Avtomobildə başlayan yanğını polis əməkdaşları söndürüblər Hadisə

Avtomobildə başlayan yanğını polis əməkdaşları söndürüblər

Paytaxt sakini Gülağa Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində yanğın müşahidə edilib. Avtomobili getdikcə alovlanan sürücünün köməyinə yol polisi çatıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ilk növbədə digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən Yol Patrul Xidməti Alayının əməkdaşlarının çevikliyi sayəsində şiddətlənən alov söndürülüb, avtomobilin tamamilə yanaraq sıradan çıxmasının qarşısı alınıb.

“BDYPİ xüsusilə yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərdən avtomobillərinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı, uzaq səfərlərdən öncə onları texniki müayinədən keçirməyi xahiş edir. Çıxılmaz vəziyyətə düşməməyi, zərərə uğramamağı və ən önəmlisi sağlamlığımızın güvəndə olmasını arzu ediriksə, yaşanan acı təcrübələri unutmamalıyıq!”, - deyə məlumatda vurğulanıb.