Ermənistanın ekoloji terror siyasəti Layihə

Ermənistanın ekoloji terror siyasəti

Xanhüseyn Kazımlı: "Bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır"

Məlumdur ki, işğal olunmuş ərazilərdə yerləşən və oradan keçən su mənbələri (göllər, su anbarları, çaylar, bulaqlar və kanallar) yalnız həmin ərazilərdə deyil, ətraf yerlərdə də təbii mühitin qorunub saxlanmasında mühüm rol oynayır. Lakin işğal altındakı ərazilərdən axan çayların daim ermənilər tərəfindən müxtəlif mənşəli tullantılarla və çirkab suları ilə çirkləndirilməsi faktları olduqca çoxdur. Öz mənbələrini işğal olunmuş ərazilərdən götürən, müxtəlif zərərli maddələrlə çirkləndirilən Xonaşen, Qarqar, Xaçın, Tərtər çayları keçib getdiyi bölgələrdə ekoloji durumun pisləşməsi ilə bərabər bütün canlıların da zəhərlənməsinə səbəb olur.
Millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, "hazırda bu ərazilər tanınmaz hala salınıb. Döyüş mövqelərində qazılan səngərlər, gündən-günə genişləndirilən əlavə yollar, oyuq və sığınacaq yerləri, mühəndis istehkam qurğularının inşası bu ekoloji fəlakətin sərhədlərini daha da genişləndirir, torpaq quruluşunda baş verən müəyyən dəyişikliklər isə yağışlı-yağmurlu havalarda sürüşmələrə və eroziyalara gətirib çıxarır. Beyləqan-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yerləşdiyi döyüş mövqelərində və təmas xətlərindəki binalar və yaşayış məntəqələri işğalçılar tərəfindən sökülərək yanacaq və tikinti materialları kimi istifadə edilir, səhra (qrunt) və asfalt yolu boyu yerləşən üzüm sahələrindəki beton dirəklər isə sökülərək aparılmış, üzümlüklər isə tamamilə məhv edilib.
İşğal altında olan Kəlbəcər rayonu ərazisindəki, "İstisu" təbii mineral suyu Ermənistanın "Cermuk" şirkətlər qrupu tərəfindən qablara doldurularaq üzərində isə Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla adı çəkilən şirkətlər tərəfindən xarici ölkələrə satılır".
Onun sözlərinə görə, respublikamızın təbii mühitində mühüm rol oynayan Araz çayının ekoloji vəziyyəti daha acınacaqlıdır: "Ermənistanın mədən, energetika, kimya, maşınqayırma sənayesi və kommunal-xidmət müəssisələrinin tullantıları Araz çayının əsas qollarına (Oxçuçay, Arpaçay, Razdan) axıdılır. Nəticədə Araz çayının 43 km boyunca Azərbaycan ərazisindəki mikroflora və mikrofauna tamamilə məhv edilib. Ermənistan ərazisində Metsamor AES-in bütün beynəlxalq təzyiqlərə baxmayaraq, fəaliyyət göstərdiyini və tullantılarını Araz çayının Razdan qolu ilə axıtdığını, habelə terrorçu dövlətin "Sərhədlərdən axan su axınları və beynəlxalq göllərin istifadəsi və mühafizəsinə dair 1992-ci il Konvensiyası"na qoşulmadığını nəzərə alsaq, ekoloji fəlakətin qaçılmaz olacağı qənaətinə gəlmək mümkündür. Belə ki, onun Ermənistan tərəfindən uzun illər çirkləndirilməsi əvvəllər burada qeydə alınan 21 qiymətli balıq növünün son 10-15 ildə kəskin surətdə azalmasına və suyun biokimyəvi, fiziki tərkibinin tamamilə dəyişməsinə səbəb olub. Hazırda Araz çayında turşuluq göstəricisi - pH 2,4-ə enmiş, mikroflora 180-200 dəfə azalmış, çay sahələri boyu su ilə təmasda olan bitkilər aləmi isə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Burada təbii yolla neytrallaşan və müəyyən edilən üzvü çirkləndiricilər - fenolların miqdarı 220-1160 dəfə, ağır metal duzları (mis, molibden və s.) 36-48 dəfə, azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft mənşəli karbohidrogenlər isə 73-113 dəfə norma üzrə qəbul edilmiş qatqılardan yüksəkdir. Eyni zamanda, Ermənistandan axıdılan yüksək temperatura malik sənaye mənşəli tullantı suları çayların temperatur və qaz rejiminə mənfi təsir göstərir. Araz çayının dibindən götürülmüş nümunələr göstərir ki, suyun tərkibində olan toksik mənşəli maddələrin miqdarı normadan 50 faiz artıqdır.
Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi taktikası Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən biridir. Nəzərə alsaq ki, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın və yalnız 10 faizi Azərbaycanın payına düşür, bu halda problemin kifayət qədər ciddi olduğunu anlamaq mümkündür. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan ərazisinin 3/4 hissəsi ölkəmizin ən geniş su arteriyası olan Kür çayı hövzəsinin aşağı nahiyəsində yerləşir. Sadalanan reallıqlar fonunda kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 milyon kubmetrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən Kür çayı hövzəsinə tökülür. İşğal olunmuş ərazilərin hazırkı ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə ötürülür".
Millət vəkili bildirib ki, Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir: "Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Öz mənbəyini bu dağlardan götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və başqaları özləri ilə düzən ərazilərə bol su gətirirlər. Onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Düşmən tərəfindən işğal edilmiş ərazilərdə, eyni zamanda yüzlərlə müxtəlif tərkibli mineral su bulaqlarımız vardır ki, bu da Azərbaycan mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6 faizini təşkil edir. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Tərtər çayı öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq Kür çayına tökülür. Tərtər çayının qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 metrdir. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Onun ümumi su tutumu 560 milyon m2, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. O, hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Hazırda Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilibdir. Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunacaqdır.
Terrorçu ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng su anbarından da öz çirkin əməllərini həyata keçirmək ücün istifadə edirlər. Belə ki, yaz və payız aylarında anbardan suyu çox buraxırlar ki, çay boyu yerləşən kəndləri və əkin sahələrini su bassın, əhaliyə ziyan dəysin. Bununla kifayətlənməyərək hətta su vasitəsi ilə minalar axıdırlar ki, Azərbaycan ərazisində partlasın və əhaliyə ziyan vursun. Erməni müəlliflərdən biri yazır ki, Ermənistan mənbəyini bu ölkənin ərazisindən götürən çayların qarşısını kəsməklə Azərbaycanda ciddi su qıtlığı yarada bilər. O, belə hesab edir ki, Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya aldığı bir vaxtda ermənilərin indiyədək bu üsula əl atmaması təəccüblüdür.
Bu sözlər kifayət edir ki, Azərbaycan həyəcan siqnalı versin və beynəlxalq təşkilatları ermənilərin terror siyasəti barədə xəbərdar etsin. Sərsəng su anbarının işğal altında olduğu 20 ildən artıq müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng su anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Bu təhlükə zaman keçdikcə daha real xarakter almaqdadır. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza nəticəsində ekoloji böhran və bioloji müxtəlifliyin sıradan çıxması ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür.
Bütün bunlar azmış kimi, Ermənistan silahlı qüvvələrinin sərsəm rəhbərləri "lazım gəldikdə" Mingəçevir su anbarını (SES) raket zərbələri ilə partlatmaqla hədələyirlər. Lakin ötən ilin avqust ayında aparılan dördgünlük döyüşlərdə onlarla itki verən Ermənistan silahlı qüvvələri qarşılarında necə möhtəşəm bir güc, mütəşəkkil bir ordu dayandığının bir daha şahidi oldular".

Cavid