“Cəhalətdən çıxmağın dərmanı elmdir, maarifdir...” Layihə

“Cəhalətdən çıxmağın dərmanı elmdir, maarifdir...”

Şəfiqə Əfəndizadə həm jurnalist, həm də pedaqoq kimi maarifin, elmin əhəmiyyətini "Dəbistan", "Rəhbər", "Məktəb" jurnallarında təbliğ edirdi

XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri Azərbaycan qadınlarının ictimai həyatda rolunun artmasında önəmli bir mərhələ sayılır. Bu dövrdə maarifin, səhiyyənin inkişafında kişilərlə müqayisədə qadınların iştirak faizi olduqca aşağı olsa da, Azərbaycanın ziyalı, maarifçi qadınlarının gördüyü işlər çox əhəmiyyətli idi. Şübhəsiz, məlum mərhələdə onların daha çox fəaliyyət göstərə biləcəyi sahə xeyriyyəçilik və maarifçilik ola bilərdi...
XX əsrin əvvəllərində azərbaycanlı qadınlar arasında təhsilin, maarifçiliyin yayılması üçün fədakarlıqla çalışan maarifçi qadınlardan biri də Şəfiqə Əfəndizadə olub. Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Gürcüstanın tarixən türklərin (Ahıska) yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alıblar. On dörd yaşında ikən o, Nuxa (indiki Şəki) şəhərinə gəlir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlayır. Lakin burada çox qalmır.
Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açandan sonra Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir. O, cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri ilə tanış edir. Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə işləyir. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənir. Eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında dərs deyir.
H.B.Zərdabi, H.Z.Tağıyev, S.M.Qənizadə tez-tez qız məktəbinə gələr və öz dəyərli məsləhətlərini verərdilər. Bir gün də H.B.Zərdabi Şəfiqə xanımın dərs dediyi otağa daxil olur və əlindəki məcmuəni ona uzadaraq deyir: "Qızım, bu, faydalı məcmuədir. Qızlarımıza bundan da oxuyun".
Həsən bəy Zərdabinin məktəbə "Dəbistan"ı gətirməsi Şəfiqə xanımın da jurnalla əməkdaşlığına yol açdı. Müəllimə xanım nəinki özünün, hətta şagirdlərinin yazılarının bu jurnalda çap olunmasına şərait yardır. Məsələn, "Dəbistan"ın 7-ci sayında şagirdi Nabat Nərimanovanın məqaləsi dərc olunub. Şəfiqə Əfəndizadə müəllimliklə yanaşı, ictimai işlərlə də məşğul olurdu. O, Hacının qızlar məktəbində dərs deyən zaman müəllimə rəfiqələri - Hənifə xanım Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova ilə birlikdə dram dərnəyi yaratmışdı.
Eyni zamanda qızlara teatr mədəniyyəti, aktyor sənəti barədə məlumatlar verir, onları o dövrdə çıxan mətbuat xülasələri ilə tanış edirdi. 1917-ci ilin aprelində Bakıda "İsmailiyyə" binasında Zaqafqaziya müsəlmanlarının qurultayı keçirilir. Qurultayda müxtəlif təbəqələrdən olan kişilərlə yanaşı, cəmi üç qadın - Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova iştirak ediblər. Fars, rus və ərəb dillərini yaxşı bilən, Şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran edir. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasını tələb edir. Onun çıxışı salonda böyük əks-səda doğurur.
Tarixçi M.Oruclu bu barədə yazır: "Şəfiqə Əfəndizadə və Sona Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət nümayəndələri qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiklərinə görə mühakimə etdi. Bu zaman bütün zal qızışaraq kimin kimlə savaşdığı məlum olmadı. Maarifpərvər ziyalılar aranı sakitləşdirərək qadınları gizlincə dal qapıdan çıxarmağa nail oldular".
Şəfiqə Əfəndizadə ilk mətbu çıxışını "Şərqi-rus"da edib.
Amma o, həm bir jurnalist, həm də bir pedaqoq kimi maarifin, elmin əhəmiyyətini "Dəbistan", "Rəhbər", "Məktəb" jurnallarında təbliğ edərdi. Hər üç jurnalın nəşrində Şəfiqə xanım Əfəndizadənin çox böyük rolu olub. Şəfiqə Əfəndizadənin jurnalistika və publisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan "İşıq" qəzeti ilə bağlıdır. 1911-1912-ci illərdə Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu olub. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi mövzu olub. Onun publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu və s. məsələlərdən bəhs olunurdu. 1914-cü ildə xanım publisistin "İki yetim, yaxud Kərimin hümməti" adlı bədii kitabı nəşr olunur.
Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi ilk dəfə tamaşaya qoyularkən böyük marağa səbəb olur. Tamaşaların birində Şəfiqə xanım salonda bir qadının ağladığını görərək ona yaxınlaşır. Nə ücün ağladığını soruşanda qadın "Bu kimənim həyatımdır, çəkdiyim əzablardır", - deyə həyəcanla cavab verib. "Ağlama, baçım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır", - deyə Şəfiqə xanım onu sakitləşdirir. Hadisədən bərk təəsirlənən Şəfiqə xanım "Açıq söz" qəzetində "Ölülər" pyesi haqqında öz rəyini yazır. Şəfiqə xanım sonralar "Açıq söz", "İstiqlal", "Bəsirət" və "Əfkari-mütəllimin" kimi tanınmış mətbu orqanlarda müntəzəm çıxış etməyə başlayıb. Ş.Əfəndizadənin fikrincə, qadına hər şeydən irəli elm və təhsil lazımdır. O, savadı, biliyi hər şeydən üstün tuturdu.
1918-ci ilin martında ermənilər tərəfindən törədilən mart faciəsi Şəfiqə xanımın da həyatına ağır zərbələr vurub. Bu qanlı olayda Şəfiqə xanımın başına bəlalar gəlir. Bir müddət Qubada, Azqurda və İstanbulda yaşamalı olur. Lakin Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq izləyib və münasibət bildirir. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra 1919-cu ilin aprelində Bakıya qayıdan Şəfiqə xanım yenidən pedaqoji işinə bərpa olunur. Bununla yanaşı, dövri mətbuatla da müntəzəm əlaqə saxlayaraq əməkdaşlıq edir. O, həm də ilk qadın jurnalistlərdən biri olaraq publisistik fəaliyyətlə məşğul olur. 1903-cü ildə ilk qələm təcrübəsini "Şərqi-rus" qəzetində dərc etdirir. Sonralar qəzetdə dərc etdirdiyi məqalələrində qadınları maarifə, təhsil almağa çağırır. Şəfiqə xanım "Bir çox ümidlərimiz" sərlövhəli məqaləsində yazırdı: "Ümidlərimiz çox böyükdür... Hər bir rəzalətin səbəbi cəhalətdir. Cəhalətdən çıxmağın dərmanı isə elmdir, maarifdir..."
Şəfiqə Əfəndizadə müxtəlif illərdə "Məktəb", "Füqara füyuzatı", "Dirilik" jurnalları və "Açıq söz" qəzeti ilə əməkdaşlıq etmiş və tərbiyə mövzusuna həsr edilmiş məqalələrini çap etdirmişdir. Eyni zamanda, mətbuatda yazıçı kimi də çıxış etmiş, adları çəkilən nəşriyyatlarda bədii əsərlərini çap etdirmişdir. 1914-cü ildə onun yazdığı "İki yetim" povesti isə ayrıca kitab şəklində "Kaspi" tipoqrafiyasında ("Azərbaycan kitabı", Bakı, 1963., s.139) nəşr olunmuşdur.
1923-cü ildə "Şərq qadını" jurnalı fəaliyyət göstərməyə başlayan andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq etməyə başlayıb, redaksiya heyətinin üzvü seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri kimi çalışıb. 1905-ci il inqilabından sonra onun ictimai həyatdakı fəallığı daha da artır. 1906-cı ildə müəllimlərin Bakıda keçirilən I qurultayında iştirak edir. "Dəbistan" jurnalında dərc olunan məqalələrində ənənəvi olaraq qadın savadsızlığına qarşı çıxır. Qızların təhsil almasının vacibliyini göstərir. Uşaqların həyatından bəhs edən ilk hekayələri - "İki qızın söhbəti", "Şəkər alması", "İlk məhəbbət", "Röya", "Müəllim nədir", "Mükafat" və s. "Dəbistan" və "Məktəb" jurnallarında dərc olunur. Hekayələrdə təlim-tərbiyə məsələləri bədii şəkildə təsvir edilir.
"Azərbaycan" qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc olunmuş "Milli bayram və qadınlarımız" adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin bütün dünyaya çatdırılmasından fərəhlə yazır. Hər bir azərbaycanlının bundan böyük qürur duyduğunu qeyd edir: "Mayın 28-də Azərbaycan istiqlalı sənayi-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs, hər kəs məğrur idi".
Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı oxudun!" deyə qadınlara müraciət edir. Onun "Azərbaycan" qəzeti ilə əməkdaşlığı Xalq Cümhuriyyətinin süqutunadək davam edir. Sovet hakimiyyəti illərində də o, maarifpərvər bir qadın kimi qızların yüksək təhsil alması naminə əvəzsiz xidmətlər göstərir. 1920-ci ildə Əli Bayramov klubunun təşkilində fəal iştirak edir. Bakıda yaradılan Darülmüəllimatın müəllimi olur. Moskvada qadınlar qurultayında nümayəndə kimi iştirak edir.
Şəfiqə xanım "Şərq qadını" jurnalı fəaliyyətə başladıqdan sonra bu nəşrlə fəal əməkdaşlıq edir. Redaksiya heyətinin üzvü seçilir. Jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olur. "Şərq qadını" o zaman onun haqqında yazırdı: "Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il). Xanım jurnalist 1959-cu ildə dünyasını dəyişib.

Ülviyyə Tahirqızı