“Azərbaycan”  qəzetinin səhifələrində  - 80-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 80-ci yazı

80 min Mehranrud fədaisi tərəfindən Təbrizdən Tehrana.
Azərbaycan xalqının hörmətli nümayəndələri və Milli hökumətimizin Baş naziri cənab Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Zəfər”, “Mərdom”, “İran-e ma”, “Rəstarxiz-e İran”, “Dad” qəzetlərinə.
Biz, Azərbaycanın azadlığı və Azərbaycan Milli Hökumətinin quruluşunda fədakarlıq göstərən Mehranrud mahalının 80 nəfər fədailəri, bu gün bu azadlığı müdafiə etmək yolunda can və mal ilə hazırıq. Biz öz möhtərəm nümayəndələrimizdən İran istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını və İranın bütün əyalət və vilayətlərində həqiqi azadlıq və milli hökumətin yaranmasını öz müzakirələrində qarşıya məqsəd qoymalarını rica edirik.
80 min nəfər Mehranrud fədailəri və gəncləri tərəfindən: Qulaməli Zare, Nemət Abadi.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

***

“Şəms” fabrikinin fəhlələri tərəfindən Təbriz – Tehran.
Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri və onun rəisi Baş nazirimiz cənab Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “İran-e ma”, “Mərdom”, “Dad”, “Zəfər” qəzetlərinə.
Biz, “Şəms” fabrikinin 100 nəfər işçiləri, öz səviyyəli nümayəndələrimizdən müzakirədə aşağıdakı istəklərimizi tələb edirik: Azərbaycanlıların qanı bahasına aldıqları azadlığı və Milli hökumətimizin İran daxilində hifz olunması ilə bərabər bütün İranda həqiqi demokratik bir hökumətin yaranmasını da tələb edirik. Bu yolda İran xalqı və azadlıqsevərləri indiyə qədər böyük fədakarlıq etmiş və edəcəklər.
5 milyonluq Azərbaycan xalqı adından yuxarıda tələb etdiyimiz azadlığın hifz olunması üçün bütün varlığımızla hazırıq. 100 nəfər fəhlə, qulluqçu və işçilər tərəfindən Məhəmmədəli Fazili, Həsən Qoudab, Kərim Bəxtiyari, Hüseyn Əkbəri, Böyük Şəmai, Böyük Cərrah, Rza Yəhyəvi.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

***
Təbriz şəhər komitəsinin 7-ci homə üzvləri tərəfindən Təbriz – Tehran.
Tehran. Azərbaycan xalqının əziz nümayəndələri və Milli hökumətimizin hörmətli Baş naziri cənab Pişəvəriyə.
Üzü: Təbrizdə nəşr olunan “Azad millət”, “Azərbaycan”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Mərdom”, “ Zəfər”, “İran-e ma”, “Dərya”, “Rəstaxiz-e İran”, “Dad” qəzetlərinə.
Biz, Təbriz şəhər komitəsi 7-ci homəsinin (rayon komitəsinin – red.) 1500 nəfər üzvləri, siz nümayəndələrə inanıb öz müzakirə və görüşlərinizdə azərbaycanlıların hüququnu və milli azadlığını hifz etməklə bərabər İranın bütün əyalət və vilayətlərində azadlığın bərqərar olmasını arzu edirik və İranda həqiqi bir demokratik rejimin yaranmasını siz nümayəndələrimizdən istəyirik. Azərbaycan xalqı tarix boyu azadlıq göstərdiyi kimi bu dəfə də yaratdığı azadlığı hifz etməklə bərabər bütün İranda azadlığın bərpa olması yolunda bir fədai əsgər kimi həmişə hazırdırdır.
Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsinin 7-ci homə üzvləri tərəfindən: Doktor Həştrudyan, Qüreyşiyan, Vəfai, Hidayəti, Sancaği, Radpur, Həsən Qaracadaği, Məhəmməd Kazım Çeşməli.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

***
Azərbaycan maarif işçiləri tərəfindən Təbrizdən Tehrana.
Tehran. Hörmətli Azərbaycan nümayəndələr heyətinin rəisi cənab Pişəvəriyə.
Üzü: Tehranda nəşr olunan “İran-e ma”, “Rəhbər”, “Necat-e İran”, “Ajir” və Təbrizdə nəşr olunan “Azərbaycan”, “ Yeni Şərq”, “Azad millət” qəzetlərinə.
Cənabınız hörmətli nümayəndələr ilə birlikdə Azərbaycan məsələsinin həll olunması üçün Tehran dövlətinin möhtərəm heyəti ilə təmas hasil edib və müzakirəyə məşğul olduğunuz belə bir zamanda Azərbaycan maarif işçiləri böyük maraq və artıq səbirsizliklə müzakirələrin gedişində müvəffəqiyyətlər əldə etməyinizə ümid edirlər. Sizin fəaliyyətləriniz nəticəsində əmələ gələn islahat bütün İran xalqının, xüsusən Azərbacan xalqının xeyrinə qurtaracaq və bununla bərabər Azərbaycan əhalisi hörmətli nümayəndələrimizin sayəsində öz həqiqi hüququna nail olub layiqincə azad və demokratik şəraitdən faydalanacaqlar.
Biriya, Borçalı, Şüari, Dibaiyan, Əziz Tului, Dibac, Müvəqqifi, Səfəri, Qəzaiyan, Azəriyyə, Əfsanə Bülluri, Naxçıvani, Sədrəddini, Fiyuzat, Müsəddiqi, Nobəri, Kamil Asəf, Bahaduri, Ziya, Seyfəddini, Pakizə, Şamil, Salehzadə, Daneşdust, Səlimi, Ədalət, Fəxri, Mahmudpur, Məhəmmədhüseyn Naxçıvani, Vəkilinejad, Ruzbeh, Fəyaz Təbrizi, Rövşən Zəmir, Mühaceri, Sübhi, Rzaipur, Səfa Baği, Fayez, Əzimi, Türki, Yusifi, Nişapuri Üfqi, Mehdizadə, Üsuli, Təfrişnejad, İbadi, Qəyyur, Məhəmmədbağır Azəri, Zərifi, Dəzgahi, Nisari, Əhmədzadə, Tağıpur, Hüseyn Ənvar.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

***
Azərbaycan Demokrat Firqəsinin şəhər komitəsi tərəfindən Təbrizdən Tehrana.
Tehran. Qəhrəman Azərbaycan xalqının sevimli nümayəndələri və onun rəisi, milli dövlətimizin Baş naziri cənab Pişəvəriyə.
Üzü: Cənab Qəvvamüssəltənəyə və Tehranda nəşr olunan “Rəhbər” qəzeti vasitəsi ilə bütün azadlıq cəbhəsinə və Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” qəzetlərinə.
Sevimli rəhbərimiz və əziz nümayəndələrimiz, Tehran dövlətilə müzakirə etdiyiniz zamanda xatirənizi Azərbaycan xalqının aşağıdakı istəklərinə cəlb edirik.
Biz, Azərbaycan xalqı, istədiyimiz arzulara öz milli dövlətimizin sayəsində nail olmuşuq. Artıq Azərbaycanda zülmdən, fəlakətdən və göz yaşlarından bir əsər qalmamışdır. Biz bu azadlığımızı hifz etməklə bərabər bütün İran millətlərinin səadət və azadlığa çatmasını arzu edirik. Azərbaycan xalqı qanı bahasına aldığı azadlığı və milli dövlətini əldən verməyib onu göz bəbəyi kimi qoruyacaqdır. Xalqımız gələcək nəslin xoşbəxt və məsud yaşaması üçün lazım gələn hər bir fədakarlığa and içmişdir. Səttraxan və Bağırxan övladları olan Azərbaycan balaları öz vətəninin keşiyində hazır olub canlarını bu yolda fəda etməyə hazırdırlar.
Azərbaycan Demokrat Firqəsinin şəhər komitəsi tərəfindən cənab Rəhim Badkubəçi, Mirrəhim Vilayi, Məhəmmədəli Əlizadə, Rəhim Cadniku, Fatimə Tunihal, Məhəmmədhüseyn Müəzzi, Cəfər Şüari, Əzizulla Müzəffəri, Qəhrəman Qəhrəmanzadə, Xəlil Bahimməti, Məhəmməd Bağiri, Firuz Biçiz, Cəmilə Nouzəri , Kimya Təbrizi.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946
***
Rza Azəri: "Ana dilimizin hələ min illik tarixini inkar edənlər üçün rəsmi təsdiq"

Tehran universitetinin müəllimllərindən cənab Bədiülzəmanə tərəfindən orta məktəblərdə tədris olunmaq üçün hazırlanmış və eyni zamanda İran Maarif Nazirliyi və Ali Maarif Şurası tərəfindən də 4 sentyabr 1934-cü il tarixində 2345/23115 saylı əmrlə rəsmən təsdiq olunmuş “Fars ədəbiyyatı müntəxabatı” adlı kitabda yazılıbdır ki, təqribən 930 il bundan qabaq Nasir Xosrov Ələvi Mərvdən Azərbaycana, Təbrizə səyahət edir. Təbriz şairi Qətran ilə görüşür. Qətranın fars dilində yaxşı danışa bilmədiyini aydıncasına qeyd edir.
Bunu andırır ki, Azərbaycan dili monqol istilasından 200 il əvvəl, yəni təqribən min il bundan qabaq belə indi danışdığımız çox qədim və şirin ana dilimiz idi. Söz sözə gələndə bizim dilimizi monqollara aid etmək bizi istismar etməkdən ötrü həyasızcasına həqiqəti və tarixi danıb yalan uydurmalara söyləməkdən başqa bir şey deyildir. O, “Fars ədəbiyyatı müntəxabatı” adlı kitabın 178-ci səhifəsində “Nasir Xosrovun səyahətnaməsi”ndən bəhs edərək yazır ki: “Əbu Muinəddin Nasir bin Xosrov Qubadyani əl-Firuzi belə deyir ki, mənim işim katiblik idi. Səltənətin əmlakını yazmaqla, dövlət işlərinə məmur və məşğul idim. Bu işdə çox da şöhrət qazanmışdım. 437-ci hicri (1045-ci miladi - red.) ilində Xorasan əmiri Əbu Süleylman Cəfər bəy Davud bin Məxsil bin Səlcuqi idi. Divan işlərində işləməkdən əl çəkib Mərvdən çıxdım. Hicrətin 437-ci ili zihiccə ayının əvvəlində (1046-cı ilin iyun ayının 15-də - red.) Semnana gəldim və orada bir müddət iqamət edərək elm əhlini axtarırdım”.
Burada yazır ki, “Semnanda ustad Əli Nəsai adında bir axmaq alimlə tanış oldum”. Onun haqqında böyük bir şərh və ətraflı məlumat yazdıqdan sonra yenə də öz səfərinin şərhinə belə davam edir: “20 səfər 438-ci hicri (1 sentyabr 1046-cı miladi – red.) ilində Təbriz şəhərinə yetişdim. Bu gün şəhrivər ayının 5-i idi (əslində 20 səfər 438-ci hicri ili 1 sentyabr sentyabr 1046-cı miladi və 10 şəhrivər 425-ci şəmsi ilinə uyğundur. Məqalə müəllifi yanlışlıqla “5 şəhrivər” yazmışdır – red.). Təbriz Azərbaycan şəhərlərindən birisidir, çox abad bir şəhərdir.
O şəhərin eni-boyunu qədəm ilə ölçdüm. Təbrizin boyu və eni hər birisi 1400 addım idi. Xütbələrdə Azərbaycanın padşahını belə adlandırırdılar: Əl-Əmir əl-Əcl Seyfulla Vələ və Şərəf əl-Məlih əbu Mənsur Vəhsudan ibn Məhəmməd Mövla Əmir əl-Möminin.
Mənə söylədiklərinə görə hicrətin 434-cü ili rəbi əl-əvvəl ayının 17-də (miladın 1042-ci ili noyabr ayının 10-da – red.) bu şəhərdə gecə vaxtı böyük bir zəlzələ baş verib. Şəhərin bəzi hissəsini xarab etmişdisə də bəzi hissəsinə zərər dəyməmişdi. Bu zəlzələdən 40 min adamın xarabalıqlar arasında qalıb həlak olmaları rəsmi təsdiq olunmuşdur. Təbrizdə Qətran adında bir şairi gördüm. Yaxşı şeir deyirdi, amma fars dilini yaxşı bilmirdi. Mənim yanıma gəldi. Məncik və Dəqiqinin (tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd – red.) şeir kitablarını gətirdi və mənim yanımda oxudu. Çətin sözləri məndən soruşdu, de¬dim. Onların mənasını yazdı və öz şeirlərini də mənə oxu¬du”.
Yuxarıda yazıldığı kimi məşhur şair Nasir Xosrov Ələvi təqribən 1000 il bundan qabaq Təbrizə gəlir, Qətran ilə görüşür və onun da indi bizim kimi yaxşı fars dilində danışa bilmədiyini yazır. Halbuki, məşhur Təbriz şairi Qətranın fars dilində də divanı və yaxşı şeirləri var.
Bununla belə o zaman farsca şeir yazan bir ədib indi eynən bizim kimi fars dilində yaxşı danışa bilməzdi. Çünki yabançı dili insan öz mühitində öyrənib elmi istifadələr edə bilər, amma o dildə yaxşı danışa bilməz.
Ona görə də Nasir Xosrov Qətranın fars dilini Təbrizdə öyrəndiyi üçün yaxşı danışa bilmədiyini yazır. Bəs o zaman Qətranın dilinin fars dilindən başqa bir dil olmasını Nasir Xosrov təsdiq edir. Elə isə Qətranın dilinin indiki dilimizdən başqa hansı dil ola bilərdi? Demək min il bundan qabaq Azərbaycan dilinin mövcud olmasını Nasir Xosrov yazır və onun yazdığını da İran Maarif Nazirliyi rəsmi surətdə təsdiq edib və bütün orta məktəblərdə oxunmasına əmr verib. Bizim indiki dilimizin monqol dili olmayıb, çox qədim bir dil olduğuna dair ondan daha da möhkəm və mühüm bir sənəd ola bilərmi? Min il bundan qabaq şirin ana dilimizin mövcud olduğunu, bəlkə də o tarixdən, həmin illərdən daha çox əvvəl olduğunu kim inkar edə bilər?

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə