Ermənilərin tarixi saxtakarlığı  və riyakarlığı -  2-ci yazı Layihə

Ermənilərin tarixi saxtakarlığı  və riyakarlığı -  2-ci yazı

Faktlar sübut edir ki, ermənilər başqa sahələrdə olduğu kimi folklor sahəsində də oğurluqlarını dayanmadan davam etdiriblər. Əslində bu, strateji sahə idi, ona görə ki, erməniyə xüsusən bu bölgənin köklü-köməcli sakinləri olduqlarını sübut edən örnəklər gərək idi. Beləliklə, Azərbaycan nağıllarını da erməniləşdirməyə başladılar. SMOMPK (“Sbornik materialov opisaniya mestnosti plemeni Kavkaza”) məcmuəsində Azərbaycan nağıllarını erməni nağılları adı altında çap etdirirdilər. Tədqiqatlar göstərir ki, ermənilər 100-dən artıq Azərbaycan nağılını mənimsəyib, nağıllarımızdakı personajları erməni adlarına dəyişib, mətni ermənicəyə çeviriblər.
Y.S.Xaçaturyanın tərcüməsi və qeydləri ilə 1931-ci ildə Moskvada çap olunmuş "Armyanskie skazki", A.Qanalanyanın tərtib etdiyi, ön söz və qeydlər yazdığı, Yerevanda 1965-ci ildə çap olunan "Armyanskie narodnıe skazki" kitabları da Azərbaycan nağıllarından tərcümə edilib. Belə faktların sayı onlarladır. Məsələn, "Göyçək Fatma" nağılının ermənicə adı "Arevaat və ilan Pəri"dir. Üstəlik, nağıllarımızdakı Nuşirəvan, Alp Arslan, Şah Abbas erməni hökmdarları kimi təqdim olunub.
Erməni oğurluğu sınır tanımır: onlarla Azərbaycan xalq və bəstəkar mahnıları, mətbəx mədəniyyətinin soraqları, xalça naxışlarımız, üstəlik dünya muzeylərində xalçalarımız bəzən “erməni xalçası” kimi təqdim edilir
Mərhum professor İsrafil Abbaslının Azərbaycan, rus, ingilis dillərində çap etdirdiyi «Azərbaycan həqiqətləri» adlı kitabda 40-a yaxın erməni ədəbi fikir nümayəndəsinin müxtəlif qaynaqlarda Azərbaycan haqqında etirafları toplanıb. Ermənilərin zaman-zaman türkün böyüklüyü haqqında söylədikləri onların səmimiyyətindən yox, həqiqət qarşısında aciz qalaraq etiraf etmələrindən irəli gəlirdi: «Biz bir xalq olaraq özümüz haqqında çox sözlər deyə bilərik. Özümüzəməxsus cəhətlərimiz təbii ki, çoxdur. Ancaq ermənilərin bizim haqqımızda dedikləri maraqlıdır. Bu faktların təqdimindən sonra bu gün «erməni xalqının, erməni ictimaiyyətinin» əlləri boşda qalır. Kitabla tanış olacaq istənilən millətin nümayəndəsi ermənilərin sifətini daha yaxından tanıyacaq».
Neçə yüzillər əvvəldən ta son dövrə kimi ermənilərin tanınmış adamlarının Azərbaycan xalqı, onun zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi və sair haqqında söylədikləri diqqəti çəkir. İ.Abbaslı Azərbaycan tarixi, Koroğlunun bir tarixi şəxsiyyət olması barədə yazır: «XIX yüzilin birinci yarısında yeni realist erməni ədəbiyyatının yaradıcısı Xaçatur Abovyan publisist yazılarında Azərbaycan Türkcəsi, tarixi, mədəniyyəti, folkloru haqqında yüksək fikirlər söyləyir. Abovyan etiraf eləyir ki, ermənilərdə bayatı deyilən bir şey olmayıb, biz bayatıları qonşularımız türklərdən götürmüşük. Abovyan bayatının çox gözəl, oynaq janr olduğunu, oxuyarkən insana misilsiz zövq verdiyini bildirir. Etiraf edir ki, erməni dili bayatıdan sonra çox şirinləşib. Azərbaycan Türkcəsi haqqında danışan Abovyan bu dilin hər mənada zənginliyini dilə gətirir, deyir ki, ermənilərdə folklor nümunələri birbaşa türkcə ifadə olunur. Aşıq sənəti, onun özünəməxsusluğu haqqında da danışır, deyir ki, qabaqlar ermənilərdə ermənicə dastan danışmaq, şeir demək ənənəsi yox idi. Abovyan etiraf edir ki, bunu da Azərbaycan Türklərindən götürmüşük. Qeyd edir ki, ermənilər uzun dövr ərzində Azərbaycan dastanlarını elə türk dilindəcə söyləyiblər, yaddaşlarında yaşadıblar».
XIX yüzildə yaşamış digər tanınmış ermənilər də bu mənada ciddi etirafda bulunublar. Tarverdiyan adlı Azərbaycanın folklor materiallarını nəşr edən folklorçu yazır ki, Azərbaycan Türkcəsində yazıb-yaradan erməni aşıqlarının sayı 400-dən artıqdır. Bu fakt bir daha onu sübut edir ki, erməni aşıqları Azərbaycan Türkcəsində yaşayıb-yaradıblar. Ermənilər etiraf eləyirlər ki, elə aşıqlar var, ancaq sırf Azərbaycan Türkcəsində yazıblar. Tarverdiyan yazır, bu aşıqları ona görə erməni adlandırmaq olar ki, onlar erməni ailəsində anadan olublar, ancaq yaratdıqları Azərbaycan mədəniyyəti xəzinəsinə daxildir. Ermənilərin tanınmış araşdırıcıları etiraf edirlər ki, Azərbaycan Türk xalq havaları, Koroğlu havaları onların musiqisiin formalaşmasına müstəsna təsir edib. Tarverdiyan daha sonra yazır ki, Avropa klassik musiqisi Qafqaz xalqları, o cümlədən ermənilər üçün təzədir, amma türk xalq nəğmələri tarix boyu yaşayaraq digər xalqlara, o cümlədən ermənilərin musiqi yaradıcılığına ciddi, təkanverici təsir edib. Araşdırmaçı erməni xalqının Azərbaycan mahnılarına vurğunluğundan yazır».
Haxverdiyan 1852-ci ildə Sayat Nova haqqındakı kitabında Azərbaycan aşıq sənəti haqqında yüksək fikirlər söyləyir. 1912-ci ildə erməni aşıqları ilə bağlı İzmirdə kitab çıxıb. Kitabın tərtibçisi xristianşünas olub. Tərtibçi kitabda həm ermənicə, həm də tükcə yazan erməni aşıqlarının şeirlərini çap edib. Araşdırmaçı müqəddimədə aşıq şeir şəkillərinin adlarını geninə-boluna çəkdikdən sonra yazır ki, bunların hamısı mənşə etibarilə türkcədir, türklərindir. 80-ə yaxın aşıq musiqisi havalarının tamamilə türkcə olduğunu yazır, etiraf edir ki, ermənilər bunların adlarını türklərdən götürüblər, bizdə bunların adları yoxdur. Bir sözlə, ermənilərin etirafları bitib-tükənmir. Emənilərin tanınmışları Azərbaycanın məşhur klassikləri Nizami, Nəsimi, Füzuli haqqında, habelə Azərbaycan bayatıları ilə bağlı etirafda bulunublar.
Azərbaycan Türklərinin ta qədimlərdən bəri ardıcıl şəkildə davam edən özünəməxsus yaşam tərzi, bu özüldə saysız-hesabsız yaradıcılıq örnəkləri var. Tarix boyunca özünün dədə-baba ərazilərində varlığını sürdürən tüklərin süfrəsindən tökülənlərlə var olmağa çalışan, min bir hiyləyə əl ataraq nə imkan varsa oğrurluq yaparaq xalq olmağa çalışan ermənilərin möhtəşəm görünmək çabaları mənasızlıqdan başqa bir şey deyil. Xalq olmaq özünəməxsusluq – tarix, dil, ərazi birliyinin ifadəsi deməkdir. Erməninin aqibətində isə bunlar yoxdur.
Erməni bu səbəbdən də özülsüzdür. Özülsüz millətin sabahı yoxdur. Düzdür, çağımızın yüzillərdən bəri davam edən siyasət özülü üzərində “varlığı” davam etdikcə erməni də zahirən arxalı-dayaqlı görünür. Ancaq artıq bəşər, ölkələr anlayırlar ki, bu gedişlə sabaha getmək, var olmaq mümkün deyil.
Yenə də tarixçi Əvəz Ələkbərlinin qənaətlərinə diqqət kəsilək: “Haylar kimlər idilər? Başlanğıcını Assuriya və Urartunun qul koloniyalarından götürüb, bu koloniyalarda müxtəlif peşələrə yiyələndirilib, sonra da qul bazarlarında dünyanın hər tərəfindən gələn tacirlərə ixtisaslaşmış qullar kimi satılan, etnik cəhətdən yekcins olmasa da, Hayasa şəhər-vilayətinin adı ilə hay (yəni Hayasa qulu) adlanan indiki ermənilərin XV yüzilə qədər Cənubi Qafqaza heç bir dəxli olmayıb. Bu barədə dünya və hətta erməni alimlərinin özü də kifayət qədər yazıb. Özlərinin milli heç nəyi olmayan bu qullar (sonrakı tarixi dövrlərdə nökərlər, kənizlər, işçilər, daha sonra sənətkarlar, tacirlər, bacarıqlı xidmətçilər) cəmiyyətdən kənarda, cəmiyyətin alt qatında yaşadıqca tədricən bir etnik toplum təşkil edir, köləsi olduqları xalqların maddi-mənəvi dəyərlərindən, xüsusilə mətbəxindən, musiqisindən, dilindən, dinindən, folklorundan və s. gündəlik həyatlarında istifadə edir, özləri hibrid millət olduqları kimi, həm də hibrid bir mədəniyyət formalaşdırırdılar”.
Bəşəriyyətin sabahı öncə mənəvi dəyərlərə bağlıdır. Azərbaycanın qədim, köklü-köməcli özülə dayanan, bəşəri mahiyyəti ifadə edən ulusal dəyərləri gerçəkdən ümid kimi dəyərləndirilə bilər. Bu, özünü muğamın, sazın, musiqi alətlərimizdən tarın, sazın, balabanın, ümumiyyətlə, xalçaçıçılığın, zəngin, bəzərsiz mətbəx mədəniyyətimizin, başlıcası, folklor, fəlsəfi düşüncəmizin mayasında, yaşamında göstərir. Bu örnəklər xalq adlı varlığımızın - ruhumuzun heç zaman solmayan çiçəkləri, özülü varlığımızın dərinliklərindən gələn mənəviyyat bulağımızın suyudur.
Xalq özünəməxsusluq hadisəsidir. Deməli, dünyaya təqdim etdiyin dəyərlər də özününkü olmalıdır. Başqa xalqın dəyərləri hesabına var olmaq istəyən xalq – xalq deyil. Özünü xalq sayan – dəyərlərini də ruhundan yaradar. Tarix, gerçək gedişat, təhlillər göstərir ki, ermənini belə bir özünəməxsusluğu yoxdur. Bu yoxsulluğun mayasında duran isə erməni yurdsuzluğudur. Yurdsuzluq sərgərdanlıq səfilliyi yaradıb ermənidə. Bicliklə həmişəlik var olmayacaq erməni. Bu səbəbdən də erməni bu gün “dövlətlı” görünsə də, əslində dövlətsizdir.
Erməni xarakterini mahiyyətcə xəyanət və oğurluq kimi xarakterizə etmək olar. Erməninin mayasında pulçuluq (mammonizm) dayanır. Əgər erməni özünü xalq sayırsa, şübhəsiz, vicdanı qarşısında sorumlu olmalıdır. Gedişat göstərir ki, bu xalqın ağlı kəsən heç bir fərdi vicdan ölçüsüylə əməllərinə yanaşmağı ağlına belə gətirmir, çünki daxilən belə mənəvi tələbat yoxdur.
Məhz mənəvi yoxsulluq əlamətidir ki, tarixdən üzü bəri ermənilərin dünya ədəbiyyatına, mədəniyyətinə ciddi şəkildə təsir edən şəxsiyyətləri yoxdur. Erməni yalnız mənasız iddialarıyla qolboyundur. Həyatının hansı sahəsinə baxsaq, oğurluqla formalaşdığını görərik. «Böyük Ermənistan» cəfəngiyyatının carçıları olan Zori Balayan, Silva Kaputikyan, Ambarsumyan və başqaları türkə nifrət dolu yazılarında, gerçək qatilliklərində ardıcıldırlar, çünki mayaları nifrətlə, fürsətcilliklə, qatilliklə yoğrulub.
Bəs bizim xalq olaraq qarşımızda duran xəlqi, mənəvi borc, əməl nədir? Xəlqi, bəşəri gərəkliyimizi dərindən anlamalı, erməni həyasızlığına yenilməməli, qətiyyən sarsılmamalıyıq. Biz haqlıyıq. Haqlılığımız çağdaş dünyanın hüquq dolanbaclarından qat-qat üstündür. Dünyanın iri gücləri özlərini bilməzliyə qoysalar da, həqiqət ortadadır, meydandadır. Ancaq haqlı olduğumuzu ardıcıl sübuta yetirmək istəyiriksə, siyasi, iqtisadi, mənəvi-mədəni özüünəməxsusluğumuzu var etdiyimiz dərəcədə dayanmadan inkişaf etdirməliyik. Xalq olaraq varlığımızı təsdiq etmək bizdən ardıcıl hünər istəyir. Bilməliyik ki, qarşıda bizi qətiyyən asan yol gözləmir. Varlığımızın təsdiqi yalnız çoxsaylı çətinliklərdən, dönəmlərdən keçəcək. Bu gediş isə davamlı sonucda bir gerçəyi yenidən öz əlimizlə aqibətimizə yazmağı tələb edir: xəlqi varlığı qorumaq – mahiyyətcə dövlətin varlığını qorumaq, dövlətçiliyi təsdiq etmək deməkdir.

Elçin Qaliboğlu