

Uzun zamandır getmək istədiyim kəndimizə nəhayət ki, getmişdim. Bibim oğluna demişdim ki, çoxdandır at sürmək istəyirəm. Gələndə yaxşı bir at təşkil et ki, bu arzumu gerçəkləşdirə bilim. O da sözünü tutmuşdu. At tam da xəyal etdiyim kimi — gənc və dəlisov idi. Bu anı çoxdan gözləyirdim.
Uşaq vaxtı atla Kür çayı sahilində meşələri və qoyun sürülərinin olduğu otlaq sahələrini gəzməyi sevirdim. İndi də gün batımı vaxtı atı minib həmin yerləri gəzməyə çıxdım. Günəşin üfüqdə yerlə birləşdiyi, hər şeyin sakitcə dayanıb bu rənglərə tamaşa etdiyi anlar, mal-qaranın dumanlı, tozlu və yorğun halda aramla evə qayıdışı… Bu mənzərələri görmək mənim üçün əvəzolunmaz bir hiss idi. Axşamın sehrinə elə qapılmışdım ki, at hara yön alsa, heç nə düşünmədən ora da gedirdim. Sanki həmin an yolda rəhbərliyi mən yox, at edirdi.
Kür sahilində irəlilədikcə artıq meşənin daha dərin və sıx qatlarında olduğumuzun fərqinə vardım. Artıq hava tam qaralmaqda idi. Telefonumun işığını yandırdım ki, ətrafı və meşədən çıxış yolunu görə bilim. At isə sanki yolu bilirmiş kimi irəliləməyə davam edirdi.Həzz dünyasından ayrılıb geri dönməyin vaxtı gəldiyini başa düşəndə, artıq gec idi, meşənin dərinliyində azdığımı anlamışdım. Telefonun da enerjisi bitmişdi, mən artıq qaranlıq meşədə at ilə tənha qaldığım üçün təşvişə düşdüm.
Bu qarışıq hisslər içində filmlərdə qaranlıqda tənha qalmış obrazları xatırladım. İnsan qaranlıqdan niyə qorxur, niyə təşvişə düşür? Bu haqda araşdırmalarımı, oxuduqlarımı da yadıma saldım, amma yenə də heç nə narahatlıq və həyəcan hissimi sakitləşdirmədi . Bircə təssəllim atın hürkmədən irəliləməsi idi, çünki uşaq yaşlarımdan atın təhlükəni uzaqdan hiss etdiyinin şahidi olmuşdum.
Meşədə artıq göz-gözü görmürdü. Birdən at ayaq saxlayıb qulaqlarını qabağa şəklədi, uzaqdan ağac çıtırtısı səsi eşidilirdi. İrəlidə işıq yayılan bir yer gördüm — kiçik tonqal işığı idi. Mənə bir rahatlıq gəldi, axır ki, insan tapdım. Atın irəliləməsi üçün çalışsam da, qabaq sağ ayağını yerə vurub dayanırdı. Qarşıda maneə olduğunu gördüm. Önümüzdə sanki tikanlı koldan çəkilmiş sədd vardı və onu keçmək lazım idi. Məcburən tikanlı kolların ətrafından dolanmalı olduq. Xoşbəxtlikdən işıq olan yeri hələ də görə bilirdim. Nəhayət, keçmək üçün balaca cığır tapdım. Üstümüzün cızılıcağını nəzərə alıb, çətinliklə də olsa, oradan keçdik.
Tonqal olan yerə yaxınlaşdıqca insan səsləri eşidilirdi, amma daha çox yaşlı adamların səsi idi. Düşündüm, gecənin bu vaxtı yaşlı insanlar meşədə neyləyir? Adətən belə vaxtlarda balıqçı və ya ovçu olan cavan və ya orta yaşda adamlar ola bilərdi. Tonqalın ətrafında çox qalın, yaşlı ağaclar və dairə şəklində oturmuş insanların siluetləri görünürdü.
Təxminən 10-15 metr qalmış at dayandı, dodaqlarından çıxan səslə atsayağı yorğunluq hissi verən bir ah çəkdi,ayağını yerə vurdu və bir addım belə irəli getmədi. Bu anda tonqalın ətrafından iri cüssəli, yaşlı, eyni zamanda qalın və güclü səsli bir kişi səsləndi :
— Axır ki, gəlib çıxdın!
Düşündüm ki, məni kiminləsə səhv salıb.
— Axşamınız xeyir, — dedim.
Yaşlı adam sözünə davam etdi:
— Çox sağ ol, Qarabala! Sağ-salamat gətirib çıxartdığın üçün.
İndi belə düşündüm ki, bu atın sahibidir və elə bilib ki, atı gətirmişəm. Fikrimi bildirmək istəyirdim ki, at gur səslə kişnədi, bir-iki dəfə də kükrəyib ayağını yerə vurdu. Mən dedim:
— Amma mən atı gətirmək üçün gəlməmişdim.
Yaşlı adam həm xırıltılı, həm də qalın səs ilə gülərək dedi:
— Mən sənə demədim, ata dedim ki, səni sağ-salamat gətirib çıxardıb.
Anlamasam da onun sözlərinə gülümsədim. Yaşlı adam davam etdi:
— Düş gəl işığa, yəqin tonqalı sevərsən.
Heç bir etiraz etmədən yaşlı adamın dediyi kimi etdim. Atdan düşəndə, kiçik diqqətsizliyimdən sağ ayağım üzəngidə ilişib qaldı və arxası üstə yerə yıxıldım. Yıxılanda gözlərimi yummuşdum.
Bir an sonra başımı qaldırdım və gözlərimi açdım — evdə, öz yatağımda idim. Yenə də qəribə yuxularımdan birini görmüşdüm. Bir az yuxunun təsiri ilə fikrə daldıqdan sonra qalxıb mətbəxə keçdim, bir bardaq su içdim. Suyu içdikcə yuxunu düşünürdüm.
Təsirindən uzaqlaşmaq üçün hamama girdim, üzümə su vurdum. Su bir az sərinlik və hüzur hissi verdi. Yuxuda gördüklərimi düşünürdüm — təşvişi və atdan yıxılma anını çıxmaqla, digər hissələr həqiqətən çox gözəl idi, çünki kəndə getmək və at sürmək uzun zamandır arzum idi. Yatağıma qayıtdım, yatmalı idim, səhər iki ayrı yerdə görüşüm var idi. Hər şeyi unudub yatmaq üçün gözlərimi yumdum.
Gözlərimi açdığımda yenə o yerdə, gecə meşədə, yuxuda gördüyüm və atdan yıxıldığım məkanda idim. Yaşlı adam tonqalın kənarında oturmuş, əlindəki çəliyi ilə tonqalın odunlarını ora-bura tərpədərək mənə səsləndi:
— Orda hələ çox duracaqsan? Yaxınlaş yanımıza!
Nə baş verdiyini anlamağa çalışırdım. Beynim baş verənləri izah etməyə, analiz etməyə çalışırdı, eyni zamanda da mənimlə danışan adama cavab vermək istəyirdim. Axı bu necə ola bilərdi? Yuxum yenə qaldığı yerdən davam edirdi. Hər şey çox anlaşılmaz, həm həqiqət qədər gerçək, həm də yuxu qədər qeyri-adi idi. Olanları düşündükcə, yuxu ilə gerçəyi ayırmaq çətinləşirdi. Düşüncələr içində tonqalın ətrafında oturan yaşlı adamların yanına doğru irəlilədim.
Tonqalın işığı yaşlı adamın üzündə isti rənglərin, işıq və kölgənin maraqlı oyununu yaradırdı. Kişinin saqqalı uzun, boz rəngdəydi. Üzündə həm tanış, həm də yad bir obraz vardı. Onlara yaxınlaşanda dedim:
— Bilirsiniz, çox qəribədir, amma sizi yuxumda görmüşəm. Hətta məni qara bir at gətirmişdi və mən atdan yıxılmışdım.
— Sən elə bilirsən bunlar yuxudur? — dedi yaşlı adam.
Bu sözlər məni duruxdurdu. Hər kəs susmuşdu, yalnız tonqalın çıtırtısı və gecə oxumağa başlayan böcək və quşların səsləri eşidilirdi. Yaşlı adamın üzünü dəqiq gördüm və indi bunun yuxu olduğuna əmin oldum. Çünki bu, 7-8 yaşlarımda olduğum zaman dünyasını dəyişmiş, anamın atası — “Seyid babam” idi.
Babamı gördüyüm anda gözlərim kəlləmə çıxdı, həyəcanla soruşdum:
— Baba, bu sənsən? Bu necə olur? Bilirəm ki, bu yuxudur. Amma sən dedin ki, elə bilirsən bu yuxudur?!
Babam gülümsəyərək məni yanlarına dəvət etdi, əli ilə işarə edərək dedi:
— Narahat olma, bala, hələ bir yaxınlaş, işığa gəl.
Mən tonqalın yanına gəldim, diqqətlə babama baxırdım. Burada olanların yuxu olduğunu tez-tez öz-özümə deyirdim ki, təşvişə düşməyim. Qəfildən arxaya dönüb baxdım: digər insanlar kimdir və babam niyə onlarla gecə meşədə oturur? Digər insanları görəndə daha da təşvişə düşdüm. Onlar dünyasını dəyişmiş nənələrim və digər babam — “Qaraca babam” idi. Bu nədir belə, yoxsa o biri dünyaya gəlmişəm xəbərim yoxdur? Özümü toplayıb soruşdum:
— Babalarım və nənələrim, bilmirəm sizi gördüyümə sevinim, yoxsa üzülüm? Axı sizi necə görə bilərəm? Hamınız niyə burdasınız?
Ağsaqqal babam dedi:
— Bizi sən çağırmısan !
— Bir də biz sənin baba və nənələrinik, həm də deyilik.
— Necə yəni? Mən çağırmışam? Necə yəni həm babamsan, həm də deyilsən?
— Hələ otur, rahatlan bir az, mən sənə danışım, — deyə ağsaqqal babam davam etdi:
— Əvvəla, yuxuda deyilik. Sən yatmış olsan da, bu yuxu deyil. Yuxu olsaydı, sənin tanımadığın nəsə olardı, amma bizi tanıyırsan, bu meşəni və kəndi də bilirsən.
— Hə, bilirəm. Uşaqlıqda kəndə gələrdim, amma heç vaxt gecə meşənin bu yerini görməmişəm.
— Bütün bunlar və biz sənin beynindəyik, yuxuda deyilik. İnsan beyni bəzi zamanlarda o dərəcədə aktivləşir ki, xatırlamağa və ya cavab almağa hazır vəziyyətə keçə bilir. Biz sənin beynində uzun müddətdir araşdırdığın “Atalar” mövzusunda — mifologiyalarda, dinlərdə və dastanlarda yazılan o adamlarıq. Sən bizi rahat qəbul etməyin üçün, öz baba və nənələrinin simasında görürsən. Yəni biz, sənin sağlığında gördüyün doğmaların deyilik, amma onlarla nə yaşadıqlarını bilirik.
— Bəs onlar deyilsinizsə, necə bilirsiniz nə yaşadıqlarını?
Əlindəki çəliyi ilə Qaraca babamı işarə edərək dedi: — Məsələn, Qaraca baban yaşlı olmasınabaxmayaraq, sənin gözlərinin qarşısında özündən olduqca gənc və cüssəli adamı şapalaqla yerə sərmişdi, xatırlayırsan?
Gülümsəyərək xatırladığımı bildirirəm:
— Hə, oğlan qoyun sürülərini bizim sürülərlə qarışdırmışdı və babama kobudluq etmişdi. Babam da hirslənib, gəlib oğlana bir şapalaq vurmuşdu. Adam canını babamın əlindən zorla qurtarmışdı. — Sonra ağsaqqal babam Mülayim nənəmi işarə edərək dedi: — Xatırlayırsan? Mülayim nənən gecə talvarda yatanda miçətkəndən ulduzlara baxıb özündən nağıllar uydurardı, sənə bayatılar deyərdi, inəklərini sağarkən onlara əzizləmələr və nəğmələr oxuyardı?!
— Yadımdadır. Hətta bir dəfə Qaraca babamla Mülayim nənəm mübahisə etmişdilər deyə, nənəm əsəbi idi. İnəklərdən birinin adı Küllü idi və nənəm ona nəğmə oxumasa, sağına icazə vermir, vururdu. Nənəm əsəbi olduğu üçün həmin gün oxumamışdı, inək təpik vurub, nənəmin gözünü partlamışdı. Yaxşı, bunları necə bilirsən, baba? O zaman sən orada deyildin, dünyanı dəyişmişdin.
— Dedim axı, biz bütün olanları bilirik, amma onlar deyilik. İndi sənə bir şey deyim: sən bu yaxınlarda bir layihə işləmisən. Orada 5 elementi təsvir edirdin — hava, su, od, torpaq və ruh. Bu elementləri mifologiyalardakı obrazlaşdırılmış təsvirlər vasitəsilə göstərirdin. Məsələn, hava elementini türk mifologiyasındakı Ülgən xan, Roma mifologiyasındakı qarşılığı Yupiter ilə təsvir etmisən. Od elementini türklərdə Kızaqan xan, Romada isə Mars savaş tanrısı və od tanrısı olaraq göstərmisən. Su elementi bizdə Ak ana, Romada isə Juno, torpaq elementi bizdə Ərlik xan, Romada Vulkanius, ruh elementi isə yeni doğulanlara ruh gətirən və qoruyan Umay ana, Roma qarşılığı isə Diana idi. Sən araşdırmalarına görə belə nəticəyə gəlmisən ki, dünya insanları bir inanca sahib olublar, yalnız elementlərin obrazlaşdırılmış hallarına fərqli coğrafiyalarda fərqli adlar veriblər.
— Hə, belə nəticəyə gəlmişəm, — dedim.
— Biz də sənin təsvir etdiyin elementlərik, desəm inanarsanmı? — dedi ağsaqqal babam.
— Bütün bunların yuxu olduğunu nəzərə alsam, inanmağa çalışaram, — deyərək gülümsədim.
Artıq onların həqiqətən də doğma baba və nənələrim olmadığını anladığımdan içimdə rahatlıq yarandı. “O biri dünyaya düşmüşəm” təşvişi öz yerini maraqlı diskusiyaya verdi. Suallar durmadan yaranırdı. Gülümsəyərək soruşdum:
— O zaman kim hansı element və ya xandır?
Ağsaqqal babam, gülümsəyərək, suala sualla cavab verdi:
— Səncə Qaraca baban sənin təsvir etdiyin hansı obraza uyğun gəlir, mən hansına uyğun gəlirəm? Sənin istehzalı gülüşün anlaşılandır, amma bizdən burada alacağın cavablar sənə ağlasığmaz görünsə də, bizi bu sualları vermək üçün sən toplamısan.
— Mən necə toplayıram ki, sizi anlamıram? Amma mən belə düşünürəm ki, Qaraca babam obrazlardan Kızaqan xana uyğun gəlir. Dava etmək onun üçün adi həyat tərzi idi. Sən isə Ülgən xana uyğun gəlirsən, baba.
— Hə, bizə hər zaman insanlar fərqli adlar və simalar tapırlar — gah savaş tanrısı, gah su ilahəsi, gah yeraltı tanrısı, gah da göy tanrısı. Biz sadəcə sizin yaddaşınızıq. Siz ilk atalardan gələn bilgiləri xatırladığınızda, ruhunuza rahatlıq gəlir və nəyi necə edəcəyinizi anlayırsınız. Biz sadəcə bir bilinc və ya yaddaşıq. Bəzi dövrlərdə “Adəmin beyni”, bəzi dövrlərdə “Bilgi ağacı”, “Həyat ağacı”, bəzi dövrlərdə isə “Lövhi-mahfuz” deyə adlandırıblar. Bəzi dövrlərdə obrazlara salıb arzu və istəklərini yerinə yetirək deyə adımıza qurbanlar da adayıblar.
Qaraca babam ya da Kızagan xan və ya Mars hansıdırsa artıq, gülərək dedi:
— Bir dəfə bir kral savaşda qalib gəlməsini diləyib ordunun qidalanması üçün nəzərdə tutulan bütün sürünü qurban kəsdirmişdi, qan su yerinə axmışdı. Heç olmasa ətindən orduya versəydi...
— Bəs qalib gəldilər, qurbanlardan sonra?
— Yox, qalib gəlmədilər, əksinə məğlub oldular.
— O qədər qurban verdilər, bəs niyə kömək etmədiniz?
— Biz heç vaxt tərəf tutmamışıq. Həm də savaş qurbanla yox, ağılla və iradə ilə qazanıla biləcək mübarizədir. Dediyimiz kimi biz bir yaddaşıq, bilincik. Göydə oturub sizə baxmırıq, sizin yaşadıqlarınız və sizdən öncələrdə yaşanmış hər şey yaddaşa yazılır. Yaddaşın bir nüsxəsi bizik, digər nüsxəsi isə sizin qan yaddaşınızdır, DNA-dır. Əlbəttə, qan yaddaşınızdan bilgi almaq, belə bir şeyin mövcud olduğunu düşünmək sizə mümkünsüz görünür. Bu bilgiyə çatanlara da müqəddəs və ya seçilmiş demisiniz, amma onlar üçün bu bilgi sadəcə yaddaşdır.
— İndi belə çıxır ki, inandığımız inanclar yanlışdır, yaradan yoxdur?
— Yox, tam əksi. Yaradan da, inanc da var. Sadəcə bəzən ifrata gedib hər şeyi məqsədli şəkildə qəlizləşdiriblər. Sən tanıdığın, oxuduğun müdriklərin demək olar ki, hamısı eyni mövzuda eyni yolu göstəriblər, çünki yol və qaynaq birdir. Sən “Atalar kultu”nu araşdıranda əldə etdiyin məlumatları nə ilə müqayisə edirsən? Elə qaynaq varmı ki, oxuduğun bilginin o qaynaqla uyğun gəldiyini anlayasan? Yeganə inandığın qaynaq bilincdir, o sənə cavablar haqqında işarə və ya mesaj verir. Siz buna sezgi və ya altıncı hiss də deyirsiniz. Çox qədim zamanlarda buna tanrılar, ruhlar və ya başqa mistik adlar verilirdi. Bütün bunlar bizik.
— O zaman siz həm də birsiniz?
— Elədir ki, var, bizi beynində özün üçün anlaşılan olsun deyə sən özün obrazlaşdırmısan.
— Bəs onda mən sizi obrazlaşdırmışamsa, deməli bu yuxu deyil, planlı olaraq düşünmüşəm və belə çıxır ki, indi yalnız sizi beynimdə düşünürəm? Bəlkə də bütün bunlar mənim beynimin məhsullarıdır, dediklərinizin heç biri bəlkə də düz deyil.
— Sən indi yuxuda deyilsən və danışdığın biz də sənin bilincindəyik. Sən sadəcə dərin trans halındasan, uzun müddətli ruhani arayışların nəticəsində bu trans halına keçə bilmisən. Ayıq halda öz bilincinlə söhbət edə bilmirsən, buna görə də bu obrazları və sənə ruhani rahatlıq verəcək bu məkanı beynin seçib.
— Mən öz-özümlə danışıram o zaman eləmi? Bəlkə də dəli olmuşam?
— Bu dəli olmaq deyil. Sən tam olaraq özünlə danışmırsan, bilincə yığılan minlərlə bilgi ilə danışırsan. Hər bir oxuduğun və əldə etdiyin bilgi kiməsə aiddir, o bilgini sənə ötürən şəxs üz-üzə olmasa da, hər hansı yolla bunu səninlə paylaşmışdır. Bu vasitə ilə sən həmin bilgi ötürənlərlə də söhbət edirsən. Bilgi ötürən insan, heyvan, ağac və ya başqa hər nədirsə, ona da bilgi haradansa ötürülür. Beləcə anlaya bilərsən ki, bilgi və bilinc əbədidir, sadəcə ötürülür. Ötür n necə və hansı dövrdə ötürməsindən asılı olmayaraq, bilinc və bilgi saf və dəyişməz qalır.
— Belə çıxır ki, mən dərin trans halında həm özümlə danışıram, həm də bilgisini öyrəndiyim minlərlə kəslə və ya varlıqla — və bunların hamısı indi beynimdədir. O zaman mən həm mənəm, həm də o bilgini ötürənlərlə bir bütövəm.
— Elədir. İnsan həm təkdir, həm də bütün varlıqlarla bağlıdır. Bütövün bir parçasıdır.
— Hörmətli babalarım və nənələrim, mənim beynim yanmadan bu trans halından çıxmaq istəyirəm. Deyəsən bu düşüncələr mənə bir az ağır gəldi. Hələ bir müddət bunları beynimdə həzm etməli olacağam. Sizinlə söhbətim necə uzun olubsa, artıq azan səsi gəlir, bir azdan səhər açılacaq.
Birdən ağlıma gəldi ki, axı meşədə azan səsigəlmirdi. Bu səs hər gün sübh çağı bizim pəncərəyə gələn azan səsi idi və hüzur verici hiss bağışlayırdı.Bunu düşünərək üzümü çevirib bizim pəncərəni gördüm. Pəncərə açıq idi və azan səsini daha aydın eşidirdim. Geri dönüb onlara baxmaq istədim, amma gördüyüm sadəcə yatağımın yanındakı divar oldu.
Yuxu olaraq başlayan, sonra anladığım qədər beynimdə baş verən sual-cavablar mənə çox qəribə, sakit və düşündürücü bir aura verdi. Beləcə günə başladım. Gün ərzində
aura ilə işlərimi bitirdikdən sonra, axşama yaxın elə bil həmin düşüncələr yenidən canlanırdı. Bu dəfə sadəcə düşünmək əvəzinə olanları qələmə almağa qərar verdim.
Maraqlıdır ki, yuxuda olan söhbətlərdə bəhs olunan bilgi və bilinc mövzusunu hələ də düşünürəm. Bəlkə də yaranan hər şey və hər varlıq hansısa bilgini daşımaq üçün yaranır. Yaranan bilgi üçündürsə, bəlkə də bilgi də yaratmaq üçündür? Yəni hər varlıq bir bilgidir.
Yenə çox düşündürür!…
Elşən Karaca
Rəssam