Mühacir mətbuatımızın fəallarından biri Layihə

Mühacir mətbuatımızın fəallarından biri

Məmməd Sadiq Aran "Türk yolu", "Ərgənəkon", "Yaşıl yarpaq", "Azəri türk" və s. dərgilərin naşiri, redaktoru olub

O, "Ulus" və "Cümhuriyyət" qəzetlərinin İran müxbiri kimi də çalışıb

Azərbaycanın həyat və yaradıcılığı diqqətdən kənarda qalan mühacir siyasətçi- yazarlardandır Məmməd Sadiq Aran. 1895-ci ildə Zəngəzur qəzasının Sisyan bölgəsində anadan olan Aran uşaq vaxtında ərəb və fars dillərini yaxşı bilib. Naxçıvan Gimnaziyasını və Bakı Yüksək Pedaqoji İnstitutunu bitirdikdən sonra İstanbulda Ədəbiyyat İnstitutuna təhsil alıb. Həyatının böyük bir hissəsini Türkiyədə türklüyə və Azərbaycana həsr edən Məmməd Sadiq Aran həm siyasi, həm də ədəbi fəaliyyətlə məşğul olub. Xatirələrində yazır ki, o Türkiyəyə gedənə qədər cəmiyyətdə özünəlayiq yer tutan bir ictimai-siyasi xadim idi. Üç dili (ərəb, fars, rus) bilməsi və Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması onu Türkiyədə tanınmasına və mühacirət dövründə mühüm şəxsiyyət kimi ön çıxmasına şərait yaradıb. Aran 1924-1931-ci illərdə Ankarada fəaliyyət göstərən "Azərbaycan Milli Mərkəzi İdarə Heyəti"nin üzvü olub. Hansı ki bu heyət o vaxt görkəmli ictimai-siyasi xadimlər olan Məhəmməd Əmin Rəsulzadə, Ə.Topçubaşov, X.Xasməmmədli, Ş.Rüstəmbəyli, N.Şeyxzamanlı, C.Hacıbəyli, Mir Yaqub Mehdizadə və başqalarını ətrafında birləşdirib. Məmməd Sadiq Aran həm də mühacir mətbuatının məşhur fəallarından idi. O, "Türk yolu", "Ərgənəkon", "Yaşıl yarpaq", "Azəri türk" və s. dərgilərin naşiri, yaxud redaktoru olub. İkinci Dünya Savaşı dönəmində jurnalistlik fəaliyyətini daha da genişləndirən Aran Türkiyənin "Ulus" və "Cümhuriyyət" qəzetlərinin İran müxbiri kimi çalışıb.
1945-46-cı illərdə Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatının obyektiv və subyektiv səbəbləri ilə əlaqədar silsilə məqalələr yazıb. 1942-ci ildə "Sənan" təxəllüsü ilə "İran türkləri" adlı kitabını çap etdirib. Kitab iki hissədən ibarətdir. Birinci hissədə İranın yarı hissəsindən çoxunun əhalisini təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatına, ikinci hissəsi isə dil-ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunub. Kitab nədənsə qadağan edilib. Bundan sonra müəllifin "Türkün altun kitabı" adlı ikinci kitabı çıxıb.
Onun "Qaraköynək", "Gənclərə nəsihət", "Millətlərin haqqı və məhkum türklərin davası" adlı nəsr əsərləri, "Qaçaq Nəbi", "Top səsləri" kimi pyesləri, çoxlu şeirləri var. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş, "Ərgənəkon yolları" adlı kitabında toplanıb. "İran Türkləri" əsərində "İranda türk şairləri" adı altında bir bölmə var. Bu bölmədə o, Şah İsmayıl Xətaidən başlayaraq Əhməd Cavada, Almas İldırıma qədər bir çox məşhur Azərbaycanlı şairin yaradıcılığından nümunələr verməklə onları tanıtdırır.
Araşdırmaçı Nəsiman Yaqublu yazır ki, "Məmməd Sadiq Aranın Məhəmməd Əmin Rəsulzadə ilə əlaqələrinin soyuq olduğu deyilir. Aranın yaxın dostu Nihal Atsız onun çılğın xarakterdə olduğunu yazır. Buna görə də nə qədər Azərbaycanı müstəqilliyi uğrunda özünü fəda etsə də, bəzi azərbaycanlılarla yola getmir. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti illərində millət vəkili olan Aran bolşevik işğalından sonra Bakıda ruslara qarşı gizli bir təşkilat qurmuşdu. O dönəmdə İstanbulda yaranmış "Milli Azərbaycan Təşkilatı" ilə əlaqə yaratmaq üçün Batumdan Trabzona qayıqla keçən Aran eyni yolla geri qayıdarkən Tiflisdə Çeka əməkdaşları tərəfindən saxlanılır. İşgəncələrə baxmayaraq, çekistlər Aranın ağzından bir kəlmə də ala bilmirlər. Çekistlərin başçısı onu qorxutmaq üçün tavana güllə atanda Məhəmməd Sadiq Aran var qüvvəsi ilə bu şeiri hayqırır:

Sönməz ruhumdakı coşğun vulkanlar!
Saçar fırtınalar, atəşlər, qanlar!
Qanımda boğulur azğın düşmənlər.
İstiqlal uğruna qanlı bir kəfən
Geymişəm ölsəm də, yaşasın vətən! "

Fürsət tapıb həbsxanadan qaçmağa müvəffəq olan M.S.Aran 1923-cü ilin sonunda Irana gedir, buradan isə Türkiyəyə mühacirət edir. Əvvəlcə Trabzonda müəllimlik edir, sonra da Istanbula gələrək, Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək verir. Istanbulda olduğu 15 il ərzində Azərbaycan Milli Mərkəzində də fəallıq göstərir.
Məmməd Sadiq Aran 1930-cu illərin əvvəllərində Türkiyədən Finlandiyaya gedib. Orada İdil Ural bölgəsindən gələn türkləri oxutmaq üçün bir məktəb açmış və həm müəllim, həm də idarəçi olaraq çalışıb. Yenə burada türkcə və fincə nəşr olunan "Yeni Turan" adlı aylıq qəzetin ilk sayını 1931-ci il ilin noyabrında nəşr edib. Finlandiya qanunvericiliyinə görə, qəzetin imtiyaz sahibi Fin vətəndaşı urallı Abdulla Ahsan, (I, II və III saylar) IV saydan etibarən isə İbrahim Arifulla olub. Qəzetin yazıçı heyətində Məmməd Sadiq Aran, M. Sisyanlı, M. S. Sana, Məmməd Sadiq təxəllüslərindən sonra Ərdoğan, S. Təkin, K. Ahtinən, Qızıl Arslan, Ç. Möhsin, F. Özdəmir, Fəzilət Niyazi, Çoşqun, İsa, Murad Baha, Y. Oğuz, Məcid, Əhməd Can adlarına rast gəlinir. Bütün saylarda baş yazıları Məmməd Sadiq Aran qələmə alıb. Qəzetin birinci səhifəsində yer alan "Yolumuz" adlı yazıda dünya millətləri arasında şərəfli bir tarixə, varlığa malik olan böyük Türk millətinin mühüm bir qisminin əsarət altında olmasından danışır.
Qəzetin səkkizinci sayında "İkinci Yıl Başında" başlıqlı yazıda isə deyilir: "Türk ellərinin elm iztirabını tərənnüm etməyə çalışan Yeni Turan keçirdiyi bu bir il içində çox böyük çətinliklərlə qarşılaşmışdır. Maddi və mənəvi maneələr üzündən istək və proqramlarımızı tam olaraq tətbiq edə bilmədiyimizdən duyduğumuz təəssüf hissini hörmətli oxucularımızdan gizlətməyə lüzum görmürük. Ən böyük təsəllimiz Türkçü – Turançıların var olmasıdır". Qəzetdə "Türklük – Rusluq mücadiləsi", "Türkçülük və Milli Cəbhə Birliyi", "Milli Cəbhə Birliyi", "Rusiyanın ölümü" başlıqlı yazılar Məmməd Sadiq Aranın yazılarıdır. Məmməd Sadiq Aranın qadağan olunmuş "İran türkləri" kitabını bəzən yanlışlıqla Mirzə Bala Məmmədzadənin yazdığını deyirlər. Bu da onun yazılarını müxtəlif imzalarla yazmasından doğan yanlışlıq idi. Şeirlərini "Sənan" təxəllüsü ilə yazan müəllifin Məmməd Sadıq Axundzadə, Məmməd Sadıq Axundov, Cəfər Sadıq, Məmməd Sadıq, Məmməd Sadıq Sisyanlı, Sənan, Sənan Azər, Mehmet Sadık Aran kimi imzalar altında yazdığı yazılara rast gəlinir. Son illərdəki yazıları və fəaliyyətlərini ancaq Məmməd Sadiq Aran adı altında həyata keçirib.
Türkiyədə çap olunan "Azəri-Türk", "Yaşıl yarpaq", "Türk yolu" və "Ergenekan yolu" kimi dərgilərdə də imkanı daxilində çıxış edib. Azərbaycan mühacirət mətbuatı tarixində onun böyük rolu olub "Azəri-Türk" jurnalında məsul redaktor məhz M.S.Aran olub. Türk Kültürü Araşdırma Institutunun qurulmasında o da geniş fəaliyyət göstərib. M.S.Aranın "Ulus" qəzetində də yazılarına rast gəlmək mümkündür. Bu qəzetdə o, əsasən İranla bağlı yazılarını "İran məktubları" başlığı ilə dərc etdib. Onun "Azərbaycanda Qadın Türk Şairləri" yazısı "Çağlayan" məcmuəsinin 1942- ci ilin 26 aprel sayında nəşr edilib. Bu yazısında o,əsasən Xurşud Banu Xanım Natəvan haqqında oxuculara məlumat verir.M.S.Aranın 1942-ci ilin 5 martında "Bozqurd" məcmuəsində çap edilən "Məfkurə-Ülkü" məqaləsi və həmin məcmuənin 26 martında nəşr edilən "Ərgənəkon bayramı" yazısı da əhəmiyyətinə görə maraqlıdır.
1946-cı ilin 6 dekabrından Türkiyədə nəşrə başlayan "Şərq Yolu" qəzetində də onun "Məmməd Sadiq Aran" və "S. Azər" imzaları ilə məqalələrinə, "Sənan" imzası ilə şeirlərinə rast gəlinir. Məmməd Sadiq Aranın redaktoru olduğu "Yaşıl Yarpaq" jurnalı 1928-ci ilin 16 iyununda İstanbulda nəşr edilib. 8 səhifə həcmində yayınlanan bu jurnal uzunmüddətli olmayıb. Jurnalın son sayı 1928-ci ilin sentyabr ayının 1-də çıxıb. Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub. Sonrakı saylarda isə onun "Ərdoğan" və "Sisyanlı" imzaları ilə yazılarına rast gəlmək mümkündür.
"Yaşıl Yarpaq" jurnalı fəaliyyət proqramının birinci sayında nəşr etdiyi "Yolumuz" adlı yazıda belə ifadə edib: "Yaşıl Yarpaq əsarət zənciri altında qalmaq bədbəxtliyinə düşən Azərbaycanda illərdən bəri davam edən faciəyə seyrçi qalan dünyaya onun dərdlərini eşitdirmək üçün fəaliyyətə başlayır. Bu ümidini bir az da olsa reallaşdıra bilərsə, özünü xoşbəxt sayacaq".
Jurnalın Azərbaycan istiqlalı mübarizəsindəki əsas yeri Azərbaycanın rus istiqlalı altında olduğunu vurğulamaq və geniş ictimaiyyətə çatdırmaq idi. Jurnalın 1928-ci ilin 16 iyunda nəşr edilən "On il geridə" məqaləsində isə oxuyuruq: "Yüz milyonluq bir rus kütləsinə qarşı dörd milyonluq türk Azərbaycan bütün məhrumiyyətinə rəğmən, qəsb olunan haqqını müdafiə edə bilmiş və əsrin bütün şəraitini nəzərə alıb milli–mədəni ilk Türk Cümhuriyyətini təsis etmək şərəfini qazanıb". "Yaşıl Yarpaq" jurnalında Azərbaycan Türklərinin özlərinəməxsus bir kültürləri, bir ədəbiyyatı olduğunu əks etdirən yazılarla yanaşı, xalqımıza düşmən mövqedə dayanan ermənilər haqqında da məlumatlar verilib. Məmməd Sadiq Aran jurnalda "Ərdoğan", "Sisyanlı", "Sənan Azər", "Sənan" kimi imzalarla çıxış edib. Məmməd Sadiq Aran 1972-ci ildə mühacirətdə, Istanbulda vəfat edib.

Ülviyyə Tahirqızı