“Qarşılıqlı uduş” diplomasiyası Güney Azərbaycan

“Qarşılıqlı uduş” diplomasiyası

"Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı qonşu ölkələr üçün müsbət anlaşma nümunəsidir". Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda "Dövlət həftəsi" münasibətilə verdiyi açıqlamada deyib. O bildirib ki, diplomatiya Bakı ilə bəzi xoşagəlməz vəziyyətə səbəb ola biləcək müəyyən məsələləri nəzarətə götürüb, qarşılıqlı etimad və rahat bir atmosfer yaradaraq əməkdaşlıq üçün mövcud olan fürsətlərdən istifadə edib.
Səfir "Qarşılıqlı uduş" diplomasiyasının davamlı şəkildə icrası nəticəsində İran və Azərbaycan arasında mövcud olan müştərək məqamlar, həmçinin qonşu ölkələrlə əlaqələrin inkişafının İranın xarici siyasətində əsas prinsiplərdən biri kimi sayıldığını qeyd edib: "Qafqaz regionu strateji əhəmiyyətə malik olan bir məkandır. İranın Qafqaz regionunun ən önəmli ölkəsi sayılan Azərbaycan Respublikası ilə daha yaxın münasibət qurması 11-ci dövlətin xarici siyasətdə əldə etdiyi müvəffəqiyyətlərdən biridir. İran Xarici İşlər Nazirliyinin əsas işi atom müzakirələrinə aid olsa da, qonşu ölkələr və o cümlədən də Azərbaycan Respublikası ilə iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafı üçün münasib bir şərait yaranıb".
Möhsün Pakayin Azərbaycan prezidenti İlham Əliyevin keçən ilin aprel ayında İrana səfərinə diqqət çəkib: "Bu səfərlərin ardınca iki ölkənin rəsmilərinin Tehran və Bakıya səfərlərinin aktivləşdiyinin şahidi olduq. Avqust ayında iki ölkə arasında müştərək iqtisadi komisiyanın yaradılması və iki ölkə arasında əməkdaşlıq protokolunun azacıq fikir ayrılığı ilə imzalanması hər iki tərəfin daha çox qarşılıqlı razılaşma sahəsində güclü iradəyə malik olduğunu təsdiq etdi".
Səfir son iki il ərzində iqtisadi mövzulara üstünlük verildiyi üçün qeyri-neft sektorunda keçən illərlə müqayisədə münasib artımın yarandığını qeyd edib: "Neft svapı məsələsi və "Şahdəniz" qaz yatağına investisiya yatırılması, viza verilməsində asanlaşdırma işləri, xüsusilə də İran vətəndaşları üçün Naxçıvana giriş zamanı asanlaşdırılmış viza rejiminə keçid, vergilərin tədricəт azaldılması sahəsində vəziyyətin yaxşılaşdırılması, gömrük sahəsində və xüsusilə də Biləsüvar keçid məntəqəsinin açılışı ilə işlərin nizama salınması, iki ölkənin sərhədlərində bir sıra problemlərin həll edilməsi, Culfa strateji körpüsünün açılışı, həmçinin İran, Rusiya və Azərbaycan dəmir yolları şirkətləri arasında Qəzvin-Astara dəmir yolunun tamamlanması ilə bağlı razılığın əldə edilməsi, bankla bağlı bəzi problemlərin həlli, özəl sektorunun əməkdaşlığı üçün əlaqələrin möhkəmlənməsi və tacirlərin iki ölkənin beynəlxalq sərgilərində iştirak etməsi, İran avtomobillərinin Azərbaycana ixrac edilməsi, elektrikin alınması və qarşılıqlı şəkildə ötürülməsi və azərbaycanlı turistlərin İrana səfərinin davam etməsi iki ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən sayılır".
Pakayin regionda İranfobiya aurasının azalması, dini radikallıqla mübarizə barədə razılaşma, İranla qonşu ölkələrin arasını vurmağa cəhd edən üçüncü qüvvələrlə mübarizə, narkotik qaçaqmalçılığı ilə mübarizə, məhbusların mübadiləsi, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında həmkarlığın möhkəmləndirilməsi, həmçinin iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi və İranın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xüsusi diqqət ayırmasını İran diplomasiyasının regionda fəal varlığının göstəricisi sayıb: "Bu vəziyyətin davam etdirilməsi nəticəsində İranla Azərbaycan Respublikası ticarət şəriklərinə çevrilməklə yanaşı, regionda mövcud olan təhdidləri nəzərə alaraq əldə edilmiş razılaşmaları həyata keçirərək regionda sülh və əmin-amanlığın hakim olmasını təmin edə bilərlər".