Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb Güney Azərbaycan

Güney azərbaycanlı milli fəal Behnam Şeyxi müvəqqəti azadlığa buraxılıb

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığı üçün həbs edilən Behnam Şeyxi Tehranın Evin həbsxanasından məzuniyyətə buraxılıb.
Milli fəal sentyabrın 15-də 1 həftə müddətinə müvəqqəti azadlığa buraxılıb.
İyulun 21-də saxlanılan Şeyxi 3 digər milli fəalla birlikdə- Əkbər Azad, Əlirza Fərşi və Həmid Mənafi Nadarlı- Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Şeyxi keçən ay ailəsi ilə əlaqə saxlayaraq özündə koronavirus infeksiyası əlamətlərini müşahidə etdiyini bildirmişdi.
Həmin vaxt Şeyxi COVİD-19 testi üçün həbsxananın poliklinikasına müraciət etsə də test çatışmazlığına görə səhiyyə işçiləri onu yoxlamaqdan imtina edərək ağrıkəsici dərmanlar veriblər.
Son aylarda İranın əksər həbsxanalarında məhbusların saxlanılma şəraiti və koronavirusun yayılması ilə əlaqədar dərc olunan xəbərlərdən sonra, cəmiyyətdə milli-mədəni fəalların səhhəti ilə bağlı ciddi narahatlıq yaranıb.
İran rejimi Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq həbsdə olan bir neçə milli fəalın məzuniyyətə çıxmasına imkan vermir.