İranın ikinci ən böyük qızıl mədəninin işçilərinə təzyiqlər davam edir Güney Azərbaycan

İranın ikinci ən böyük qızıl mədəninin işçilərinə təzyiqlər davam edir

Qərbi Azərbaycan vilayətinin baş hakimi İranın ikinci qızıl mədəninin işçilərinin işsizliyə qarşı etirazlarından dolayı məhkum olduqları pul cəzasını ödəmədikləri təqdirdə 21 ay həbs cəzası çəkəcəklərini açıqlayıb.
Qərbi Azərbaycan vilayətinin baş hakimi Əli Əkbər Gərusi işçilərə verilən hökmün icra mərhələsində olduğunu vurğulayaraq, məhkəmə tərəfindən həbs yerinə verilən pul cəzasının işçilər tərəfindən hissəli ödəniş yolu ilə ödəmək məcburiyyətində olduqlarını bildirib.
Məhkəmə tərəfindən verilən hökm Ağdərə mədəninin iş verəninin şikayəti nəticəsində çıxarılıb. Daha sonra iş verən şikayətindən vaz keçsə də cəza İranın məhkəmə sistemi tərəfindən cinayətin ümumi suç adı altında icra edilir.
Ağdərə mədəninin işçilərinə olan təzyiqlər 2016-cı il may ayında məhkəmə tərəfindən mədən işçilərinin etirazlarından dolayı məhkum olduqları şallaq hökmünün icra olması ilə ictimaiyyətin diqqətini çəkdi. Ağdərə mədəninin işçiləri 2014-cü ildə işdən qovulduqları üçün etiraz aksiyası təşkil etmişdilər. Həmin etirazlar zamanı 350 işçinin işdən çıxarılması və əmək müqavilələrinin yenilənmədiyi üçün aksiya keçirmişdilər. Onlardan bəzisi intihara cəhd etmiş, polis qüvvələri aksiyanı dağıdaraq işçilərin bir neçəsini saxlamışdı. Ancaq mədən iş verəni işçilərdən məhkəməyə şikayət etmiş, bu da işçilərin həbs, şallaq və pul cəzasına məhkum olması ilə nəticələnmişdi.
İntihara təşəbbüs edən işçilər mediada yayılan məlumatlarda məruz qaldıqları çətin şəraiti təsvir etmişdi: ”Yoxsul və ucqar bir kənd ailəsinin övladı olaraq mənim üçün işdən qovulmaq ailəmin ac qalması deməkdir. 27 dekabr səhər çağı işdən çıxarılmış bir qrup başqa işçi ilə bərabər mədənin çevrəsində etiraz aksiyasına başladıq. İş verənin etinasız qalmasına görə etirazımız gecə saat 8-ə qədər davam etdi. Bu durumu görüncə bir an həyatıma son verməyə qərar verərək, bir şüşə parçası alıb qarnıma soxdum. Ondan sonrasını xatırlamıram, ayıldığımda özümü xəstəxanada gördüm”.
2016-cı il iyunun 12-də İran məhkəmə sisteminin sözçüsü verdiyi mətbuat konfransında işçilərə verilən cəza hökmündə güzəştə gedildiyini iddia edərək, şallaqların xalqın gözü qarşısında yox məhkəmə binasında vurulduğunu bəyan etmişdi. Həmin il işçilərin şallaq hökmünün icra edilməsindən sonra ictimaiyyət və beynəlxalq insan haqları qruplarının təzyiqləri nəticəsində noyabrın 9-da İran parlamenti hadisənin araşdırılmasını istəyərək, parlamentin Sosial Məsələlər Komissiyasına hadisə ilə bağlı istintaq aparılması tapşırdı.
Təxminən 10 ay sonra 2017-ci il avqustun 22-də parlamentin Sosial Məsələlər Komissiyası hazırladığı ətraflı hesabatı parlamentə təqdim etdi. Hesabatda mədənçilərin etiraz və aksiyalarının İran əmək qanunları ilə zidd olmadığı, Tikantəpə Şəhərinin Əmək İdarəsi, Mədən iş verəni və valinin qeyri-qanuni hərəkət etdikləri, məhkəmənin işçilərə qarşı irəli sürdüyü ittihamlar üzrə cinayət törədilmədiyi, nəticədə verilən hökmlərin yanlış olduğu ortaya çıxdı.
İran məhkəmə sistemi tərəfindən heç bir zaman diqqətə alinmasa da, parlamentin apardığı araşdırmada Ağdərə mədənini işlədən şirkətdə böyük iqtisadi və maliyyə korrupsiyası olduğu ortaya çıxmışdı. Parlamentin hesabatında mədən tərəfindən istehsal edilən gerçək qızıl miqdarının şirkətin bəyan etdiyindən 10 qat artıq olduğu və beləliklə vergidən yayınmaq üçün saxtakarlığa əl atıldığı irəli sürülüb.