Tarixi şəxsiyyətlərimizi unutdururlar, çünki... Güney Azərbaycan

Tarixi şəxsiyyətlərimizi unutdururlar, çünki...

Kult.az güneyli yazar Mahmud Dustanın ana dili ilə bağlı yazısını təqdim edir:
İranda mәktәblәr açıldı, amma Güney Azәrbaycan şәhәrlәrindә milyonlarla azərbaycanlı uşaq öz ana dilində deyil, mәcburi şәkildә fars dilindә tәhsil alır.
Bu ölkədə xeyli azәrbaycanlı yaşasa da, hakimiyyət farsların әlindәdir. Dövlәtin әsas idarәedici orqanlarında öz adamlarını vә yaxud bizlәrdәn olan, lakin kimliklәrini satmış insanları yerlәşdirirlәr. Bu sәbәbdәn siyasәtlәrini çox asanlıqla qeyri-fars millәtlәrә yeridə bilirlәr.
Vəzifәdә türk kimliyini sevmәyәn insanlar olduqda türklәrin haqları onlar tәrәfindәn tapdalanır. Bu siyasәt Pəhlәvi dövründәn qalan panfarsların ideyası ilә bizim dil, tarix, mәdәniyyәt vә kimliyimizi aradan qaldırmaq mәqsәdilә irәli sürülüb. Uşaqlarımızı assimilyasiya etmәklә, gәnclәrimizin öz ana dillәrindәn vә kimliyindәn uzaqlaşıb, fars dilindә yazı-pozu öyrәnmәyi sevib, ona maraq göstәrmәsinә bais olurlar.
İran konstitusiyasına әsasәn İranda yaşayan hәr bir xalq fars dili ilә yanaşı, öz ana dilindә dә tәhsil ala bilәr. Lakin bu haqqı bizlәrdәn alıblar. Özlәrinin qoyduğu qanuna özlәri belә әmәl etmir.
Bir millәti aradan aparmaq üçün ilk öncә millәtin dilini, tarixini vә tarixi şәxsiyyәtlәrini unutdururlar. Vә sonda o millәti asanlıqla assimilyasiya edib aradan qaldırırlar. Bizi assimilyasiya edә bilmәmәlәri üçün ana dilimizi qorumaq başlıca şәrtdir. Bu hәssas durumda Azәrbaycan düşmənləri, özәlliklә panfarslar bir-biri ilә әl-әlә verәrәk, türklәrin tarix, mәdәniyyәt vә dilini mәhv edib, aradan qaldırmaq istәyirlәr.
İranda qeyri-fars xalqlara mәktәblәrdә öz dillәrindә tәhsil almaq imkanı verilmirsә, evimizdə uşaqlarımızı ana dilimizdә danışmağa təşviq etməliyik. Güney Azәrbaycanda yazarlar, şairlәr, tarixçilәr vә mәdәni fәallar hәr zaman bu birtәrәfli siyasәtә etiraz ediblәr. Sosial mediada da etirazlar olur, müxtәlif kampaniyalar qurulur, uşaq kitabları alınıb mәktәblәrә paylanılır.
Biz ana dili ilə bağlı amalımızdan geri dönməsək, haqqımız olanı ala bilərik.