Urmiyada keçirilən aksiyanın dağıdılmasında iştirak etdiyi iddia olunan polis zabitinin vəzifəsi artırılıb Güney Azərbaycan

Urmiyada keçirilən aksiyanın dağıdılmasında iştirak etdiyi iddia olunan polis zabitinin vəzifəsi artırılıb

Polkovnik Yusif İsmayılzadə Urmiyada keçirilən aksiyanın dağıdılmasındakı fəaliyyətinə görə təltif olunaraq ikinci dərəcəli general rütbəsinə yüksəldilib.

Gunaz.tv

Məlumata görə, Yusif İsmayılzadə və polkovnik Keyumərs Pakdel 22 mart 2025 Urmiyada keçirilən anti-terror eyləminin dağıdılmasında əsas rol oynayan təhlükəsizlik rəsmilərindən olublar.

Yusif İsmayılzadə Qərbi Azərbaycan əyaləti polis idarəsinin koordinasiya üzrə müavinidir. Məlumatlı mənbələr GünAz TV-yə bildiriblər ki, o, dinc aksiyanın zorakılığa çevrilməsi üçün insanları təhrik edib. Həmçinin onun göstərişi ilə xüsusi təyinatlı polis bölmələri heç bir səbəb göstərilmədən su şırnaqlı maşınlarla Urmiyada kürd silahlı qrupları ilə əlaqəli olduğu deyilən qüvvələrin təxribat xarakterli addımlarını pisləmək üçün toplaşan etirazçılara müdaxilə edib.

Mənbələrin sözlərinə görə, İsmayılzadə 23 mart 2025 günorta saatlarında Həsəninin məzarı başında keçirilən mərasimdə iştirak edib və tam sağlam vəziyyətdə olub. Lakin həmin günün axşamı ayağını gipsə aldıraraq iddia edib ki, səhər saatlarında Urmiyada etirazçılar tərəfindən atılan daş nəticəsində ayağı sınıb.

Polkovnik Keyumərs Pakdelin də etirazçılarla qarşıdurmaya girərək və Azərbaycan milli fəallarına qarşı fiziki zorakılıq tətbiq edərək Urmiyadakı dinc aksiyanı gərginləşdirməyə çalışdığı iddia olunur. O, əvvəllər Xoy şəhərinin polis rəisi, bundan əvvəl isə Sulduzun polis rəisi vəzifəsində çalışıb.

Məlumatlı mənbələrin iddiasına görə, Pakdel həmkarları arasında pis nüfuza malikdir. Sosial media istifadəçilərinin bir qismi də onun daha əvvəl Sulduzda yaşayan azərbaycanlılara qarşı keçirilən təhlükəsizlik əməliyyatlarında mühüm rol oynadığını bildirib.