“Azərbaycan” qəzetinin səhifələrində  -  48-ci yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  -  48-ci yazı

** *
"Mən də fədailərə hədiyyə gətirmişəm"

Bijən çoxdan idi ki, mənim intizarımı çəkirdi. Mən idarəyə gəldikdə mizin üstündə kiçik bir qutu gördüm. Ondan buraya nə üçün gəldiyini soruşdum. Məsum baxışlarını mizin üstündəki qutuya dikib “mən də fədailərə hədiyyə gətirmişəm”, - dedi.
Daxilində olan pulların var-yoxu 88 riyal iki abbasıdan ibarət idi, hədiyyə komissiyasına gətirmişdi. Onların hamısı on şahılıq idi. Onları saymaq mənim vaxtımı alırdısa da, çox sevinclə Bijənin verdiyi bütün hesabına yetişdim. Mən bu zaman onu tələsən kimi hiss edirdim. Hesabı qurtarcağın, “Bəs mənə kağız vermirsən?” - deyə üzümə baxdı. O, evlərində atasının verdiyi hədiyyənin qəbzini görüb və onun nə olduğunu soruşur. O da deyir ki, fədailərə pul verib bu kağızı almışam. Bijən dərhal şəraitdən istifadə edərək demişdi ki, qoyarsız, mən də pul verib qəbz alam?
Müsbət cavab eşitdikdən sonra dəxilini açıb və özü dediyi kimi, fədailərə o da hədiyyə gətirmişdi. Bu pak hisslər xalqımızda olan səmimiyyətdən və milli şüurumuzdan böyük nümunələrdirlər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168, 09.04.1946

***
Milli Məclisin ikinci ümumi sessiyasının ikinci ümumi iclasında cənab Pişəvərinin Azərbaycan Milli Hökumətinin gördüyü işlər haqqında verdiyi hesabatından

Mən dəfələrlə mənimlə həmkarlıq edən nazirlərə demişəm ki, biz aptek qurmuruq, idarələrimiz qanunu icra etmək üçündür. Fərmandarlarımız (qubernatorlarımız – S.B.) da gərək qanunun nəzarətçisi və icraçısı olsunlar. Amma layiqincə bunu başa düşən adamlar çox azdır. Çünki köhnələr başa düşmürlər, təzələr də idarə işlərinə bələd deyillər. Ona görə də idarələrdə bəzi yerdə köhnə adamlar və bəzi yerdə təzə adamlar layiqincə məqsədlərimizi icra edə bilmirlər. Bizim ümidimiz budur ki, gələn dövrlərdə bəxşdar (rayon rəhbəri – S.B.) və kətxudaları öz ideyalarımıza uyğun bir şəkildə tərbiyə edib və iş başına qoyacağıq. Bəzi mütərəqqi yerlərdə dövlət işçiləri tərbiyə etmək üçün məktəblər açılr. Lakin indi bu işdən ötrü bizdə çətinliklər çoxdur, buna görədir ki, indi biz inandığımız adamı iş başına qoyuruq. Çox yerlərdə görürsən ki, o işçilər bir para işlərdə nazirə müraciət etmək yerinə firqəyə müraciə edir, ya da ki, firqəyə müraciət etmək yerinə hökumətə müraciət edir.

Təbriz, 5 aprel 1946-cı il.

***

Tarixi elanlardan

Möhtərəm cənablara xəbər verilir ki, 5-ci homə (rayon – red.) komitəsi tərəfindən tamaşaya qoyulacaq “Sevil” pyesinin əvəzinə cümə axşamı günü, aprel ayının 11-də axşam saat 5-də “Şir və Xurşid” səhnəsində dövlət teatrının aktyorlarının iştirakı ilə “Namus” pyesi oynanılacaqdır.
5-ci homə komitəsinin sədri Qulu Rastqar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 167, 08.04.1946

***

Sahir: "Şahsevənlər və Savalan"

Araz çayı ilə Savalan ətəkləri arasında əski zamanlardan bəri köçəri halında Azərbaycan ellərində yaşayan şahsevənlərin Azərbaycan tarixində mühüm rolları vardır. Şahsevənlər hələ 17-ci əsrdən əvvəl müxtəlif adlar daşıyarkən və ayrı-ayrı tayfalara bölünərkən I Şah Abbas Səfəvi o tayfaları bir yerə toplayıb “şahı sevən” adı ilə onlardan Qızılbaş qüdrətini azaltmaq qəsdi ilə böyük və güclü bir ordu yaratdı. Şahsevən orduları İran-Osmanlı döyüşlərində böyük rol oynamışlar. Şahsevən elləri əsil və qədim Azərbaycan ellərindən olub qayət çalışqan, zəhmətkeş və cəsur bir kimsələrdirlər.
Şahsevənər köçəri bir həyat sürdükləri halda hər zaman İran hökuməti uğrunda hər cür fədakarlıq göstərib və məmləkətə, xüsusilə Azərbaycana unudulmaz xidmətlər ediblər. Lakin Rza şah dövrü Tehran hökuməti bu biçarələri köçərilikdən qurtarıb “taxta qapı” etmək (oturaq həyata keçirmək – red.) bəhanəsilə yoxsulluq və pərişanlığa sövq edərək onlara çoxlu ziyanlar vurub və onlara olmazın əzab və əziyyətini dadızdırıblar.
Şahsevənlər qış fəslini Muğan otlaqlarında keçirib baharın ikinci ayının ortalarında oradan köçərək yaylağa sarı hərəkət edərlər və baharın son günlərində ancaq Savalan ətəklərinə varıb su başlarında, yaşıl çayırlıqlarda çadır qurarlar.
Şahsevən elləri çoxlu qoyun, inək, dəvə və az miqdarda keçi bəsləyərlər. Lakin yaylaqları daşlıq olduğuna görə gamış saxlamazlar. Bu ellərin başlıca tayfaları Giev, Hacı Xocalı, Hacı Əlili, Kürəbazlı, Gəbəli və sairədən ibarətdir. Onlardan bu günə qədər “taxta qapı” olanlar kəndlərdə yaşar, əkinçilik və heyvandarlıqla məşğul olarlar. Şahsevənlərin yaylaqları Savalan, Çaldaq, Ərdəbil ətrafı və Meşkin civarındadır. Bütün yay günləri sərin, yaşıl yaylaqlarda obaları qurub yaşarlar və duru sular içərlər. Dağların başını ilk dumanlar alarkən və uca yamaclar qar ilə örtülərkən dağlardan ovaya sarı enər, Meşkin və Ərdəbil mahalında yeni biçilən buğda və arpa tarlalarında heyvanlarını otara-otara yenə də Muğana sarı yollanıb beş aya qədər orada güzəran edərlər. Savalan da Səhənd kimi bir yanar dağ olub Təbrizin şimal-şərq tərəfində Sarab ilə Ərdəbil arasında qərbdən şərqə sarı uzanır. Belə ki, qərbdə Qaradağ və şərqdə isə Talış yüksəklikləri ilə birləşir. Savalan 400 metr yüksəklikdə daimi qarlarla örtülü təpələrə malikdir və o, Azərbaycanın ən uca dağlarından sayılır.
Bu dağların sərt və yalçın yamacları cənuba tərəf və mülayim ətəkləri də şimala sarı uzanır. Savalana yağan ağır qarlar heç bir zaman aradan getməyib bir çox çay, bulaq və kəhrizlər yaradır. Bir tərəfdən Sarabın almalıqlarını, Meşkinin topraqlarını və çiçəkli bağlarını, başqa tərəfdən isə Ərdəbil mahalını suvarır. Təbrizin qərb bağları və zəmiləri də ondan axan sular vasitəsilə abadlaşır.
Şimalda Əhər suyu və cənubda Təbrizin şimalından keçən Acıçay Savalandan nəşət edirlər. Savalan dağlarında müxtəlif kükürd, mis, dəmir mədənləri və ilıq mədən suları mövcuddur.
Savalan bir tərəfdən Qaradağlar və başqa tərəflərdən Səhənd və Talış dağları ilə əhatə olunduğuna görə yağış az olur, buna görə də təbii meşələdən xalidir. Yalnız onun yamacları aromatik göyərtilər və çəmənlərlə örtülü olub ətəkərində isə ucsuz-bucaqsız bağlar, zəmilər, onların ortasında gözəl abadlıqlar əmələ gəlib. Təbriz-Əhər yolu Savalanın qərbindən və Təbriz-Ərdəbil yolu isə onun şərq ətəklərində “Sayan gədiyi” üzərindən keçir. Savalan Azərbaycanın gözəl bir dağı, mehriban bir anasıdır. Onun nəfəsilə bizim ölkəmiz çiçəklənib yaşıl rəngə boyanar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 167, 08.04.1946
***
17-18-ci əsrlərdə Təbrizdə ədəbiyyat

Təəssüflə qeyd etməliyik ki, Saib Təbrizinin Azərbaycan dilində yazmış olduğu əsərləri bütünlüklə bizə gəlib çatmamışdır. Bu zamana qədər onun:

“Nə ehtiyac ki, saqi verə şərab sənə
Ki, öz piyaləsini vermiş aftab sənə”
- beyti ilə başlanan məşhur qəzəli, Naxçıvaninin kitabçasında verilmiş üç qəzəli və bir də müləmması bəllidir.
Saib Təbrizi də dövrünün başqa şairləri kimi Fizulidən ilham almışdır. Fizulinin:

“Könlüm açılır zülfi-pərişanını görcək
Nitqim tutulur qönçeyi-xəndanını görcək”
beyti ilə başlanan qəzəlinə Saib Təbrizi nəzirə yazaraq:
“Eldən çıxaram zülfi-pərişanını görcək
İşdən gedərəm sərvü xuramanını görcək”

- demişdir.
Saib Təbirzinin əsərləri fars ədəbiyyatına da təsir etmişdir. Onun:

“Aşiq qanını vəsməli qaşın nihan içər,
Cövhərli tiğ qınara peyvəstə qan içər”

- beyti ilə başlanan qəzəlinə Raqim təxəllüslü bir şair farsca nəzirə yazmışdır. Məsələn:

“Xun-e aşeq ra çu ab an ləl-e meyqun mixorəd
Ab ra netəvan çenin xordən ke u xun mixorəd”
(Aşiqin qanını o, narın suyu kimi içir,
Suyu elə içə bilməz ki, qanı içir)
Son zamanlarda Azərbaycan alimləri Saib Təbrizi haqqında daha geniş tədqiqat apararaq onun Azərbaycan dilində yazılmış bir neçə qəzəlini dərc etmişlər. Bu cəhətdən Həmid Araslının fəaliyətini xüsusilə qeyd etmək lazımdır. O, Leninqradda Şərqşünaslıq İnstitutunun əlyazmaları şöbəsindən götürərək Saibin Azərbaycan dilində yazdığı dörd qəzəlini Azərbaycan məcəlləsinin 3-4-cü nömrəsində dərc etdirmişdir.
17-ci əsr şairlərindən danışarkən Şah Səfi və Şah Abbas haqqında qəsidələr yazan Məsihiadlı bir şairi də qeyd etməliyik. Onun “Vərqa və Gülşa” adlı dastanı Azərbaycan ədəbiyyatı tarixində məşhurdur. Bundan başqa şairin “Dane və dam”, “Zənbur və əsəl” adlı əsərlərinin olduğunu da qeyd edirlər. O, yalnız dastanlar deyil, rübai şerlər də yazmışdır. Yalnız şair üç dastanı ilə fəxr edərək demişdir: “Həqqa ki, mənim bu üç kitabım rövşəndir. Onlardan aftabım “Vərqa və Gülşa”, “Dane və dam”, “Zənbur və əsəl” üçüncüyə nam”.
Məsihinin məşhur əsəri olan “Vərqa və Gülşa” Fizulinin “Leyli və Məcnun” əsərinin təsiri altında yazılmışdır. “Vərqa və Gülşa”nın 1640-cı miladi ilində yazılmış bir əlyazması nüsxəsi Britaniya muzeyində saxlanılmaqdadır.
Beləliklə, 17-ci əsrdə tərəqqi edən Azərbaycan ədəbiyyatı bir tərəfdən yazılı, digər tərəfdən də şifahi ədəbiyyat sahəsində görkəmli əsərlərin yaranmasına səbəb olmuşdur. Xüsusən aşıq ədəbiyyatının inkişafı üçün geniş imkan yaranmışdır. Şeirdə təzə məzmun, təzə şəkil nəzərə çarpırdı. Daha doğrusu, Azərbaycan ədəbiyyatında yeni bir dövr yaranırdı. Milli şeirin inkişafı ilə səciyyələnən bu dövr Azərbaycan ədəbiyyatı tarixində Vaqif dövrü adlanır. Molla Pənah Vaqif 18-ci əsr ədəbiyyatımızı tamamilə yeni bir yol ilə inkişaf etdirirdi ki, Təbriz və onun ətrafında yaranan təzə ədəbiyyat da buna səs verirdi. Qaradağlı Aşıq Əlinin Vaqifə yazdığı aşağıdakı qoşma dediklərimizə canlı şahiddir:

Bu gövhər sözlərin, ey alicənab
Tamam aşiqlərin səminə gəlmiş
Fəsahətdə, bəlağətdə sənin tək
İnanma ki, ruyi-zəminə gəlmiş.
Bu əsrdə şairlərin xanısan,
Müdərrisə bərabərsən, yəni sən
Elmin mədənisən, gövhər kabısan
Eşidənlər sözün dəminə gəlmiş.
(Qurtarmadı).

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 167, 08.04.1946

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.