İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920) Layihə

İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)

4-cü yazı

XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, 1919-cu ilin əvvəlindən İrəvan qəzasının Vedibasar nahiyəsinə də ermənilərin hücumları genişlənmişdi. 1919-cu il martın 10-da İrəvan qəzasının Vedibasar və Millistan bölgələrinin səlahiyyətli nümayəndəsi, Vedibasar Milli Şurasının nümayəndəsi Məhərrəm Əliyevin Bakıya gələrək, Azərbaycan hökumətinin başçısına ünvanlandığı ərizədə erməni silahlı qüvvələrinin törətdikləri vəhşiliklərin miqyası öz əksini tapmışdı. Ərizədə qeyd edilirdi ki, türk qoşunlarının İrəvan quberniyasından çəkilməsindən sonra bölgəyə polkovnik Doluxanovun komandanlığı altında güclü erməni dəstəsi göndərilib. Doluxanov müsəlman əhaliyə müraciət edərək onları itaətə çağırıb, İrəvan quberniyasını tutduqdan sonra orada qayda-qanun yaradacağını və müsəlmanlarla dostluq münasibətləri quracağını vəd edib. Polkovnikin dediklərinə inanan Vedibasar rayonunun əhalisi onun dəstəsini Dəvəli kəndinə buraxıb. Lakin Doluxanov vədinə əməl etməyib, onun dəstəsində olan Artuç adlı birisi silahlı qüvvələrlə hücum edərək Seyid-Kotanlı, Xaraba Kotanlı və Şahab kəndlərinin müsəlman əhalisini doğrayıb, qocaların, qadınların və uşaqların meyitlərini təhqir edib, qarınlarını yırtıb, gözlərini çıxarıb, bir neçəsini yandırıblar.
Daha sonra ərizədə qeyd edilirdi ki, müsəlmanların nümayəndələri Doluxanovun yanına gedərək ondan qətliamlara son qoymağı tələb etmişlər. Lakin Doluxanov onlara verdiyi vədin üstündə durmayıb. Şərur istiqamətində irəliləyən Doluxanovun qoşununun qarşısı müsəlmanların güclü müqavimətinə rast gəlib və o, ağır itki verərək yenidən Dəvəliyə çəkilib. Özlərini “Vanlılar” və “Sasunlular” adlandıran erməni silahlı dəstələri təqribən həmin vaxt Qaraarxac, Qədili, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnəz və Şahablı kəndlərinə daxil olub, əhalisini doğrayıb, bir neçə yüz gözəl qadın və qızları əsir götürüblər. Qadın və qızların əsirlikdən azad edilmələri üçün Vedibasardan İrəvana nümayəndə heyəti getmiş, Ermənistan parlamentinə müraciət etmişlər. Parlamentdə onlara əsirlərin azad ediləcəyi barədə vəd verilsə də, həmin vədə əməl edilməyib. Vedisbasarın müsəlmanları əsir götürülmüş qadın və qızların azad edilməsi üçün ingilislərə müraciət etsələr də, onların əlləşməsi də heç bir nəticə verməmişdi.
Həmin ərizədən məlum olur ki, təqribən 1919-cu il yanvarın ortalarında ermənilərin Şərurda məğlubiyyətlərindən sonra ingilis generalı Qipponun vasitəçiliyi ilə döyüşən tərəflər arasında müəyyən şərtlər əsasında sülh əldə edilmişdi. General Qippon həmin vaxt bəyan etmişdi ki, kimin tərəfindən başlanmasından asılı olmayaraq hərbi əməliyyatların yenidən başlanması Müttəfiq dövlətlərə qarşı düşmənçilik əməli kimi qiymətləndiriləcək. General Qipponun bu bəyanatından 8-10 gün sonra erməni nizami ordusu Avşar kəndinə hücum etmişdi. Kənd əhalisindən evlərində gizlənənlərin bir qismi məhv edilmiş, bir qismi də qaçmağa müvəffəq olmuşdu. Bundan sonra ermənilər zirehli maşınların və artilleriya taqımının hücumu ilə dəmiryol xəttinə bitişik Xalisa, Cadqıran, Şirazlı, Qaralar kəndlərini bombardman etmişlər. Ermənilərin Böyük Vedi kəndinə hücumunun qarşısı isə alınmışdı. Yuxarıda adları çəkilən kəndlərin bombardman edilməsi 6 gün sürmüşdü və ingilis polkovniki Lauxenin səyi nəticəsində dayandırılmışdı. Böyük Vedi kəndinin qənşərində zirehli qatarı və topları görən Lauxen hərbi əməliyyatlar meydanından İrəvana getmişdi ki, Ermənistan hökumətini öz qoşununu Dəvəlidən çıxarmağa məcbur etsin. Lauxenin İrəvana getməsindən bir gün sonra ermənilər yenidən hərbi əməliyyatlara başlayaraq Böyük Vedi kəndini bombardman etmişlər. Məhərrəm Əliyev öz ərizəsində bildirir ki, ermənilərin Böyük Vediyə hücum ilə bağlı dərhal Naxçıvandakı müsəlman drujinalarının (özünümüdafiə taburlarının-müəllif) komandanı Kalbalı xana müraciət etmiş, o da öz növbəsində ermənilərə ultimatum göndərmiş və onları hücumları dayandırmağa vadar etmişdi. Ermənilər atəşi dayandırsalar da, Avşar, Xalisa və başqa kəndləri talan etmiş və yandırmışdılar. Talan edilmiş əşyaları Dəvəlidə olan ingilis rotasının komandiri Uqlo öz gözləri ilə görmüşdü.
Ərizənin sonunda Məhərrəm Əliyev Vedibasar və Millistan müsəlmanları tərəfindən əhalinin şikayətini Azərbaycan hökumətinə çatdırmaq üçün göndərildiyini yazır və hökumətdən xahiş edir ki, yenidən qanlı toqquşmalar baş verməsin deyə, Ermənistan hökumətindən əsir götürülmüş qadın və qızların dərhal geri qaytarılması üçün təxirəsalınmaz və qəti tədbirlər görməyi tələb etsin, İrəvan qəzasının Vedibasar və Millistan rayonlarının Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və heç kimə güzəştə gedilməyəcəyi barədə xüsusi qərar qəbul etsin, Ermənistan hökuməti qarşısında dağıdılmış Avşar, Xalisa, Cadqıran, Şirazlı, Qaralar, Şahablı, Qədili, Qaraarxac, Yuxarı Qarabağlar, Dəhnəz, Keşişdağ, Ağasıbəyli, Xaraba Kotanlı və Şahab kəndlərinə vurulan ziyanın ödənilməsi barədə məsələ qaldırsın.
Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Y.Cəfərova 21 mart 1919-cu ildə göndərdiyi teleqramda bildirirdi ki, erməni dəstələrinin Qaraxaç, Qədili, Qarabağlar, Ağasıbəyli, Dəhnəz və Şahab kəndlərini dağıdan zaman yüzlərlə müsəlman qadın və qızları əsir götürmüşlər. Onlar hazırda İrəvan qəzasının Vedibasar rayonunda erməni dəstələrinin əlindədir. Teleqramda müttəfiqlərin Ali Komandanlığının qarşısında əsirlərin azad olmaları üçün ciddi addımlar atılması tələb edilirdi.
28 mart 1919-cu ildə İngiltərəinin Qafqazdakı qoşunlarının komandanı, general Tomson Ermənistan hökumətində görüş keçirmişdi. 3,5 saat keçən həmin görüşdə Tomson demişdi ki, Gorusu Naxçıvandan dağlar və tatarlar ayırır. Onun vəzifəsi əhaliyə (yəni ermənilərə - müəllif) kömək etməkdən ibarətdir və Ermənistan hökumətinin nümayəndəsi də ona kömək etməlidir. Ermənilərin Naxçıvana və Qarsa qayıtması məsələsinə toxunan Tomson bildirir ki, bu məsələni Brafla və Biçlə müzakirə edəcək və bir neçə gündən sonra cavab verəcək. O, bütün generalların və zabitlərin ermənilərə simpatiyası olduğunu bildirir və Parisdə erməni xalqı üçün ediləcəyini burada məhdud vasitələrlə onların özlərinin etdiklərini deyir. Tomson Ermənistana 5 milyon rus patronu (gülləsi) verəcəyini də söyləyir. Ermənistan daxili işlər naziri və hökumətin başçısı A.Xatisov aprelin 6-da Tiflisdə general Tomsonla görüşür. Görüşdə əsas müzakirə predmeti Qars vilayətinin, Şərur-Dərələyəzin və Naxçıvan qəzalarının və Sürməli qəzasının Ermənistanın idarəçiliyinə verilməsi məsələsi olmuşdu.
Aprelin 8-də Tiflisdə Xatisovla birlikdə Gürcüstanın xarici işlər naziri Ramişvili Tomsonla görüşürlər. Görüşdə erməni əsgərləri üçün 3000 komplekt verilməsi, Qarsın və Naxçıvanın işğalı üçün paravozların və lazımi vasitələrin verilməsi, Denikinin yanına nümayəndələrin göndərilməsi razılaşdırılıb. Bu məqamda Ermənistanla Gürcüstanın maraqlarının tamamilə üst-üstə düşdüyü vurğulanır. Qarsın və Naxçıvanın tutulmasının planı müzakirə edilir. Müttəfiqlərin qoşunlarının komandanının ermənipərəst mövqeyi erməniləri yeni-yeni əraziləri ələ keçirməyə təhrik edirdi. 1919-cu il mayın 26-da Ermənistan parlamenti Türkiyənin 6 vilayətinin Ermənistana ilhaq edilməsi “Birləşmiş Ermənistan” dövlətinin qurulması haqqında akt qəbul edir. “Birləşmiş Ermənistan”a Ermənistan hökumətinin Azərbaycana qarşı iddia sürdüyü ərazilər də daxil edilmişdi.
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin martın 31-də Azərbaycan XİN-ə göndərdiyi məktubunda bildirilirdi ki, o, martın 28-də general Biçlə görüşüb, İrəvan quberniyasında bir neçə yüz müsəlman qadının əsir götürülməsi barədə teleqramı ona təqdim edib. Generalın onun verdiyi xəritədə hadisənin baş verdiyi yerlə tanış olub, kəndlərin adlarını yazıb götürüb, teleqrafla ingilis komandanlığının İrəvandakı nümayəndəsinə tapşırıq verib ki, qadınların azad olunması üçün tədbirlər görsün.
Novo-Bəyazid qəzasının 26 azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 29-da keçirdikləri növbəti icma yığıncağında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə qeyd edilirdi: “Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar edilərək kəndlər dağıdılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman kəndi dağıdılıb ki, başlıca məqsəd İrəvan quberniyasında qalan müsəlman əhalisini sıxışdırıb tamamilə qovmaqdan ibarətdir. Müsəlman qardaşlar! Sonuncu dəfə sizə müraciət edirik. Ümidsiz vəziyyətimizi nəzərə alın, nə ilə kömək etmək mümkündürsə bizə kömək edin. İrəvan quberniyası ərazisində qalan 60 minlik bədbəxt müsəlman əhalisinin tiran, şovinist və daşnaklar tərəfindən məhv edilməsinə yol verməyin”.
Eçimədzin kilsəsinin xeyir-duası ilə Ermənistan hökuməti bir tərəfdən azərbaycanlı kəndlərini dağıdır, insanları məscidlərə dolduraraq yandırır, əhalisini kütləvi qırğınlara məruz qoyur, digər tərəfdən isə Azərbaycanla dostluq münasibətlərindən dəm vurur, onun neft potensialından faydalanmaq istəyirdi. 2 aprel 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinski xarici işlər naziri M.Cəfərova göndərdiyi məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti onun şərəfinə verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasının zəruriliyindən danışmışlar. M.Təkinski martın 18-də Eçmiədzində katolikosla görüşü zamanı katolikosun ermənilərlə müsəlmanlar arasında dostluğunun zəruriliyini vurğuladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini vəd etdiyini yazır. M.Təkinski mazut olmaması səbəbindən Eçmiədzin kilsəsinin və katolikosun iqamətgahının işıqlandırılmadığını yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini vəd verib və xarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün çəlləklərdə 200 pud mazut göndərilsin. Daha sonra M.Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara köməklik göstərilməsinin lazım olduğunu yazır.

Elçin Qaliboğlu