Abbas Lisaniyə qarşı çıxarılan hökmə etiraz Güney Azərbaycan

Abbas Lisaniyə qarşı çıxarılan hökmə etiraz

Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurası tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barəsində çıxarılan 15 il həbs cəzasının təsdiqlənməsini qınayıb.
Şuranın təmsilçisi Yusif Kor Abbas Lisaniyə qarşı çıxarılan hökmə etirazını bildirərək dinc yollarla mübarizə aparan fəalları həbs etməyin beynəlxalq insan hüquqları konvensiyalarına zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.
Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.
Qeyd edək ki, İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri və insan hüquqları təşkilatları güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barəsində çıxarılan 15 il həbs cəzasının təsdiqlənməsinə reaksiya göstərərək bu hökmün ləğv edilməsini tələb ediblər.
Bu təmsilçilər Azərbaycan türkləri ilə həmrəylik göstərmək məqsədilə yaydıqları videolarda İran məhkəmələrinin çıxardığı ədalətsiz və qəddarca hökmlərini şiddətlə qınayıblar.
Onlar həmçinin Abbas Lisaninin qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.
Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi yaydığı yeni bir mesajda təmsil etdiyi cəmiyyətin bütün siyasi məhbusların sərbəst buraxılmasına qədər səylərini davam etdirəcəyini bildirib.
Ərk cəmiyyəti Abbas Lisaniyə qarşı çıxarılan hökmün təsdiqlənməsindən sonra bütün imkanlarını səfərbər edərək bu xəbəri beynəlxalq insan haqları təşkilatlarına və medialara çatdırmağa çalışıb. Ərk həmçinin dosye ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına müraciət edib.
Xatırladaq ki, Türkiyədə fəaliyyət göstərən “Çağdaş Azərbaycan Kültür Dərnəyinin” sədri Camal Məhmətxanoğlu, həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən məşhur fəal və yazıçı Yusif Əzizi Bənitorof və Bəluc Fəallar Kampaniyası təşkilatının sədri Abdulla Arif, eləcə də Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurasının katibi Yusif Kor daha öncə tanınmış fəal barəsində çıxarılan həbs cəzasının təsdiqlənməsini qınayaraq onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.
Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.
Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb.