“Ləhcələrindən utanırlar...” Güney Azərbaycan

“Ləhcələrindən utanırlar...”

Güneyli müəllim: "Qeyri-fars uşaq məktəbə gedəndə kültürü, dili və mədəniyyəti, anası ilə paylaşdığı duyğuları və beynindəki görüntülər bir anda yox olur"

Əhalisinin əsasən yoxsul olduğu İranın qeyri-fars bölgələrində ibtidai təhsildə uğursuzluğun səviyyəsi çox yüksəkdir. Təhsil Nazirliyinin ötən illərdə ibtidai təhsildə sinifdə qalan şagirdlərin sayını azaltmaq istiqamətində gətirdiyi dəyişikliklər də bu problemi çözə bilməyib. Rəsmilərin bildirdiyinə görə, hazırda Sistan-Bəluçistan və Qərbi Azərbaycan şagirdlərin sinifdə qalması baxımından İranın ən uğursuz vilayətləridir.
Qərbi Azərbaycan vilayəti məktəblərinin sabiq müəllimi Cavad Abbasi Amerikanın Səsi ilə söhbətdə təhsil nazirliyinin bu dəyişiklikləri əslində çözmək deyil sadəcə problemi gizlətmək məqsədi ilə tətbiq etdiyini ifadə edir.
Hazırda İranda ibtidai sinif müəllimləri şagirdlərin bilik səviyyəsini artıq bal verərək deyil "çox yaxşı", "yaxşı" "yetərli" və "çalışmağa ehtiyacı var" şəklində dəyərləndirirlər. Fars dili və riyaziyyat dərslərində ən az "yetərli" səviyyəyə çatmayan şagirdlər isə bir il daha eyni sinifi təkrar etməli olurlar.
Xüsusilə qeyri-fars bölgələrdə müəllimlər və şagirdlərin qarşılaşdığı çətinlikləri şərh edən Cavad Abbasinin söylədiklərinə görə, İran İslam Respublikası təhsil səviyyəsini yüksəltmək istiqamətində çətinlikləri çözmək yerinə sadəcə şagirdlərin biliyini qiymətləndirmə metodunu dəyişdirib.
"Başqa ölkələrdə ibtidai səviyyədə uşaqların psixologiyasını daha yaxşı bilən, yeni tədris metodlarını tanıyan, savadlı və təcrübəli müəllimlərdən istifadə edirlər... Amma, İranda daha aşağı səviyyədə olan müəllimlər ibtidai siniflərə göndərilir. Müəllimlərin aldığı maaş aşağıdır. İkinci və üçüncü iş tapmaq zorunda qalırlar... Müəllimlərə yeni tədris metodlarını öyrətmirlər," deyə güneyli müəllim müəllimlər ilə əlaqədar problemləri anladır.
Abbasi xüsusilə İranın qeyri-fars bölgələrində çalışan müəllimlərin daha təcürbəsiz olub və daha çətin şərtlərdə çalışdıqlarını vurğulayır.
Güneyli fəal qeyri-fars bölgələrdə təhsil uğursuluğunun səbəblərinin həm ana dilində təhsilin olmaması həm də bu bölgələrdəki yoxsulluqla bağlı olduğunu önə çəkir:
"Qeyri-fars uşaq məktəbə gedəndə kültürü, dili və mədəniyyəti, anası ilə paylaşdığı duyğuları və beynindəki görüntülər bir anda yox olur... Keçmiş yaşamı ilə ilə tam fərqli təhsil sistemi ilə qarşılaşır. Qeyri-fars bölgələrdə yatırım yoxdur, ailələrin gəliri aşağıdır... Ata-analar da fars dilini bilmədiyi üçün uşaqlara dərslərdə yardımcı ola bilmirlər... Qərbi Azərbaycanda bir də mühacirət məsələsi var..."
Sabiq siyasi məhbus Qərbi Azərbaycanda təhsil almış bir şagird və sonra həmin vilayətdə çalışmış bir müəllim kimi təcrübələrinə də işarə edir.
"Məktəblərin imkanları çox azdır. Bir çox məktəbdə kitabxana deyə bir şey yoxdur... Birinci, ikinci hətta beşinci sinifə qədər eyni müəllim və hamısını bir yerdə tədris edir... Bölgədə yaşamış, həm öyrənci olmuşam həm də öyrətmən. Hər zaman dil problemini görmüşəm. Universitetdə belə sinifdə oturan öyrəncilər baxırsan dörd ildə bir dəfə belə danışmırlar. Ləhcələrindən utanırlar," deyə Cavad Abbasi əlavə edir.