21 Azərə gedən yol - 11-ci yazı Güney Azərbaycan

21 Azərə gedən yol - 11-ci yazı

Azərbaycan demokrat firqəsinin yaradılması

1945-ci il sentyabrın 13-də (1324-cü il şəhrivərin 22-də) Təbrizdə ADF-nin ilk konfransı çağırıldı. Konfransa bütün bölgələrdən firqə fəalları, ağır mübarizə yolu keçmiş şəxslər dəvət olunmuşdular. Konfransda Güney Azərbaycanda və İranda siyasi vəziyyət müzakirə edildikdən sonra 11 nəfərdən ibarət müəssislər komitəsi yarandı və firqənin 1-ci qurultayını (konqresini) çağırmaq ona həvalə edildi. İXP-nin Azərbaycan əyalət təşkilatının başçısı S.Padiqan, İran Həmkarlar Şurasının Azərbaycan üzrə sədri M.Biriya təmsil etdikləri təşkilatların adından bəyanat verərək ADF-nin sıralarına daxil olmaq arzularını bildirdilər. Milli qüvvələrin vahid hədəfə doğru birliyini yaratmaq işində bu hadisə çox önəmli idi. Konfransda vətən və xalqın milli arzuları ilə bağlı M.Etimadın, Ə.Fitrətin, B.Azəroğlunun, Mədinə Ələkbərzadənin, Müzəffər Derəfşinin, aşıq Hüseyn Cavanın oxuduğu şeirlər konfransın milli ruhunu daha da yüksəltmiş oldu. Konfrans yekdilliklə S.C.Pişəvərini müəssislər komitəsinə sədr, Şəbüstərini isə müavin seçdi, qurultaya hazırlıq və qurultayın çağırılması işini onların başçılıq etdiyi komitəyə tapşırdı.
ADF-nin 1-ci qurultayı çox intensiv hazırlıqdan sonra 1945-ci ilin oktyabrın 2-də (1324-cü il mehrin 10-da) Təbrizdə Firdovsi salonunda keçirildi və iki gün davam etdi. Qurultayda Azərbaycanın bütün bölgələrindən firqə üzvləri tərəfindən seçilmiş 277 nəfər nümayəndə iştirak etmişdi. Nümayəndələr sosial-iqtisadi vəziyyətlərinə görə bütün sinif, təbəqə və zümrələri təmsil edirdilər. Qurultay partiyanın məramnamə və nizamnaməsini qəbul etdi. I Konfransdan keçən qısa müddətdə müəssislər komitəsinin fəaliyyətinə yüksək qiymət verib, ölkədəki sosial-siyasi və iqtisadi vəziyyəti ətraflı götür-qoy etdi. Firqəyə xalqın kütləvi axını ilə əlaqədar rejim məmurlarının, irtica qüvvələrinin fəallaşdığı da qeyd olundu. Hətta Qəvamül-Səltənə kimi mürtəce və hiyləgər bir adamın əli ilə Tehranda «Hizbe-demokrat» (demokrat partiyası) adlı alternativ qondarma təşkilat yaradıldı. Mürtəce qüvvələrin Qəvampərəst qanadı bu təşkilat ətrafında toplandı.
Hələ Rza şah vaxtı Urmiyada vali (Ostandar) olarkən öz qəddarlığı ilə ad qazanmış Mehdi Fərruxini Məhəmmədrza şah Azərbaycana vali göndərmək haqqında əmr verir. Təbrizdə «sabitlik» yaratmaq məqsədi ilə gəlmiş M.Fərruxi burada vulkan kimi püskürməyə hazır olan vəziyyəti görüb geri qayıtmaq məcburiyyətində qalır. Murtazaqulu Bayat kimi anti-azərbaycançı və mürtəce bir şəxsin Azərbaycana vali göndərilməsi də bir fayda vermədi. S.C.Pişəvərini söhbət üçün kənar bir evə dəvət edən vali Bayat söhbətin tam nəticəsiz qurtardığını etiraf etmişdi. Bütün bunlar Güney Azərbaycandakı xalq hərəkatının yüksəlişi qarşısında şahın və Tehran rejiminin çaxnaşmaya düşməsindən xəbər verirdi.
ADF-nin I qurultayı (2-3 oktyabr 1945) özünün son 6-cı iclasında ADF-nin MK (42 nəfər) və Mərkəzi Təftiş Komissiyasını (12 nəfər) seçdi. Qurultay eyni zamanda firqənin taktika və strategiyasına aid bir sıra dəyərli təkliflərin əməli fəaliyyətdə nəzərə alınmasını məsləhət gördü. Bununla birlikdə I qurultay ADF-ni Azərbaycandakı xalq hərəkatına rəhbərlik edəcək yeganə və səlahiyyətli təşkilat kimi rəsmiləşdirmiş oldu.
I qurultayın ADF tarixində önəmli yer tutmasının mühüm səbəblərindən biri siyasi bir təşkilat kimi ADF-ni təsdiq edib, onun məramnamə və nizamnaməsini qəbul etməkdən əlavə, mübarizəyə qalxmış kütləni təşkilatlandırmaq idi. Qurultay nümayəndələrinin son sözü bu olmuşdur ki, «Biz iran və Azərbaycanın nicatını bu firqənin bayrağı altında görürük. Onun müqəddəs şüarlarını həyata keçirmək üçün canımız, malımız və namusumuz ilə mübarizə edəcəyik».
ADF I qurultayının materiallarında və qəbul edilmiş məramnamədə heç bir «izmdən» söhbət açılmır. Proletar diktaturasından, «bütün ölkələrin proletarları birləşin!» ənənəvi kommunist şüarından və nə də sosializm, kommunizmdən, sinfi mübarizədən ad belə çəkilmir. Qurultay Azərbaycan cəmiyyətini milli azadlıq və demokratik tələblər ətrafında başlıca hədəfə doğru vahid cəbhədə birləşdirməyi özü üçün əsas strategiya olaraq qəbul etmişdi. Azərbaycan demokratik firqəsi liderlərindən olan doktor S.Cavid Tehranda kütləvi mitinqlərdən birində demişdir: «Azərbaycan xalqı nəzəri bəhslərdənsə əməli işə keçmişdi. Xoşbəxtlikdən Azərbaycan xalqının rəhbərləri başa düşmüşlər ki, bütün təbəqələrin vəhdətini yaratmaq lazımdır. İstər fəhlə olsun, istər mülkədar, istər tüccar olsun, istər kəndli olsun fərqi yoxdur, onların düşməni birdir».
İranda siyasi vəziyyətin kəskinləşməsi, ADF-nin I qurultayı ərəfəsində və qurultaydan sonra milli qüvvələrin daha artıq oyanışında diqqəti cəlb edəcək dərəcədə əmələ gələn dirçəliş mərkəzi dövləti daha artıq narahat etməyə başladı. Bu dövrün siyasi olayları haqqında bir sıra dəyərli məlumatlar Mirqasım Çeşmazərin 90-cı illərin əvvəllərində mətbuatda çap etdirdiyi məqalələrdə verilib. Dövlət XV çağırış məclisə seçkiləri belə təxirə salmaq məcburiyyətində qaldı. O yaxşı bilirdi ki, əgər bu şəraitdə XV məclisə seçkilər keçirilsəydi, məclisdə demokratik qüvvələrin mütləq üstünlüyü şəksiz olacaqdı.
1945-ci ilin sonunda Güney Azərbaycanda siyasi hadisələrin istiqamətləndirilməsində, Xalq Konqresinin çağırılmasına hazırlıqda və nəhayət silahlı xalq könüllüləri - fədai dəstələrinin yaradılmasında 18 noyabr 1945-ci ildə (17 Aban 1324) çağrılmış ADF-nin II geniş plenumunun xüsusi rolunu qeyd etmək lazımdır. Plenumun gedişində əncümənlərin bərpa edilməsi, daxili muxtariyyətin əldə olunması, mövcud şəraitdə qüvvələr nisbətinə «zora zorluqla» cavab verilməsi üçün situasiyanın yetişdiyi xüsusi olaraq qeyd edilmişdi. Milli azadlıq hərəkatında münasib fürsətin ələ düşməsini qeyd edərək S.C.Pi- şəvəri yazırdı ki: Biz bu fürsəti əldən verməyə razı ola bilməzdik. İki gün davam edən geniş plenum, əslində, qarşıdan gələn günlərdə həyata keçiriləcək tədbirlərin proqramını vermişdi. Geniş kütlənin siyasi fəallığı və xalq tərəfindən seçilmiş nümayəndələrin iştirakı ilə Xalq Konqresinin çağrılmasına hazırlıq II plenumun qərarlarında xüsusi qeyd olunmuşdu.
ÜMUMAZƏRBAYCAN XALQ KONQRESİ: «Biz əvvəl işə başladıqda çox sadə bir sürətdə azadlığımızı təmin etmək istəyi ilə əyalət və vilayət əncümənləri şüarını meydana atdıq. Tehran və onun başçısı dedi: bir teleqraf olmasın, min teleqraf olsun, biz bu haqqı verə bilmərik. Məsxərəli bu cavab xalqımızı bir addım daha irəli gedib əməli olaraq öz haqqını almağa, yəni Milli Məclisi və Milli dövləti yaratmağa vadar etdi».( «Qızıl səhifələr», Təbriz, 1946).
Ölkədəki siyasi vəziyyətə qiymət vermək, rejim məmurlarının, xüsusən jandarmların zorakılıq və özbaşnalığının qarşısını almaqdan ötrü gərəkli tədbirlərin görülməsi üçün geniş xalq toplantısına ehtiyac duyuldu. Azərbaycan faktiki olaraq iki yol ayrıcında idi: ya mövcud ağır vəziyyətlə razılaşmaq və ya xalqın xeyrinə vəziyyətdən çıxış yolu tapmaq. 3-cü yol qalmamışdı. Əslində, ADF-nin II geniş plenumu çıxış yolunun «yumruğa yumruq» vaxtının artıq yetişdiyini qeyd etmişdi. Bu haqda II plenumun qəbul etdiyi qərarın 5-ci maddəsində qeyd olunur ki, «...kəndlərdə qanunsuz olaraq kəndlilərin üzərinə hücum edən jandarmaların ümumi camaatın qüvvəsi ilə qarşısı alınsın».
Əslində, bu çağırış zora zorla cavab verməkdən başqa digər çıxış yolunun qalmadığına işarə idi. II plenumun direktiv göstərişinə əsaslanan bölgələrdəki firqə təşkilatları fasiləsiz olaraq 10 gün (10-20 noyabr) ümumazərbaycan üzrə mitinqlər və yığıncaqlar təşkil etdilər. Mövcud vəziyyəti hərtərəfli nəzərə alan firqə rəhbərliyi ümumxalq toplantısının - Xalq Konqresinin çağırılmasını qərarlaşdırırdı. Xalq Konqresinə nümayəndə seçkiləri başlıca olaraq üç şüar altında keçirildi:
1. Rejim məmurlarının zorakılıq və özbaşnalığının qarşısını almaq;
2. Əyalət və vilayət əncümənlərinin demokratik əsaslar üzrə fəaliyyətinə imkan vermək;
3. İran daxilində Azərbaycana muxtariyyətin verilməsi.
Yuxarıdakı tələbləri müzakirə edib reallaşdırmaq üçün Azərbaycanın bütün bölgələrindən 724 nəfər Xalq Konqresinə nümayəndə seçilmişdi. 1945-ci il noyabrın 20-də (1324-cü il 29 aban) Təbrizdə Azərbaycan Xalq Konqresi (AXK) təşkil olundu. Konqres 2 gün davam etmiş və orada bölgələrdən gələn nümayəndələrin çıxış əsasında 14 maddədən ibarət qətnamə qəbul edilmişdi. Konqres Azərbaycan xalqının tələbləri ilə bağlı İran şahına, İran Şura Məclisi rəisinə müraciət edib. AXK-nin qəbul etdiyi qətnamədəki müddəaların qısa məzmunu belədir:
- AXK özünü Müəssislər Məclisi elan edir;
- Əyalət əncüməninin səlahiyyəti bir qədər artırılıb, ona Azərbaycan Milli Məclisi (AMM) statusu verilir və bu İranın ərazi bütövlüyünə toxunmadan İran ərazisi daxilində əmələ gətirilir;
- Vaxt itirmədən Azərbaycan Milli Məclisi çağırılır;
- Azərbaycan muxtariyyətini elan edir, Məclisə seçkilər üçün fərmanı Tehran yox, xalq özü verir;
- Məclisə seçkilərdə qadınlar kişilərlə bərabər hüquqa malikdir, 20 yaşına çatmış hər kəs (Xalq düşmənlərindən başqa) seçmək və 27 yaşdan yuxarı seçilmək hüququna malikdir. Məclisə seçkilər müstəqil, gizli, bərabər və azad aparılır;
- AXK nümayəndələrindən ibarət 39 nəfər seçilmiş milli heyət1 Milli Məclis çağrılıb və milli hökümət qurulanadək AXK-nın qərarlarının icrası və MM çağırılması işi ilə məşğul olmalıdır;
- Milli heyət Azərbaycandakı vəziyyətlə əlaqədar AXK qərarı haqqında məlumatı İran xalqına, İran şahına, baş nazirə, İran Milli Məclisinin rəisinə və eləcə də böyük dövlətlərə çatdırmalıdır.
39 nəfərlik milli heyət M.Şəbüstərini sədr seçdi. Milli heyət AXK qərar və göstərişlərini icra etməyə başladı. İlk tədbir olaraq AXK şaha, İran ali hakimiyyət orqanlarına və böyük dövlətlərə: (ABŞ, SSRİ, İngiltərə, Fransa və Çin dövlətinə) teleqramla müraciət etdi. Bu müraciətlərdə bildirilirdi ki, «Qoy bütün dünya bilsin, mütəməddün (sivil) dövlətlər gözlərini açıb görsünlər ki, Tehran dövləti Azərbaycan xalqından intiqam alır, ona azadlıq əvəzinə cəlladlardan, qatillərdən himayət edən, onların cinayətlərinin üstünü örtən xain ədliyyə məmurları, cani jandarm rəisləri, vəhşi və qan içən bəxş- dar və dehdarlar verməkdədir». Müraciətdə böyük dövlətlərdən haqqı tapdalanmış Azərbaycan xalqına öz hüquqlarına və adi insani haqlara sahib olmaqda kömək etmək xahiş olunurdu. Böyük dövlətlərlə yanaşı, İran şahı Məhəmmədrzaya və İran Şura Məclisinin sədri Seyid Məhəmmədsadıq Təbatəbaiyə və baş nazir (vəzir) İbrahim Həkimiyə də konqres iştirakçıları adından xüsusi müraciət qəbul edildi. Bu müraciətdə şah və mərkəzi dövlətdən Güney Azərbaycandakı özbaşınalığa son qoyulması, xalqın tələb və ehtiyaclarına əməli işlə cavab verilməsi, bu bölgənin haqqı tapdalanmış xalqının adi insani hüquqlarının bərpa edilməsi və s. tələb olunurdu.

Əkrəm Rəhimli - Bije