Mediada insan hüquqlarının qorunması problemləri Layihə

Mediada insan hüquqlarının qorunması problemləri

KİV-lər bu sahədə də əhalini maarifləndirməlidir

İnsanların hüquq və azadlıqlarının qorunmasında mətbuatın müstəsna rolu var. Amma buna baxmayaraq bəzən paradoksal hallarla da rastlaşmalı oluruq. Məsələn: müəyyən dövrlərdə ayrı-ayrı qəzetlərdə insanların şəxsi toxunulmazlıq hüququnun pozulmasını özündə əks etdirən materiallar dərc edilir ki, bu məsələ ictimaiyyətdə narazılıq yaradır. Xatırladaq ki, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə may ayının 3-ü "Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü" elan olunub. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün geniş imkanlar var. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılıb, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilib, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub. Ölkə Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Pro¬qramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunub. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" qanunun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrilib. 2000-ci ildə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb.
Bu gün də mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasət uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti deyib: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir". Ötən 10 ildə dövlət başçısı tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanmış, qanunvericilik aktları təsdiq edilib. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olub.
Hazırda Azərbaycan Respublikasında qabaqcıl və azad mətbuat formalaşıb. Ölkədə 4400-dən artıq mətbuat orqanı, onlarla jurnalist təşkilatı, ümumrespublika, peyk, regional və kabel televiziyaları, informasiya agentlikləri fəaliyyət göstərir. Bəs görəsən, bu gün ümumilikdə Azərbaycan mətbuatında insanların hüquq və azadlıqlarının qorunması istiqamətində aparılan maarifləndirmə qaneedicidirmi?
"Həftə içi" qəzetinin təsisçisi və baş redaktoru Sevinc Seyidova:"İnsan hüquq və azadlıqları demokratik cəmiyyətdə ən başlıca prinsiplərdən sayılır. Bu cəmiyyətin əsas aparıcı qüvvələrindən biri kimi mətbuat da sözügedən sahəyə xüsusi diqqət ayırmalıdır. Təsdüfi deyil ki, mətbuatın bu sahəyə xüsusi yer verməsi dövlətimizin də diqqətindədir. Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu elan etdiyi layihə müsabiqələrində insan hüquq və azadlıqları mövzusunu 1-ci istiqamət kimi təqdim edir. "Həftə içi" qəzeti olaraq biz layihələrə start veriləndən məhz bu istiqaməti seçmişik. Bununla da ölkəmizin demokratik inkişafına töhfəmizi verməyə çalışırıq. Ümumiyyətlə isə mətbuatımız sözügedən sahəyə diqqət ayırsa da, burada bir sıra çatışmazlıqlar var. Bu sahə ilə bağlı hazırlanan yazılarda şəxsi həyatın toxunulmazlığı, digər insanların hüquqlarının tapdalanmasına yol verilməməsi əsas tutulmalıdır. Həmçinin insan hüquq və azadlıqları ilə bağlı məqalələr hazırlayan jurnalistlərin peşəkarlığı artırılmalıdır. Mətbuat cəmiyyətin güzgüsü sayıldığı üçün qərəzsizlik və şəffaflıq ön plana keçməlidir. Qəzet olaraq bu sahə ilə bağlı həyata keçirdiyimiz layihələr zamanı apardığımız araşdırmalara əsasən söyləyə bilərəm ki, cəmiyyətimizdə insanlarımız hüquq və azadlıqlarının müdafiəsi, onların təmini ilə əlaqədar maarifləndirmə işlərinə ciddi ehtiyac duyurlar. Bu baxımdan gündəlik dövri mətbuatın vətəndaşlarımızın maarifləndirilməsi işində çiyinlərinə böyük məsuliyyət düşür. Bu funksiyanın yerinə yetirilməsi üçünsə qəzetlər sözügedən sahəni daim diqqətdə saxlamalı, vətəndaşlarımızı maraqlandıran, cəmiyyətimizi narahat edən problemlərə həssaslıqla yanaşmalıdılar".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Əslində siz çox aktual bir məsələyə toxunmusunuz. Çünki bu gün ümumilikdə Azərbaycan cəmiyyətinin hüquqi baxımdan maariflənməsinə ciddi ehtiyac var. Bir vaxtlar KİV-lərin əksəriyyətində "hüquq guşəsi" adlı rubrika hazırlanırdı. Düzdür, həmin rubrikada sualların çoxu redaksiyada tərtib olunsa da, vətəndaşların maariflənməsi baxımından önəm daşıyırdı. Lakin çox təəssüf ki, belə rubrikaların sayı olduqca azdır və bu baxımdan cəmiyyətin hüquqi maariflənməsi müəyyən dərəcədə axsayır. Digər tərəfdən qanunverici orqanımızda mütəmadi şəkildə yeni qanunlar qəbul olunur və mövcud qanunvericilik bazası təkmilləşdirilir. Amma gəlin görək bu sahədəki hüquqşünaslar həmin qanunları hərtərəfli mənimsəyə bilirlərmi? Əlbəttə ki yox. Əslində bu kimi məsələlər də vətəndaşlarımızın hüquqları barədə bilgilənməsini əngəlləyir. Təbii ki, müəyyən məqamlarda KİV nümayəndələri olaraq biz də məsuliyyət daşıyırıq. Məsələn, qarşıdan seçkilər gəlməsinə baxmayaraq vətəndaşların seçki hüquqlarına yer ayırmırıq. Axı seçki də insanların konstitusiyada təsbit olunmuş hüquqlarından biridir. Bəzi KİV-lər bu məsələdə ancaq "qara piar"a üstünlük verir və tanınmış insanların, hətta ictimai-siyasi xadimlərin şəxsi toxunulmazlıq hüququnu pozur. Bir məsələ kiminsə mənafeyinə uyğun siyasiləşdirilirsə, bu, birbaşa olaraq qarşı tərəfin şəxsi toxunulmazlıq hüququnun pozulmasına yönəlir. Ona görə də yerli KİV-lər belə məsələlərdə daha diqqətli olmalıdır".
Oxucu.info portalının baş redaktoru Məhərrəm Ağalaroğlu: "Düzdür, bəzi qəzetlərimizdə bu məsələyə səthi yanaşırlar, onların da maraqları aydındır. Amma Prezidentimizin insan hüquqlarının qorunmasıyla bağlı imzaladığı qanunlara əksər qəzetlərimiz riayət edir. Qəzet əhalini maarifləndirməlidir ki, burada da ən başlıca yeri insan hüquq və azadlıqları tutur. Qəzetlərimiz bu sahəyə diqqəti artırmalıdır. Amma söz azadlığı, plüralizm, problemlərin mediada qaldırılması heç də kiməsə böhtan, şər atmaq demək deyil. Bəzi vətəndaşlarımız hüququnu tələb etmək pərdəsi altında böhtana, şantaja da əl atır. Bu isə mediada yolverilməzdir. Amma bütünlükdə mediamızda insan hüquqlarının qorunması məsələsinə geniş yer verilir. KİV-ə Dəstək Fondu mediada insah haqlarının qorunması ilə bağlı müsabiqələr elan edir, bu sahədə layihə verən qəzetlərə maliyyə yardımı göstərir və s.".

Cavid