç kəs insanların mətbuat və söz azadlığı haqqını məhdudlaşdıra bilməz. Azərbaycanda isə plüralizmdən bəzən həddən artıq sui-istifadə xaos yaradır. Çünki bəziləri plüralizmi ağzına gələni danışmaq və məsuliyyətsiz bəyanatlar vermək kimi anlayır. Amma danışılanların, yazılanların arxasında məntiq, qərəzsizlik, vicdanlılıq dayanmalıdır. Plüralizm ölkənin, cəmiyyətin, xalqın inkişafı, tərəqqisi naminə olarsa əladır, amma plüralizm populizmə, münasibətlərin gərginləşməsinə, qarşıdurmaya xidmət edəcəksə, bu fitnəkarlıqdır".
Politoloq Əhməd Şahidov hesab edir ki, plüralizm - bir məsələ ətrafında bir neçə fərqli fikir, mülahizə və metodların bir araya gəlməsi, müxtəlif fikrin normal qəbul edilməsi və bütün fərqli baxışların eyni hüquqları malik olması deməkdir: "Məntiqi olaraq, düşünsək, plüralizm əslində cəmiyyətin inkişafı deməkdir. Dövlətin qurulmasında, idarə edilməsində isə əsasən siyasi plüralizm önəmli rol oynayır. Siyasi plüralizm isə müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Bütün bu zəruri şərtlər daxilində dövlət inkişaf edir, cəmiyyət yalnız və yalnız tərəqqiyə istiqamət alır. Nümunə kimi ən qabaqcıl Qərb dövlətlərini götürə bilərik.
Dünyada çox az dövlət tapılar ki, plüralizmin bütün dəyərlərinə riayət edir. Bu gün Azərbaycanda yuxarıda sadalanan dəyərlərin hamısına tam riayət olunduğunu demək bir az düzgün olmazdı. Amma təbii ki, ölkəmiz 90-cı illərin Azərbaycanı deyil. 20 il əvvəlki plüralizmlə müqayisədə bu gün ölkəmiz çox inkişaf edib - ən azından Azərbaycanda bu gün çoxpartiyalı sistem uğurla faəliyyət göstərir, müstəqil media inkişaf edir, yüzlərlə qeyri-hökumət təşkilatlar var ki, nəinki hökumətdən asılı deyil, hətta hökumətin bu və ya digər sahədəki fəaliyyətini kəskin tənqid edir, hökumətə öz təkliflərini rahat şəkildə verə bilirlər. Lakin düşünürəm ki, bu, hələ son olmamalıdır. Cəmiyyətimizdə plüralizm daha qabarıq şəkildə ifadə olunmalıdır. Eyni zamanda fərdi və toplum maraqlarına xələl gətirməmək şərtinə də əməl olunmalıdır. Çünki plüralizm deyib də kiminsə şərəf və ləyaqətini alçıltmaq düzgün deyil. Bu, çox həssas bir sahədir və buna diqqətlə yanaşmaq lazımdır".

Cavid