Urmiya gölündə suyun səviyyəsi ötən illə müqayisədə 50 sm düşüb Güney Azərbaycan

Urmiya gölündə suyun səviyyəsi ötən illə müqayisədə 50 sm düşüb

Urmiya gölündə suyun səviyyəsi ötən illə müqayisədə 50 sm düşüb.
APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan vilayəti Ətraf Mühitin Mühafizəsi İdarəsinin sədri Həsən Abbasnejad bildirib.
Onun sözlərinə görə, hazırda Urmiya və Təbriz şəhərlərini birləşdirən körpünün kənarlarında az miqdarda su qalıb: "Həmin su da növbəti bir neçə gün ərzində buxarlanacaq və göl, demək olar, quruyacaq. Bu gün 1995-ci illərdəki kimi yağış yağmır. Urmiya gölünün bərpası üçün ən azı 12-20 il vaxt lazımdır".
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünün bərpası bu məqsədlə 1 milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.