İranın hökuməti yenə vəd verir Güney Azərbaycan

İranın hökuməti yenə vəd verir

Ruhaninin yardımçısı: "Urmiya gölünün bərpası ölkə prezidentinin xüsusi diqqətindədir"

"Urmiya gölünün bərpası ölkə prezidentinin xüsusi diqqətindədir". Bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri bildirib.
Onun sözlərinə görə, Həsən Ruhani indiyədək bir neçə dəfə Urmiya gölü ilə bağlı məsələni təqib edib və bu da İran hökumətinin hövzənin bərpasında niyyətinin ciddi olmasının göstəricisidir: "Urmiya gölünün xilası vacib və milli hədəflərdən biridir. Ona görə də hökumət ciddi şəkildə ölkənin bütün elmi və inzibati resurslarını bu hövzənin yardımına yönəldib. Urmiya gölünün bərpası üçün ölkənin bütün universitetlərindən, yerli və xarici alimlərdən, mütəxəssislərdən istifadə olunub. İran hökumətinin Urmiya gölünün bərpası mövzusunu unutmadığı, bu istiqamətdə həssas və ciddi iradə ortaya qoyduğu haqda insanları məlumatlandırmaq lazımdır".
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 6 faizində su qaldığını bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.